Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1422/2023 30.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(032)-141/2023 saylı qərardadından (hakim C.Mustafayev) iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 6 dekabr 2022-ci il tarixli 2(032)-1951/2022 saylı qərardadı əsasında iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək məhkəmə baxışına hazırlıq iclası 26 dekabr 2022-ci il tarixinə təyin edilmişdir. 23 dekabr 2022-ci ildə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 məktubla Şirvan Şəhər Məhkəməsinə müraciət edərək (işin 60-cı vərəqi) cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması” tələbinə dair 2(032)-1951/2022 saylı mülki iş üzrə bütün sübutlarını iddia ərizəsinə əlavə etdiklərini, əlavə heç-bir sübut və vəsatətlərinin olmadığını bildirib, işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(032)-1951/2022 saylı məhkəmə hazırlıq iclasının qərardadı əsasında iş üzrə məhkəmə mühasibatlıq, məhkəməəmtəəşünaslıq ekspertizaları təyin olunaraq icraat dayandırılmışdır. Müvafiq ekspert rəyləri daxil olduqdan sonra iş üzrə icraat təzələnərək məhkəmə baxışına növbəti hazırlıq iclası 7 iyun 2023-cü il tarixinə təyin olunur. Şirvan Şəhər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli 2(032)-141/2023 saylı məhkəmə hazırlıq iclasının qərardadı ilə Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə istinadla işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsi, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi əsasları ilə ərizə baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi Nicat Ələkbərov 7 iyul 2023-cü ildə vəsatətlə məhkəməyə müraciət edərək qərardadın ləğv olunmasını, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə hazırlıq iclası təyin olunan vaxtdabaşqa bir məhkəmədə iştirak etmişdir. Bu barədə Şirvan Şəhər Məhkəməsinə elektron qaydada ərizə təqdim etmək istədikdə isə 2(032)-141/2023 saylı iş elektron kabinetə əlavə olunmadığından, ərizəni təqdim etməsi mümkün olmamışdır. Hesab edir ki, qeyd olunan hal üzürlü hesab edilməli və ərizənin baxılmamış saxlanmasına dair qərardadı ləğv olunaraq, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilməlidir. Şirvan Şəhər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(032)-141/2023 saylı məhkəmə qərardadı ilə vəsatət təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nicat Ələkbərov 2 avqust 2023-cü ildə iş üzrə 10 iyul 2023-cü il tarixli qərardaddan şikayət verərək ləğv olunmasını, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişlər. Şirvan Şəhər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli 2(032)-141/2023 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra tərəflərindən məhkəmə iclasında iştirak etmələrinin üzürlü hesab edilərək mülki iş üzrə icraatın təzələnməsi xahiş edilmişdir. Lakin Şirvan Şəhər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(032)-141/2023 saylı qərardadı ilə mülki işin təzələnməsi barədə vəsatətləri təmin olunmamışdır. Hesab edirlər ki, məhkəmənin 10 iyul 2023-cü il tarixli 2(032)-141/2023 saylı qərardadı əsassız olduğundan ləğv olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün təyin edilməlidir. Belə ki, məhkəmənin 10 iyul 2023-cü il tarixli 2(032)-141/2023 saylı qərardadında ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli Plenum qərarına istinad edilmişdir. Həmin Plenum qərarının 17-ci bəndində qeyd olunur ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPMnin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə, məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Göründüyü kimi Plenum qərarında iştirak etməmənin üzürlü səbəbdən olmasının araşıdınlması şərt qoyulmuşdur. Məhkəmə iclasında nümayəndələrinin iştirak etməməsi üzürlü səbəbdən baş vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 01 iyun 2020-ci il tarixli Fərmanında məhkəmələrin elektron sistemə keçirilməsi və "Elektron məhkəmə" informasiya sistemi haqqında əsasnamədə qeyd olunmuş qaydada işlərin elektron kabinetə yerləşdirilməsi qeyd olunsa da, həmçinin məhkəmə tərəfindən 10 iyul 2023-cü il tarixli 2(032)-141/2023 saylı və ondan əvvəlki qərardad elektron imza ilə imzalansa da, 2(032)-141/2023 saylı mülki iş elektron sistemə yerləşdirilməmiş və bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilməyəcəkləri barədə ərizələrinin elektron sistem vasitəsi ilə məhkəməyə təqdim etmələri mümkün olmamışdır. Bilindiyi ki, məhkəmə qətnamələrindən şikayət verilərkən qətnamənin elektron sistemə yerləşdirildiyi tarix əsas götürülür və apellyasi şikayətinin müddəti həmin tarixdən hesablanır. Bu misaldan elektron sistemdən istifadənin vacibliyi və işlərin mütləq qaydada elektron sistemə yerləşdirilməsinin zəruriliyi tam aydın olur. Şirvan Şəhər Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2(049)-1422/2023 saylı qərardadı ilə şikayət təmin olunmayaraq iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsaslıdır. Əvvəla ona görə ki, iş materiallarının 60-cı vərəqində yer alan iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 məhkəməyə məktubla etdiyi və 23 dekabr 2022-ci il tarixdə qeydiyyatdan keçmiş müraciətdə cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması” tələbinə dair 2(032)-1951/2022 saylı mülki iş üzrə bütün sübutlarını iddia ərizəsinə əlavə etdiklərini, əlavə heç-bir sübut və vəsatətlərinin olmadığını bildirilib, işin məhkəmə baxışına təyin olunması xahiş edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizaların rəyləri alınandan sonra iş üzrə icraat təzələnərək, növbəti məhkəmə baxışına hazırlıq iclası 7 iyun 2023-cü il tarixinə saat 15:00-a təyin olunmuşdur. İddiaçı "xxxx" QSC-nin vəsatətinə əlavə etdiyi Salyan Rayon Məhkəməsinin 2(057)-995/2023 saylı 5 may 2023-cü il tarixli bildirişində bankın X5 adlı şəxsə qarşı iddiası üzrə də hazırlıq iclasının 7 iyun 2023-cü il tarixinə saat 15:00-a təyin olunduğu, bununla iddiaçı bankın tərəf olduğu işlərin müxtəlif rayon məhkəmələrində eyni gün və saata təyin olunduğu aydın görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Plenum Qərarının 17-ci bəndində qeyd olunur ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Plenum Qərarının 21-ci bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslıdır, iş materialları ilə təsdiqini tapdığından təmin olunmalı, birinci instansiya məhkəməsinin 10 iyul 2023-cü il və 7 iyun 2023-cü il tarixli qərardadları ləğv edilməli və mübahisənin mahiyyəti üzrə baxılıb həll olunması istiqamətində sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Belə ki, iddliaçının nümayəndəsinin 7 iyun 2023-cü ilş tarixinə saat 15:00-a təyin olunan məhkəmə baxışına hazırlıq iclasında iştirak etməməsi üzürlü səbəblərdən baş vermiş, həmin tarix və saatda başqa rayon məhkəməsində təyin olunan hazırlıq iclasında iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-141/2023 saylı mülki iş üzrə 10 iyul 2023-cü il və 7 iyun 2023-cü il tarixli qərardadları ləğv edilsin. Vəsatət təmin edilsin. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə mübahisənin mahiyyəti üzrə baxılıb həll olunması istiqamətində sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-1422/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1422/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver