Məhkəmə qərarları › İş №2(106)-1464/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1464/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1464/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2(073)-1279/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 01 yanvar 2011-ci il təvəllüdlü X2 və 20 noyabr 2013-cü il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasındakı nikah pozulmuşdur. Birgə nikahlarından doğulmuş 01 yanvar 2011-ci il təvəllüdlü X2 və 20 noyabr 2013-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalması müəyyən edilmiş və 11 oktyabr 2021-ci il tarixdən başlayaraq 01 yanvar 2011-ci il təvəllüdlü X2 və 20 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin 12 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən 01 yanvar 2011-ci il təvəllüdlü X2 və 20 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 160 manat məbləğində alimentin təyin olunmasından uzun müddət keçmiş, həmin müddət ərzində bazar qiymətləri artmış və bunun nəticəsində uşaqların saxlanılması çətinləşmişdir. Cavabdeh Bakı şəhərində yaşayır və hazırda bizneslə məşğul olur, onun əlavə gəlirləri var. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş 01 yanvar 2011-ci il təvəllüdlü X2 və 20 noyabr 2013-cü il təvəllüdlü X1 üçün heç bir əlavə maddi köməklik göstərmir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği isə uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa, ödəməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2(073)-1279/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vüsal Cəbrayılov) iddia qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(073)-178/2022 saylı qətnaməsi ilə 01 yanvar 2011-ci il tarixdə doğulmuş X2 və 20 noyabr 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında təyin edilmiş alimentlə eyni zamanda, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən əlavə olaraq hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin artırılmış hissəsinin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindikdən sonra hesablanması, ödənilməli olan 44 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2(073)-1279/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə iki övladı anadan olmuşdur. Onlar bir müddət normal yaşasalar da, sonradan ailə münasibətləri pozulmuşdur. Nəticədə ayrılmışlar. Bundan sonra bir ailə kimi bir yerdə yaşamaları mümkün olmamışdır. Ailənin dağılmasının səbəbkarı da iddiaçının ailə dəyərlərinə uyğun olmayan hərəkətləri olmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Ona görə ki, Cəlilabad Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(073)-178/2022 saylı qətnaməsi ilə hər iki uşaq yetkinlik yaşına çatanadək hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin ondan tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamışdır. İddiaçı iddiasında qeyd edir ki, guya cavabdeh bizneslə məşğuldur, halbuki, o, heç bir yerdə işləmir, İİ qrup əlildir, onun gəlir yeri yoxdur və işsiz kimi qeydiyyatdadır. İddiaçı həmçinin qeyd edir ki, guya cavabdeh alimenti ümumiyyətlə ödəmir, halbuki, iddiaçının izahatı tam əsassızdır. Ona görə ki, cavabdeh İİ qrup əlil olsa da, aliment ödənişini hər ay çətinliklə də olsa ödəyir və hazırda onun iddiaçıya heç bir aliment borcu yoxdur. Baxmayaraq ki, cavabdehin aldığı pensiyadan başqa gəlir yeri yoxdur. Həmçinin, iddiaçı iddiasında qeyd edir ki, guya cavabdeh uşaqların təlim-tərbiyəsi ilə maraqlanmır. Bu fikir də yalandır. Ona görə ki, cavabdeh uşaqları ilə ünsiyyət saxlamaq üçün məhkəməsiz mübahisənin həll edilməsini iddiaçıya təklif etsə də, iddiaçı bu təklifi rədd etmiş və uşaqları ona göstərməmişdir. Bundan sonra, o, uşaqlarla ünsiyyət barədə məhkəmədə iddia qaldırmış, buna dair məhkəmə qətnaməsi qəbul edilmiş və həmin qətnamə icraya yönəldilmiş, lakin iddiaçı hər vəchlə onun uşaqları ilə ünsiyyət saxlamasına maneçiliklər yaradır. Bu da onu göstərir ki, iddiaçı əslində valideynlik hüququndan sui-istifadə etməklə uşaqların mənafeyi baxımından qanunvericiliyin tələblərini bilərəkdən pozur. Alimentin qətnamədə göstərilən miqdarı cavabdehi maddi cəhətdən çox çətin vəziyyətə sala bilər. Cəlilabad Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(073)-178/2022 saylı qətnaməsi hazırkı vəziyyətdə cavabdehin maddi durumuna uyğundur. Bu baxımdan Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(073)-1279/2024 saylı qətnaməsi ləğv edilməlidir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, o, heç bir yerdə işləmir, İİ qrup əlildir və buna görə 363 manat pensiya alır. Cəlilabad Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ilə ondan tutulan gəlirlərinin üçdə bir hissəsi miqdarında alimenti həmişə ödəmişdir və iddiaçıya hər hansı borcu yoxdur. Lakin hazırkı iş üzrə artırılmış alimenti ödəmək onun maddi imkanına uyğun deyil. Belə ki, o, həmin məbləği ödəsə, ona öz gəlirindən cəmi 40 manat pul qalacaqdır ki, həmin məbləğlə də öz dolanışığını təmin edə bilməz. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirdi ki, Cavabdeh onun qardaşıdır. O, həqiqətən də heç bir yerdə işləmir və İİ qrup əlildir. Ona görə də hesab edir ki, aliment məbləğinin artırılması düzgün olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri həqiqətə uyğun deyil. O, pensiya almaqla yanaşı, Bakı şəhərində quru meyvə-çərəz ticarəti ilə də məşğuldur və kifayət qədər yüksək gəliri mövcuddur. Onlar hələ ayrılmazdan əvvəl birlikdə Bakı şəhərində yaşayırdılar və cavabdehin ailəni yalnız aldığı 363 manat pensiya ilə dolandırmış olması da həqiqətə uyğun deyil. Hazırda uşaqların saxlanılması ilə bağlı bütün yük onun üzərinə düşmüşdür. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi aliment məbləğini artırmaqla düzgün nəticəyə gəlmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, iddiaçının izahatı ilə razılaşır. Həmçinin, qeyd etdi ki, cavabdehin rəsmi olaraq heç bir yerdə işləməməsi belə onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Ona görə də apellyasiya şikayətini təmin edilməməsini və Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən 08 oktyabr 2021-ci ildə verilmiş 631/12 nömrəli arayışdan görünür ki, 01 yanvar 2011-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən 08 oktyabr 2021-ci ildə verilmiş 632/12 nömrəli arayışdan görünür ki, 20 noyabr 2013-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İşdə surəti olan Cəlilabad Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(073)- 178/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında Cəlilabad rayon Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 28 yanvar 2011-ci il tarixli, 07 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 01 yanvar 2011-ci il təvəllüdlü X2 və 20 noyabr 2013-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh yanında yaşayan 20 noyabr 2013-cü il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməsi, 11 oktyabr 2021-ci il tarixdən başlayaraq 01 yanvar 2011-ci il təvəllüdlü X2 və 20 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, nikahın pozulması dövlət qeydiyyatına alınarkən Cavabdeh 20 manat dövlət rüsumunun tutulması, İddiaçı həmin rüsumdan azad edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdəki AZ-İ 469397 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Cəlilabad Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Piriyev, qadına Niftiyeva soyadı verilmişdir. İşdəki Cavabdeh barəsində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanmış məlumatdan görünür ki, o, 2-ci qrup əlilliyə görə 363,86 manat pensiya alır. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş arayışdan görünür ki, Cavabdeh ikinci dərəcəli əlildir. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən 09 aprel 2024-cü il tarixli pensiya haqqında arayışdan görünür ki, Cavabdeh əlilliyə görə 363,86 manat məbləğində pensiya alır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, tərəflər 28 yanvar 2011-ci ildə rəsmi nikaha daxil olmuş, onların nikahından 01 yanvar 2011-ci il təvəllüdlü X3 və 20 noyabr 2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Sonradan Cəlilabad Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(073)-178/2022 saylı qətnaməsi ilə tərəflərin nikahının pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 01 yanvar 2011-ci il təvəllüdlü X2 və 20 noyabr 2013-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh yanında yaşayan 20 noyabr 2013-cü il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməsi, 11 oktyabr 2021-ci il tarixdən başlayaraq 01 yanvar 2011-ci il təvəllüdlü X2 və 20 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, uşaqların saxlanılması üçün xərclərin artmasına əsaslanaraq, alimentin hesablanması üsulunda dəyişikliklə bağlı hər hansı tələb irəli sürmədən, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 01 yanvar 2011-ci il təvəllüdlü X2 və 20 noyabr 2013-cü il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2(073)- 1279/2024 saylı qətnaməsi ilə isə iddia qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(073)-178/2022 saylı qətnaməsi ilə 01 yanvar 2011-ci il tarixdə doğulmuş X2 və 20 noyabr 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında təyin edilmiş alimentlə eyni zamanda, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən əlavə olaraq hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin artırılmış hissəsinin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindikdən sonra hesablanması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, onu qismən – iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmiş, bu zaman özünün 2-ci qrup əlil olmasına, işsiz kimi qeydə alınmasına və yalnız pensiya almasına istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunverici alimentin miqdarının dəyişdirilməsini yalnız aliment ödəməli olan şəxsin maddi vəziyyətində dəyişikliyin olub-olmaması halından asılı etməmiş, tərəflərdən birinin (hazırkı halda iddiaçının) maddi vəziyyətində dəyişikliyin olmasını onun tələbi ilə aliment miqdarının dəyişdirilməsi üçün əsas kimi müəyyən etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, hazırda Məhəmməd və Əli adlı uşaqların saxlanılması üçün alimentin məbləği 2022-ci ildə müəyyən edilmiş və bundan 2 ildən artıq müddət keçmişdir. Belə olan halda uşaqların saxlanması xərclərinin artması, eləcə də, Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində 2022-ci ilə nisbətdə artımın baş verməsi iddiaçının maddi vəziyyətində dəyişikliyin baş verməsi və onun himayəsində olan uşaqların saxlanması üçün daha artıq xərclərə məruz qalması kimi qiymətləndirilməlidir. Cavabdeh özünün işsiz kimi qeydə alındığını, 2-ci qrup əlilliyinin olduğunu və cəmi 363,80 manat pensiya aldığını bildirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda sərgilədiyi hüquqi mövqeyə uyğun olaraq bildirir ki, cavabdehin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya aldığı pensiyanın aşağı məbləğdə olması onu uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Bu zaman həm də nəzərə alınmalıdır ki, uşaqlar iddiaçının himayəsində saxlanıldığından onların saxlanılması ilə bağlı iddiaçının üzərinə daha çox yük düşür. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləği aliment məbləğinin müəyyənləşdirilməsi baxımından mümkün məntiqi meyar olaraq nəzərə alına bilər və bu zaman minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutula bilər. Həmçinin, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi Cəlilabad Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(073)-178/2022 saylı qətnaməsi ilə 01 yanvar 2011-ci il tarixdə doğulmuş X2 və 20 noyabr 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında təyin edilmiş alimentlə eyni zamanda, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən əlavə olaraq hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlməklə Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyinə də riayət etmiş, ədalətli qərar qəbul etmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, təyin olunan və ya artırılan alimentin məbləği uşaqların saxlanılması səviyyəsinin maksimal qalmasına xidmət etməlidir. Cavabdehin apellyasiya şikayətində iddiaçının ona uşaqları ilə ünsiyyət qurma imkanı verməməsi ilə bağlı bildirdikləri isə hazırkı iş üzrə məhkəmə baxışının predmetinə aid deyil və əgər həmin məsələ üzrə qəbul edilmiş məhkəmə qətnaməsi mövcuddursa, onun icrası ilə bağlı cavabdehin müvafiq hüquqi addımlar atmaq imkanı var. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır və yekun olaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, e- 2(073)-1279/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2(073)-1279/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar