Məhkəmə qərarları › İş №2(106)-1434/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1434/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1434/2025 10.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X3 oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1541/2025 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8.274,57 (səkkiz min iki yüz yetmiş dörd dollar əlli yeddi sent) ABŞ dolları - bundan 3.819,08 (üç min səkkiz yüz on doqquz dollar səkkiz sent) ABŞ dolları əsas, 1.379,21 (bir min üç yüz yetmiş doqquz dollar iyirmi bir sent) ABŞ dolları faiz, 2.528,26 (iki min beş yüz iyirmi səkkiz dollar iyirmi altı sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonrakı dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 548,02 (beş yüz qırx səkkiz dollar iki sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 132.20 (bir yüz otuz iki manat iyirmi qəpik) AZN cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış ********* №-li 10 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 20.5 faiz dərəcəsi ilə 7.000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 420008441/ZM №-li 10 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ********* №-li 10 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə 27 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7.254,98 (yeddi min iki yüz əlli dörd ABŞ dolları 98 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5.460,8 (beş min dörd yüz altmış ABŞ dolları 8 sent) ABŞ dolları əsas borc, 1.458,37 (bir min dörd yüz əlli səkkiz ABŞ dolları 37 sent) ABŞ dolları faiz borcu və 335,81 (üç yüz otuz beş ABŞ dolları 81 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-S-41-3326/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 8.274,57 (səkkiz min iki yüz yetmiş dörd ABŞ dolları 57 sent) ABŞ dolları təşkil edir. Bundan 3.819,08 (üç min səkkiz yüz on doqquz ABŞ dolları 08 sent) ABŞ dolları əsas, 1.379,21 (bir min üç yüz yetmiş doqquz ABŞ dolları 21 sent) ABŞ dolları faiz, 2.528,26 (iki min beş yüz iyirmi səkkiz ABŞ dolları 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 548,02 (beş yüz qırx səkkiz ABŞ dolları 02 sent) ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini etiraz edərək, etirazının əsası kimi cərimə borcunun məbləğinin həddən artıq yüksək hesablandığını qeyd edərək, cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsi R.H.Tağızadə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə edib, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 185.4-cü maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1541/2025 nömrəli qətnaməsi ilə (Hakim: Nurəddin Bağırov) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsindən yaranmış 3819.08 ABŞ dolları əsas borc, 1379.21 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətindən sonrakı dövr üçün hesablanmış 548.02 ABŞ dolları faiz borcu, ümumilikdə isə 5846,31 (beş min səkkiz yüz qırx altı dollar otuz bir sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) Azərbaycan manatı ilə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manat hissəsinin Cavabdeh3 tutulub ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 420008441/ZM saylı Zaminlik Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişdən yaranmış Cavabdeh1 və Cavabdeh2 zaminliyinə xitam verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən, yanlışlığa yol verərək 1 ABŞ dolları = 1.40 AZN məzənnəsini əsas götürməklə öhdəliyin manatla ödənilməsini hesab etmişdir. Lakin məhkəmənin bu qərarı qanunvericiliyin tələblərinə ziddir, çünki qanunvericilik xarici valyuta ilə müəyyən olunmuş öhdəliklərin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə yerinə yetirilməli olduğunu müəyyən edir. Bu maddənin mötəbər hüquqi qüvvəsi pozulmuş və məhkəmə, ödənişin faktiki həyata keçirildiyi günün məzənnəsini nəzərə almadan, ümumilikdə 1.40 məzənnəsini tətbiq edərək, hüquqi normalara uyğun olmayan, mövcud qanunvericilik tələblərini və ədalət prinsiplərini pozan, həmçinin tərəflər arasında ədalətsiz bir nəticə doğuran qərar vermişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab etmişdir ki, “cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə manatla ödənilməlidir.” Məhkəmənin bu yanaşması Azərbaycan Respublikasının Mülki Məcəlləsi, mövcud məhkəmə təcrübəsi v ə iqtisadi hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Belə ki, kredit xarici valyutada (ABŞ dollarında) müəyyən edilibsə, ödəniş isə Azərbaycan Respublikasında və manatla həyata keçirilirsə, o zaman cavabdeh öhdəliyini ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə yerinə yetirməlidir. ********* №-li 10 sentyabr 2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə dəyişiklik edilərək kredit “ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 ABŞ dolları = 1.40 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir” şərti əsasında restrukturizasiya edilsə də, cavabdeh (borcalan) ödənişləri vaxtında icra etmədiyi üçün müqavilənin şərtləri onun tərəfindən pozulmuşdur. Müqavilənin digər şərtlərindən biri də Borcalanın ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı müqavilə müddəti ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduğu zaman onun tərəfindən güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə olan məzənnə ilə yenidən hesablanmasıdır. Müqavilədəki şərt o zaman qüvvədə olardı ki, Kredit müqaviləsinə edilmiş dəyişikliyə əsasən Kredit müqaviləsi (Əlavə Saziş) üzrə ödənişlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilərdi. Müqavilənin ödəniş qrafiki, borcalanın (cavabdehin) hər ay və ya müəyyən müddətlərdə müəyyən məbləğləri ödəməsini nəzərdə tuturdu. Bu ödənişlər müqavilədə göstərilən müddət və məbləğlərə uyğun olmalı və heç bir gecikmə halı yaşanmamalı idi. Ödəniş qrafikində nəzərdə tutulan ödənişlər borcalan (cavabdeh) tərəfindən ödəniş qrafikində nəzərdə tutulan müddətlərdə icra edilmədiyindən gecikmə halları baş vermiş və nəticədə müqavilənin şərtləri pozulmuşdur. Buradan aydın görünür ki, məhkəmə, müqavilə şərtlərinin pozulması ilə bağlı faktı nəzərə almamışdır. Odur ki, məhkəmə tərəfindən borcun hesablanmasında ödəniş günü qüvvədə olan rəsmi məzənnə əsas götürülməli idi, lakin məhkəmə müqavilə şərtlərinin pozulması faktını müəyyən etmədiyindən ümumi olaraq 1 ABŞ dolları = 1.4 AZN məzənnəsini tətbiq etməklə, ödənişin hansı tarixdə baş verəcəyini və həmin tarixdə hansı məzənnənin mövcud ola biləcəyini də nəzərə almamışdır. Bundan başqa, ödəniş tarixi – məzənnənin müəyyən edilməsi üçün əsas meyardır. Kredit münasibətlərində məzənnənin müəyyənləşdirilməsi yalnız ödənişin həyata keçirildiyi günə əsasən mümkündür. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları düzgün qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Beləliklə, məhkəmə kredit üzrə ödənişin həyata keçirildiyi gündəki rəsmi məzənnəyə əsaslanaraq borcun ödənilməsinin qət edilməsi barədə qətnamə qəbul etməlidir. Apellyasiya şikayətini təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1541/2025 saylı qətnaməsinin qismən – mübahisələndirilən hissəsində (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) ləğv edilərək həmin hissəyə “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” söz birləşməsi əlavə edilməklə dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1541/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkəmə aktınin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilləri həddində, mübahisələndirilən hissədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1541/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır; Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1541/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi əsasında 24 ay müddətinə illik 20.5% olmaqla 7000 manat məbləğində kreditin Cavabdeh3 verilməsi razılaşdırılmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 7254.98 manat müəyyən edilmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixdək uzadılmış, bu Sazişin imzalandığı tarixdən etibarən ödəniş qrafiki üzrəborcalan tərəfindən faiz dərəcəsi illik 10% müəyyən edilmiş və manatla ediləcək ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli, ********* saylı müqavilə üzrə 3819.08 ABŞ dolları əsas, 1379.21 ABŞ dolları faiz, 2528.26 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 548.02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8274.57 ABŞ dolları borcu yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti xx.xx.2017ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə manatla ödənilməlidir. Apellyatorun apellyasiya şikayətinin dəlili ondan ibarədir ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən, yanlışlığa yol verərək 1 ABŞ dolları = 1.40 AZN məzənnəsini əsas götürməklə öhdəliyin manatla ödənilməsini hesab etmişdir. Lakin məhkəmənin bu qərarı qanunvericiliyin tələblərinə ziddir, çünki qanunvericilik xarici valyuta ilə müəyyən olunmuş öhdəliklərin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə yerinə yetirilməli olduğunu müəyyən edir. Bu maddənin mötəbər hüquqi qüvvəsi pozulmuş və məhkəmə, ödənişin faktiki həyata keçirildiyi günün məzənnəsini nəzərə almadan, ümumilikdə 1.40 məzənnəsini tətbiq edərək hüquqi normalara uyğun olmayan qərar vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişin 1.1-ci bəndinə əsasən ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları - 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə qəbul edilir. Göründüyü kimi, bu, müqavilə şərtidir. Eyni zamanda, apellyasiya şikayətində göstərilsə də, müqavilədə borcalanın ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı müqavilə müddəti ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduğu zaman borclu tərəfindən güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlərin bankın ödəniş tarixinə olan məzənnə ilə yenidən hesablanması barədə şərt mövcud deyil. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1541/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1541/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar