Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1474/2025 28.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)- 103/2025 saylı qətnaməsindən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********93 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 3848,5 manat əsas, 999,79 manat faiz və 0,03 manat cərimə borcu olmaqla, cəmi 4848,32 manat məbləğində kredit borcunun və ödənilmiş 68,85 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********93 nömrəli Kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 4700 manat məbləğində nəğd kredit verilmişdir. X1 xx.xx.2023- cü tarixdə vəfat etmişdir. Füzuli rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 147 nömrəli məktub əsasında müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş 3848,5 manat əsas, 999,79 manat faiz və 0,03 manat cərimə borcu olmaqla, cəmi 4848,32 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini bildirmiş və ərizəsini onunla əsaslandırmışdır ki, həqiqətən ona xx.xx.2024-cü il tarixli 2V-8 reyestr nömrəli vərəsəlik hüququ şəhadətnaməsi verilmişdir. Lakin ona mərhum X2 miras olaraq heç bir əmlak qalmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-103/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2431,46 manat məbləğində pulun tutulması qət edilmişdir. "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: xx.xx.2022-ci il tarixli BPM**********93 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə X5 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə illik 20% dərəcəsi ilə 4700 manat kredit verilmişdir. Ölüm haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, X5 xx.xx.2023-cü tarixdə vəfat etmişdir. Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə X3 "xxxx" ASC-yə 3848,5 manat əsas, 999,79 manat faiz və 0,03 manat cərimə borcu olmaqla, cəmi 4848,32 manat borcu mövcud olmuşdur. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsəsi qardaşı Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ... Füzuli Rayon Mərkəzi X7 Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 31 nömrəli məktubuna əsasən 72 günlük ödənilməmiş məzuniyyət olaraq 997,46 manat və 3 aylıq 1434 manat kompensasiyadan ibarətdir. xx.xx.2024-cü il tarixli kredit borcunun ödənilməsinə dair bildirişin və xəbərnamənin surət əsasında müəyyən olunur ki, iddiaçı cavabdehi yaranmış vəziyyətlə bağlı məlumatlandırmış və kredit müqaviləsi üzrə yaranmış öhdəliyi tam icra etmədiyi təqdirdə, 3 gün ərzində məhkəməyə müraciət olunacağını bildirmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubu əsasında müəyyən olunur ki, mərhum X3 "xxxx" ASC-də olan bank və kart hesablarında heç bir vəsait aşkarlanmamışdır. Füzuli RİHB-nin 1 saylı Qayıdış Qəsəbə İƏDN tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli arayış əsasında müəyyən olunur ki, Cavabdeh mərhum bacısı X2 mal-qara və mülk qalmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vərəsənin miras qoyanın borcunun mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, miras əmlakın 2431,46 manat məbləğində olmasını əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borcunun mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da məhkəməyə sübut təqdim etməmişdir. Bu isə mülki və mülki prosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 1307-ci maddəsini nəzərə almamışdır. Belə ki, MM-in 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi, Cavabdeh Füzuli rayon notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, Cavabdeh mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də, vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə bütün sübutları təqdim etməmişdir. Məhkəmə öz mülahizəsinə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Daşınar əmlakla bağlı cavabdehlər yalnız vəfat etmiş şəxsin adına avtomaşın olmaması ilə bağlı sübut təqdim etmişdir. Lakin qeyd olunan daşınar əmlakların miras əmlak kimi qalıb-qalmaması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Odur ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması tam araşdırmadan və tam sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, MM-nin 1307-ci maddəsinin tələbinə əsasən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə bütün sübutları təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Yuxarıda qeyd edilən hüquq normalarından da görünür ki, vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur. Cavabdeh məhkəmə iclasında izahat verərək, apellyasiya şikayətini qəbul etmədiyini bildirdi. İddiaçı "xxxx" ASC qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə tərkibi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. MM-in 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. MM-in 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun deyil, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsəsi kimi qardaşı Cavabdeh təyin olunmuş və miras əmlak Füzuli Rayon Mərkəzi X7 Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 31 nömrəli məktuba əsasən 72 günlük ödənilməmiş məzuniyyət olaraq 997,46 manat və 1434 manat kompensasiya olmaqla cəmi 2431,46 manatdan ibarətdir. Odur ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh (miras qoyanın öhdəlikləri üzrə qəbul etdiyi miras əmlakdakı payına mütənasib surətdə) 2431,46 manat borc "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbindən də aydın olur ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmçinin qanunvericilik Mülki Məcəllənin 1307-ci maddəsilə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini vərəsənin üzərinə qoyur. Göründüyü kimi, cavabdeh vərəsə müvafiq arayışlar təqdim etməklə, eyni zamanda məhkəmə iclası zamanı verdiyi izahatında da bildirmişdir ki, mərhumə bacısı X2 ona heç bir daşınar və daşınmaz əmlak qalmamışdır. Notariat ofisi tərəfindən aparılmış sorğular əsasında da müəyyən olunur ki, vərəsəlik şəhadətnaməsində göstərilən miras əmlakdan savayı miras qoyandan heç bir miras əmlak qalmamışdır. Həmçinin cavabdehin vəsatəti əsasında məhkəmə tərəfindən “Elektron məhkəmə informasiya” sistemi üzərindən sorğu edilmiş, həmin sorğuya əsasən də mərhum X4 aid heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Belə olan halda, Cavabdeh mərhum X3 kreditoru hesab olunan "xxxx" ASC qarşısında yalnız əldə etdiyi miras, yəni 72 günlük ödənilməmiş məzuniyyət olaraq 997,46 manat və 1434 manat kompensasiya olmaqla cəmi 2431,46 manat həddində məsuliyyət daşımalıdır. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayəti üzrə göstərdiyi hallara qiymət verilməsini zəruri hesab edir. Belə ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzim etmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun damihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildiriyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa vərəsə miras qoyanın borclarını mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Bu baxımdan, Mülki Məcəllənin 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə məhkəmə tərkibi qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Beləliklə, məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, habelə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam şəkildə araşdırılmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********93 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 3848,5 manat əsas, 999,79 manat faiz və 0,03 manat cərimə borcu olmaqla, cəmi 4848 (dörd min səkkiz yüz qırx səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC -yə verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, məhkəmə xərcləri ilə əlaqədar məsələlər qanunda nəzərdə tutulmuş hal olduğu üçün ona ayrıca qiymətin verilməsi iddia tələbindən kənara çıxma sayıla bilməz. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 (almış səkkiz) manat 85 (səksən beş) qəpik və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə verilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(064)-948/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********93 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 3848,5 manat əsas, 999,79 manat faiz və 0,03 manat cərimə borcu olmaqla, cəmi 4848 (dörd min səkkiz yüz qırx səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunn əvəzi olaraq görə 68 (almış səkkiz) manat 85 (səksən beş) qəpik və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə verilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1474/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1474/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver