Məhkəmə qərarları › İş №2(106)-1411/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1411/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1411/2023 25.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsinə dair faizlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)152/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC-nin nümayəndəsi Nazim Babayev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinin və 25210***-*******01R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6367.26 manat əsas, 313.42 manat faiz borcun və 4.40 manat cərimə borcu olmaqla, cəmi 6685.08 manat borc pulun və 86.86 manat ödənilmiş dövlət rüsumu tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı təşkilatın nümayəndəsi Nazim Babayev iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixədək 20 faiz 8400 mana məbləğində nağd pul kredit verilmişdir. 025CASA200300001 saylı xx.xx.2020-ci il traixli kredit müqaviləsinə müvafiq olaraq verilmiş 6593.71 manat məbləğində kredit üzrə 6593.71 manat əsas borcun qalığı cə 390.94 manat məbləğində hesablanmış faizin restrukturizasiya məqsədi ilə Cavabdeh1 ilə 25210***- *******01R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. 25210***- *******01R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsinin 2.03-cü bəndinə əsasən, alınmış kredit üçün illik 20 faiz ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 025FİZAM79900501 saylı xx.xx.2020-ci il tarixli və 025FİZAM179900502 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsi və 25210621- 179900401R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icra etməyən Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-ə 6367.26 manat əsas kredit borcu, 313.42 manat kreditdən istifadəyə görə faiz borcu və 4.40 manat cərimə borcu olmaqla, cəmi 6685.08 manat borcu qalmaqdadır Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lerik Rayon Məhkəməsinin 2(048)152/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: A.Kiçibəyov), iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsi və 25210***- *******01R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6367.26 manat əsas, 306.53 manat faiz borcu olmaqla, cəmi 6673.79 manat borc pulun və 86.86 manat ödənilmiş dövlət rüsum İddiaçı ASC-nin xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445,467-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 Lerik Rayon Məhkəməsinin 2(048)152/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı ASC-nin cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini, Lerik Rayon Məhkəməsinin 2(048)152/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, keçirilən iclasda iştirak etməmişdir. Məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin səhhəti ilə bağlı hər hansısa sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində Lerik Rayon Məhkəməsinin 2(048)152/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1.,470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lerik Rayon Məhkəməsinin 2(048)152/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə illik 20% olmaqla 8400 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 025FİZAM79900501 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 25210***-*******01R saylı restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 ilə kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 025FİZAM79900502 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(048)-152/2023 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli 9/1542 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 28 sentyabr 2022-ci il tarixinə İddiaçı ASC-ə olan borcu 6673.79 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 6367.26 manat əsas, 313.42 manat faiz borcun və 4.40 manat cərimə borcu olmaqla, cəmi 6685.08 manat kredit borcu vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-ə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Lakin xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinin 2 maddəsinin a) bəndinə əsasən Cavabdeh1 müəyyən olunmuş müddətdə krediti faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instasniya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qanunsuz və ədalətsiz olduğunu və bu səbəbdən ləğv edilməsini xahiş etmiş, xahişini isə ondan tələb olunan borc müqaviləsinin onun tərəfindən imzalanmamasını qeyd edir. Kollegiya bununla əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. O, ki, qaldı cavabdehin apellyasiya şikayətində iddiaçının tələb hüququnun yaranmasının əsasını təşkil edən xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsində olan imzanın ona məxsus olmamasını bildirməsi, lakin mübahisələndirməməsinə, kollegiya bu dəlili cavabdehinişin həlli üçün əhəməiyyət kəsb etməyən hüquqi baxışları kimi qəbul edir. Çünki cavabdeh birinci instansiya məhkəməsində araşdırma aparılarkən, məhkəməyə ünvanladığı (teleqramda) ərizəsində müqavilədə olan imzanın ona məxsus olmamasını deyil, iddiaçı təşkilat olan Bank Respublika tərəfindən onun banka olan borcunun düzgün hesablanmadığını və ekspertiza təyin olunmasını xahiş etmiş, məhkəmə cavabdehin ərizəsini nəzərə almış, iş üzrə ekspertiza təyin edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 78.4-cü maddəsinin (sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir), 372.2-ci maddəsinin (Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın) və 80-cı maddəsinin tələblərini pozmuş olardı. Cavabdehin müqavilədə imzanın ona məxsus olmamasını bildirməsi iddia tələbinin təmin olunmamasının qanuni əsası kimi qəbul edilə və işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması kimi qiymətlənlirilə bilməz. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6367.26 manat əsas, 306.53 manat faiz borcu olmaqla, cəmi 6673.79 manat borc pulun və 86.86 manat ödənilmiş dövlət rüsum İddiaçı ASCnin xeyrinə verilsin” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Göründüyü kimi Cavabdeh1 hazırki iş üzrə kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-nin ödənilməli olan əsas borc və borca görə hesablanmış faizləri ödəməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə mülki iş materiallarını tədqiq edərək qeyd edilən dəlilləri formal mülahizə hesab etməklə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya qeyd etməyi hesab edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamasını, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamasını və nəticədə maddi və prosessual pozuntularla qətnamə çəxarılmasını qeyd etsədə istər birinci instansiya icraatı zamanı istərsə də apellyasiya icraatı zamanı bununla əlaqədar hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Lerik Rayon Məhkəməsinin 2(048)152/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 2(048)152/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar