Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1463/2024 26.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), X1 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı "Unibank” X4 Səhmdar Cəmiyyətinin (KB ASC-nin) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(071)-517/2024 saylı qətnaməsindən (hakim Günel Əkbərli) cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Unibank” KB ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavadehdən 7.065,65 manat əsas, 241,57 manat faiz borcu, 65,67 manat cərimə olmaqla, cəmi 7.372,89 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 93,73 manat məbləğində pulun "Unibank” KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18% ödəmək şərtilə 7.825 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1- ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "Unibank” KB ASC-yə 7.065,65 manat əsas, 241,57 manat faiz borcu, 65,67 manat cərimə olmaqla, cəmi 7.372,89 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(071)-517/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 7.065,65 manat əsas, 241,57 manat faiz borcu, 65,67 manat cərimə olmaqla, cəmi 7.372,89 (yeddi min üç yüz yetmiş iki manat səksən doqquz qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 93,73 (doxsan üç manat yetmiş üç qəpik) manat məbləğində pulun iddiaçı "Unibank” KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və təqdim olunmuş sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin vaxtı və yeri barədə sonradan məlumatı olmuş və əlində olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin çəkişmə prinsipinə riayət etməli idi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, ekspertizadan sonra keçirilən sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı tərəfə və cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh sonuncu apellyasiya baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və təqdim etdikləri sübutlər əsasında yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslıdır və buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna dair hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan ‘‘Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 641nkSLY/22 saylı kredit müqaviləsinə əsasən, bank borcalana 36 ay müddətinə illik 18% ödəmək şərtilə 7825 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli, 641nkSLY/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 7.065,65 manat əsas, 241,57 manat faiz borcu, 65,67 manat cərimə olmaqla, cəmi 7.372,89 manat məbləğində borcu vardır. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən tam təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışında cavabdeh tərəf iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2024-cü il tarixli, 9/8185 nömrəli rəyinə görə: Birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 23 noyabr 2022-ci il tarixli, 641nkSLY/22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 15 yanvar 2024-cü il tarixə "xxxx" KB ASC-ə olan borcu ümumilikdə 7.316,49 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 7.196,98 manat, faiz borcu üzrə 119,51 manat. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 400,0 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2024-cü il tarixə göstərildiyindən 400,00 manat məbləğində ödəniş nəzərə alınmadı. İkinci sual üzrə: Məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında “həmçinin Qətnamə çıxarılanadək və çıxarıldıqdan sonra cavabdeh tərəfindən kredit müqaviləsi üzrə hər hansı ödəniş edilmişdirmi, edilmişdirsə ödənişlər neçə manat təşkil edir” sualı qoyulmuşdur. İş materiallarında Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsi mövcuddur. Bildirilir ki, iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları (c.v 11) xx.xx.2022 xx.xx.2024-cü tarixləri əhatə etmişdir. Bu səbəbdən ekspert qarşısında qoyulmuş ikinci sual üzrə hesablama aparmaq mümkün olmadı. Məhkəmə kollegiyası ekspert rəyini sübut mənbəyi olaraq qəbul edir və hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Qeyd edilənlərə əsasən də, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(071)-517/2024 saylı qətnaməsi- cavabdehdən 241,57 manat faiz borcunun tutulmasına dair hissədə dəyişdirilməli, Cavabdeh 119,51 (bir yüz on doqquz manat əlli bir qəpik) manat faiz borcu tutularaq iddiaçı "Unibank” KB ASC-nin xeyrinə ödənilməli, ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti "Unibank” KB ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin hesabına ödənilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Cavabdehin apellyasiya şikayətinin əsas və yeganə dəlili qətnamənin dəyişdirilməsi və yeni qətnamənin qəbul edilməsidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri və ekspert rəyi qətnamə ilə müəyyən olunan faiz borcunun məbləğinin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı iddia tələbi üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çox olduğundan, qətnamədən cavabdeh kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(071)-517/2024 saylı qətnaməsi- cavabdehdən 241,57 manat faiz borcunun tutulmasına dair hissədə dəyişdirilərək Cavabdeh tutulmalı olan faiz məbləği 119,51 (bir yüz on doqquz manat əlli bir qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılasın. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti "xxxx" KB ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1463/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1463/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver