Məhkəmə qərarları › İş №2(106)-141/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-141/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-141/2023 01.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh5 nümayəndəsi Nümayəndə2, cavabdeh, eləcə də, digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-375/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə 3995,82 ABŞ dolları məbləğində kredit borcu, 4218,55 ABŞ dolları məbləğində faiz borcu və 3743,21 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11957,58 ABŞ dolları məbləğində borcun və ödənilmiş 151 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, Səttarxan küçəsində mülkiyyətində olan 0,0023 ha torpaq sahəsi və üzərində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağazaya) yönəldilməsi, həmin torpaq sahəsinin və qeyri-yaşayış binasının açıq hərracdan satılması və ümumilikdə cəmi 23915,95 manat məbləğində borcun, ödənilmiş 151 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi qaydada tutulması, Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, Səttarxan küçəsində mülkiyyətində olan 0,0023 ha torpaq sahəsi və üzərində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 istifadə hüququnun itirilməsi, torpaq sahəsinin, qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə 3995,82 ABŞ dolları məbləğində kredit borcu, 4218,55 ABŞ dolları məbləğində faiz borcu və 3743,21 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11957,58 ABŞ dolları məbləğində borcun və ödənilmiş 151 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, Səttarxan küçəsində mülkiyyətində olan 0,0023 ha torpaq sahəsi və üzərində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağazaya) yönəldilməsi, həmin torpaq sahəsinin və qeyri-yaşayış binasının açıq hərracdan satılması və ümumilikdə cəmi 11957,58 ABŞ dolları məbləğində borcun, ödənilmiş 151 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi qaydada tutulması, Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, Səttarxan küçəsində mülkiyyətində olan 0,0023 ha torpaq sahəsi və üzərində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 istifadə hüququnun itirilməsi, torpaq sahəsinin və qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2009-cu il tarixdə bağladığı 08L000002600 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2011-ci il tarixdə 2600 saylı sazişə əsasən kredit xətti 150 ay müddətinə 20000 ABŞ dolları məbləğində artırılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli, 08R000015370 saylı kredit razılaşması əsasında 40 ay müddətinə aylıq faiz dərəcəsi 2,0166 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 08R000015370S saylı; xx.xx.2015-ci il tarixli, 08R000015370SA saylı və xx.xx.2016-cı il tarixli, 08R000015370SB saylı sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 3995,82 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Odur ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 937 gün üçün hesablanmış faiz borcu 4218,55 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 937 gün üçün hesablanmış cərimə 3743,21 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – ipoteka qoyan Cavabdeh4 Bank ilə bağladığı xx.xx.2011-ci il tarixli, 08M000000772 saylı ipoteka müqaviləsi (Lənkəran rayon Dövlət notariusu S.Y.İsmayılov tərəfindən təsdiq edilib) əsasında Lənkəran şəhəri, Səttarxan küçəsində onun mülkiyyətində olan 0,0023 ha torpaq sahəsi və üzərində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 122 nömrəli vərəqində qeydiyyata alınmış və MA ******* seriya nömrəli çıxarışla Lənkəran şəhəri, Səttarxan küçəsində Cavabdeh4 mülkiyyətində olan 0,0023 ha torpaq sahəsi və üzərində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağazanın) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Həmin mülkiyyətçinin həyat yoldaşı Cavabdeh3 İddiaçı QSC ilə ipoteka müqaviləsi imzalayarkən müqavilənin rəsmiləşdirildiyi notariat kontoruna xx.xx.2011-ci il tarixində ərizə təqdim edərək həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, ipoteka predmetinə tutma yönəldiyi təqdirdə və satıldıqda həmin qeyri-yaşayış binasını və torpaq sahəsini qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür (razılıq ərizəsinin surəti əlavə olunmuş, ərizənin əsli Notariat kontorunda saxlanılmışdır). İpoteka saxlayan İddiaçı QSC cavabdeh – ipoteka qoyan Cavabdeh4 “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx.xx.2017-ci il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2017-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Yuxarıda göstərilmiş kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən kreditor qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərinin icrası üçün kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Lənkəran Rayon Məhkəməsinin 2(049)-375/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış 008R000015370 saylı kredit razılaşması üzrə 3995,82 ABŞ dolları əsas, 4218,55 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 8314,37 ABŞ dolları kredit borcunun, iddianın verilməsi üçün ödənilmiş 151 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Lənkəran şəhəri, Səttarxan küçəsində 0,0023 ha torpaq sahəsi və üzərində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağazaya) yönəldilməsi, həmin torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış binasının (mağazanın) açıq hərracdan satılması və onun ilkin satış qiymətinin 12000 manat məbləğində müəyyən edilməsi, Lənkəran şəhəri, Səttarxan küçəsində 0,0023 ha torpaq sahəsi və üzərində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19.5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağazanın) hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması və Cavabdeh1 tərəfindən alıcıya təhvil verilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun məhkəmə iclaslarından xəbəri olmamış, ona bu barədə heç bir məlumat verilməmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli, 08R000015370 saylı kredit razılaşması əsasında 40 ay müddətinə aylıq faiz dərəcəsi 2,0166 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh1 maddi vəziyyətinin pisləşməsi nəticəsində xx.xx.2016-cı il tarixindən kredit və faiz borclarını ödəyə bilməmişdir. Borcalan tərəfindən verilən kreditin məbləğinin ödənilməməsi və zamin olaraq onun yazılı razılığı alınmadan kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilməsi zamin olaraq onun maraqlarına toxunmuşdur. Yəni mövcud iddia ərizəsi üzrə həmin məbləğlər müştərək qaydada həm borcalandan, həm də zaminlərdən tələb edilmişdir. Bundan başqa, kredit müqaviləsinin tələblərinə əsasən borcalan ardıcıl olaraq 30 gündən artıq müddətdə ona verilmiş kredit borcunu və onun faizini ödəniş qrafiki üzrə ödəyə bilmədikdə kreditor tərəfindən borcalanın öhdəliyinin vaxtından əvvəl icra edilməsi tələb edilməli idi. Lakin tələb edilməmişdir. Həmin kredit müqaviləsinin tələblərinə əsasən borcalan tərəfindən ödəniş qrafiki üzrə ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə öhdəliyin vaxtında icrasını tələb etməklə məhkəməyə müraciət etməli, müqavilənin xitamı üzrə iddia qaldırmalı idi. Lakin kredit müqavilə şərtlərini pozaraq onsuz da maddi vəziyyətinin pis olmasına baxmayaraq, borcalanı və onun zaminlərini daha da pis vəziyyətə salmışdır. Buna baxmayaraq, iddiaçı müqavilə şərtlərini pozaraq borcalanla bağlanmış müqaviləyə xitam verilməsi tələbi ilə məhkəməyə vaxtında müraciət etməmiş və qəsdən 2016-cı ildən 2022-ci ilə kimi olan müddətdə faizlərin və cərimələrin bankın xeyrinə hesablanmasına şərait yaratmışdır. Yəni borcalanın həmin müddət ərzində 3995,82 ABŞ dolları kredit borcu qalmasına baxmayaraq, bank tərəfindən Cavabdeh1 4218,55 ABŞ dolları məbləğində faiz borcu və 3743,21 ABŞ dolları məbləğində cərimə borcu hesablamışdır. Bu məsələdə isə vicdanlılıq prinsipi gözlənilməmişdir. Bu da müqavilənin şərtlərinin kobud şəkildə pozulması deməkdir. Borclunun maddi vəziyyətinin kəskin şəkildə pisləşməsi və bu istiqamətdə borcluya köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2018-ci il tarixli, 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Maliyyə Bazarlarına Nəzarət X6 xx.xx.2019-cu il tarixdə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nı qəbul etmişdir. Həmin qaydaların 6.2-ci bəndinə əsasən borcalanın ödəmə qabiliyyəti pisləşdikdə, onun ödəmə qabiliyyəti yenidən qiymətləndirilməlidir. Yəni restrukturizasiya edilməlidir. Artırılmış kredit məbləği və həmin kredit məbləği ilə bağlı hesablanmış faiz məbləğlərinin tutulması istiqamətindəki iddia tələbi zamin olaraq onun maraqlarına toxunmuşdur. Məhkəmə işə baxarkən MPM-in normalarını pozaraq işi tam, obyektiv və hərtərəfli araşdırmadan yarımçıq ekspert rəyinə əsasən qətnamə qəbul etmiş, eyni zamanda məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin rəyini nəzərə almamışdır. Belə ki, məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə verilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Lənkəran şəhəri, Səttarxan küçəsində 0,0023 ha torpaq sahəsi və üzərində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağazanın) bazar dəyəri 13000 manat, likvid dəyəri isə 12000 manat təşkil edir. Lakin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Səttarxan küçəsində mülkiyyətində olan 0,0023 ha torpaq sahəsində yerləşən 18,0 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının 01 avqust 2022-ci ildəki vəziyyətinə görə hal-hazırkı orta bazar dəyəri 18500 manat, likvid dəyəri isə 18000 manat məbləğindədir. Buna baxmayaraq, məhkəmə heç bir əsas olmadan "xxxx" MMC-nin deyil, "xxxx" MMC-nin rəyini əsas götürərək, həmin torpaq sahəsi və onun üzərində olan qeyriyaşayış binasının açıq hərracdan satılması və onun ilkin satış qiymətinin 12000 manat məbləğində müəyyən edilməsi barədə qərara gəlmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillərə əlaqəli şəkildə qiymət verməmişdir. O, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-375/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 arasında bağlanmış zaminlik müqaviləsinin müddətinin keçməsinə, Cavabdeh5 yazılı razılığı alınmadan kredit sazişlərinə və ödəniş planlarına dəyişikliklərin edilməsinə düzgün hüquqi qiymət verməmiş, iddia tələbinin ona münasibətdə də qismən təmin edilməsinə dair düzgün olmayan qətnamə qəbul etmişdir. O, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-375/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsinin zamin Cavabdeh5 aid hissədə ləğv edilməsi, onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh5 nümayəndəsi Nümayəndə2 təmsil etdiyi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-375/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək Cavabdeh5 ilə bağlanmış zaminlik müqaviləsinin qüvvədən düşməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında cavabdeh, eləcə də digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 çıxış edərək bildirdi ki, təmsil etdiyi Cavabdeh3 onun anasıdır və o, faiz və cərimə borcunun məbləğindən və qiymətləndirmənin nəticəsindən narazıdır. Onlar borc məbləğinin azaldılmasını və ilkin satış qiymətinin "xxxx" MMC-nin rəyində müəyyən edilmiş məbləğdə təyin edilməsini istəyir, başqa heç bir şeyi mübahisələndirmirlər. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X3 çıxış edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə Cavabdeh5 apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin özünə aid olan hissəsinə, digər Cavabdeh3 apellyasiya şikayətinin isə qətnamənin hesablanmış borcun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinin dəlilləri həcmində mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, Cavabdeh5 apellyasiya şikayəti təmin edilməli, qətnamə ona aid olan hissədə ləğv edilərək iddia tələbi ona münasibətdə rədd edilməli, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməli, əsas borc tələbinə dair hissədə iddia tələbi qismən təmin edilməli, faiz və cərimə borcuna aid olan hissədə iddia tələbi rədd edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki 08L000002600 saylı, 20 may 2009-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdəki 20 may 2009-cu il tarixli, 08S000002824 saylı və 20 may 2009-cu il tarixli, 08S000002825 saylı zaminlik müqavilələri üzrə müvafiq olaraq Cavabdeh2 və Cavabdeh4 Cavabdeh1 İddiaçı QSC qarşısında olan məbləği 10000 ABŞ dolları, müddəti 60 ay olan 20 may 2009-cu il tarixli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. İşdəki kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 21 noyabr 2011-ci il tarixli, 2600 nömrəli sazişdən görünür ki, 20 may 2009-cu il tarixli kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndləri dəyişdirilərək aşağıdakı şəkildə müəyyənləşdirilmişdir: “1.1. Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 20000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir.; 1.2. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 150 ay müddətinə, 20 noyabr 2021-ci il tarixdən gec olmayaraq verilməlidir”. İşdəki 21 noyabr 2011-ci il tarixli, 2824 nömrəli və 21 noyabr 2011-ci il tarixli, 2825 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişlərdən görünür ki, Bank ilə zaminlər Cavabdeh2 və Cavabdeh4 arasında zaminlik müqavilələrinin preambulasına dəyişiklik və əlavə edilməklə kredit xəttinin məbləği 20000 ABŞ dolları, kredit xəttinin müddəti 150 ay olaraq müəyyən edilmişdir. İşdəki 21 noyabr 2011-ci il tarixli, 08S000008063 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh3 Cavabdeh1 İddiaçı QSC qarşısında olan məbləği 20000 ABŞ dolları, müddəti 150 ay olan 20 may 2009-cu il tarixli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki ipoteka saxlayan İddiaçı QSC ilə ipoteka verən Cavabdeh4 arasında bağlanmış 21 noyabr 2011-ci il tarixli, 08M000000772 saylı ipoteka müqaviləsindən görünür ki, Lənkəran şəhəri, Səttərxan küçəsində mülkiyyətində olan 0,0023 ha torpaq sahəsində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) məbləği 20000 ABŞ dolları və müddəti 150 ay olan 08L000002600 saylı, 20 may 2009-cu il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə borclu Cavabdeh1 öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İşdəki Cavabdeh3 tərəfindən Lənkəran şəhər Notariat kontoruna ünvanlanmış 21 noyabr 2011-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh3 ərinə – Cavabdeh4 məxsus olan və Lənkəran şəhəri, Səttarxan küçəsində yerləşən qeyri-yaşayış binasının İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razı olduğunu bildirmiş, ipoteka qoyulmuş qeyri-yaşayış binasına tutma yönəldildikdə və o satıldıqda heç bir etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. İşdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* seriya nömrəli çıxarışdan görünür ki, Cavabdeh4 məxsus Lənkəran şəhəri, Səttarxan küçəsində 0,0023 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasının (mağazanın) 20 may 2009-cu il tarixli, 08L000002600 nömrəli kredit xətti müqaviləsinə əsasən xx.xx.2011-ci ildən xx.xx.2021-ci il tarixinədək İddiaçı QSC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilməsi 23 noyabr 2011-ci ildə qeydiyyata alınmışdır. İşdəki 24 oktyabr 2013-cü il tarixli, 08R000015370 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq faiz dərəcəsi 2,0166% olmaqla, 40 ay müddətinə 13000 ABŞ dolları kredit verməyi, sonuncu isə kreditin əsas məbləğini və hesablanmış faizləri hər təqvim ayı bərabər hissələrlə olmaqla 24 fevral 2017-ci il tarixədək ödəməyi, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.5%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdəki 24 oktyabr 2013-cü il tarixli, 08S000015745 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh5 Cavabdeh1 İddiaçı QSC qarşısında olan məbləği 20000 ABŞ dolları, müddəti 150 ay olan 20 may 2009-cu il tarixli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 19 mart 2015-ci il tarixli, 08R000015370SA saylı; 19 mart 2015-ci il tarixli, 08R000015370S saylı və 26 may 2016-cı il tarixli, 08R000015370SB saylı sazişlərdən görünür ki, İddiaçı QSC və Cavabdeh1 kredit razılaşmasına və ödəniş planına dəyişikliklər etmişlər. Sonuncu dəyişikliyə əsasən, kredit razılaşması üzrə ödənişin son tarixi 24 may 2019-cu il müəyyən edilmişdir. İşdəki İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 24 oktyabr 2013-cü il tarixli, 08R000015370 saylı kredit razılaşması üzrə 16 noyabr 2021-ci il tarixə 3995,82 ABŞ dolları məbləğində əsas kredit borcu, 4218,55 ABŞ dolları məbləğində faiz borcu və 3743,21 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi borcu 11957,58 ABŞ dolları təşkil edir. İş materiallarının 176-cı vərəqində olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 kredit razılaşması üzrə sonuncu ödəniş xx.xx.2016-cı il tarixində edilmişdir. İşdəki 02 may 2017-ci il tarixli və 15 noyabr 2021-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, İddiaçı QSC kredit razılaşması üzrə öhdəliklərin icrasını cavabdehlərə təklif etmiş, əks təqdirdə borcun qaytarılması tələbi ilə müvafiq orqanlara müraciət ediləcəyini onların nəzərinə çatdırmışdır. İşdəki xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı QSC tələbin ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, Səttarxan küçəsində 0,0023 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına (mağazaya) yönəldilməsinə başlandığını ipoteka qoyan Cavabdeh4 nəzərinə çatdırmışdır. İşdəki iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 Saylı Ərazi İdarəsinə ünvanladığı ərizəsinin surətindən görünür ki, İddiaçı QSC ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, Səttarxan küçəsində 0,0023 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına (mağazaya) tutmanın yönəldilməsinə dair ipoteka qoyan Cavabdeh4 çatdırılmış bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdəki Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalının çıxarışlarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipotekaqoyana çatdırılmış bildiriş qeydə alınmışdır. İşdəki Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalının çıxarışlarından görünür ki, İddiaçı QSC tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı ödənilmişdir. X9 Portalının ********* saylı, 25 noyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC hazırkı tələb üzrə 151 manat dövlət rüsumu ödəmişdir. İşdəki "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh4 məxsus olan, Lənkəran şəhəri, Səttərxan küçəsində 0,0023 ha torpaq sahəsində yerləşən 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 13000 manat, likvid dəyəri 12000 manat təşkil edir. İşdəki "xxxx" MMC-nin 01 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Lənkəran şəhəri, Səttarxan küçəsində mülkiyyətdə olan 0,0023 ha torpaq sahəsində yerləşən 18 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının 01 avqust 2022-ci il vəziyyətinə görə orta bazar dəyəri 18500 manat, likvid dəyəri isə 18000 manat məbləğində müəyyən edilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materialları ilə müəyyən edilir ki, 24 oktyabr 2013-cü il tarixli, 08S000015745 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh5 Cavabdeh1 İddiaçı QSC qarşısında olan məbləği 20000 ABŞ dolları, müddəti 150 ay olan 20 may 2009-cu il tarixli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 24 oktyabr 2013-cü il tarixli, 08R000015370 saylı kredit razılaşmasına əsasən, Cavabdeh1 İddiaçı QSC-dən aylıq faiz dərəcəsi 2,0166% olmaqla, 40 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Sözügedən kredit razılaşmasına bir neçə dəyişiklik edilmiş, nəhayət, həmin kredit razılaşması üzrə sonuncu ödəniş tarixi 24 may 2019-cu il olaraq müəyyən edilmişdir. Göründüyü kimi, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı 24 may 2019-cu il tarixində çatmışdır. İddiaçı tərəfindən zamin Cavabdeh5 və digər cavabdehlərə qarşı isə 30 noyabr 2021-ci il tarixində Lənkəran Rayon Məhkəməsinə göndərilməsi üçün poçt orqanına təqdim edilmiş iddia ərizəsi verilmişdir. Bundan əlavə, Cavabdeh5 zamin olduğu 20 may 2009-cu il tarixli kredit xətti müqaviləsində, eləcə də, həmin kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 21 noyabr 2011-ci il tarixli sazişdə faiz dərəcəsi göstərilməmişdir. Buna baxmayaraq, Bank ilə borclu Cavabdeh1 arasında bağlanmış 24 oktyabr 2013-cü il tarixli razılaşmada, eləcə də həmin razılaşmaya dəyişiklikləri nəzərdə tutan sazişlərdə zamin Cavabdeh5 razılığı alınmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci və 477.0.4-cü maddələrinə əsasən, zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, eləcə də zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə və Cavabdeh5 apellyasiya şikayətinin dəlillərinə əsasən, məhkəmə kollegiyası bildirir ki, zamin Cavabdeh5 zaminliklə təmin etdiyi öhdəliyin icrası vaxtı 24 may 2019-cu il tarixində çatsa da, İddiaçı QSC həmin vaxtdan bir il ərzində zaminə qarşı iddia irəli sürməmiş, bundan təxminən 2 il 6 ay sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən, 24 oktyabr 2013-cü il tarixli, 08R000015370 saylı kredit razılaşması üzrə Cavabdeh5 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən hala düzgün hüquqi qiymət verməmiş, Cavabdeh5 münasibətdə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, Cavabdeh5 zamin olduğu kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməməsinə baxmayaraq, sonradan həmin kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmasında və ona dəyişikliklərin edilməsi ilə bağlı sazişlərdə faiz dərəcəsi barədə zamin Cavabdeh5 razılığı alınmamışdır. Odur ki, Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, onun apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 aid olan hissədə ləğv edilməlidir. 24 oktyabr 2013-cü il tarixli, 08R000015370 saylı kredit razılaşması üzrə Cavabdeh5 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verildiyindən, eləcə də kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməsə də, sonradan bağlanmış kredit razılaşmalarında və ona dəyişikliklərin edilməsi ilə bağlı sazişlərdə zamin Cavabdeh5 faiz dərəcəsi barədə razılığı alınmadığından, hazırkı iddia tələbi Cavabdeh5 münasibətdə rədd edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 08L000002600 saylı, 20 may 2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açmış, xx.xx.2011-ci il tarixli, 2600 nömrəli sazişlə kredit xəttinin məbləği 20000 ABŞ dollarına, müddəti isə 150 aya artırılmış, kredit razılaşmaları əsasında istənilən məbləğin 20 noyabr 2021-ci il tarixindən gec olmayaraq verilməsi razılaşdırılmışdır. Kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclu Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ilə zaminlik müqavilələri bağlanmışdır. İpoteka saxlayan İddiaçı QSC ilə ipoteka verən Cavabdeh4 arasında bağlanmış 21 noyabr 2011-ci il tarixli, 08M000000772 saylı ipoteka müqaviləsinə əsasən, Lənkəran şəhəri, Səttərxan küçəsində mülkiyyətində olan 0,0023 ha torpaq sahəsində yerləşən 1 girişli, 19,5 kv.m ümumi, 19,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) məbləği 20000 ABŞ dolları və müddəti 150 ay olan 08L000002600 saylı, 20 may 2009-cu il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə borclu Cavabdeh1 öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Müqavilə bağlanarkən Cavabdeh3 əri Cavabdeh4 məxsus həmin qeyri-yaşayış binasının ipoteka qoyulmasına notariat qaydasında razılıq vermişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. 24 oktyabr 2013-cü il tarixli, 08R000015370 saylı kredit razılaşmasına əsasən, İddiaçı QSC Cavabdeh1 aylıq faiz dərəcəsi 2,0166% olmaqla, 40 ay müddətinə 13000 ABŞ dolları kredit vermiş, həmin razılaşmaya bir neçə dəyişiklik edilmiş, nəhayət, həmin kredit razılaşması üzrə sonuncu ödəniş tarixi 24 may 2019-cu il müəyyən edilmişdir. Cavabdeh1 kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, xx.xx.2016-cı il tarixindən hər hansı ödəniş aparılmamış, nəticədə iddiaçıya ödənilməmiş əsas və faiz borcları yaranmışdır. O, öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı yaranmış borca cərimə hesablamış, yaranmış borcu ödəmələrini cavabdehlərə təklif etmiş, ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş və bu bildiriş iddiaçının ərizəsi əsasında ipotekanın dövlət qeydiyyatı orqanlarında qeydə alınmışdır. İddiaçı bunun üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, hazırkı iddia üzrə isə 151 manat dövlət dövlət rüsumu ödəmişdir. İddiaçı QSC tələbini Cavabdeh1 iddia edilən məbləğdə əsas və faiz borcunun yaranması, cərimənin hesablanmasının müqavilədə nəzərdə tutulması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün maliyyə arayışını təqdim etmişdir. Cavabdeh3 apellyasiya şikayətində tələb edilən faiz və cərimə borcu məbləğinin əsas borca münasibətdə hədsiz yüksək olduğunu bildirmişdir. İş materiallarından görünür ki, Cavabdeh3 hazırkı iş üzrə zamin olmaqla yanaşı, ipoteka qoyan Cavabdeh4 arvadıdır. Bu səbəbdən də, tələb olunan borc məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə birbaşa olaraq onun mənafelərinə toxunur. Cavabdeh3 da apellyasiya şikayətində məhz qeyd edilən hallara istinad etmişdir. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə borcu əsas kredit borcu qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 6792,89 manat məbləğində müəyyən edilmişdir. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından əldə edilmiş qeyd edilən məlumatlarda Cavabdeh1 adında 6792,89 manat kredit borcu olduğu, onun kredit öhdəliyinin problemli kredit borcları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü müəyyən edilir. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, Cavabdeh1 kredit öhdəliyinin problemli kredit borcları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsinə əhəmiyyət verməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz və cərimə borcunun tutulmasına aid hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası xatırladır ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına səbəb olduğunu və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən vətəndaşların kredit borcları sahəsində müəyyən güzəştlər edilmişdir. Bununla bağlı, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilmiş, həmin Fərmanla problemli kreditlərin təsiri altına düşən müəyyən kateqoriya vətəndaşların faiz və cərimə borcları da bağışlanılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, belə bir şəraitdə kredit müqaviləsinin müddəti bitdikdən sonra kreditor banklar qarşısında borclu vətəndaşlara əlavə maliyyə sanksiyası tətbiq etmək və onları belə sanksiyalara cəlb etmək əsaslı sayılmamaqla məqsədəuyğun deyil. Odur ki, məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini faiz və cərimə borcuna aid olan hissədə əsaslı hesab edir və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcunun tutulmasına aid olan hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. Bununla yanaşı, Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından sözügedən çıxarışdan da göründüyü kimi, Cavabdeh1 İddiaçı QSC-yə borcu əsas kredit borcu qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 6792,89 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən əsas borc məbləği ilə razılaşaraq bildirir ki, bununla da, borclu Cavabdeh1 İddiaçı QSC-yə icra edilməmiş 6792,89 manat məbləğində kredit öhdəliyinin olduğu təsdiq edilir. Odur ki, borclu Cavabdeh1 İddiaçı QSC qarşısında icra edilməmiş 6792,89 manat məbləğində kredit öhdəliyinin olması təsdiq olunduğundan, onun öz öhdəliklərini icra etməsi üçün zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC qarşısında onunla birgə məsuliyyət daşıdıqlarından, 6792,89 manat məbləğində əsas kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən müqayisəli və hərtərəfli tədqiqatın aparılması müəyyən edilmir. Bundan əlavə, "xxxx" MMC tərəfindən verilmiş rəydə qiymətləndirilən ipoteka predmetinin ümumi sahəsinin 18 kv.m olduğu qeyd edilmişdir. Halbuki, hazırkı iş üzrə ipoteka predmeti olan qeyri-yaşayış binasının ümumi sahəsi 19,5 kv.m-dir. "xxxx" MMC tərəfindən verilmiş rəydən fərqli olaraq, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, hesabatda tədqiqatın aparılma qaydası və metodları ətraflı şəkildə göstərilmiş, müqayisəli təhlillər aparılmış, hesabata qiymətləndirilən obyektin fotoşəkilləri əlavə edilmişdir. Odur ki, məhkəmə kollegiyası sözügedən qiymətləndirmə rəylərindən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyin mötəbər olması nəticəsinə gəlir və qeyd edir ki, birinci instansiya məhkəməsi həmin rəyə əsasən ipoteka predmetinin ilkin satış qiymətinin 12000 manat müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 01 saylı, xx.xx.2020ci il tarixli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası bildirir ki, Cavabdeh5 apellyasiya şikayəti təmin edilməli, qətnamə ona aid olan hissədə ləğv edilərək iddia tələbi ona münasibətdə rədd edilməli, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməli, əsas borc tələbinə dair hissədə iddia tələbi qismən təmin edilməli, faiz və cərimə borcuna aid olan hissədə iddia tələbi rədd edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-375/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi Cavabdeh5 aid hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh5 münasibətdə rədd edilsin. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-375/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi əsas, faiz və cərimə borcunun tutulmasına aid hissədə ləğv edilsin. İddia tələbi əsas borca dair hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 6792,89 manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi faiz və cərimə borcuna aid olan hissələrdə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar