Məhkəmə qərarları › İş №2(106)-1445/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1445/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1445/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(032)- 549/2024 saylı qərardadından (hakim Ceyhun Mustafayev) Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat borc pulun, 151 manat dövlət rüsumunun və vəkil xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-549/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 20000 manat, vəkil xidmət haqqı olaraq 300 manat və ödənilmiş dövlət rüsumuna görə 151 manat olmaqla, ümumilkdə 20451 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-549/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, şikayət apellyasiya şikayəti üçün müəyyən edilmiş formaya uyğun verilməmişdir. Cavabdeh məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya qərardadı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi şikayətin Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun formada verilməməsi əsası ilə şikayəti geri qaytarsa da, şikayətdə konkret olaraq hansı qaydalara əməl olunmadığını göstərməmişdir. Şikayəti qanunvericiliyin tələblərinə uyğun şəkildə və Mülki Prosessual Məcəlləyə 2 saylı əlavəyə uyğun şəkildə vermişdir. Şikayətə baxılmış, Şirvan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan baxılır. Bu barədə iş üzrə tərəflərə müvafiq bildiriş göndərilmiş, 20 avqust 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüquqlarının olduğu bildirilmişdir. Məhkəməyə iddiaçı tərəfin etirazı daxil olmuş, iddiaçı etirazında birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinəyetirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 361.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəlləyə 2 saylı əlavə təsdiq edilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq şikayəti geri qaytarmışdır. Müəyyən edilir ki, Cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə riayət etməklə məhkəməyə təqdim etmişdir. Cavabdehin Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə göstərilən bəndləri nömrəsinə uyğun doldurmaması onun şikayəti düzgün verməməsi qənaətinə gəlməyə əsas verə bilməz. Eyni zamanda formal əsaslara görə şikayətin geri qaytarılması, vətəndaşlarda olan məhkəmə sisteminə inamın azalmasına, süründürməçiliyə gətirib çıxara bilər. Eyni zamanda iddiaçı şikayətə etirazını məhkəməyə təqdim etsə də, etiraz əsaslandırılmış və ona zəruri sübutlar əlavə edilmədiyindən, o, əsassız hesab edilir. Beləliklə, Kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə-yetirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(032)-549/2024 saylı qərardadı ləğv edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-549/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə-yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar