Məhkəmə qərarları › İş №2(106)-1472/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1472/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1472/2024 07.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 725 manat məbləğində borcun və dövlət rüsumuna görə 30 manatın, cəmi 755 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 22 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edildiyi halda yenidən iddianın rədd olunmasını xahiş etmiş, eləcə də tələbində iddianın hansı hissədə təmin edilməsini, yaxud hansı hissədə təmin edilməməsini göstərməmişdir. Apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyini düzgün yoxlamadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Kürdəmir Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar