Məhkəmə qərarları › İş №2(106)-1425/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1425/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1425/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə Açar sözlər : kredit müqaviləsi üzrə borcun tutulması, faiz borcuna dair hissədə dəyişdirildi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən, məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2024cü il tarixli, e-2(049)-21/2024 saylı qətnaməsindən (hakim Nicat Ağabəyov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə 19833.13 manat məbləğində əsas borc, 1835.38 manat məbləğində faiz borcunun, cəmi 21668.51 manat borcun və 156 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "Bank of Baku” ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh3 və Cavabdeh2 (zaminlər) həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və sonuncunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2(049)-21/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 19.683,79 manat əsas borc, 1.713,30 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun məbləği olan 156 manatın tutularaq iddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 145 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında cavabdehlərin iştirakı təmin edilməmiş, hakim işə birtərəfli qaydada baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ekspertizanın nəticəsi ilə razı deyildir, hakim bu rəyi əsas gətirərək qətnamə çıxarmışdır. Halbuki, ekspert rəyi hakim üçün məcburi xarakter daşımır. O, vəkillə müqaviləni pozduğu üçün sübutlarını təqdim etməsi üçün şərait yaradılmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iddiaçının nümayəndəsi və cavabdehlər iştirak etməmişlər. İddiaçı tərəf məhkəməyə maliyyə arayışı göndərmiş, arayışda qeyd edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK/95907/80 saylı müqaviləyə əsasən İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 19833 manat məbləğində əsas və 1478.17 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 21 311.3 manat borcu olmuşdur. Cavabdeh1 məhkəməyə ərizə göndərərək, səhhətilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, birinci intstansiya məhkəməsində təqdim etməsi mümkün olmayan bəzi sübutların işin düzgün araşdırılması məqsədilə məhkəməyə çatdırılmasının vacib olduğunu bildirmişdir. Odur ki, sübutları təqdim edə bilməsi üçün məhkəmə prosesinin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Digər cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən əsaslıdır və buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna dair hissədə dəyişdirilməlidir. Cavabdeh1 ilə "Bank of Baku” ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK/95907/80 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit ayrılmış, həmin tarixdə qeyd olunan kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "Bank of Baku” ASC-nin xeyrinə 19833.13 manat məbləğində əsas borc, 1835.38 manat məbləğində faiz borcu vardır. Apellyasiya baxışı zamanı iddiaçı tərəf məhkəməyə maliyyə arayışı təqdim etmişdir. Arayışda qeyd edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK/95907/80 saylı müqaviləyə əsasən İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 19833 manat məbləğində əsas və 1478.17 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 21 311.3 manat borcu olmuşdur. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətinin dəlilləri ondan ibarətdir ki, ekspert rəyi əsassızdır, birinci instansiya məhkəməsində cavabdehlərin iştirakı təmin edilməmişdir. Borc məbləği şişirdilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qisməndə olsa əsaslıdır. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə faiz məbləğini iddianın verildiyi tarixə yox, cavabdehə pretenziya xəbərdarlığını göndərildiyi tarixə tələb etməli idi. Belə olan halda da, birinci instansiya məhkəməsinin iddianı həmin hissədə təmin etməsi əsassız olmuşdur. Apellyasiya baxışında iddiaçı tərəfindən məhkəməyə yeni maliyyə arayışı təqdim edilmişdir. Həmin maliyyə arayışında faiz borcunun 1478.17 manat olduğunu müəyyən olunur. Qeyd edilənlərə əsasən də, Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2(049)-21/2024 saylı qətnaməsicavabdehlərdən 1713.30 manat faiz borcunun tutulmasına dair hissədə dəyişdirilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1478.17 manat faiz borcu tutularaq iddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamə ilə müəyyən olunan faiz borcunun məbləğinin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı iddia tələbi üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çox olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2(049)-21/2024 saylı qətnaməsi- cavabdehlərdən 1713.30 manat faiz borcunun tutulmasına dair hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1478.17 (min dörd yüz yetmiş səkkiz manat, 17 qəpik) manat faiz borcu tutularaq iddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar