Məhkəmə qərarları › İş №2(106)-1440/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1440/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1440/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)- 1281/2025 saylı qətnaməsindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxıb M Ü Ə Y Y Ə N E T D İ: LPO İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.751,77 (bir min yeddi yüz əlli bir dollar yetmiş yeddi sent) ABŞ dolları əsas borc, 685,79 (altı yüz səksən beş dollar yetmiş doqquz sent) ABŞ dolları faiz borcu, 2.008,30 (iki min səkkiz dollar otuz sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün (Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən) hesablanmış 254,40 (iki yüz əlli dörd dollar qırx sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 99,91 (doxsan doqquz manat doxsan bir qəpik) manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-1281/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Bundan başqa, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə cavab vermir. Belə ki, iş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin hazırkı qətnaməsi xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, işdə iştirak edən şəxslərə 27 iyun 2025-ci il tarixli məktub əsasında göndərilmişdir. Apellyasiya şikayəti isə İddiaçı ASC-nin nümayəndəsi X4 tərəfindən xx.xx.2025-ci il tarixdə imzalanaraq verilmişdir. Beləcə, adıçəkilən qətnamənin tərəflərə rəsmi qaydada çatması tarixi işdən müəyyən edilmir. Buna görə də, məhkəmə tərkibi qeyd edir ki, hazırda apellyasiya şikayətinin verilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin verilmə müddətinə əməl edilib-edilmədiyini müəyyənləşdirmək mümkün deyildir. Birinci instansiya məhkəməsi qətnamədən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını yoxlamadan iş materiallarını Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətlə bağlı tələblərə əməl edilib-edilməməsi eyni anda yoxlanılmamışdır. Bu da, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmadığını göstərir. Nəzərə alınmalıdır ki, MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, həmin apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. İddiaçı ASC-nin nümayəndəsi X4 tərəfindən apellyasiya şikayətinin verilməsi üzrə prosessual müddətlə bağlı qanunvericiliyin tələbinə riayət olunub-olunmamasının müəyyən edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün mülki işin materialları Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar