Məhkəmə qərarları › İş №2(106)-1448/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1448/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1448/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-685/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 189,300 (yüz səksən doqquz min üç yüz) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 479.30 (dörd yüz yetmiş doqquz manat otuz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 2020-ci il ərzində müxtəlif tarixlərdə ondan 436 000 (dörd yüz otuz altı min) manat dəyərində məişət əşyaları alıb. Ümumi məbləğin 226 000 (iki yüz iyirmi altı min) manat hissəsini xx.xx.2021ci il tarixinədək ödəyib, qalan 210 000 (iki yüz on min) manat məbləğini isə xx.xx.2022-ci il tarixinədək ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh ödəməli olduğu 210 000 (iki yüz on min) manatdan xx.xx.2022-ci il tarixində 4300 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat,xx.xx.2022-ci il tarixdə 3 000 manat, xx.xx.2023-cü il tarixdə 3 000 manat, xx.xx.2023-cü il tarixdə 1 500, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 1400 manat olmaqla 20700 (iyirmi min yeddi yüz) manatı ödəmiş, ümumilikdə isə 189.300 (yüz səksən doqquz min üç yüz) manat məbləğində borcu bu günədək qaytarmamışdır. Dəfələrlə xəbərdar olmasına baxmayaraq borcu ödəməkdən yayınmışdır. Bakı şəhəri 54 saylı notariat ofisində Cavabdeh ərizə (№ **********900) ilə müraciət edərək 2020-ci il ərzində müxtəlif tarixlərdə İddiaçı 436 000 (dörd yüz otuz altı min) manat dəyərində məişət əşyaları aldığını, ümumi məbləğin 226 000 (iki yüz iyirmi altı min) manat hissəsini xx.xx.2021-ci il tarixinədək ödədiyini, qalan 210 000 (iki yüz on min) manat məbləğini isə xx.xx.2022-ci il tarixinədək ödəyəcəyini bildirmişdir. Qeyd olunan ərizə reyestrdə 8İ-6900 № ilə qeyd edilmişdir. İşin faktiki halarından göründüyü kimi, iş üzrə Cavabdeh iddiaçıya ödəməli olduğu 189 300 (yüz səksən doqquz min üç yüz) manat pul vəsaitini ödəməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehdən 189.300 (yüz səksən doqquz min üç yüz) manat pul məbləği tutularaq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş, sonuncu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxış iclasının cavabdehin müraciətinə əsasən başqa tarixə təxirə salınması işə baxılması müddətinin lüzumsuz şəkildə uzadılmasına gətirib çıxara, eyni zamanda, xx.xx.2025-ci il tarixdən məhkəmənin icraatında olan sözügedən mülki işin qanunvericiliklə nəzərdə tutulmuş baxılma müddətinin pozulması ilə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1 və 172.1.3-cü maddələrinə əsasən digər mübahisələrə dair işlərə - 4 ay müddətində baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə bu baxımdan məhkəmə baxış iclasının təxirə salınmasına zərurət görməmiş, MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil2 iddianı qismən etiraf etmiş, hüquqlarını müdafiə etdiyi cavabdehin iddiaçıya iddia tələbində göstərdildiyi qədər deyil, təqribən 35-40 min manat civarında ödənilməmiş borcu olduğunu, bununla əlaqədar məhkəməyə müvafiq sübutların təqdim ediləcəyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 8İ-6900 № ilə qeyd olunaraq təsdiq edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, 2020-ci il ərzində müxtəlif tarixlərdə İddiaçı 436000 (dörd yüz otuz altı min) manat dəyərində məişət əşyaları almış, həmin məbləğin 226000 (iki yüz iyirmi altı min) manat hissəsini ödəmiş, qalan 210000 (iki yüz on min) manat hissəsini isə xx.xx.2022-ci il tarixinədək ödəyəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-685/2025 nömrəli qətnaməsi ilə (Hakim: Nicat Ağabəyov) iddia təmin edilmiş, 189.300 (yüz səksən doqquz min üç yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 479.30 (dörd yüz yetmiş doqquz manat otuz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamışdır. Məhkəmədə izahatında da bildirmişdir ki, 2021-ci ilin oktyabrnoyabr aylarında iddiaçı Cavabdeh ona qarşı dələduzluq etməsi faktına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi vermiş və bununla bağlı İdarədə müvafiq araşdırmalar aparılmışdır. O, borcun böyük bir hissəsini qaytarmışdır və qalıq borc 30.000 min manat civarında qalmışdır. Araşdırma materiallarında izahatlar vermişdir. Məhkəmə araşdırma zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə toplanmış materialın tələb edilməsi ilə bağlı vəkil sorğusu vermişdir və öz təşəbbüsü ilə də məhkəmə sorğu vermişdir. Baş Mütəşəkkil Mübarizə İdarəsinin 30.04 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciət eyni məsələ ilə bağlı araşdırması aparılan yoxlama materialına əlavə edilib baxılması üçün aidiyyəti üzrə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərilmişdir. Araşdırmanın nəticəsi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən əlavə məlumat veriləcəkdir. Lakin məhkəmə həmin materialın tələb edilməsi və mülki işdə ola sübutlarla yanaşı araşdırılması üçün hazırlıq iclasının vaxtını təxirə almamış və təxirə almaq barədə vəsatətinə də əhəmiyyət verməmişdir. Sübutun məhkəməyə təmin edilməsi bağlı da müvafiq tədbirlər görməmişdir. Bununla da ədalətli araşdırma hüququnu və çəkişmə prinsipini pozmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini və Lənkəran Rayon Məhkəməsinin 25 iyun 2025-ci tarixli, 2(049)-685/2025 saylı qətnaməsinin qismən ləğv edərək iddianın 30.000 manat məbləğində təmin edilməsini, qalan hissədə isə rədd edilməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianı tam təmin etmişdir. Şikayət cavabdehin prosessual hüquqlardan sui-istifadə etməklə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini və icra olunmasını gecikdirmə cəhdi kimi qiymətləndirilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alğısatqı münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı 2020-ci il ərzində müxtəlif tarixlərdə 436000 (dörd yüz otuz altı min) manat dəyərində məişət əşyaları almış, həmin məbləğin 226000 (iki yüz iyirmi altı min) manat hissəsini ödəmiş, qalan 210000 (iki yüz on min) manat hissəsini isə xx.xx.2022-ci il tarixinədək ödəyəcəyini bildirmişdir. Hazırda ödənilməmiş hissə 189300 (yüz səksən doqquz min üç yüz) manat təşkil edir. Cavabdeh tərəf ödənilməmiş hissənin 35-40 min manat civarında olduğunu və bu barədə sübutların məhkəməyə təqdim ediləcəyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əgər belə sübutlar mövcud olsa idi, cavabdeh onları məhkəməyə təqdim edərdi. Hətta apellyasiya şikayətinə də baxdıqda cavabdehin hər hansı sübut təqdim etmədiyini, prosessual hüquqlardan sui-istifadə etdiyi görülür. Dəfələrlə xəbərdar olmasına baxmayaraq borcu ödəməkdən yayınmışdır. Eyni zamanda, “WhatsApp” yazışmalarını müqayisəli təhlil etdikdə cavabdehin borcu ödəyəcəyi barədə vədlərini icra etmədiyini görürük. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilkin məhkəmə instansiyasında araşdırılmış sübutlara zidd olmaqla, sadəcə qərardan narazılığı ifadə edir. Lakin Mülki Prosessual qanunvericiliyə əsasən apellyasiya şikayəti yalnız ilkin instansiyada hüququ pozulmuş halların mövcudluğu halında təmin oluna bilər. Belə hallar isə işdə yoxdur. Apellyator prosessual hüquq normalarının pozulması kimi – MPM-in müxtəlif maddələrinə istinad etmiş, lakin müvafiq məsələləri tənzimləyən normaların pozulmasını qeyd etməmişdir. Apellyasiya şikayətinin verilməsində məqsəd prosessual hüquqlardan sui-istifadə etməklə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minmə vaxtını əsassız şəkildə uzadılmasıdır ki, bu iddiaçının hüquqlarını pozulması və eyni zamanda prosessual sui istifasdə halı kimi qiymətləndirilməlidir. Cavabdehin apellyasiya şikayətinin tamamilə rədd edilməsini və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-685/2025 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ünvanlayaraq iştirakları olmadan işə baxılmasını və apellyasiya şikayətinin rədd edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-685/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, mübahisələndirilən hissədə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-685/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisnaq olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-685/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdeh apellyasiya şikayətində bldirmişdir ki, 2021-ci ilin oktyabr-noyabr aylarında iddiaçı Cavabdeh ona qarşı dələduzluq etməsi faktına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi vermiş və bununla bağlı İdarədə müvafiq araşdırmalar aparılmışdır. O, borcun böyük bir hissəsini qaytarmışdır və qalıq borc 30.000 min manat civarında qalmışdır. Araşdırma materiallarında izahatlar vermişdir. Bununla bağlı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə eyniməzmunlu sorğular verilmiş, Cavabdeh barəsində hər hansı araşdırma aparılıb-aparılmaması, müsbət halda həmin materialların təsdiq edilmiş surətlərinin Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, Cavabdeh İddiaçı 436.804 manat dəyərində məişət əşyaları alması, lakin aldığı məhsulların bir hissəsinin pulunu ödəməməsi ilə bağlı İddiaçı müraciəti əsasında Cavabdeh barəsində Baş İdarədə araşdırma aparılmış və qeyd olunan məsələyə mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olması barədə tərəflərə məlumat verilərək araşdırma başa çatdırılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. MPM-in 14.2 və 77.1-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin Cavabdeh borcun böyük bir hissəsini qaytardığını və qalıq borcun 30.000 min manat civarında qaldığını qeyd etsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və onun gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-685/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-685/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar