Məhkəmə qərarları › İş №2(106)-1408/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1408/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1408/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Əsədov İlham Qoşunəli və Heydərov X1 ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli 2(048)-394/2013 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 29 mart 2012-ci il tarixli 195/12 №-li kredit müqaviləsi üzrə 1529.63 ABŞ dolları məbləğində əsas kredit borc, 407.03 ABŞ dolları məbləğində faiz borcu, 431.96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2368.62 ABŞ dolları məbləğində borcun milli manat ekvivalentində və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29 mart 2012-ci il tarixli 195/12 №-li kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Nəsimi filialından illik 34 faizlə 12 ay müddətinə şəxsi məqsədilə 2000 ABŞ dolları məbləğində borc almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında 29 mart 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 29 mart 2012-ci il tarixli kredit müqaviləsinin 2ci bəndinə əsasən kredit verilərkən verilmiş ödəniş cədvəli üzrə borclu öhdəliklərini vaxtında icra etməsə, borc vaxtı keçmiş kreditə aid edilir və ona ikiqat faiz hesablanaraq borcludan tələb edilir. 10 sentyabr 2013-cü il tarixə kimi Cavabdeh1 29 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka 1529.63 ABŞ dolları məbləğində əsas kredit borcu, 407.03 ABŞ dolları məbləğində faiz borcu, 431.96 ABŞ dolları məbləğində cərimə, cəmi 2368.62 ABŞ dolları məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlı edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Lerik Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilən zaman Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 1529.63 ABŞ dolları məbləğində əsas kredit borcu, 407.03 ABŞ dolları məbləğində faiz borcu və 431.96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2368.62 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin əsas kredit borcu hissəsində yenidən baxılmasını, faiz və cərimə borcu hissəsində rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Rüstəmov X3 rayonu Anburdərə kəndinə qeydiyyatdadır. DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Yaqubov Səfi Kərəm oğlu ünvan 1 ünvanda qeydiyyatdadır. 195/12 saylı 29 mart 2012-ci il tarixli kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında şəxsi məqsədi ilə 12 ay müddətinə 2000 manat məbləğinin alınması üçün kredit müqaviləsi bağlanmışdır. 29 mart 2012-ci il tarixli zaminlik müqavilələrinin müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh2 iddiaçı təşkilatla bağladıları zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür. 29 mart 2012-ci il tarixli 195/12 sayı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh1 12 ay müddətində hər ay 199 manat olmaqla xx.xx.2012-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2013-cü il tarixdə etməklə götürülmüş kredit üzrə cəmi 2388 manat məbləğində hesablanmış əsas borcu və faizi banka qaytarmalı idi. 29 mart 2012-ci il tarixli kassa məxaric orderinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 2000 manat məbləğində krediti nağd pul şəkildə almışdır. 25 sentyabr 2013-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4632 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2012-ci il tarixli 195/12 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 01 oktyabr 2012-ci il tarixə - xəbərdarlıq (bildiriş) tarixinə əsas borc üzrə 1709.46 manat, faiz borcu üzrə 196.97 manat; 29 mart 2013-cü il tarixə - müqavilənin bitdiyi tarixinə: əsas borc üzrə 1529.46 manat, faiz borcu üzrə 177,68 manat; 27 dekabr 2013-cü il tarixə - qətnamə qəbul edilən tarixinə əsas borc üzrə 1529,46 manat, faiz borcu üzrə 564.80 manat; 28 oktyabr 2025-ci il tarixə - maliyyə arayışı verilən tarixə əsas borc üzrə 829,46 manat, faiz borcu üzrə 758.35, faiz borcu üzrə (5%lə) 580.67 manat. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialında olan İddiaçı ilə aralarında xx.xx.2012-ci tarixli 195/12 saylı Kredit müqaviləsinə görə iddiaçı tərəfindən 12 ay müddətinə illik 34% dərəcəsi olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Lakin qətnamədə olan iddiaçının nümayəndəsinin izahatından isə görünür ki, guya həmin müqavilə ilə ona 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə də öz növbəsində həmin müqavilənin predmetini təşkil edən 2000 manat pul vəsaitini 2000 ABŞ dolları kimi qeyd edərək nəticədə ondan iddiaçının xeyrinə tutulacaq pul vəsaitini dollarla qeyd etmişdir. Halbuki, qətnamənin 2-ci səhifəsinin 8-ci abzasında hakim iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli kassa mədaxil orderinə istinad edərək qeyd edir ki, həmin sənədə əsasən iddiaçıdan 2000 manat pulu nağd şəkildə almışdır. Beləliklə də, qətnamənin nəticə hissəsi onun əsaslandırıcı hissəsinə və iş materialında olan sənədlərə (kredit müqaviləsi, kassa mədaxil orderinə) qəti uyğun gəlmir. Məhkəmə işə onun iştirakı olmadan baxmış, məhkəmə iclasının vaxtı və yeri barədə ona xəbər verməmişdir. Qətnamə barədə icra şöbəsindən bu ilin may ayında məlumat almışdır. Arvadı onkoloji xəstəlikdən əziyyət çəkir. Onun sistematik müalicəsinə xeyli vəsait xərclənir. Maddi vəziyyəti çox çətindir. Ona görə də, kredit borcunu ondan asılı olmayan səbəbdən vaxtında ödəyə bilməmişdir. Lakin bununla belə, məhkəmə qətnaməsindən xəbərsiz olsa da, imkan düşən kimi hissə-hissə iddiaçının hesabına 700 manat pul vəsaiti köçürmüşdür. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Lerik Rayon Məhkəməsinin qətnaməsi qəbul edilən vaxtadək 880 manat ödəniş etmişdir. Məhkəmədən sonra isə 700 manat məbləğində ödəniş etmiş, həmçinin zaminin əmək haqqından iki dəfə 450 məbləğində pul vəsaiti tutulmuşdur. Ekspert rəyinə əsasən əsas borcunun 1529,46 manat və faiz borcunun 196,97 manat məbləğdə müəyyən edilməsini qəbul etməklə cərimə borcunun ləğv edilməsini xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə tərkibi Cavabdeh1 apellyasiya şikayətlərinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. Məhkəmə tərkibi işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Bundan başqa, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Habelə MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əlavə, MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz və cərimə borcunun məbləğləri hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli 195/12 saylı kredit müqaviləsindən görünür ki, mübahisəli kredit müqaviləsi üzrə kreditin valyutası Azərbaycan manatı ilə müəyyən edilmişdir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, nəticədə borc məbləğləri əsassız olaraq ABŞ dolları ilə müəyyən edilmişdir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, kreditin valyutası üzrə düzgün hüquqi qiymət verilməli, borcun əsas, faiz və cərimə hissələri kredit müqaviləsində nəzərdə tutulan valyutaya – Azərbaycan manatına uyğun olaraq müəyyən edilməlidir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissədə dəyişdirilməli, borc məbləğləri kreditin valyutasına uyğun formada Azərbaycan manatı ilə müəyyən edilməlidir. Habelə apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4632 saylı rəyinə əsasən Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 01 oktyabr 2012-ci il tarixə - xəbərdarlıq (bildiriş) tarixinə faiz borcu üzrə 196.97 manat; 27 dekabr 2013-cü il tarixə - qətnamə qəbul edilən tarixinə əsas borc üzrə 1529,46 manat müəyyən edilmişdir. Bundan başqa, MM-in 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan, məhkəmə tərkibi cərimə borcunun 100 manat məbləğində müəyyən edilməsini daha ağlabatan və düzgün hesab edir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Lerik Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması hissədə dəyişdirilərək əsas borcu 1529,46 manat, faiz borcu 196,97 manat, cərimə borcu 100 manat müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, xx.xx.2025-ci il tarixli 9/4632 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğdə pul vəsaitinin 50 manatı "xxxx" ASC-dən, 50 manat hissəsi isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli 2(048)-394/2013 saylı qətnaməsi qismən - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilən zaman Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 1529.63 ABŞ dolları məbləğində əsas kredit borcu, 407.03 ABŞ dolları məbləğində faiz borcu və 431.96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2368.62 (iki min üç yüz altmış səkkiz dollar altmış iki sent) ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə verilməsi hissəsində dəyişdirilərək əsas borc 1529 (min beş yüz iyirmi doqquz) manat 46 (qırx altı) qəpik, faiz borcu 196 (yüz doxsan altı) manat 97 (doxsan yeddi) qəpik, cərimə borcu 100 (yüz) manat məbləğdə müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4632 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğdə pul vəsaitinin 50 (əlli) manatı "xxxx" ASC-dən, 50 (əlli) manat hissəsi isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar