Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1437/2024 11.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” barədə kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin e-2(041)-396/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3502 manat, faiz borcuna görə 1072,4 manat, cərimə borcuna görə 245,49 manat, cəmi 4819,89 manat məbləğində borcun və 68,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 11 yanvar 2023-cü il tarixli, **********0491 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 230 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 13 dekabr 2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 3502 manat, faiz borcuna görə 1072,40 manat, cərimə borcuna görə 245,49 manat, cəmi 4819,89 manat təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verən dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Tələbin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) kredit müqaviləsi, 2) “Fincard” kreditvermə qəbzi, 3) kredit kartının mədaxil aktı, 4) zaminlik müqaviləsi, 5) maliyyə arayışı, 6) kredit ərizə forması, 7) müştəri qeydiyyat forması. Kürdəmir Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2(041)-396/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3502 manat əsas borc, faiz borcuna görə 1072,40 manat, cərimə borcuna görə 245,49 manat, cəmi 4819,89 manat məbləğində borcun və 68,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin e-2(041)-396/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin əsas borcun qaytarılması hissəsində təmin, qalan hissədə isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır, qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ona görə də qətnamə ləğv edilməli, iddia tələbi isə qismən, yalnız əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, iddiaçı ilə bağlanmış 11 yanvar 2023-cü il tarixli, **********0491 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 32% dərəcəsi olmaqla 4000 manat məbləğində kredit verilməsi qeyd edilmişdir. Müqavilə bağlanan vaxt bank-maliyyə əməliyyatlarının aparılması qaydaları haqqında ümumi məlumatı olmadığından, iddiaçının müqavilədə ona həddindən artıq şişirdilmiş illik uçot dərəcəsi müəyyən etməsinin qanunsuz olduğunu bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi Bankının isə 11 yanvar 2023-cü il tarixədək müəyyən etdiyi illik uçot faiz dərəcəsi həmin vaxt 8,25% olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı 11 yanvar 2023-cü ildə onunla kredit müqaviləsi bağlayarkən mülki qanunvericiliyin tələblərini, eləcə də Mərkəzin Bankın həmin vaxt Respublika üzrə müəyyən etdiyi illik uçot faiz dərəcəsini pozaraq ona qarşı inhisarçılıq etmiş və Mərkəzi Bankın müəyyən etdiyi illik uçot dərəcəsindən 4 dəfədən də artıq faiz dərəcəsi hesablamışdır. Bundan istifadə edən iddiaçı onu maliyyə istismarına məruz qoyaraq, şişirdilmiş faizlər hesablamaqla məhkəmədə ona qarşı əsassız kredit borcu tələb etmişdir. Bundan başqa, iddiaçı 90 gündən artıq müddətdə faiz borcunu ödəmədiyi halda faizləri dayandırmamışdır. Onun bu hərəkətsizliyi isə Mərkəzi Bankın qərarına ziddir. Belə ki, həmin Qərar ilə təsdiq edilmiş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar”ın 2.2-ci maddəsinə görə, kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin və yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə kredit təşkilatları kreditlərə “faizləri hesablanmayan” kreditlər statusu verərək, faizlərin hesablanmasını dayandırmalıdır. İddiaçı bu qərarın tələblərinə əhəmiyyət verməyərək, faizləri dayandırmamışdır. Kürdəmir Rayon Məhkəməsində bu mülki işə baxılarkən hakim tərəfindən yuxarıda qeyd etdiyi səbəblərlə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Lakin məhkəmə həmin ekspertizanı təyin etməmişdir. Belə ki, ekspert 2023-cü ildə Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsini əsas tutmaqla iddiaçının onunla bağladığı kredit müqaviləsindəki illik uçotu məhz Mərkəzi Bankın həmin il müəyyən etdiyi uçot dərəcəsinə müvafiq (yəni 8,25 faizlə) hesablamalı idi. Lakin məhkəmə işə tərəflərin iştirakı olmadan, məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən baxdığı üçün səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iddia tam olaraq təmin edilərkən Mülki Məcəllənin 449.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi Bankının isə 11 yanvar 2023-cü il tarixədək müəyyən etdiyi illik uçot faiz dərəcəsi həmin vaxt 8,25% olmuşdur. Məhkəmə bu hala qiymət verə bilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində məntiqsiz olaraq göstərir ki, həmin pul cavabdehə həyat şəraitinin yaxşılaşdırılması məqsədilə verilmişdir. Əslində isə bank kredit müqaviləsində illik uçot dərəcəsini 32% şişirdilmiş məbləğlə hesablamaqla həyat şəraitini daha da ağırlaşdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Ona görə də hesab edir ki, qətnamədə əsas borc istisna olmaqla, faiz borcu və cərimə borcu təmin edilməməli idi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 9.1-ci, 9.2-ci və 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddələrə, əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxdığı üçün MPM-in 9-cu maddəsinin tələblərini pozmuşdur. İşə baxan məhkəmə cavabdehlərdən iddiaçının xeyrinə pul tutarkən bu məbləğləri hansı mühasibat sənədləri əsasında sübut etdiyini dəqiq göstərə bilməmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərdiyi söz yığınından ibarət mülahizələrinə və kredit müqaviləsinə əsaslanmaqla kifayətlənmişdir ki, bu da sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə tərəfindən iddiaçının kredit müqaviləsi bağlayarkən onu aldatması, eləcə də müqavilədə şişirdilmiş illik uçot dərəcəsi ilə onu yükləməsi nəzərə alınmamışdır. Ona görə də məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına qəti uyğun gəlmir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda Cavabdeh1 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin əsas borcun qaytarılması hissəsində təmin, qalan hissədə isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – faiz və cərimə borcuna aid hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki kredit verən İddiaçı X1-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli, **********0491 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 4000 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 32 faiz illik faiz hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. İşdəki kredit verən İddiaçı X1-Bank Kredit Təşkilatı ilə zamin Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin 11 yanvar 2023-cü il tarixli, **********0491 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini əsas borc məbləğinə dair hissədə mübahisələndirməmiş, 3502 manat məbləğində əsas borca dair hissədə qətnamə ilə razılaşmışdır. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini yalnız faiz və cərimə borcuna aid hissələrdə mübahisələndirmişdir. Faiz borcuna dair hissədə apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, kredit müqaviləsində kreditin illik faizi 32 faiz olaraq müəyyən edilməklə, Mərkəzi Bankın müəyyən etdiyi illik uçot dərəcəsindən 4 dəfədən də artıq faiz dərəcəsi hesablanmışdır. Mülki Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi Bankının isə 11 yanvar 2023-cü il tarixədək müəyyən etdiyi illik uçot faiz dərəcəsi həmin vaxt 8,25% olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinin tərəflər arasında kredit münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinin tərəflər arasında kredit münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. MM-in 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 tərəfindən Mülki Məcəllənin 449.1-ci və 449.2-ci maddələrinə istinad edilməsi əsaslı olmamışdır. Belə ki, MM-in 449.1-ci maddəsindən də göründüyü kimi, Mərkəzi Bank tərəfindən müəyyən edilən bank uçot dərəcəsi əsasında müəyyən edilən faizlər müqavilədə ayrı qaydada nəzərdə tutulmadığı halda ödənilir. Hazırkı halda isə tərəflər bağladıqları 11 yanvar 2023-cü il tarixli kredit müqaviləsində illik 32 faiz dərəcəsini müəyyənləşdirmişlər. Müqavilədə nəzərdə tutulmuş qayda tərəflərin müqavilə azadlığı prinsipi çərçivəsində müəyyənləşdirilmiş, həmin şərtin nəzərdə tutulduğu müqavilənin bağlanılmasına Cavabdeh1 məcbur edilməsi halı müəyyən olunmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Konstitusiya Məhkəməsi Plenumunun 449.1-ci maddəsi ilə bağlı qeyd etdiyi hüquqi mövqedən də aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş faizlər maliyyə sanksiyası xarakteri daşımaqla, müqavilə üzrə nəzərdə tutulmuş faizlərin ödənilməsinə aid deyil. Həmçinin, uçot dərəcəsi dedikdə, Mərkəzi Bankın kommersiya banklarına yenidən maliyyələşdirmə nəticəsində verdiyi kreditin faiz dərəcəsi başa düşüldüyündən, bu dərəcə heç bir halda bankların müştərilərlə bağladıqları ayrıca kredit müqavilələri üzrə verilən kreditlər üzrə müəyyən edilən faiz dərəcəsinin maksimum həddi hesab oluna bilməz. Göründüyü kimi, Cavabdeh1 faiz borcunun düzgün hesablanmaması barədə gətirdiyi dəlillər əsassız olduğundan, faiz borcunun qeyd edilən bank uçot dərəcəsinə uyğun hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə də zərurət yoxdur. Bundan başqa, Cavabdeh1 apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı cavabdehin 90 gündən artıq müddətdə faiz borcunu ödəmədiyi halda faizləri dayandırmamışdır. Bankın bu hərəkətsizliyi isə “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar”ın 2.2-ci maddəsinə zidd olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır və bildirir ki, onun tərəfindən istinad olunmuş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar” Azərbaycan Respublikası Mərkəzi X2 18 dekabr 2013-cü il tarixli, 25/1 qeydiyyat nömrəli Qərarı ilə ləğv edilmişdir və tərəflər arasında kredit münasibətlərinin yarandığı zaman qüvvədə olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cərimə borcuna dair hissədə də yoxlayaraq bildirir ki, həmin hissədə də məhkəmə tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Belə ki, işdəki kredit verən İddiaçı X1-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli, **********0491 nömrəli kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1 faizi məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467.1-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Qeyd edilən müddəalara və kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 öhdəliyin icra edilmədiyi təqdirdə cərimə ödəyəcəyini qəbul etdiyinə görə, iddiaçının cərimə borcuna dair hissədə də tələbi əsaslı olmuşdur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası işin hallarını və əsas borcun məbləğini nəzərə alaraq bildirir ki, iddiaçı tərəfindən 3502 manat məbləğində əsas borca görə 245,49 manat məbləğində cərimə borcunun tələb edilməsi tənasübsüz surətdə yüksək olmamış və birinci instansiya məhkəməsi həmin hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin MPM-in 9-cu maddəsinin tələbini pozaraq cavabdehləri məhkəmə iclasına dəvət edib onları dinləmədən qətnamə qəbul etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə dair onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 9-cu maddəsinin tələbini pozmamışdır. Belə ki, hazırkı iş üzrə iddia kiçik iddia olduğundan ona qanunvericiliyin tələblərinə uyğun olaraq sadələşdirilmiş icraat qaydasında baxılmışdır. MPM-in 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, e-2(041)-396/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1437/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1437/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver