Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1469/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 19036 manat maddi ziyanın – pul vəsaitinin ondan alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(048)-413/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) iddia təmin edilmiş, Cavabdeh 19036 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(048)-413/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2(106)-1888/2023 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(048)-413/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş materialının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Mülki iş materialları 20 dekabr 2023-cü il tarixli məktubla Lerik Rayon Məhkəməsinə qaytarılmış, 12 fevral 2024-cü ildə Lerik Rayon Məhkəməsinə daxil olmuşdur. Bundan sonra Cavabdeh 06 may 2024-cü ildə Lerik Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(048)-413/2023 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, daha sonra apellyasiya şikayəti üzrə ötürülmüş müddətin bərpasına dair vəsatət təqdim etmişdir. Lerik Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(048)-413/2023 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü səbəbdən baş verdiyinə görə bərpa edilmiş, apellyasiya şikayətinin 7 gün müddətində işlə birlikdə baxılmasından ötrü aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2024-cü il tarixli, 2(106)-1469/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş, işə apellyasiya qaydasında baxılması 18 sentyabr 2024-cü il tarixə, saat 11:30-a təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi Vəkil iştirak etmiş, cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə 05 avqust 2024-cü il tarixli qərardad ləğv edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya baxışından çıxarılaraq müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilir ki, Cavabdeh tərəfindən 06 may 2024-cü ildə verilmiş apellyasiya şikayəti skan olunmaqla “Elektron məhkəmə” informasiya sisteminə yüklənilmişdir. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, həmin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən elektron sənəd hesab edilmir. Belə ki, apellyasiya şikayətinin skan edilərək elektron kabinetə yerləşdirilməsi həmin şikayətin elektron sənəd formasında elektron kabinet vasitəsilə verilməsi hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən olunmuş tələblərə uyğun şəkildə verilməmişdir. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qayda kimi müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlardan da göründüyü kimi, hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2024-cü il tarixli, 2(106)-1469/2024 saylı qərardadı ləğv edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya baxışından çıxarılaraq müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 363, 384.0.6 və 402.2.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2024-cü il tarixli, 2(106)-1469/2024 saylı qərardadı ləğv edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-413/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya baxışından çıxarılaraq müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1469/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1469/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver