Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1429/2025 22.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdeh Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı kredit borcunun vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-348/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə (vəkil Nümayəndə3) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 sentyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Həşimov Qüdrət İsfəndiyar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcun, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat olmaqla, cəmi 272.72 manat borcun, ümumilikdə 22297.71 manat borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 156.98 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Həşimov Qüdrət İsfəndiyar oğlu arasında bağlanmış BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Həşimov Qüdrət İsfəndiyar oğluna illik 20 faizlə 59 ay müddətinə 23500 (iyirmi üç min beş yüz manat) manat kredit verilmişdir. Eyni zamanda "xxxx" ASC ilə Həşimov Qüdrət İsfəndiyar oğlu arasında bağlanmış BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən Həşimov Qüdrət İsfəndiyar oğluna illik 24 faizlə 36 ay müddətinə 300 (üç yüz manat) manat kredit verilmişdir. AZ-İİ № 412486 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Həşimov Qüdrət İsfəndiyar oğlu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 1116 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən Cavabdeh2 və Cavabdeh1 Həşimov İsfəndiyar Qüdrət oğlunun qanun üzrə vərəsələri olduğu müəyyən edilmişdir. Yuxarıda adı çəkilən BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcu, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən cavabdehin əsas borca görə 272.72 manat olmaqla, cəmi 272.72 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 156.98 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixində 6-2-22/2-41703/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Qudrət oğlu və Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcun, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat olmaqla, cəmi 272.72 manat borcun, ümumilikdə 22297.71 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 156.98 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ünvanlanmış vəsatət əsasında məhkəmə tərəfindən ünvan 1 ünvanlanmış və sorğu əsasında Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 da Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri olduğu müəyyən edilmişdir. Əldə edilən vərəsəlik işinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 hərəsi 1/5 hissədə miras payı qəbul etmişdir. Vərəsəlik işi məlumatlarına əsasən 3/5 hissədə miras payı Cavabdeh3 Qudrət oğlu, Cavabdeh4 və Cavabdeh5 qəbul etmişdir, Cavabdeh5 Qudrət oğlunun qanuni nümayəndəsi qismində Qanuni nümayəndə çıxış edir. Vərəsəlik işi materiallarında Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 miras əmlakdan imtina etməsi ilə bağlı hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsində qeyd edilir: Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər, üzrü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Notariat qaydasında rəsmiləşdirilmiş mirasdan imtina sənədi mövcud deyildirsə, miras qəbul edilmiş hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə bildirdi ki, mərhumun ailə üvzləri ilə münasibətləri yoxdur, həmçinin mərhumun kredit götürməsindən məlumatı olmamışdır. Qeyd edilənlərə əsasən mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmənin 08 aprel 2025-ci il tarixli iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əbdüləli qızı hər biri ayrı-ayrılıqda bildirdilər ki, Həşimov Qüdrət İsfəndiyar oğlu onların oğludur. Oğlu vəfat etdikdən sonra notarius tərəfindən vərəsəlik işi açılmış və onlar vərəsə olaraq qanun üzrə vərəsə olaraq tanınmışdırlar. Mərhum oğlunun bir kredit müqaviləsi üzrə borcunun olduğunu bilirdilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-348/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Ceyhun Mustafayev), iddianın təmin edilməsi, Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Qudrət oğlu və Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borc, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat, ümumilikdə 22297.71 (iyirmi iki min iki yüz doxsan yeddi manat 71 qəpik) manat, 156.98 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə (vəkil Nümayəndə3) apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, məhkəmə, miras əmlak kütləsini, yəni cavabdehlərin hansı miras əmlakdan pay alacaqlarını müəyyən etmədən öz mülahizəsinə əsasən iddiaçının tələbini təmin etmiş, miras kütləsinə daxil olan əmlakın Həşimov Qüdrət İsfəndiyar oğlunun bank qarşısında icra edilməmiş öhdəliyinin icra edilməsi üçün yetərli olub-olmamasını araşdırmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlərin qanuni nümayəndəsi Şirvan Şəhər Məhkəməsinin 2(032)-348/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər keçirilən iclasda tərəflər iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə (vəkil Nümayəndə3) apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin 2(032)- 348/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikas Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-348/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan "xxxx" ASC ilə borclu Həşimov Qüdrət İsfəndiyar oğlu arasında bağlanmış BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli Tam Kart müqaviləsinə və maliyyə arayışına əsasən ona 36 ay müddətinə illik 24 faiz dərəcəsi olmaqla, 300 manat məbləğində kredit verilmişdir. İşdə olan Maliyyə arayışından görünür ki, Həşimov Qüdrət İsfəndiyar oğlunun "xxxx" ASC-yə BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 272.72 manat əsas borcu vardır. İşdə olan BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Həşimov Qüdrət İsfəndiyar oğluna illik 20 faizlə 59 ay müddətinə 23500 (iyirmi üç min beş yüz manat) manat kredit verilmişdir. İşdə olan Maliyyə arayışından görünür ki, Həşimov Qüdrət İsfəndiyar oğlunun xx.xx.2021-ci il tarixə "xxxx" ASC-yə BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 21754.8 manat əsas borcu, 270.19 manat faiz borcu vardır. İşdə olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2017- ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Həşimov Qüdrət İsfəndiyar oğlu ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21 may 2014-cü il tarixdə 89 nömrə ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həşimov Qüdrət İsfəndiyar oğlu xx.xx.2024cü il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 Əbdüləli qızına kredit müqaviləsi üzrə banka olan borcunu ödəməsi barədə rəsmi xəbərdarlıq edilmişdir. İşdə olan Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü ildə vəfat etmiş Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/5 hissədə pay almaqla 3/5 hissədə pay açıq saxlanılmışdır. İşdə olan Cavabdeh2 və Cavabdeh1 Əbdüləli qızının Bakı şəhəri 8 saylı Notariat Ofisinə vermiş olduqları **********605 nömrəli ərizədə qeyd edilmişdir ki, oğlu Həşimov Qüdrət İsfəndiyar oğlunun qanunvericiliklə hər hansı banka və ya fiziki şəxsə borcu olduğu təqdirdə vərəsə olaraq ödəməyi öz öhdələrinə götürmüşlər. İşdə olan “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, mərhum Həşimov Qüdrət İsfəndiyar oğlunun ailə üzvləri Cavabdeh2, Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Həşimova (Cəlilova) Gülər Lətif qızıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Kollegiya qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1304, 1146, 1255-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsələri tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Aydındır ki, mövcud qanunvericiliyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bəs miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi dedikdə nə başa düşülür? Əvvəla qeyd etmək lazımdır ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətninə görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsulla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar). Hazırki işin mübahisəsiz halından da görünür ki, borclu Həşimov Qüdrət İsfəndiyar oğlunun vəfatından sonra Bakı şəhəri 8 saylı notariat ofisindən əldə edilmiş məlumata görə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri olduğu müəyyən edilmişdir. Əldə edilən vərəsəlik işinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 hərəsi 1/5 hissədə miras payı qəbul etmişdir. Vərəsəlik işi məlumatlarına əsasən 3/5 hissədə miras payı Cavabdeh3 Qudrət oğlu, Cavabdeh4 və Cavabdeh5 qəbul etmişdir, Cavabdeh5 Qudrət oğlunun qanuni nümayəndəsi qismində Qanuni nümayəndə çıxış edir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnudigər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçünalınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur və birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumiəmlakını təşkil edir. Aktiv dedikdə, pulla qiymətləndirilə bilən bütün iqtisadi dəyərlər (əşyalar, hüquqlar və s.) nəzərdə tutulur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinin məqsədinə görə əldə etmə dedikdə, aktivlər üzərində əmlak hüquqlarının qazanılması başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum Həşimov Qüdrət İsfəndiyar oğlu arasında BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli Tam Kart və BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqavilələri bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq bank tərəfindən Həşimov Qüdrət İsfəndiyar oğluna kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən Həşimov Qüdrət İsfəndiyar oğlunun BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcu, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat borcu qalmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Həşimov Qüdrət İsfəndiyar oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmiş və sonuncunun adına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən vərəslik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə mərumun vərəsləri olaraq Cavabdeh2 və Cavabdeh1 hər birinə 1/5 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin “Elektron notariat” X1 vasitəsilə mərhum Həşimov Qüdrət İsfəndiyar oğlunun ailə üzvləri Cavabdeh2, Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Həşimova (Cəlilova) Gülər Lətif qızı olduğu müəyyən edilmişdir. Cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə (vəkil Nümayəndə3) apellyasiya şikayətinin dəlillərində məhkəmənin, miras əmlak kütləsini, yəni cavabdehlərin hansı miras əmlakdan pay alacaqlarını müəyyən etmədən öz mülahizəsinə əsasən iddiaçının tələbini təmin etməsini, miras kütləsinə daxil olan əmlakın Həşimov Qüdrət İsfəndiyar oğlunun bank qarşısında icra edilməmiş öhdəliyinin icra edilməsi üçün yetərli olub-olmamasını araşdırmadığını bildirsə də, kollegiya qeyd edir ki, miras əmlak cavabdehlər tərəfindən qəbul edildiyindən onun kütləsini, kreditorun tələbinin icrası üçün miras əmlakın həddinin sübut edilməsi öhdəliyi cavabdehlərin üzərinə düşür. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində nə də apellyasiya icraatı zamanı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamasını, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamasını və nəticədə maddi və prosessual pozuntularla qətnamə çıxarılmasını qeyd etsə də istər birinci instansiya icraatı zamanı istərsə də apellyasiya icraatı zamanı bununla əlaqədar hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Şirvan Şəhər Məhkəməsinin 2(032)-348/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə (vəkil Nümayəndə3) tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-348/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1429/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1429/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver