Məhkəmə qərarları › İş №2(106)-1457/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1457/2022

14.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1457/2022 14.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Qəribov Nahid Vidadi oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1168/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 200000 ABŞ dolları (ödənilən zaman manatla) və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun, həmçinin mənəvi zərərə görə 20000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla daş alveri ilə bağlı şərikli biznes yaratmaq qərarına gəlmiş və şərikli olaraq bu işə başlamışlar. Onlar müxtəlif vaxtlarda daş alıb-satmış, qazanc əldə etmişlər. Birgə alverdən götürəcəkləri gəlirdən aralarında pul bölgüsü aparılacaqdı. Cavabdehlə ortaqlıqlarının yekunu olan 08 avqust 2018-ci il tarixli yazılı qəbz tərtib etmişlər. Həmin qəbz tərtib edilərkən cavabdehin artıq borclu şəxslərdən borcları yığdığını bilməmişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, cavabdeh gəlirləri yığmış, ona düşəcək pulları verməmiş, ümumiyyətlə, pulu götürməsini gizlətmişdir. Tərtib edilmiş qəbzə əsasən, gəlirlər bölünməli idi. Lakin cavabdeh aralarında olan bu öhdəliyi pozmuş, iddiaçıya çatacaq pulu ödəməmişdir. Hazırda cavabdehin ona 200000 ABŞ dolları borcu vardır. Cavabdeh borcu könüllü ödəmədiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh eyni zamanda bu hərəkətləri nəticəsində ona mənəvi zərər də vurmuşdur. Belə ki, o, cavabdehin onu aldatdığını biləndən sonra mənəvi iztirablar keçirmişdir. İddiaçı mənəvi zərəri 20000 manat qiymətləndirir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 29000 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçılə 2010-cu ildə tanış olmuşdur. İddiaçı Bakı şəhərində yerləşən daş sexlərinə mişar daşı paylayırdı. İddiaçının özü də daş ustası olduğuna görə onunla tanışlıq münasibəti yaranmışdır. 2014cü ilin təxminən aprel-may aylarında İddiaçı ona bildirmişdir ki, Gürcüstan Respublikasında yerləşən Kutaisi rayonunda yaxşı daş yeri müəyyənləşdirmişdir. Lakin onun pulu olmadığından qarşılıqlı iddiaçıya təklif edərək bildirmişdir ki, həmin işi görən şəxslərlə onu tanış edəcək və bunun müqabilində qarşılıqlı iddiaçının özü İddiaçı qazancı bölməyi təklif etmişdir. Bu məqsədlə hər ikisi birlikdə Gürcüstan Respublikasına getmişlər. Orada İddiaçı qarşılıqlı iddiaçını Tengiz adlı şəxslə tanış etmişdir. Gürcüstanda olan daşların tədarük olunması məqsədilə qarşılıqlı iddiaçı cavabdehə müxtəlif vaxtlarda özünün hesabı ilə 191000 ABŞ dolları pul versə də, cavabdeh ona bildirmişdir ki, guya ona cəmi 151000 ABŞ dolları pul verilmiş, o isə həmin pulu Tengiz adlı şəxsə çatdırmışdır. Tərəflər haqq-hesab edərkən İddiaçı ona bildirmişdir ki, 58000 ABŞ dolları məbləğində Tengizdə depozit pulları qalmışdır və əvvəl göndərilən daşların pullarını İddiaçı özünə götürmüş, tez bir zamanda həmin puldan ona çatacaq 19000 ABŞ dolları müqabilində daş verəcək. Hətta həmin razılaşma zamanı o, İddiaçı çox güzəştə getmişdir. Belə ki, İddiaçı ona 19000 ABŞ dolları yox, daha çox pul verməli idi. Sonra 08 avqust 2018-ci il tarixdə İddiaçılə olan razılaşmaları əsasında həmin 19000 ABŞ dolları və Gürcüstan Respublikasında fəaliyyət göstərən Tengiz adlı şəxsdə qalan 58000 ABŞ dollarını ikisinin pulu kimi qeyd edərək tez bir zamanda həmin borclarını ona çatdıracağını bildirmişdir. Lakin İddiaçı vədinə əməl etmədiyinə və həmin zaman Tengizdən pulun alınmadığını ona bildirdiyinə görə, qarşılıqlı iddiaçı 19000 ABŞ dollarında borcun qaytarılması barədə iddia qaldırmışdır. Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Suraxaı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Gürcüstan Respublikasında fəaliyyət göstərən Tengiz adlı şəxslə danışdıqda müəyyən olunmuşdur ki, Tengizdə olan pula görə veriləcək bütün daşları İddiaçı qarşılıqlı iddiaçının məlumatı və xəbəri olmadan ondan almışdır. Pulun alınmasını Tengiz Svintradzenin yazmış olduğu ərizə də təsdiq edir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1168/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Qalib Paşayev) ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı 29000 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1168/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətini digər dəlillərlə yanaşı, həm də onunla əsaslandırmışdır ki, kommersiya fəaliyyəti sahəsində iş ortağı olmuş ilk iddia üzrə Cavabdeh ilə aralarında uzun müddətdir ki, məhkəmə çəkişmələri gedir. O, qarşı tərəfi birgə iş şəraitindən tanıyır və onlar bir müddət üzlük daş materiallarının alğı-satqısı ilə məşğul olmuşlar. Aralarındakı razılaşmaya görə materialların tədarük olunması işi ilə İddiaçı, onların satışı ilə isə Cavabdeh məşğul olmuşdur. Lakin sonradan müəyyən narazılıqlar ucbatından işləri dayandırmış və tərəflərarası görülən birgə işlərin son nəticələri əsasında 08 avqust 2018-ci il tarixində aralarında yazılı qəbz tərtib edib imzalamaqla razılığa gəlmişlər. Həmin vaxt bəlli olmuşdur ki, Cavabdeh müştərilərə nisyə satdığı materialın pulunu yığa bilməmişdir. Lakin sonradan Cavabdeh aralarında qəbz tərtib olunan zaman ona olan inamından sui-istifadə edərək onu aldatdığı məlum olmuşdur. Belə ki, Cavabdeh göndərmiş olduğu malların pulunu müştəri X1 270000 ABŞ dolları, Qazaxıstan Respublikasında fərdi sahibkarlıqla məşğul olan Jambıl adlandırdıqları alıcı müştəridən 130000 ABŞ dolları məbləğində pulu alaraq, ondan gizlətmiş və bir iş ortağı kimi həmin məbləğdən ona çatacaq pulları ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(106)-2098/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(073)-1168/2020 saylı qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh 30000 ABŞ dollarının ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(102)-1893/2022 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2098/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Vəkil2 çıxış edərək bildirdilər ki, hazırkı mərhələdə araşdırılan mülki işin məhkəmə aidiyyətinin yenidən müzakirə edilməsinə etiraz edirlər. Belə ki, tərəflər arasında barəsində mübahisə mövcud olan pul məbləğləri onların əvvəllər həyata keçirdikləri şərikli biznes fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlərin bölünməsi ilə bağlı olsa da, onlar arasındakı münasibət borc münasibətləridir. Pul tələbi ilə bağlı tərəflər arasında əvvəllər də məhkəmə mübahisəsi mövcud olmuş, həmin mübahisəyə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə mahiyyəti üzrə nəticəyə gəlinmiş, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, hazırkı iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(102)-1893/2022 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərkən məhkəmə aidiyyətinin düzgün müəyyənləşdirilməməsi ilə bağlı hər hansı pozuntu göstərilməmişdir. Həmçinin, iddiaçı Cavabdeh X4 qarşı “pul tələbinə dair” Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı iddianın Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində baxılmalı olmasını müəyyən edən Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadının, eyni zamanda həmin qərardadın qüvvədə saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 06 sentyabr 2022-ci il tarixli, 2(102)-4970/2022 saylı qərarının hazırkı mübahisə ilə hər hansı əlaqəsi yoxdur. Belə ki, həmin iş üzrə tərəf olmuş cavabdeh X5 hazırkı iş üzrə tərəflər İddiaçı və Cavabdeh həyata keçirdikləri birgə biznes fəaliyyəti üzrə onların ticarət tərəfdaşlarından biri olsa da, hazırda mübahisəsi gedən pul məbləğlərinin bölünməsinə Zakir Bayramovun heç bir aidiyyəti yoxdur. Odur ki, hazırkı iş üzrə tərəflərin VÖEN-inin olması və mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranması məsələsinin araşdırılaraq, məhkəmə aidiyyətinin yenidən müzakirə edilməsinə ehtiyac yoxdur. İddiaçı və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək, onun təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1168/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını qarşılıqlı araşdıraraq, ilk iddia üzrə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdır. İş materialları ilə tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyətinin subyekti olması və mübahisənin onların məhz sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərindən yaranması öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il qeydiyyat tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı vergi ödəyicisi olaraq ********** qeydiyyat sayı (VÖEN) ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Şahbazov X2 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi ********** eyniləşdirici nömrəsi ilə (VÖEN) uçota alınmışdır. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5998/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəsinə baxılmış və həmin qətnamə ilə iddia təmin edilərək cavabdeh İddiaçı 19000 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)-4531/2020 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə isə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bunlarla yanaşı, iş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-72/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə baxılmış və həmin qətnamə ilə iddia təmin olunaraq, 170000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) cavabdeh X1 tutularaq Cavabdeh ödənilməsi, iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 579 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadının surətindən görünür ki, həmin qərardadla Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, e-2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, Cavabdeh (VÖEN **********) müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna sahib olan fiziki şəxsdir və o, Azərbaycan Respublikasında (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 06 sentyabr 2022-ci il tarixli, 2(102)-4970/2022 saylı qərarından görünür ki, həmin qərarla iddiaçı Cavabdeh şikayəti təmin edilməmiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)- 65/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərar onunla əsaslandırılmışdır ki, mübahisə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olmaqla, həmçinin mübahisənin predmeti də onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm də aralarında yaranmış hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. İş materiallarını araşdıraraq təhlil edən məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə mübahisənin subyektlərinin hər ikisinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması görünür. Bundan başqa, mübahisə predmeti olan və həm ilk, həm də qarşılıqlı iddia ərizələri vasitəsilə tələb edilən pul məbləğinin yaranma əsası kimi də məhz mübahisə subyektlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması çıxış edir. Belə ki, tərəflərin əvvəllər daş materiallarının alğı-satqısı üzrə şərikli kommersiya fəaliyyəti göstərməsi işin mübahisəsiz halıdır. Həm İddiaçı, həm də Cavabdeh tələb etdiyi pul məbləğləri isə məhz həmin kommersiya fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərdən ibarətdir. Bu isə tərəflər arasındakı mübahisənin predmetinin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu göstərir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm aralarında yaranmış münasibətlərin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarından göründüyü kimi, Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” əvvəlki iddia ərizəsinə ümumi məhkəmə tərəfindən (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi) baxılmış olması hazırkı iddia tələbinə də mütləq qaydada ümumi məhkəmə tərəfindən baxılmalı olması nəticəsinə gəlmək üçün əsas ola bilməz. Belə ki, hazırda araşdırılan iş üzrə iş materialları ilə həm iddiaçı, həm də cavabdehin VÖEN-i olmaqla, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmaları və mübahisənin birbaşa olaraq sahibkarlıq fəaliyyətinin nəticələri ilə əlaqədar yaranması müəyyən edilir. Eyni zamanda, məhkəmə kollegiyası bildirir ki, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 06 sentyabr 2022-ci il tarixli, 2(102)-4970/2022 saylı qərarı ilə də Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olması öz təsdiqini tapır. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı zəruri sayır ki, eyni məsələyə dair fərqli məhkəmə yanaşmaları tətbiq edilə bilməz. Bundan əlavə, İddiaçı həmin iş üzrə cavabdeh olan X3 hazırkı mübahisəyə hər hansı aidiyyətinin olmadığını bildirsə də, iş materiallarının 1-ci cildinin 73-74-cü vərəqlərində olan İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə verilmiş ərizədən görünür ki, o, hazırkı iş üzrə bir sıra məsələlərə X5 tərəfindən aydınlıq gətirilməsi üçün Rusiya Federasiyası Çeçenistan Respublikası Oktyabrski Rayon Məhkəməsinə müvafiq məhkəmə tapşırığının verilməsini xahiş etmişdir. Beləliklə, hazırkı iş materialları ilə də X3 İddiaçı və Cavabdeh birgə həyata keçirdiyi biznes fəaliyyəti üzrə ticarət tərəfdaşlarından biri olduğu müəyyən edilmişdir. Beləliklə, tərəflər arasında yaranmış mübahisə bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu üçün birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İş materiallarından da istər işdə iştirak edən şəxslərin subyektiv tərkibi, istər mübahisənin predmeti, istərsə də hüquq münasibətlərinin xarakteri nəzərə alındıqda hazırkı işin kommersiya məhkəməsinə aid olduğu görünür. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən etməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. MPM-in 35.3-cü maddəsinə əsasən, qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası MPM-in 35.3-cü maddəsinə əsasən belə hesab edir ki, ilk iddia üzrə cavabdeh kimi Cavabdeh çıxış etdiyindən və onun rəsmi qeydiyyat ünvanı Cəlilabad rayonunun Dostallı kəndi olduğundan, hazırkı iş aidiyyəti üzrə Cavabdeh rəsmi qeydə alındığı yer üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respunblikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə- Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Cəlilabad rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1168/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 384, 385, 387, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1168/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar