Məhkəmə qərarları › İş №2(106)-1447/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1447/2024

19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1447/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: sabit pul məbləğində alimentin artırılması tələbi X25 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X15 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(049)-898/2024 saylı qətnaməsindən (hakim Muradağa Qasımov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 20 fevral 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ilin mart ayında faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X13 adlı iki əkiz uçaqları dünyaya gəlmişdir. 2015-ci il fevral ayının 20-dən cavabdehlə ayrılmışlar və həmin vaxtdan ayrı yaşamışdırlar. 2015-ci ilin fevral ayında Lənkəran Rayon Məhkəməsi onun iddiası əsasənda xx.xx.2015ci il tarixli 2(049)-473/2015 nömrəli qətnaməsi ilə övladları xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanəlması üçün hər ay cavabdehdən hər bir uşaq üçün 108 manat məbləğində aliment tutulması və ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. Sonradan Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli 2(049)-5843/2016 nömrəli qərardadla iki uşağın cəmi məbləği olan 216 manat aliment pulundan 160 manatdan artıq hissəsindən imtina edilməsi barədə barışıq sazişi əsasında qərardad qəbul edilmişdir. Halbuki uşaqlar üçün nəzərdə tutulmuş alimentin barışıq sazişinə daxil edilməsi əsassız və qanunsuz olduğunu bildirmişdir. Ona görə də o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2016-cı il tarixli 2(049)-5843/2016 nömrəli qərardadda aşağıdakılar göstərilmişdir:

1. İddiaçı, ümumilikdə 1500 manat pulu cavabdehlər X20, Cavabdeh 1300 manat pulu indi, 200 manat pulu 10 gün müddətində ödəyəcəklərini öhdələrinə götürdüklərinə görə Lənkəran rayon məhkəməsinin 216 manat aliment pulunun 160 manatdan artıq hissəsindən və evə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbindən imtina etməsini öhdəsinə götürür.

2. Cavabdehlər X20, Cavabdeh mübahisə predmeti olan mənzilə köçürülməsindən və Lənkəran Rayon Məhkəməsinin 20 fevral 2015-ci il tarixli, 2(049)-473/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 216 manat aliment pulunun 160 manatdan artıq hissəsindən imtina etdiyi üçün ümumilikdə 1500 manat məbləğində pulu ( 300 manat pulu indi, qalan 200 manat pulu isə 10 gün müddətinə) ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(049)-898/2024 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh X12 qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq X7 xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul miqdarında alimentin alınıb X8 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, X19 və X1 üçün cavabdehdən hər ay cəmi 350 manat sabit pul miqdarında alimentin tutulmasının hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdehdən 62 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, daha əvvəl yəni 2019-cu ildə iddiaçı aliment məbləğinin artırılmasından ötrü məhkəməyə müraciət etmişdir. Lakin Lənkəran Rayon Məhkəməsinin 12 mart 2019cü il tarixli, 2(049)-979/2019 saylı qətaməsi ilə iddiaçının alimentin miqdarının dəyişdirilməsi ilə bağlı iddiası təmin edilməmişdir. Bunun səbəbi isə daha öncə iddiaçı “evə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsidə dair” iddia qaldırmış, bunun nəticəsində iddiaçının iddiasının tam həcmdə təmin edilməsi mümkün olmamışdır. İddiaçı ilə aralarında razılığa gəlmişlər. Həmin razılığa əsasən iddiaçıya onun tərəfindən 1500 manat pul məbləği ödənilmişdir. Bunun qarşılığında İddiaçı Əşrəf qızı iddia ərizəsini geri çəkməyə və bununla yanaşı alimentin azaldılmasına razılıq vermişdir. Razılaşılan məbləğ tərəfindən iddiaçıya verildikdən sonra aralarında məhkəmə qarşısında barışıq sazişi imzalanmışdır. Hətta barışıq sazişi imzalandığı zaman hakim tərəfindən iddiaçıya daha alimentin artırılmasını tələb edə bilməyəcəyi və digər hüquqi məsələlər izah edilmişdir. Bütün bu prosesslər hakim qarşısında baş vermiş və cavabdeh yuxarıda qeyd olunanları öz öhdəsinə götürmüşdür. Daha sonra Lənkəran Rayon Məhkəməsinin hakimi M.Rzayev tərəfindən xx.xx.2016-cı il tarixli, 2(049)-5843/2016 saylı qərardadla iki uşağa cəmi 216 manat aliment pulunun 160 manatdan artıq hissəsindən imtina edilməsi barədə qeyd edilmiş qərar qəbul edilmişdir. Bu səbəbdən də hesab edir ki, iddiaçının qaldırdığı iddiası da eyni məzmunlu olduğu səbəbindən qəbul edilməməli idi. Bundan əlavə məlum edir ki, o, iddiaçı ilə ayrıldıqdan sonra xx.xx.2021-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X21 adlı övladları dünyaya gəlmişdir. Bununla bildirmək istəyir ki, himayəsində azyaşlı uşaq vardır və onun tələbatları da onun tərəfindən qarşılanır. Bundan əlavə insult və ciyər xəstəsi olan yaşlı anasına o, baxır və oda cavabdehin himayəsindədir. Himayəsində olan ailəsini və digər məsuliyyətlərini nəzərə alınan zaman aydın olur ki, hazırda gəliri iddiaçının tələbinin yerinə yetirilməsinə imkan vermir. Qətnamədə də qeyd olunduğu kimi iddiaçı iddia ərizəsində onun 470 manat məbləğində aliment vermək imkanına malik olduğunu bildirmişdir. Lakin bunu təsdiqləyən heç bir sübut təqdim edə bilməmişdir. Onu da qeyd edir ki, iddiaçı hazırda ailə qurmuş və həyat yoldaşı ilə faktiki nikaha daxil olmuşdur. Bir ailə olaraq gəlirləri də qənaətbəxşdir. İşə baxan hakim iddiaçı ilə aralarında saziş bağlandığını saaişin şərtləri və öhdəliklərini icra etdiyini nəzərə almalı və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməli idi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Lənkəranda şəhərdə yaşayır, avtomobillərin təmiri işi ilə məşğul olur. İkinci dəfə ailə qurmuş, 2 yaşında uşağı vardır. Bildirmişdir ki, birinci nikahdan olan uşaqları əkizdirlər. Onlardan birinin ayağı uşaq vaxtı iflic olmuş, sonradan müalicə edilərək sağalmışdır. Qeyd etmişdir ki, 2016-cı ildə iddiaçı ilə aralarında barışıq olmuş və həmin vaxtdan iddiaçı 2 uşaq üçün müəyyən edilmiş cəmi 216 manat alimentin 160 manatdan çox olan hissəsindən imtina etmişdir. İddiaçı ilə aralarında alimentin birdəfəlik ödənilməsinə dair aralarında hər hansı razılaşma olmamışdır. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, himayəsində azyaşlı və xəstə uşaq olduğundan onları kiminsə yanında saxlamaq imkanının olmadığından məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Qeyd etmişdir ki, uşaqlar da, xəstə olduğundan onları uzaq yola aparmaq onların səhhətinə pis təsir etdiyindən onlarla birlikdə də gələ bilmir. Buna əsasən də, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Lənkəran Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etməklə, mahiyyətcə qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin şikayətinin dəlilləri üzrə, tam yoxlanılmasını qanunauyğun hеsab еdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X13 doğulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(049)- 473/2015 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 28.04.20l2-ci il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən hər bir uşaq üçün 108 manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016 tarixli 2(049)- 5843/2016 saylı Qərardadın surətindən görünür ki, 1500 manat pulu X20, Cavabdeh 1300 manat pulu dərhal, 200 manat pulu 10 gün müddətində ödəyəcəylərini öhdələrinə götürdüklərinə görə Lənkəran rayon məhkəməsinin 216 manat aliment pulunun 160 manatdan artıq hissəsindən və evə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbindən imtina etməsini öhdəsinə götürür. X20, Cavabdeh mübahisə predmeti olan mənzilə köçürülməsindən və Lənkəran rayon məhkəməsinin 20 fevral 2015-ci il tarixli 2(049)-473/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 216 manat aliment pulunun 160 manatdan artıq hissəsindən imtina etdiyi üçün ümumilikdə 1500 manat məbləğində pulu (1300 manat pulu dərhal, qalan 200 manat pulu isə 10 gün müddətinə) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan X9 xx.xx.2012-ci il 1054 saylı sənədindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 hipoksik tarvmatik ensetalopatiyasının zədlənməsi əyripəncəlik diaqnozu qoyulmuşdur. İş materiallarında olan X23 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2018-ci il 576 saylı rəyindən görünür ki, xx.xx.2012-ci il təvvəlüdlü X11 zəif dərəcəli hipermetroz diaqnozu qoyulmuşdur. İş materiallarında olan "X28”-in xx.xx.2012-ci il tarixli müayinə vərəqəsindən görünür ki, X5 incik sümüyünün perinotal neyropatiyası sağ pəncə əziyi, xəstəyə imkan daxilində protez və stasionar müalicə məsləhət verilmişdir. İş materiallarında olan Lənkəran Mərkəzi Rayon Xəstəxanasının 708 nömrəli çıxarışından görünür ki, X16 qapalı kəllə beyin travması və yüngül dərəcəli beyin silkələnməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Lənkəran Mərkəzi Rayon Xəstəxanasından 3619 saylı çıxarışdan görünür ki, X3 qastro enteroxlorit diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Lənkəran 1 Saylı Mediasiya arayışından görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən qabaq mediasiyada iştirak etmiş, lakin cavabdeh məlumatlandırılmasına baxmayaraq mediassiya sessiyasında iştirak etməmişdir. İddiaçı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hər iki tərəfin və uşağın mənafeyini nəzərə alaraq, alimenti artırmış və hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəl barışıq sazişi olmuş və həmin sazişə əsasən iddiaçı alimentin bir hissəsindən imtina etmişdir və buna görə də, iddia tələbi təmin oluna bilməz. Kollegiya bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, 2026-cı ildə cavabdehlə iddiaçı arasında bağlanmış barışıq sazişi qanunvericiliyin müddəalarına zidd olmaqla uşaqların mənafeyinə uyğun olmamışdır. Belə ki, qanunvericiliyin məna ifadəsinə görə üşağın mənafeyinə uyğun olmayan istənilən anlaşma etibarsızdır. Həmin barışıq sazişi bağlanarkən uşaqların mənafelərinin üstünlüyü nəzərə alınmamışdır. Bundan başqa kollegiya qeyd edir ki, alimentin alınması ilə bağlı münasibətlər davamedən münasibət olduğu üçün maraqlı tərəf istənilən vaxt alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, Ailə Məcəlləsinin 94.2-ci maddəsinin tələbinə görə Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. - 95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. - 96.1. Alimentin ödənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri azyaşlı uşağın, yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün maraqlarını pozursa, o cümlədən bu Məcəllənin 97.2-ci maddəsinin tələblərinə əməl edilmədikdə həmin saziş mübahisələndirilə bilər. - 97.2. Aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qanunvericilikdə alimentdən imtina edilməsi nəzərdə tutulmamışdır. Çünki faktiki olaraq bu məbləğ uşaqların tələbatlarını ödəmək üçündür və yaşayış səviyyəsinə görə dəyişir. Buna görə də Kollegiya alimentin artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin möqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Hazırkı iş üzrə alimentin artırılması hissədə iddianın qiyməti 5000 manatdan çox deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(049)-898/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar