Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1454/2023 28.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(057)1821/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 2(057)-1821/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 iyun 2014-cü il tarixli, № 22L000007302 saylı kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xeyrinə 10916,26 ABŞ dolları məbləğində əsas borcu, 3423,93 ABŞ dolları məbləğində faiz borcu, 3000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 17340,19 ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, İddiaçı QSC-nin xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1821/2017 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılaraq, cavabdehə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 361.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 yenidən apellyasiya şikayəti və ərizə ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 2(057)- 1821/2017 saylı, 05 iyun 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(057)1821/2023 saylı qərardadı ilə, Salyan Rayon Məhkəməsinin 2(057)-1821/2017 saylı, 05 iyun 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh1 şikayət vermişdir. Salyan Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(057)1821/2023 saylı qərardadı ilə, Salyan Rayon Məhkəməsinin 2(057)-1821/2017 saylı iş üzrə 26 may 2023cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinə Cavabdeh1 müddətin bərpası barədə ərizə vermiş, ərizəni onunla əsaslandırmışdır ki, səhhəti ilə əlaqədar apellyasiya şikayəti vermək üçün prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. İş materiallarından Salyan Rayon Məhkəməsinin 2(057)-1821/2017 saylı, 05 iyun 2017-ci il tarixli qətnaməsinin surəti Cavabdeh1 və digər cavabdehlərin ünvanına, yəni Salyan rayonu, Marışlı kəndinə xx.xx.2017-ci il tarixdə göndərilmişdir. MPM-nin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 ay müddətində verilə bilər. Cavabdeh1 qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətini ötürmüş, bu müddət 6 ilə yaxın, 68 ay sonra, yəni 27 mart 2023-cü il tarixdə apellyasiya şikayəti vermiş həmin apellyasiya şikayəti geri qaytarılmış və yenidən xx.xx.2023-cü il tarixdə buraxılmış müddətin bərpasına dair ərizə verilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh qanunvericiliyin ona verdiyi imkanlardan qanunla müəyyən olunmuş qaydada və müddətdə istifadə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin (vəsatətin) dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək hesab edir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsinə dair ərizə (vəsatət) rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi ərizəni müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə əsassızdır. Belə ki, Cavabdeh1 Salyan Rayon Məhkəməsinin 2(057)-1821/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətini 08 iyun 2017-ci il tarixində göndərilmişdir. Həmçinin mülki iş icraya yönləndirilmiş və 27 sentyabr 2017-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Cavabdehin vəsatətindən göstərdiyi hallar apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(057)1821/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1454/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1454/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver