Məhkəmə qərarları › İş №2(106)-1416/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1416/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1416/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu, (sədrlik edən, məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-395/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 370 manat pulun alınıb özünə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə meyvə-tərəvəz alveri və digər bazar münasibətləri ilə əlaqədar tərəfdaş kimi həmişə yaxşı münasibətdə olmuşdur. Yeri gəldikdə, qarşılıqlı şəkildə bir-birlərinə ticarətdə kömək etmişlər. Cavabdehlə yaranan münasibətləri o həddə çatmışdır ki, cavabdeh nə istəsə, imkan daxilində ona hər cür köməklik etmişdir. Beləliklə, bir gün cavabdeh ondan 370 manat borc pul istəmiş və iddiaçı tərəddüd etmədən onun telefona atdığı kart nömrəsinə 370 manat pul göndərmişdir. Cavabdeh pulu alarkən təcili lazım olduğunu və axşam tərəfi pulu qaytaracağını bildirmişdir. İddiaçı da pulu kart vasitəsilə ona göndərmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-395/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilmiş, Cavabdeh borca görə 370 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)-395/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsi onlar arasında yaranmış kommersiya münasibətlərinə və işi aidiyyəti üzrə göndərməli olmasına baxmayaraq, mülki işin baxılmasını davam etdirərək, özünün 30 may 2024-cü il tarixli, 2(020)-395/2024 saylı qətnaməsi ilə iddianı təmin etmişdir. Beyləqan Rayon Məhkəməsində o, iddiaçıdan pul almadığını, onunla ticarət əlaqələri olmasını, ona nisyə mal verməsini, sonradan iddiaçının həmin malların pulunu ya nağd formada, ya da kart vasitəsi ilə ona göndərdiyini bildirmişdir. İddiaçının göstərdiyi həmin məbləğ cavabdehə olan borcun bir hissəsi olub, aralarında həmin məbləğə görə olan mübahisəyə görə o, cavabdehə həmin pulu mala görə yox, borc verdiyini iddia edərək məhkəmədə iddia qaldırıb. Cavabdeh Beyləqan və Füzuli, bəzi hallarda Ağcəbədi rayonunda olan ticarət şəbəkələrinə meyvə və tərəvəz verir, onun kimdənsə borc almağa ehtiyacı da olmamışdır. İstənilən halda onun əlində ticarət şəbəkələrindən yığdığı 10000- 20000 manat pul olmuş, lazım olduğu halda həmin pullardan sərbəst istifadə etmək imkanı olmuşdur. İddiaçının iddia etdiyi 370 manat məbləğində pulun cavabdehə olan borcunun bir hissəsi olmasını təsdiq edən və onun cavabdehə qərəzli münasibətlərini sübut edən “Whatsapp” yazışmaları vardır ki, cavabdeh məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmədiyinə görə həmin sənədləri təqdim edə bilməmişdir. İddiaçı 370 manat pulu kommersiya mübahisəsindən yayındırmaq üçün həmin məbləği borc kimi göndərdiyini demiş, aralarında borc münasibətlərindən irəli gələn münasibəti təsdiqləyən heç bir sənədin olmamasına baxmayaraq, məhkəmə həmin halları nəzərə almadan Mülki Məcəllənin borc münasibətlərini təzimləyən maddi hüquq normalarını tətbiq etmişdir. Hesab edir ki, Beyləqan Rayon Məhkəməsi məhkəmə aidiyyatı qaydalarını pozmaqla işə baxmışdır ki, bu hal da həmin qətnamənin qanuni və əsaslı olmasını şübhə altına alır. Mülki Məcəllənin 739.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, hüquq norması borc münasibətlərini tənzimləyir. Onlar arasında isə kommersiya münasibətləri olmaqla, müqavilə-öhdəlik münasibətlərindən irəli gələn qaydalar tətbiq olunmalıdır. Beyləqan Rayon Məhkəməsi bu hissədə maddi hüquq normasını səhv tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icratı qaydasında kommersiya məhkəmələri baxır. Lakin Beyləqan Rayon Məhkəməsi elə iddia ərizəsinin mətnindən belə həmin mübahisənin kommersiya məhkəməsinə aid olmasını bilməli olduğu halda, işi icraatına qəbul edərək baxmış, mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. MPM-in 31.1-ci maddəsinin tələbinə görə, məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilmir. Lakin Beyləqan Rayon Məhkəməsi qanunvericiliyin imperativ tələbini pozmaqla, başqa məhkəmənin icraatına aid olan işi öz icraatına qəbul etməklə, sonra qanunsuz qətnamə qəbul etmişdir. Mülki iş materiallarından da göründüyü kimi, Beyləqan Rayon Məhkəməsi hamının qanun qarşısında bərabərlik prinsipini həyata keçirməmiş, tam, obyektiv araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş, nəticədə iddiaçının iddia ərizəsində göstərdiklərinə uyğun olaraq qətnamə qəbul etmişdir. MPM-in 24.2-ci və 24.3-cü maddələrinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. İddiaçının öz ərizəsində cavabdehlə ticarət əlaqəsində olmasını və onların arasında kommersiya münasibətlərinin olmasını göstərməsinə baxmayaraq, məhkəmə ərizənin icraata qəbul edilməsi mərhələsində tərəflərin vergi ödəyicisi olub-olmamasını yoxlamamışdır. Bunları yoxlamış olsaydı, hər iki tərəfin vergi ödəyicisi olmasını aşkar edə bilərdi. Beyləqan Rayon Məhkəməsi iddia ərizəsinin özündə göstərildiyi kimi, onlar arasında olan münasibətlərin faktiki xarakterinin müəyyən olunması üçün heç bir araşdırma aparmayıb, onların vergi ödəyicisi olub-olmamasını müəyyən etməyib, mübahisə edilən məbləğin niyə məhz 370 manat olmasını, 400 manat və ya 300 manat olmamasının verilmiş malın dəyəri kimi ödənilməsinə daha inandırıcı olmasını aydınlaşdırmamışdır. Beyləqan Rayon Məhkəməsi iddiaçı ilə onun arasında borc münasibətlərinin olması qənaətinə gəlmiş, lakin bu borcun olmasını təsdiqləyən mötəbər sübuta istinad etməmişdir. Belə ki, cavabdeh həmin pulun onun iddiaçıya verdiyi nisyə malın dəyərinin bir hissəsi olmasını deməsinə baxmayaraq, məhkəmə iddiaçının həmin pulun borc olmasını deməsinə inanmış, cavabdehin dediyinə inanmamış, bununla bağlı əsaslı bir arqument gətirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh iddiaçıya mal verir və ondan pul borc istəməz. Ən azından borc istəsə belə, həmin pulun əvəzinə mal verməli olar. Lakin həmin pulun cavabdehə borc müqabilində verilməsi məntiqli deyil. Beyləqan Rayon Məhkəməsi isə bu halları nəzərə almamışdır. Beyləqan Rayon Məhkəməsinin gəldiyi nəticələr işin hallarına uyğun deyildir. Belə ki iddiaçı ilə onun arasında kommersiya münasibətlərinin olmasına baxmayaraq, məhkəmə borc münasibətlərini tənzimləyən normalara istinad etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazında cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 11 sentyabr 2024-cü ildə cavabdehin nümayəndəsi Vəkil məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının cavabdehə göndərdiyi pul borc pul məbləğidir. İddiaçının iddia ərizəsində göstərdiyi kimi, iddiaçı ilə cavabdehin ancaq mal alış-verişində münasibətləri olub, aralarında olan münasibətlər kommersiya münasibətləri olmaqla xeyli vaxt davam etmişdir. İddiaçının etirazında göstərdiyi özünə məxsus yük avtomobilinin olması o demək deyildir ki, o, həmin avtomobillə Şəmkirə və ya Bakıdan mal daşıyır. Ola bilsin hansı bir vaxtsa o yük üçün gedə bilər, lakin ona meyvə və tərəvəz məhsullarını hüquqlarını müdafiə etdiyi şəxs verib, həmin malı nisyə götürüb, bir neçə gündən və ya bir-iki həftədən bir hesablaşıblar. İddiaçının tələb etdiyi məbləğin cavabdehə nə üçün göndərməsi barədə tərəflər arasında olan “Whatsapp” yazışmasını təqdim edir. ***-***-**-** nömrəsi iddiaçıya məxsus olmaqla, onunla Cavabdeh arasında olan “Whatsapp” yazışmasıdır. Həmin yazışmalardan müəyyən olunur ki cavabdehə göndərilən pul borc deyil, nisyə aldığı mala görə ödəməli olduğu 474 manat pulun bir hissəsini ödədiyi məbləğdir. Sadəcə pulun qalan hissəsini, yəni 114 manatı sonradan göndərmədiyinə görə aralarında yaranan mübahisə zamanı ona qarşı işlətdiyi təhqiramiz ifadəyə görə ondan həmin pulu geri tələb edir. Cavabdeh iddiaçıdan heç vaxt borca pul almadığını, ona müxtəlif vaxtlarda nağd və terminal vasitəsi ilə malların pulunu göndərdiyini bildirir. Eyni zamanda iddiaçının borc kimi tələb etdiyi məbləğ borc məbləğinə uyğun deyil. Belə ki borc istəyən bütöv məbləğ istəyər (məsələn, 300 ya 350, 400, 500 manat), 370 manat borca pul istənilməsi məntiqli deyildir. Hesab edir ki, işin kommersiya mübahisəsi olması kifayət qədər sübuta yetirilmişdir, bu əsas ilə qətnamə ləğv edilməli, iş aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, cavabdehin nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, işlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdəki sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində məlumatlardan görünür ki, o, ********* qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin VÖEN üzrə fəaliyyət istiqaməti kimi “təzə meyvə və tərəvəzin pərakəndə satışı”, fəaliyyət obyekti kimi isə “meyvə-tərəvəz” göstərilmişdir. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdeh tərəfin təqdim etmiş olduğu “Whatsapp” yazışmasından görünür ki, həmin yazışma iddiaçının iddia ərizəsində öz telefon nömrəsi kimi qeyd olunmuş +99***- ***-**-** nömrəsi ilə aparılmış, cavabdeh iddiaçıdan mal almaq üçün gedəcəyinə görə ona borclu olduğu 474 manat puldan göndərməsini xahiş etmiş, iddiaçı hamısını göndərə bilməyəcəyini, yalnız 250 manat göndərə biləcəyini bildirmiş, cavabdeh isə 374 manatını göndərməsini, 100 manatı da bir həftəyə göndərməsini bildirmişdir. İş materiallarının 8-ci vərəqində olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehin kartına 370 manat məbləğində pul köçürülmüşdür. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdehlə meyvə-tərəvəz alveri və digər bazar münasibətləri ilə əlaqədar tərəfdaş kimi münasibətdə olduğunu bildirmiş, cavabdeh də iddiaçıya satış üçün meyvə-tərəvəz verdiyini, hazırda tələb olunan pul məbləğinin aralarında yaranmış həmin kommersiya münasibəti üzrə ona olan borcu kimi ödənildiyini bildirmişdir. İddiaçıya məxsus VÖEN-in fəaliyyət istiqamətindən də göründüyü kimi, o, həqiqətən də, məhz meyvə və tərəvəzin pərakəndə satışı istiqamətində fəaliyyət göstərir. Cavabdeh tərəfindən təqdim edilmiş yazışmalardan da göründüyü kimi, həqiqətən də, tərəflər arasında malın verilməsi ilə bağlı sahibkarlıq fəaliyyətindən irəli gələn borc münasibətləri olmuşdur. Beləliklə, tərəflər arasında yaranmış mübahisənin onlar arasındakı sahibkarlıq münasibətlərindən irəli gəldiyi müəyyən edildiyi üçün birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İş materiallarından da istər işdə iştirak edən şəxslərin subyektiv tərkibi, istər mübahisənin predmeti, istərsə də hüquq münasibətlərinin xarakteri nəzərə alındıqda hazırkı işin kommersiya məhkəməsinə aid olduğu görünür. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən etməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 1ə onun rəsmi qeydə alındığı yer üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Beyləqan rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-395/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Bu yerdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində işin kommersiya məhkəməsində baxılmalı olmasına dair dəlil olsa da, cavabdeh öz tələbində Beyləqan Rayon Məhkəməsinin 2(020)-395/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə də onun apellyasiya şikayəti qismən təmin edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-395/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar