Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1439/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-761/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş 7003,62 (yeddi min üç manat 62 qəpik) manat məbləğində zərərin və 91.00 (doxsan bir) manat məbləğində dövlət rüsumunun, cəmi 7094,62 (yeddi min doxsan dörd manat 62 qəpik) manat yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi Cavabdeh tərəfindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 22:59 radələrində 731 saylı Ağstafa-Bakı marşrutu ilə hərəkət edən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus DŞİ-001 nömrəli sürətli sərnişin qatarı Puta-Abşeron mənzilinin 32-ci km piket 2-də, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən sözügedən qatarın hərəkət istiqamətinin sağ tərəfindən 1-ci və 5-ci vaqonlarına daş atılması nəticəsində qatarın şüşə hissələri əhəmiyyətli dərəcədə zədələnmişdir. Hadisə nəticəsində ADY-yə 7003,62 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi X15 şöbəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. Biləcəri X14n ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 1/6-3-13-15-1/2-6088/2024 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus DŞİ-001 nömrəli sürətli elektrik qatarının Puta-Abşeron mənzilinin 32-ci km piket 2-də, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən qatarın sağ yan şüşə hissələrinə zərər verən şəxslərin xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq X7 və X3 valideynləri X15 şöbəsinə dəvət olunaraq onların iştirakı ilə izahatları alınmış və izahatlarında hər ikisi qatara daş parçası və boş butulka atdıqlarını etiraf etmişlər. Eyni zamanda X15 şöbəsi tərəfindən müvafiq olaraq protokollar tərtib olumuşdur. Məlumat üçün bildirilmişdir ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2022-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Sözügedən qatarlar həm bölgələrdə, həmçinin Sumqayıt - Pirşağı - Bakı marşrutu ilə hərəkət edərək paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılmasında, o cümlədən sərnişinlərin mənzil başına vaxt itkisi olmadan təhlükəsiz və rahat bir şəkildə çatmalarına böyük töhfə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində lənginə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. Ona görə də, vurulmuş 7003,62 (yeddi min üç manat 62 qəpik) manat məbləğində zərərin və 91.00 (doxsan bir) manat məbləğində dövlət rüsumunun, cəmi 7094,62 (yeddi min doxsan dörd manat 62 qəpik) manat yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi Cavabdeh tərəfindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-761/2025 saylı qətnaməsi ilə (hakim R.Nurullayev) iddia təmin edilməmiş, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi və iddiaçının dövlət rüsumu kimi ödədiyi 91.00 (doxsan bir) manatın özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 24 iyun 2024-cü il tarixdə saat 22:59 radələrində Ağstafa- Bakı istiqamətində hərəkətdə olan 731 saylı DŞİ-001 nömrəli qatar Puta-Abşeron mənzilinin 32-ci km 2-ci piketində, Lökbatan avtomobil keçidində olarkən sözügedən qatarın hərəkət istiqamətinin sağ tərəfindən 1-ci və 5-ci vaqonlarına atılan daş parçaları qatarın dəmir hissələrinə dəymişdir. Nəticədə sözügedən qatara 7003,62 AZN (yeddi min üç manat altmış iki qəpik) ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi X15 şöbəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində Ağstafa-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus DŞİ-001 nömrəli sürətli elektrik qatarının Puta-Abşeron mənzilinin 32-ci km piket 2-də, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən qatarın sağ yan şüşə hissələrinə zərər verən şəxslərin xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 07 noyabr 2024-cü il cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olmuş məktub Şöbənin “Cinayətlər haqqında daxil olmuş ərizə və məlumatların uçotu kitabı”nda HK-1/51 sıra sayı ilə 02 iyul 2024-cü il tarixdə qeydiyyata alınaraq həmin tarixdə araşdırma başlanılmışdır. X3 cinayət məsuliyyətinə imkan verən yaş həddinə çatmadığını nəzərə alaraq DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsində istintaqı aparılan HK-1/51 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.4cü maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və X8 bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(020)76/20 saylı qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında 04 oktyabr 2012-ci il tarixdə Beyləqan rayon İHB-nin Kəbirli kəndi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 17 avqust 2009-cu ildə anadan olmuş X3, 31 iyul 2012-ci ildə anadan olmuş X5 anaları X1 yanında qalmaları müəyyən edilmiş və Cavabdeh 05 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 (yüz) manat tutularaq 31 iyul 2012-ci ildə anadan olmuş Sənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə qeyd etmişdir ki, iddiaçı təşkilata zərər vuran şəxs azyaşlı olmuş, ona görə də iddia onun atası olan iş üzrə Cavabdeh qarşı verilmişdir. Halbuki məhkəmədə müəyyən edilmişdir ki, Cavabdeh uşağın digər valideyni olan anası Ağalarova (Binnətova) Aynurə Mirağa qızından 2020-ci ilin yanvar ayında boşanmış, həmin vaxtdan Kənan anasının himayəsində qalmış, hazırda da anasının yanında qalıb yaşayır. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi X15 şöbəsinin İstintaq və Təhqiqat qrupunun baş təhqiqatçısı tərəfindən Kənan Binnətovun izahatı alınarkən onun anasının yanında qalması müəyyən edilmiş və Kənan Binnətovun izahatı da anasının iştirakı ilə alınmışdır. Cavabdeh isə boşandıqdan sonra ayrı-ayrı yerlərdə yaşamaqla uşaqla və onun anası ilə heç bir əlaqə saxlamamış və onların heç bir ata-oğul münasibətləri olmamışdır. Beləliklə məhkəmədə zərərin cavabdehin təqsiri üzündən yaranmadığı müəyyən edilmişdir. Belə ki, cavabdeh arvadından boşandıqdan sonra o, uşağının tərbiyəsi ilə məşğul olmaq, onu böyütmək iqtidarında olmamış, uşaqla görüşməsi mümkün olmamışdır. Ona görə də cavabdehin həmin yetkinlik yaşına çatmayan uşağın vurduğu zərərin əvəzini ödəməsi əsaslı sayıla bilməz. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən dövlət rüsumu özünə aid edilməlidir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1104.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ADY-yə məxsus STADLER DŞİ- 731saylı dşi-001 nömrəli Ağstafa-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı Puta- Abşeron mənzilinin 32-ci km piket 2-də Lökbatan avtomobil keçidində hərəkətdə olan zaman qatarın sağ yan şüşələrinə daş atılması nəticəsində zədə alması faktı aşkar olunmuşdur. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsinin Biləcəri X14 araşdırma aparılmışdır. Biləcəri X14n ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024cü il tarixində saat 23:00 radələrində DŞİ-001 nömrəli, 731 saylı sürətli elektrik qatarı Puta-Abşeron istiqamətinin 32-ci km piket 2-də hərəkətdə olarkən sağ yan şüşəsinə kənardan daş atılması nəticəsində yan şüşə hissəsinə zərər verən şəxsin xx.xx.2009-cu il təvəllüdlü X8 olması müəyyən olunmuşdur. Bununla əlaqədar, onun valideynləri bölməyə dəvət olunmuş və onların iştirakı ilə X3 izahatı alınmışdır. O isə verdiyi izahatında qatarın yan sağ şüşəsinə daş atdığını etiraf etmişdir. Göründüyü kimi ilkin olaraq hadisəni Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsinin X15 Şöbəsi araşdırmış və iddiaçı olaraq ADY baş vermiş hadisəni araşdırmaq səlahiyyətində olmadığı üçün tədqiq olunmuş sənədlərə (cinayət işinin başlanılmasının rədd edilməsi haqqındaqərar, izahat və.s) istinad etmişdir. Polis orqanlarının apardığı ilkin araşdırmalar nəticəsində tərtib olunmuş sənədlər rəsmi sənədlər hesab olunur və onların hüquqi qüvvəsi vardır. Məhkəmənin bu sənədləri nəzərə almaması və ya onların əsasında qərar qəbul etməməsi hüquqi baxımdan əsaslandırılmalıdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-761/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, cavabdehin məsuliyyəti istisna edilmişdir. Qətnamədə əsas kimi göstərilmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixindən etibarən boşandığı üçün artıq uşağın tərbiyəsi ilə məşğul olmur, bu vəzifəni anası yerinə yetirir və bu əsasla cavabdehin məsuliyyət daşımamalı olduğu qənaətinə gəlinmişdir. Məhkəmənin gəldiyi bu qənaət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən, yetkinlik yaşına çatmayanın vurduğu zərərə görə onun valideynləri-həm ata, həm də ana birgə məsuliyyət daşıyırlar. Boşanma faktı isə valideynlik məsuliyyətindən azad etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən, valideynlər uşağın tərbiyəsi və təhlükəsizliyinə görə birgə məsuliyyət daşıyırlar, hətta boşandıqdan sonra belə bu məsuliyyət onların üzərindən götürülmür. Bildirilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməmişdir. Belə ki, ata ilə ananın boşanma faktı yalnız işin sonuncu baxış iclasında müəyyən edilmiş və bu hal qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnərək prosessual pozuntuya səbəb olmuşdur. Halbuki qeyd olunan məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər. Lakin məhkəmə nəinki hazırlıq iclaslarında qətnamənin çıxarılmasına əsas olan məsələləri müzakirə etməmiş, hətta iclasın keçirilməli olduğu gün heç bir məlumat vermədən onu təxirə salmışdır. Bütün bunlar məhkəmənin işə qeyri-peşəkar yanaşdığını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərini kobud şəkildə pozduğunu göstərir. Nəticədə məhkəmə sübutlara birtərəfli yanaşmış, təqdim olunan hüquqi sənədlərə və dəymiş ziyanın təsdiqinə lazımi hüquqi qiymət verməmiş, habelə faktiki halların tam və obyektiv araşdırılması vəzifəsini yerinə yetirmədən qətnamə qəbul etmişdir ki, bu da ciddi prosessual pozuntu hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü və 77.1-ci maddələrinə əsasən, mülki işlər üzrə sübutların toplanmasında məhkəmənin təşəbbüskar rolu yoxdur. Yəni, məhkəmə iş üzrə əlavə izahatlar və ya şahid ifadələri almağa cəhd göstərmədən, yalnız boşanma faktına istinad etməklə qətnamə qəbul etmişdir. Halbuki hadisəni ilkin mərhələdə araşdıran polis əməkdaşları prosesin başlanğıcında əlavə şahid qismində işə cəlb olunmalı və məhkəmənin qətnamədə istinad etdiyi hallar birgə araşdırılmalı idi. Bütün bu məsələlər hazırlıq iclaslarında müzakirə edilməli, həmin mərhələdə müəyyən olunmalı və məhkəmə iddiaçıya cavabdehi ana ilə əvəz etməyi tövsiyə etməli idi. Lakin məhkəmə bu faktı yalnız işin sonuncu baxış iclasında cavabdehin öz izahatında qeyd etməsi nəticəsində öyrənmişdir. Beləliklə məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, təqdim olunan hüquqi sənədlərə və ziyanın təsdiqinə lazımi hüquqi qiymət verməmiş, məhkəmənin öz vəzifəsi olan faktiki halların tam və obyektiv araşdırılması öhdəliyini yerinə yetirmədən qətnamənin qəbulunda prosessual pozuntuya yol vermişdir. Ona görə də Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-761/2025 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, onlar əslində cavabdehin əsl cavabdehlə əvəz edilməsini həyata keçirə bilərdilər. Amma birinci instansiyada məhz Cavabdeh gəlmiş, onların boşandığını və uşağın anasının yanında qalmasını bilməmişdirlər. Sadəcə onlara yekun qətnamə veriləndə onların xəbəri olmuşdur ki, onlar ayrı yaşayırlar. Amma hesab edir ki, ayrı olsalar belə ata atalıq hüququndan məhrum edilməyib və uşağının tərbiyəsi ilə məşğul olmaq imkanına malikdir. Birinci instansiya məhkəməsi tərəfindən onlara cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı təklif və yaxud məlumat verilməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir. 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1104.2-ci maddəsinə əsasən «on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. 1104.4-cü maddəsinə əsasən valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-761/2025 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-761/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, hüquq və vəzifələr hüquq münasibətlərinin subyektlərini qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu-yəni delikt hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsəzərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan əməldir, yəni hərəkət və ya hərəkətsizlikdir. Delikt- cəmiyyəti maraqlarına zidd olmaqla, cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan təqsirli əməl qeyri-hüquqi hərəkət və ya hərəkətsizlik, yaxud səhv nəticəsində baş verir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022ci il tarixli qərarı). Məhkəmə tərkibi iddia tələbi və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Hazırki iş üzrə xx.xx.2009-cu il təvəllüdlü X3 iddiaçı "xxxx" QSC-yə maddi ziyan vurması faktı 07 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edilmişdir. Bu isə onu göstərir ki, uşağın hərəkətləri cinayət məsuliyyəti yaratmasa da, həmin hərəkətlər mülki hüquqi məsuliyyətin tətbiq edilməsinə əsas verir. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, yetkinlik yaşına çatmayanın vurduğu zərərə görə onun valideynləri – həm ata, həm də ana - birgə məsuliyyət daşıyırlar. Boşanma faktı isə valideynlik məsuliyyətindən azad etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən, valideynlər uşağın tərbiyəsi və təhlükəsizliyinə görə birgə məsuliyyət daşıyırlar, hətta boşandıqdan sonra belə bu məsuliyyət onların üzərindən götürülmür. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, valideynlər uşaqların hüquq və mənafelərini qorumaqla yanaşı, onların hərəkətlərinə nəzarət etməyə də borcludurlar. Yuxarıda qeyd edilmiş hüquq normalarından müəyyən olunur ki, hüquqda belə bir yanaşma mövcuddur: əgər valideyn uşağın davranışına vaxtında müdaxilə və ya ona nəzarət etsəydi, həmin zərər baş verməyəcəkdi, dolayısı ilə, uşağın təqsirli hərəkətləri nəticəsində yaranan məsuliyyət valideynin üzərinə düşür. Bu nöqteyi-nəzərdən əgər valideyn Cavabdeh uşaq X6 lazımi nəzarəti etsəydi, hadisə baş verməyəcək, dolayısı ilə zərər vurulmamış olacaqdı. X3 maddi ziyan vurması bilavasitə valideynin nəzarət etmə öhdəliyini lazımınca icra etməməsinin nəticəsidir. Lakin iş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(020)76/20 saylı qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında 04 oktyabr 2012-ci il tarixdə Beyləqan rayon İHB-nin Kəbirli kəndi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından 17 avqust 2009-cu ildə anadan olmuş X3, 31 iyul 2012-ci ildə anadan olmuş X5 anaları X1 yanında qalmaları müəyyən edilmiş və Cavabdeh 05 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 (yüz) manat tutularaq 31 iyul 2012-ci ildə anadan olmuş Sənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X9 Polis İdarəsi X15 şöbəsinin İstintaq və Təhqiqat qrupunun baş təhqiqatşısı tərəfindən Kənan Binnətovun izahatı alınarkən onun anasının yanında qalması müəyyən edilmiş və Kənan Binnətovun izahatı da anasının iştirakı ilə alınmışdır. Məhkəmə tərkibi hesab edir ki, uşağın anası X4 faktiki olaraq Kənan Binnətovun yanında yaşadığından, uşağın davranışına və tərbiyəsinə gündəlik nəzarət etmək, onun təhlükəsizliyini təmin etmək və üçüncü şəxslərə zərər vura biləcək hərəkətlərin qarşısını almaq vəzifəsi məhz onun üzərinə düşmüşdür. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsində göstərilən “yetkinlik yaşına çatmayanın vurduğu zərərə görə onun valideynləri birgə məsuliyyət daşıyırlar” müddəası nəzərə alınmaqla belə nəticəyə gəlmək olar ki, bu məsuliyyətin reallaşması üçün vacib elementnəzarətin faktiki həyata keçirilməsi nəzərə alınmalıdır. İş materialları əsasında müəyyən edilir ki, X8 hadisə baş verdiyi zaman anasının yanında yaşamış, onun tərbiyə və nəzarəti altında olmuşdur. Bu səbəbdən də, uşağın davranışına lazımi nəzarətin həyata keçirilməməsinə görə mülki məsuliyyət X1 üzərinə düşmüşdür. Bu baxımdan, Cavabdeh faktiki nəzarət imkanının olmaması səbəbindən onun uşağın hərəkətlərinə görə mülki məsuliyyət daşınması hüquqi cəhətdən əsassızdır. Beləliklə məhkəmə tərkibinin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini Cavabdeh yönəltməkdə haqlı olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Belə ki, Mülki-Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Odur ki, iddiaçıya iddia tələbini əsl cavabdehə qarşı yönəltməklə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilir. Apellyatorun apellyasiya şikayətində qeyd etdiyi digər dəlillər-hazırlıq iclaslarında qətnamənin çıxarılmasına əsas olan məsələlərin-ana və atanın boşanmış olması, uşağın ananın himayəsində qalması kimi halların müzakirə edilməməsi kimi dəlillər düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmədiyindən, mübahisələndirilən qətnamənin ləğvi əsası hesab edilə bilməz. Belə ki, MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-761/2025 saylı qətnaməsi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-761/2025 saylı qətnaməsi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1439/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1439/2025
16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver