Məhkəmə qərarları › İş №2(106)-1461/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1461/2025

21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1461/2025 21.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-2243/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tikintilərin sökülməsi ilə bağlı vurduğu 3300 manat, 200 ədəd ot bağlamalarının dəyəri olan 900 manat, ümumilikdə 4100 manat məbləğində maddi ziyanın, qiymətləndiriciyə ödənilmiş 200 manat və ödənilmiş 63 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, təxminən 50 il bundan əvvəl iddiaçının mərhum atası X3 tərəfindən Lənkəran rayonu Kərgəlan kəndində ev heyvanlarının saxlanılması üçün tövlə tikilmiş və həmin tövlədə xırda buynuzlu heyvan saxlanılmışdır. Atası vəfat etdikdən sonra həmin tövlə iddiaçı tərəfindən istifadə olunmuşdur. Beləliklə, İddiaçı 1991-ci ilin fevral ayında öz valideynlərinin təsərrüfatından rəsmi olaraq ayrılmış, lakin son 4- 5 il bundan əvvələdək faktiki olaraq anası ilə bir təsərrüfatda yaşamışdır. Hazırda iddiaçının təsərrüfatında olan xırda buynuzlu ev heyvanı olan qoyun-quzu vardır. Onlardan təxmini 50- 60 başı özünə, qalanları isə bacısının əri Şahid4 məxsusdur. İddiaçı həm öz heyvanlarını, həm də bacısı ərinin heyvanlarını kənddə atası tərəfindən tikilmiş tövlədə saxlayıb, onlara qulluq edir, Şahid4 məxsus olan heyvanlara qulluq etdiyinə görə Şahid4 tərəfindən ona zəhmət haqqı verilir. İddiaçının atası tərəfindən təxminən 50 il bundan əvvəl tikilmiş tövlənin istifadəyə yararlılığının qorunub saxlanılması üçün iddiaçı tərəfindən təmir-bərpa işləri aparılmışdır. Belə ki, həmin rekonstruksiya işləri aparılarkən tövlənin döşəmə hissəsi qırmızı kərpiclə tam döşənməklə üzəri betonla saflaşdırılmış, dam örtüyünün sınmış şiferləri dəyişdirilmiş, axur hissəsi düzəldilmişdir. Həmin tövlənin yanında olan 24 metr uzunluğunda künclük və 13 ədəd dəmir şifer materialı ilə hasar çəkilmişdir. Bundan başqa, heyvanların qışlıq yeminin təmin edilməsi məqsədi ilə azbest boru və kənarları məftil torla əhatələnmiş üstü azbest şiferlə örtülmüş ot yeri olan talvar tikilmişdir. Qoyun tövləsi isə 30 il əvvəl 25-30 baş qoyunun saxlanılması üçün taxta və pitlə (torpaq və çay daşlarının qarışığı ilə) tikilmişdir. Bundan başqa, ev heyvanlarının qışlıq yemliyinin təmin edilməsi üçün talvarda olan hər biri 4.5 manata alınmış 200 ədəd ot bağlamaları da olmuşdur. Yuxarıda sadalanan tövlələrin təmir bərpa işlərinə, hasarın çəkilməsinə və 200 ədəd ot bağlamalarının alınmasına, iddiaçı ümumilikdə 4100 manat məbləğində xərc çəkmişdir. Həmin xərclərin çəkilməsi iddia ərizəsinə əlavə etdiyi "xxxx" MMC tərəfindən verilmiş 03-M/2025 saylı qiymətləndirilmə hesabatında da öz təsdiqini tapmışdır. Cavabdeh yuxarıda qeyd edilən tikililəri özbaşına olaraq sökmüş, onların materiallarını da özünə götürmüş, ot talvarında olan olan 200 ədəd ot bağlamalarını isə Lənkəran rayonunun Xanlıqlı kənd sakini X1 idarə etdiyi ** US *** dövlət nömrə nişanlı “Qazel” markalı maşına yükləyib aparmışdır. İddiaçı onun bu qanunsuz əməllərinin qarşısını almaq istəsə də, cavabdeh buna məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdiyindən, iddiaçı istifadəsində olan mobil telefon vasitəsilə videoqeydə almış və həmin görüntülərin olduğu videodisk iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdehin öz qanunsuz əməlləri ilə iddiaçıya vurduğu ziyanın ödənilməsi və onun bu özbaşınalıqlarına görə hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Lənkəran ŞRPŞ-yə müraciət etmiş və cavabdehin izahatı alınmış, cavabdeh verdiyi izahatında yuxarıda sadalanan tikililəri sökməsini və ot bağlamalarını oğurlamasını etiraf etsə də, həmin torpaq sahəsinin onun atasına məxsus olmasını əsas gətirərək tikililəri sökdüyünü, ot bağlamalarını da götürdüyünü etiraf elmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının həmin tikililərin yanında qoyulmuş 500 sm diametrli, ümumi uzunluğu 24 metr, hər biri 12 m olmaqla iki ədəd dəmir borunu da götürüb iddiaçıya məlum olmayan yerə aparmış və ya satmışdır. Yuxarıda qeyd edilən tikililərin iddiaçıya məxsus olması iddiaçının atasının ona qarşı əvvəllər tikililərin sökülməsi barədə qaldırdığı iddia ərizəsi üzrə qəbul edilmiş qətnamələrdə məhkəmənin müəyyən etdiyi hallarla öz təsdiqini tapır. Həmin iddia tələbi rədd olunarkən məhkəmə tərəfindən təyin edilmiş tikintitexniki ekspertizanın nəticəsi olan ekspert rəyi ilə də təsdiq edilmiş və həmin rəydə də tikililərin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müəyyən edildiyindən iddia tələbi rədd edilmişdir. Məhkəmə qərarları qanuni qüvvəsini aldıqdan sonra cavabdehin atası qanunvericiliyin tələblərini pozmaqla həmin tikililərin olduğu torpaq sahəsini boş ərazi olaraq bələdiyyədən aldıqdan sonra cavabdeh vasitəsilə həmin tikililəri özbaşına, heç bir məhkəmə qərarı olmadan sökmüşdür. Həmin qətnamələr də iddia ərizəsinə əlavə olunur. Lənkəran ŞRPŞ tərəfindən də iddiaçıya xx.xx.2025-ci il tarixli 3-13-96/2-K-9454/2025 saylı məktub verilərək cavabdehin əməlindən cinayət və inzibati xəta tərkibinin olmaması səbəbindən araşdırmanın dayandırıldığı və buna görə də cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zaiyanın əvəzinin alınmasından ötrü məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir, bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-2243/2025 saylı qətnaməsi ilə (hakim Anar Pənahov) ilə iddianın təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 63,4 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli **********61 reyestr nömrəli çıxarışdan görünür ki, Lənkəran rayonu Kərgəlan kəndi sahəsində yerləşən 0,02 ha torpaq Cavabdeh xüsusi mülkiyyətindədir. “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli **********62 reyestr nömrəli çıxarışdan görünür ki, Lənkəran rayonu Kərgəlan kəndi sahəsində yerləşən 0,02 ha torpaq Şahid3 xüsusi mülkiyyətindədir. Lənkəran ŞRPŞ tərəfindən xx.xx.2025-ci il tarixli 3-13-96/2-K-9454/2025 saylı məktubdan görünür ki, cavabdehin əməlindən cinayət və inzibati xəta tərkibinin olmaması səbəbindən araşdırmanın dayandırıldığı və buna görə də, iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzinin alınmasından ötrü məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən müəyyən etməmişdir ki, qeyd olunan tikililər kimin istifadəsində olmuş və həmin tikililərə kim sahiblik hüquqlarını həyata keçirmişdir. Cavabdehlərin məhkəməyə təqdim etdiyi çıxarışlardan aydın görünür ki, onlar təqdim etdikləri çıxarışlarda qeyd olunan torpaq sahələrinə mülkiyyət hüquqlarını xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə əldə etmişlər. Lakin məhkəmə qətnamə qəbul edərkən aydınlıq gətirməmişdir ki, qeyd olunan tikililər cavabdehlər onların məhkəməyə təqdim etdikləri çıxarışlarda qeyd olunan torpaq sahələrinə mülkiyyət hüquqlarını əldə etdikləri xx.xx.2024-cü il vəxx.xx.2024-cü il tarixlərdən əvvəl sökmüşlər və ya sonra sökmüşlər. Cavabdehlər və onların məhkəməyə gətirdikləri şahidlər verdikləri izahatlarında qeyd olunan tövlənin və tikililərin əvvəllər bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində yerləşməsini özləri təsdiq edirlər. Onların dedikləri kimi əgər mərhum atası tərəfindən inşa edilmiş tövlə və digər tikililər bələdiyyənin mülkiyyətində olmuş torpaq sahəsində yerləşmişdirsə, onlar əsassız mərhum atası tərəfindən inşa edilmiş tikililəri sökmüşlər. Onlar nə ilə sübut edirlər ki, həmin tövlə və tikililərin ona heçbir aidiyyəti olmamışdır. Hansı ki, məhkəmə qətnamədə qeyd edir ki, müəyyən olunmuşdur ki, İddiaçı iddia tələbində söküldüyünü qeyd etdiyi tövlə tikililəri onun atası tərəfindən Lənkəran rayonu Kərgəlan bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Hazırda həmin torpaq sahələri Cavabdeh və Şahid3 xüsusi mülkiyyətində olan torpaq sahələridir. Lakin məhkəmə aydınlıq gətirmir ki, iddia tələbində atası tərəfindən Lənkəran rayonu Kərgəlan bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş söküldüyünü qeyd etdiyi tövlə tikililəri Cavabdeh və Şahid3 nə vaxt və hansı əsasla ona məlumat vermədən sökmüşlər və tövlə tikililəri həmin vaxta kimi kimin istifadəsində olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə mübahisələndirilmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə tərkibi məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakları ilə tədqiq edilmiş bütün mötəbər sübutlar üzrə tam və hərtərəfli araşdırma aparaq hesab edir ki, apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan və qanunvericiliyin imperativ normalarına söykənməyən formal xarakter daşıyan dəlilləri hazırkı mübahisələndirilən qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. MM-in 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbində söküldüyünü qeyd etdiyi tövlə tikililəri onun atası tərəfindən Lənkəran rayonu Kərgəlan bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Hazırda həmin torpaq sahələri Cavabdeh və Şahid3 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı məhkəməyə qeyd qeyd edilən tövlə tikililərinin və iddia tələbində qeyd edilən ot bağlamalarının dəyəri ilə əlaqədar mütəxəssis rəyi təqdim etsə də, həmin tikililərin ona məxsus olması barədə hər hansı sübutu, eyni zamanda iddia tələbində qeyd edilən ot bağlamalarının mövcud olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, prosessual tələblər baxımından İddiaçı iddia tələbində qeyd etdiyi tövlə tikililərinin ona məxsus olması, ot bağlamalarının mövcudluğu və həmin tikililərin sökülməsi nəticəsində cavabdehin təqsirindən ona maddi ziyan dəyməsini sübut etməlidir. Beləcə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən İddiaçı tövlə tikililərinin və iddia tələbində qeyd edilən ot bağlamalarının dəyəri ilə mütəxəssis rəyi təqdim etsə də, həmin tikililərin ona məxsus olması barədə hər hansı sübutu, eyni zamanda iddia tələbində qeyd edilən ot bağlamalarının mövcud olması barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Qeyd edilənlərlə yanaşı, məhkəmə tərkibi diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-2243/2025 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və onlar əsaslı sayıla bilməz. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(049)-2243/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar