Məhkəmə qərarları › İş №2(106)-1426/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1426/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1426/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, katib Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(048)-526/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/77764/92/18 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 36 ay müddətinə, illik 23% olmaqla 25000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 15757,87 (on beş min yeddi yüz əlli yeddi manat 87 qəpik) manat məbləğində əsas borcun, 634,41 (altı yüz otuz dörd manat 41 qəpik) manat məbləğində faiz borcunun, 664,48 ( altı yüz altımış dörd manat 48 qəpik) manat məbləğində cərimə borcunun cəmi 17056,76 (on yeddi min əlli altı manat 76 qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bank cavabdehə 15757,87 (on beş min yeddi yüz əlli yeddi manat 87 qəpik) manat məbləğində əsas borcun, 634,41 (altı yüz otuz dörd manat 41 qəpik) manat məbləğində faiz borcunun, 664,48 ( altı yüz altımış dörd manat 48 qəpik) manat məbləğində cərimə borcunun ödənilməsi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “Bank of Baku» ASC-nin xeyrinə 15757,87 (on beş min yeddi yüz əlli yeddi manat 87 qəpik) manat məbləğində əsas borcun, 634,41 (altı yüz otuz dörd manat 41 qəpik) manat məbləğində faiz borcunun, 664,48 ( altı yüz altımış dörd manat 48 qəpik) manat məbləğində cərimə borcunun cəmi 17056,76 (on yeddi min əlli altı manat 76 qəpik) manat borcun və 144 (yüz qırx dörd) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla 25000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lerik Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(048)-526/2025 saylı qətnaməsi ilə (hakim Rövşən Xəlilov) iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 385.1, 442, 443.1, 448.1, 448.2, 445.2.1, 449.1, 449.4, 462.1, 462.3, 467-ci, Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmiş və qeyd etmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi əsas borcun və faiz borcun tutulması hissəsində əsaslıdır, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 15757,87 (on beş min yeddi yüz əlli yeddi manat 87 qəpik) manat məbləğində əsas borc, 634,41 (altı yüz otuz dörd manat 41 qəpik) manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, o və digər cavabdehlər Cavabdeh2 Nəbiyəli oğlu və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə səhər saatlarında məhkəməyə teleqramla müraciət edərək dəbbə və faiz borcu ilə razı olmadıqlarını və məhkəmədən ekspertizanın təyin edilməsini xahiş etmişlər. Lerik Rayon Məhkəməsi vəsatətlərini (teleqram) təmin etməmiş və onların müraciətinə münasibət bildirmədən, məsələni araşdırmadan, tez-tələsik iddianı təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə vəsatətləri təmin etmədiyi halda iddia ərizəsində göstərilən dəbbə və faiz məbləğlərini ağlabatan şəkildə tənasübləşdirməli idi. Bu səbəbdən də iddianın tam təmin edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən elektron kabinet vasitəsilə ərizə göndərərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş tam, hərtərəfli araşdırılmaqla obyektiv və ədalətli yekun qərar qəbul edilmişdir. Kreditin qalıq əsas borcuna hesablanan faiz və cərimə borcları tərəflər arasında razılaşdırılmaqla imzalanmış müqavilənin şərtləri daxilində nəzərdə tutulan qayda və həcmdə tələb edilmişdir. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. . Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək onun faiz və cərimə borcuna dair hissəsini mübahisələndirdiyindən, Kollegiya qətnaməni yalnız Cavabdeh1 münasibətdə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar Kollegiya aşağıdakıları qeyd edir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq belə qənaəti gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərini və iş materiallarında təqdim olunmuş sübutları hərtərəfli qiymətləndirmişdir. Kredit müqaviləsi qarşılıqlı razılıq əsasında bağlanmış, tərəflərin imzası ilə təsdiqlənmiş və qanuni qüvvəyə minmişdir. Müqavilə ilə götürülən öhdəliklər açıq və aydın şəkildə müəyyən edilmiş, əsas borcun qaytarılması, faizlərin ödənilməsi və öhdəliklərin vaxtında icra edilməməsi halında tətbiq olunacaq məsuliyyətlər əvvəlcədən razılaşdırılmışdır. Borclu Cavabdeh1 müqavilə imzalandığı zaman onun bütün şərtləri ilə razılaşmış, vəsaiti alaraq sərəncamında istifadə etmişdir. Onun sonradan faiz və cərimə məbləğlərinə etiraz etməsi, bu şərtləri qeyri-münasibliyinə görə qəbul etməməsi hüquqi baxımdan əsassızdır. Çünki müqavilənin şərtləri dəyişməzdir və yalnız tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər. Borclunun birtərəfli qaydada müqavilə şərtlərinə etiraz etməsi onların əvvəlki öhdəliklərini aradan qaldırmır. Apellyasiya şikayətində əsas arqument kimi göstərilən teleqram müraciəti və orada qeyd olunan vəsatətlərin təmin olunmaması da qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Teleqramla göndərilən müraciətdə cavabdeh yalnız faiz və cərimələrin azaldılmasını xahiş etmişdir. Lakin belə xahiş ümumi sözlərdən ibarət olmuş, real sübut, riyazi hesablamalar, müstəqil ekspert rəyi və ya müqavilənin icrasına təsir edə biləcək hər hansı faktla əsaslandırılmamışdır. Ədalətli məhkəmə araşdırması yalnız tərəflərin subyektiv narazılığı əsasında deyil, obyektiv sübutlar nəzərə alınmaqla aparılmalıdır. Digər tərəfdən, dəbbə və faizlərin “tənasübsüz” olması barədə arqument də qəbuledilməzdir. Kollegiya iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçı bank məhz müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq tələb irəli sürmüşdür. Tərəflər müqaviləni imzalayarkən dəbbə və faiz dərəcələrinə əvvəlcədən razılıq vermiş, bu şərtləri qəbul etmişlər. Odur ki, borclunun sonradan həmin şərtlərin “ağlabatan olmaması” barədə mövqeyi yalnız öhdəlikdən yayınmaq cəhdidir. Əks halda, müqavilə münasibətlərində sabitlik prinsipi pozular, tərəflərin imza atdığı sənəd hüquqi qüvvəsini itirərdi. Birinci instansiya məhkəməsi həm də sübutları obyektiv qiymətləndirmiş, iddiaçının təqdim etdiyi maliyyə arayışlarını, bildirişləri və ödəniş cədvəllərini araşdıraraq qənaətə gəlmişdir ki, cavabdeh öz öhdəliyini icra etməmişdir. Məhkəmənin qətnaməsi yalnız əsassız hesab edilə biləcək məbləğlər üzrə deyil, tam araşdırılmış və dəqiqləşdirilmiş borc məbləği üzrə qəbul edilmişdir. Həmçinin müəyyən edilən məbləğ əsas borcun həcmi ilə müqayisədə ağlabatan xarakter daşıyır ki, bu da qətnamənin obyektiv və qanuni olduğunu təsdiqləyir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lerik Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(048)-526/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. (634.41 manat məbləğində faiz borcu+ 664.48 manat məbləğində cərimə borcu=1298.89 manat) Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(048)-526/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar