Məhkəmə qərarları › İş №2(106)-141/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-141/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-141/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2323/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borca görə 42200 manatın və dövlət rüsumuna görə 216 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci ildə Masallı rayonu, Yelağac kəndində anadan olmuşdur və hazırda Masallı rayonu, Yelağac kəndində yaşayır. Cavabdeh onun həmkəndlisidir və münasibətləri əvvəlcədən olmuşdur. Cavabdeh ümumilikdə iddiaçıdan 42200 manat borc pul almışdır. Belə ki, cavabdeh ilkin olaraq 2021ci ilin yanvar ayında iddiaçıdan qohumunun tutulması ilə bağlı 5000 manat borc pul istəmiş, iddiaçı da həmin pulu ona vermişdir. Daha sonra pul çatmadığı üçün 5500 manat yenidən vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda yenidən 1200 manat, 3000 manat, 1000 manat, 3100 manat, 1000 manat, 2500 manat, 1500 manat, 3000 manat, 2600 manat, 5600 manat və sonuncu dəfə 21 aprel 2023-cü il tarixdə 7200 manat cavabdehə borc pul vermişdir. Cavabdeh onunla aralarında olan münasibətdən istifadə edərək iddiaçını aldatmaqla 42200 manat məbləğində ondan borc almış, borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin hazırkı vaxtadək həmin pulu qaytarmamışdır. Cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli və 21 aprel 2023-cü il tarixli borc müqavilələri bağlanmış və cavabdeh ondan 35000 manat və 7200 manat borc almasını təsdiq etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Odur ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2323/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia təmin edilmiş, 42200 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 216 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2323/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onun həmkəndlisidir. Ehtiyacı olduğu üçün iddiaçıdan 15500 manat borc pul almışdır. Aldığı 15500 manatdan 1300 manat qaytarmış, qalan borcunu maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. İddiaçı cavabdehə hədə-qorxu gələrək müqavilələrə imza etdirmişdir. Cavabdeh ruhi xəstədir, əsəb dispanserində yatmış, müalicə olunmuşdur, fəaliyyət qabiliyyəti yoxdur. Buna görə də həmin müqavilələri qorxduğu üçün və başa düşmədiyi üçün imzalamışdır. Əgər iddiaçı ona 42200 manat pul vermişdirsə, həmin müqavilə notariusda təsdiq olunmalıdır. Lakin iddiaçı onu aldadaraq kağızlara imza etdirmişdir. Cavabdeh ruhi xəstə olduğu üçün həmin kağızların nə olduğunu bilməmiş və imza etmişdir. Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2323/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 42200 manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 385-ci, 442-ci, 445-ci və 739-cu maddələrinin tələbi pozulmuşdur. Cavabdeh iddiaçıdan 42200 manat borc pul almamış, iddiaçıdan cəmi 15500 manat almış və ondan 1300 manat qaytarmışdır. Əgər iddiaçı 42200 manat ona borc vermiş olsaydı, bunu notariusda verər və müqaviləni təsdiq edərdilər. Cavabdeh ruhi xəstədir və dispanserdə qeydiyyatdadır, fəaliyyət qabiliyyəti yoxdur. Lakin məhkəmə onun fəaliyyət qabiliyyətinin olmadığını nəzərə almamışdır. Fəaliyyət qabiliyyəti olmadığı üçün cavabdeh sərbəst şəkildə müqavilə bağlaya bilməz. Çünki o, hərəkətlərini dərk etmir, müqaviləyə imza edərkən məzmunu bilməmişdir, onun oxumaq və yazmaq qabiliyyəti yoxdur. Ümumiyyətlə, cavabdehin 42200 manat iddiaçıdan borc almasına dair hər hansı sənəd mövcud deyil, sadəcə hədə-qorxu altında ağ kağızlara imza etmiş, qeyd olunan müqavilələri görməmiş və xəbəri olmamışdır. Məhkəmə işin qeyd olunan hallarını nəzərə almamışdır. Həmçinin, ona iddiaçı tərəfindən hədə-qorxu gəlinməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət etmiş və araşdırma aparılmış, izahatları alınmışdır. Lakin məhkəmə həmin halları da nəzərə almamışdır. Qətnamə qanunsuz olaraq qəbul olunmuşdur. Məhkəmə sübutları hərtərəfli və tam araşdırmamış, sübutlar tam toplanmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə prosesləri çəkişmə prinsipi əsasında aparılmamışdır. Məhkəmə tərəfindən ədalət və humanizm prinsiplərinin tələbləri pozulmuşdur. Məhkəmə iddiaçının sübutlarının qanuni olubolmamasını yoxlamamışdır. Məhkəmə 42200 manat pulun həqiqətən cavabdeh tərəfindən alınması, iddiaçının ona həmin borc məbləğini verməsini, müqavilənin hansı şəraitdə imzalanmasını və bağlanmasını, cavabdehin müqavilə bağlamağa səlahiyyətinin olubolmamasını, aldadılmasını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən 42200 manat pulun cavabdehdən tutulması müəyyən edilsə də, həmin pulun cavabdeh tərəfindən alınması, alınması ilə bağlı hər hansı qəbzin olub-olmaması sübut edilməmişdir. Qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun deyil, cavabdeh iddiaçıdan 42200 manat yox, 15500 manat borc almış, 1300 manat qaytarmış, qalan hissəni maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. İddiaçı cavabdehin apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazda Cavabdeh Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2323/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)- 2323/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh onun həmkəndlisidir və münasibətləri əvvəlcədən olmuşdur. Cavabdeh ümumilikdə iddiaçıdan 42200 manat borc pul almışdır. Belə ki, cavabdeh ilkin olaraq 2021-ci ilin yanvar ayında iddiaçıdan qohumunun tutulması ilə bağlı 5000 manat borc pul istəmiş, iddiaçı da həmin pulu ona vermişdir. Daha sonra pul çatmadığı üçün 5500 manat yenidən vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda yenidən 1200 manat, 3000 manat, 1000 manat, 3100 manat, 1000 manat, 2500 manat, 1500 manat, 3000 manat, 2600 manat, 5600 manat və sonuncu dəfə 21 aprel 2023-cü il tarixdə 7200 manat cavabdehə borc pul vermişdir. Cavabdeh onunla aralarında olan münasibətdən istifadə edərək iddiaçını aldatmaqla 42200 manat məbləğində ondan borc almış, borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin həmin pulu qaytarmamışdır. Cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli və 21 aprel 2023-cü il tarixli borc müqavilələri bağlanmış və cavabdeh ondan 35000 manat və 7200 manat borc almasını təsdiq etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında iştirak etmiş, iddiaçıdan 15500 manat borc almasını etiraf etmiş və borcundan 1300 manat qaytardığını bildirmişdir. Həmçinin, cavabdeh məhkəmə iclasında etiraf etmişdir ki, borc müqaviləsindəki imza və yazılar ona məxsusdur. Bununla bağlı, cavabdehə suallar verilmiş və cavabdeh müqavilənin bağlanmasında iştirak etdiyini və yazı və imzaların ona məxsus olmasını bildirmişdir. Bu da kifayət edir ki, cavabdeh ondan 42200 manat borc almasını təsdiq etmişdir. Həmin pulun qaytarılmasını sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür, lakin cavabdehin pulu qaytarmadığına görə belə bir sübutu yoxdur. Ümumiyyətlə, məhkəmə iclasları audio-video yazı sistemindən istifadə olunmaqla aparılmış və cavabdehin etiraflarının hamısı həmin videolarda əks olunmuşdur. Buna görə də cavabdehin hər hansı yalan məlumat verməsi mümkün deyil. Cavabdeh tam fəaliyyət qabiliyyəti olan şəxsdir, sağlamdır və əmək fəaliyyəti ilə məşğuldur. Lakin iddiaçının pulunu qaytarmaq istəmir. Cavabdeh üzərinə müqavilə üzrə öhdəlik götürmüşdür və həmin öhdəliyi icra etməlidir. Lakin öhdəliyini icra etmək istəmir və iddiaçı da məhkəmə qaydasında ondan öhdəliyinin icrasını tələb edir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayəti formal məzmun daşıyır, məqsədi sadəcə vaxt qazanmaq və qətnamənin icra olunmasını yubatmaqdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Cavabdeh elektron poçt vasitəsilə ərizə verməklə məhkəməyə müraciət etmiş və bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Onun iddiaçıya 14200 manat məbləğində borcu var. Məhkəmə iclasında iştirak edə bilməyəcək. Belə ki, o, Masallı rayonunun Güllütəpə kəndində qeydiyyatda olmaqla yaşayır. Həmin kənd dağlıq ərazidə yerləşdiyindən kəndə 90 sm qar yağmışdır. Qarın yağması nəticəsində kənddə bütün nəqliyyat, elektrik və digər qovşaqlar yararsız vəziyyətdədir. O, izahatını yazıb göndərir. Lakin xahiş edir ki, məhkəmə iclası təxirə salınsın. İddiaçının onda “Whatsapp” səs yazıları və digər mötəbər sübutları var. Cavabdeh iddia tələbini qismən qəbul edir. O, iddiaçıdan 15500 manat borca hissə-hissə anasının xəstəliyinə görə pul almışdır. İddiaçı onun anasının əmisi oğludur. Həmin puldan 1300 manatı iddiaçıya qaytarmışdır. Onun iddiaçıya 14200 manat borcu var. Həmin pulu qısa zamanda iddiaçıya qaytaracaq. O, ilkin olaraq iddiaçıdan 4000 manat pul almış, həkimlərə pul çatmadığından iddiaçıdan yenidən 4300 manat götürmüşdür. Cavabdehin anası xəstəliyi ilə əlaqədar 6 dəfə əməliyyat olunmuşdur. Yenidən həkimə getməli olduqlarından iddiaçıdan xahiş etmişdir ki, onun üçün 10000 manat pul da təşkil etsin. İddiaçı isə ona axırıncı dəfə 7200 manat pul vermişdir. İddiaçı pulları cavabdehə qohum kimi borca vermişdir. Üzərindən bir müddət keçdikdən sonra iddiaçı cavabdehə pulu faizə verdiyini, ona borcunun 42200 manat olduğunu bildirmişdir. Cavabdeh iddiaçıya pulların harada və necə verildiyini izah etməyə hazır olduğunu bildirmiş, iddiaçı “Whatsapp” proqramı vasitəsilə səs ataraq nümayəndəsinin yanında formal müqavilə bağlayacaqlarını, 7200 manatı da qeyd edəcəyini bildirmişdir. Cavabdeh də ona inanıb müqaviləyə imza etmişdir. O cavabdehə bildirmişdir ki, müqavilə formal müqavilədir, iddiaçı başqa adamlardan pul götürmək üçün həmin müqavilədən istifadə edəcəkdir. Həmin səs yazılarını birinci instansiya məhkəməsinə mobil telefonunun xarab olması səbəbindən təqdim edə bilməmişdir. Hətta o, məhkəmədən məhkəmə iclasını başqa vaxta təxirə salmasını, həmin səs yazısını məhkəməyə təqdim edəcəyini bildirmişdir. Lakin məhkəmə heç bir əsas gətirmədən onun sübutlarının məhkəməyə təqdim edilməsinə imkan verməmişdir. Odur ki, həmin səs yazısını məhkəmə iclasında təqdim edəcəkdir. Həmin səs yazısında iddiaçı özü etiraf edir ki, aralarındakı müqavilə formaldır və heç bir hüquqi nəticə yaratmayacaqdır. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iddia tələbi isə 14200 manat məbləğində təmin edilməlidir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunundan və dəlillərindən isə görünür ki, cavabdeh irəli sürdüyü bir sıra dəlillərlə yalnız borcun məbləğini mübahisələndirmiş olsa da, apellyasiya şikayətinin bəzi dəlilləri iddiaçının istinad etdiyi borc müqavilələrinin etibarlılığının mübahisələndirilməsinə yönəlmişdir. Buradan isə aydın olur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh həqiqətən də iddiaçıdan borc pul almışdır. İşin mübahisəli halları isə iddiaçının istinad etdiyi borc müqavilələrinin və qəbzlərin etibarlılığı, eləcə də, borcun məbləği ilə bağlıdır. İşdəki sadə yazılı formada tərtib edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 47 gün müddətinə, yəni 14 aprel 2023-cü ildən 31 may 2023-cü ilə qədər 35000 (otuz beş min) manat pul borc vermiş, Cavabdeh İddiaçı yuxarıda qeyd edilən şərtlərlə 47 gün müddətinə, yəni 14 aprel 2023-cü ildən 31 may 2023-cü ilə qədər 35000 (otuz beş min) manat pul borc almış, həmin alınan borc pulun qaytarılması 47 gün müddətinə, yəni 31 may 2023-cü il tarixədək həyata keçiriləcəkdir. Qaytarılarkən öz aralarında qaytarılan pulun məbləği barədə bir-birinə qəbz verilməsi qaydasında razılaşdırılmışdır. Tərəflər arasında baş verən hər hansı bir mübahisəyə bu borc müqaviləsi əsas götürülməklə baxılmalıdır. Müqavilə “borc verən” qrafasında İddiaçı, “borc alan” qrafasında isə Cavabdeh tərəfindən imzalanmışdır. İşdəki 14 aprel 2023-cü il tarixli əlyazma qəbzdə aşağıdakı məzmun qeyd edilmişdir: Masallı rayonu, Yelağac kəndində anadan olan xx xxx 2002 təvəllüdlü Cavabdeh bu qəbzi ondan ötrü verir ki, Masallı rayonu, Yelağac kənd sakini, həmkəndlisi, qohumu İddiaçı 35000 (otuz beş min) manat ehtiyacına görə pul borc aldı. Söz verir ki, həmin borcu bir ay müddətinə, yəni may ayının sonu 31 may 2023-cü il tarixə kimi qaytaracaq. Qəbz onun sözləri ilə yazıldı. Heç bir əlavə yoxdur. Qəbzin aşağı hissəsində “Masallı rayonu, Yelağac kənd sakini Cavabdeh” və “14 aprel 2023-cü il” ifadələri yazılmış və imza icra edilmişdir. İşdəki sadə yazılı formada tərtib edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 40 gün müddətinə, yəni 21 aprel 2023-cü ildən 31 may 2023-cü ilə qədər 7200 (yeddi min iki yüz) manat pul borc vermiş, Cavabdeh İddiaçı yuxarıda qeyd edilən şərtlərlə 40 gün müddətinə, yəni 21 aprel 2023-cü ildən 31 may 2023-cü ilə qədər 7200 (yeddi min iki yüz) manat pul borc almış, həmin alınan borc pulun qaytarılması 40 gün müddətinə, yəni 31 may 2023-cü il tarixədək həyata keçiriləcəkdir. Qaytarılarkən öz aralarında qaytarılan pulun məbləği barədə bir-birinə qəbz verilməsi qaydasında razılaşdırılmışdır. Tərəflər arasında baş verən hər hansı bir mübahisəyə bu borc müqaviləsi əsas götürülməklə baxılmalıdır. Müqavilə “borc verən” qrafasında İddiaçı, “borc alan” qrafasında isə Cavabdeh tərəfindən imzalanmışdır. İşdəki 21 aprel 2023-cü il tarixli əlyazma qəbzdə aşağıdakı məzmun qeyd edilmişdir: Masallı rayonu, Yelağac kəndində anadan olan xx xxx 2002-ci il təvəllüdlü Cavabdeh bu qəbzi ondan ötrü verir ki, Masallı rayonu, Yelağac kənd sakini, həmkəndlisi, qohumu İddiaçı 7200 (yeddi min iki yüz) manat pul borc aldı. Söz verir ki, həmin borcu bir ay müddətinə, yəni 31 may 2023-cü il müddətinə kimi qaytaracaq. Əlavə qeyd edir ki, 14 aprel 2023-cü il tarixdə İddiaçı 35000 (otuz beş min) manat pul borc almışdır. Həmin pulu və indi götürdüyü pulu cəm qaytarmaqdan ötrü hazırkı yeddi min iki yüz manatı götürür ki, torpaq sahəsi alıb satdıqdan sonra ümumi borcu olan əvvəlki müqavilə ilə birlikdə 42200 (qırx iki min iki yüz) manatı birlikdə qaytaracaq. Qəbz onun sözləri ilə yazıldı. Heç bir əlavə yoxdur. Qəbzin aşağı hissəsində “Masallı rayonu, Yelağac kənd sakini Cavabdeh” və “21 aprel 2023-cü il” ifadələri yazılmış və imza icra edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. İddiaçının təqdim etdiyi qeyd edilən borc müqavilələrindən və əlyazma qəbzlərdən görünür ki, tərəflər arasında müqavilə üzrə borc münasibətləri 14 aprel 2023-cü ildə və 21 aprel 2023-cü ildə yaranmışdır. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, əgər iddiaçı 42200 manat ona borc vermiş olsaydı, bunu notariusda verər və müqaviləni təsdiq edərdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 739-cu və 740-cı maddələrinin tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətnindən görünür ki, qanunverici borc müqaviləsinin predmetinin məbləğinin üç min manatdan çox olduğu halda, müqavilənin yazılı formada bağlanmasına dair qayda müəyyən etmişdir. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli Qərarında vurğulamışdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. Mülki Məcəllənin 331.1-ci və 406.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yanaşmasını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, 14 aprel 2023-cü il və 21 aprel 2023-cü il tarixli borc müqavilələri qanunla müəyyən edilmiş forma tələbinə riayət edilməklə bağlanmışdır. Çünki Mülki Məcəllənin 740.2-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətnində müqavilənin yazılı formada bağlanması göstərilmiş olsa da, onun notariat orqanında təsdiqlənməsinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə olan halda onun məzmununu ifadə edən və onu bağlayan şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmış yazılı borc müqavilələrinin notariat orqanında təsdiqlənməməsi onun etibarsızlığına səbəb ola bilməz. Borc müqaviləsinin yazılı formada tərtib edilməsi ilə bağlı qayda tələbin sübut edilməsi baxımından əhəmiyyət kəsb edir və iddiaçının təqdim etdiyi borc müqavilələrindən də görünür ki, onun tərəfindən bu cür sübutetmə şərtinə riayət olunmuşdur. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Cavabdeh isə həmin borc müqavilələrində göstərilmiş məbləğlərin düzgün olmadığını, onun cavabdehdən əslində yalnız 15500 manat borc aldığını, müqavilələrə isə iddiaçı hədə-qorxu gəldiyi, ondan qorxduğu və başa düşmədiyi üçün imza etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, o, iddiaçının ona hədə-qorxu gəlməsi və ondan qorxmasına görə müqavilələri imzaladığını qeyd etsə də, istinad etdiyi həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə elektron poçt vasitəsilə göndərdiyi ərizədə iddiaçının ona “Whatsapp” proqramı vasitəsilə atdığı səslərdə müqavilələrin formal xarakter daşığını qeyd etdiyini bildirsə də, cavabdeh həmin səs yazılarını nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, məhkəməyə ünvanladığı müraciətlərə əlavə etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmənin ilk baxış iclası 08 avqust 2023-cü il tarixə təyin edilmiş olsa da, Cavabdeh teleqramla məhkəməyə müraciət edərək, həmin məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bildirmişdir ki, epilepsiya xəstəsi olduğuna görə səhhəti ilə əlaqədar problem var. O, işlə bağlı polis şöbəsinə də müraciət etmişdir və sübutları var. O, öz sübutlarını təqdim edə bilməsi üçün məhkəmə iclasının təxirə salınmasını istəmişdir. İşdəki Masallı Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(050)-2323/2023 saylı məhkəmə baxış iclasının protokolundan görünür ki, cavabdehin xahişi nəzərə alınmış və məhkəmə baxış iclası 25 avqust 2023-cü ilə təxirə salınmışdır. İşdəki Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2323/2023 saylı məhkəmə baxış iclasının protokolundan görünür ki, Cavabdeh həmin məhkəmə iclasında iştirak etmiş, izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Anası xəstə olduğu üçün iddiaçıdan hissə-hissə 15500 manat borc almışdır. İddiaçı pulu verəndən sonra bildirmişdir ki, pulu faizə vermişdir. Aldığı 15500 manat puldan 1300 manat pulu qaytarmışdır. 14 aprel və 21 aprel 2023-cü il tarixli borc müqaviləsindəki imza onun özünə məxsusdur. İddiaçı ona bildirmişdir ki, pulun verilməsi üçün aralarında yazılı sənəd olsun. Cavabdehə borc müqavilələrini imzalamayacağı təqdirdə nəticəsinin yaxşı olmayacağını bildirərək, hədə-qorxu gəlmiş, cavabdeh də həmin səbəbdən müqavilələri imzalamışdır. Maddi imkanı olmadığı üçün aldığı pulu qaytara bilmir. O, əvvəlki məhkəmə iclasında məhkəməyə teleqram ünvanlayaraq sübut təqdim edəcəyini bildirdiyindən sübutlarının olmasına dair verilmiş suala cavab olaraq qeyd etmişdir ki, heç bir sübutu yoxdur. Cavabdeh 14 aprel 2023-cü il və 21 aprel 2023-cü il tarixli borc müqavilələrindəki imzanın ona məxsus olmasına dair verilmiş suala cavab olaraq bildirmişdir ki, imzalar ona məxsusdur. 14 aprel və 21 aprel 2023-cü il tarixli borc müqavilələri hər hansı bir hədə, zorakılıq nəticəsində bağlanmışdırsa, hansı səbəbdən həmin vaxt bununla bağlı müvafiq orqanlara müraciət etməməsinə dair verilmiş suala cavabdeh cavab olaraq bildirmişdir ki, çünki iddiaçı hədə-qorxu gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin 25 avqust 2023-cü il tarixli sonuncu baxış iclasında iştirak edərkən cavabdeh verilmiş suala cavab olaraq təqdim edə biləcəyi heç bir sübutunun olmadığını qeyd etmişdir. Bundan sonra, apellyasiya instansiya məhkəməsində ilk baxış iclası 13 dekabr 2023-cü ilə təyin edilmiş olsa da, Cavabdeh 11 dekabr 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə teleqramla müraciət edərək bildirmişdir ki, o, 13 dekabr 2023-cü il tarixdə saat 10:45-də olan məhkəmə iclası ilə bağlı müraciət edir. O, epilepsiya xəstəsi olduğundan səhhətində problem yarandığına görə məhkəməyə gələ bilməyəcəkdir. Onun məhkəmə işinin sonrakı aylara saxlanılmasını xahiş etmişdir. O, əlindəki sübutlarla sonrakı məhkəmədə iştirak edəcəkdir. Məhkəmə kollegiyası cavabdehin teleqramını da nəzərə alaraq apellyasiya şikayətinə baxılmasını 17 yanvar 2024-cü ilə təxirə salmışdır. Lakin cavabdeh sonuncu məhkəmə iclasında da iştirak etməyərək, məhkəməyə elektron poçt vasitəsilə ərizə ünvanlamış, ərizəsində yenə də səs yazılarını məhkəməyə təqdim edəcəyini qeyd etmiş, səs yazılarını birinci instansiya məhkəməsində təqdim etməməsinin səbəbini mobil telefonunun xarab olması ilə əlaqələndirmiş, səs yazısını növbəti məhkəmə iclasında təqdim edəcəyini qeyd etmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, cavabdeh istinad edəcəyini iddia etdiyi səs yazılarını apellyasiya instansiyası məhkəməsinə şəxsən deyil, başqa üsulla da (məsələn, diskə yazılmaqla, elektron poçtla göndərilən məktuba qoşma edilməklə) təqdim edə bilmək imkanına malik olsa da, bunu etməmiş, işə apellyasiya instansiyası məhkəməsində baxılmasının müddətinin ötməsinə səbəb olmağa çalışaraq, yekun məhkəmə aktının qəbul edilməsini yubatmağa cəhd etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasında borc müqavilələrinin etibarlılığını yoxlayan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi də zəruri sayır: N.Əsədovanın şikayəti ilə bağlı qəbul etdiyi 12 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İş materiallarından iddiaçının borc müqavilələrini imzalaması üçün cavabdehi məcbur etməsi halı müəyyən edilmir. Belə ki, cavabdeh sadəcə formal mülahizələrlə kifayətlənmiş, özünü və ya əmlakını real təhlükə gözləməsinə dair iddiaçının hər hansı hədə-qorxu gəlməsinə dair sübut təqdim etməmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində ona iddiaçı tərəfindən hədə-qorxu gəlinməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət etdiyini, araşdırma aparıldığını, izahatlarının alındığını qeyd etsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, öz müraciətlərinə və apellyasiya şikayətinə əlavə etməmişdir. Cavabdeh apellyasiya şikayətində özünün fəaliyyət qabiliyyətinin olmadığını qeyd etsə də, həmin halı da təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məlumatın mövcudluğu sorğu edilmiş, cavabdehin fəaliyyət qabiliyyəti olmayan şəxslərin reyestrinə daxil edilmədiyi müəyyən olunmuşdur. Cavabdeh apellyasiya şikayətində hərəkətlərini dərk etmədiyini, müqaviləyə imza edərkən məzmununu bilmədiyini qeyd etmişdir. Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Lakin hazırkı iş üzrə cavabdehin 14 aprel 2023-cü il və 21 aprel 2023-cü il tarixli borc müqavilələri bağlanılan zaman anlaqsız olması sübuta yetirilmədiyindən, özünün həmin vaxtlarda anlaqsız olması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, qeyd edilən əsasla da borc müqavilələrinin etibarlılığı şübhə altına alına bilməz. Cavabdehin öz hərəkətlərini dərk etmədiyi və müqaviləyə imza edərkən onun məzmununu bilməməsinə dair dəlilləri əsaslı hesab edilə bilməz. Bu zaman həm də o nəzərə alınmalıdır ki, cavabdeh özü də etiraf edir ki, iddiaçıdan həqiqətən də müəyyən məbləğdə borc almışdır. Bu isə onun öz hərəkətlərini başa düşməməsinə dair dəlilinin əsassızlığı təsdiq edir. Cavabdeh apellyasiya şikayətində oxuma və yazma qabiliyyətinin olmadığını qeyd etsə də, cavabdehin həmin dəlili birinci instansiya məhkəməsində özünün verdiyi izahatla və iş materialları ilə təkzib olunur. Cavabdeh apellyasiya şikayətində onun iddiaçıdan 42200 manat borc almasına dair hər hansı sənədin mövcud olmadığını qeyd etsə də, iş materiallarının 6-cı və 8-ci vərəqlərində olan 14 aprel 2023-cü il və 21 aprel 2023-cü il tarixli qəbzlər cavabdehin apellyasiya şikayətinin həmin dəlilinin əsassız olduğunu göstərir. Belə ki, həmin qəbzlərdə cavabdeh iddiaçıdan müvafiq olaraq 35000 manat və 7200 manat borc pul aldığını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən aldığı borcun məbləğinin mübahisələndirilməsi ilə əlaqədar isə onu qeyd etməyi zəruri sayır ki, həm borc müqavilələri, həm də qəbzlər Cavabdeh tərəfindən imzalanmış, o, birinci instansiya məhkəməsinin 25 avqust 2023-cü il tarixli iclasında verdiyi izahatında da bunu təsdiq etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Qəbzdə olan imzalar məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. Cavabdeh də öz imzası ilə iradəsini bəyan etmiş, borc müqavilələlərinin və qəbzlərin məzmununun həqiqiliyini təsdiq etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin həqiqi borc məbləğinin cəmi 15500 manat olması ilə bağlı bildirdiklərini formal mülahizə hesab edir və onun ağlabatan olmadığı nəticəsinə gəlir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının cavabdehin apellyasiya şikayətinə etirazının dəlillərini əsaslı hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh qeyd etdiyi borc məbləğindən 1300 manat ödədiyini və yalnız 14200 manat borcu qaldığını bildirsə də, iddiaçıya olan borcundan hər hansı məbləğin ödənilməsinə dair qəbz, çek və ya digər təsdiqedici sənəd təqdim etməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, iş materiallarında olan 14 aprel 2023-cü il və 21 aprel 2023-cü il tarixli borc müqavilələri və qəbzlərlə cavabdehin iddiaçıdan cəmi 42200 manat borc alması faktı öz təsdiqini tapdığından, cavabdehin borc məbləğinin hər hansı hissəsini geri qaytarması müəyyən edilmədiyindən, borc müqavilələrinin etibarsızlığı üçün hər hansı əsasın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, iddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edən sübutları təqdim etdiyindən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddia tələbinin təmin edilməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 216 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 216 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2323/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar