Məhkəmə qərarları › İş №2(106)-148/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-148/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-148/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(049)-1965/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9800 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 9800 manat məbləğində pul vəsaiti almış və ona bu barədə qəbz vermişdir. Lakin həmin puldan cavabdeh heç bir məbləğ qaytarmamışdır. O, dəfələrlə cavabdehdən həmin pul vəsaitini tələb etməyinə baxmayaraq, pulunu ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınır. Cavabdeh etiraz verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Çünki iddia ərizəsi üzrə tələb edilən məbləğ 9800 manat qeyd edilsə də, aldığı məbləğ o qədər olmamışdır. O, İddiaçı dostu Rüfət vasitəsi ilə tanımış və bu tanışlıq uzun müddət davam etmişdir. O, İddiaçı iddia ərizəsində qeyd edilən 9800 manat məbləği almamışdır. Belə ki, o Nəsimidən hissə-hissə olmaqla, ümumillikdə 1500-2000 manat məbləğində borc pul almış və qarşılığında 6000-7000 manat məbləğində pul qaytarmışdır. İddia tələbində qeyd edilmiş 9800 manat məbləğində pulun alınmasına dair qəbzə özü imza etmişdir. Buna səbəb atasının ağır xəstə olması, habelə iddiaçının onun atasına borclu olmasını deyəcəyi və ailəsinin yanında onu biyabır edəcəyi barədə fikirləri olmuşdur. O qəbzi məcbur qalaraq imzalamışdır. Həmin hadisədən uzun müddət keçdiyindən onunla “WhatsApp” vasitəsi ilə yazışma və danışıqlar mobil telefonundan silinmiş və qalmamışdır. Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(049)-1965/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia təmin edilərək 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Axundov X1 Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(049)- 1965/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun tam ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin həqiqi hallarını nəzərə almamış, aldığı və ödədiyi pulları hesablamadan qətnamə qəbul etmişdir. O, iddiaçıdan 9800 manat pul almamış, onunla X4 vasitəsilə tanış olmuşdur. O, Nəsimidən hissə-hissə olmaqla, cəmi 1500-2000 manat məbləğində pul almışdır. Həmin borc pulun müqabilində ona 6000-7000 manat məbləğdə pul vəsaiti vermişdir. Pulun bir hissəsini şəxsən özü vermiş, bir hissəsini X4 vasitəsilə vermiş, bir hissəsini isə onun verdiyi kartla ödəmişdir. O, borcu atası xəstə olduğu üçün almışdır. Həmin vaxt atasının səhhəti son dərəcə pis olmuş və aldığı pulu onun müalicəsinə sərf etmişdir. Nəsimi onunla normal münasibəti olduğu üçün atasının xəstəxanada yatdığını bilirdi və ona dedi ki, pulu dərhal qaytarsın. O isə bildirmişdir ki, atası xəstədir ona görə də, pulu qaytara bilmir. İddiaçı ondan 9800 manat məbləğdə pul almağı barədə sənədə imza atmağını tələb etmiş, əks təqdirdə atasına məlumat verəcəyini bildirmişdir. Atasının halının daha da pisləşəcəyindən ehtiyatlandığı üçün sənədə imza etmişdir. Onunla “WhatsApp” danışıqlarından da məlum olur ki, həqiqətən o iddiaçıdan cəmi 1500-2000 manat məbləğ pul almışdır. “WhatsApp” danışıqlarını məhkəməyə təqdim edəcəkdir. Digər tərəfdən, təqdim etdiyi şahidləri də birinci instansiya məhkəməsi dindirməmişdir. Belə ki, məhkəmə bildirmişdir ki, belə işlərdə şahidə ehtiyac yoxdur. Ona görə də, təqdim etdiyi şahidləri dindirməkdən imtina etmişdir. İddiaçıdan pul almağını təsdiq edən borc müqaviləsi olmalı idi. Müqavilənin formasına əməl edilmədiyi üçün, yəni yazılı borc müqaviləsi olmadığı üçün də iddia rədd edilməlidir. Məhkəmə tərəflər arasında mövcud olan münasibətləri nəzərə almadan, maddi hüquq normalarına düzgün istinad etməmiş, istinad etdiyi normaları düzgün təfsir etməmişdir. Məhkəmə prosessual hüquq normalarını da pozmuşdur. Qeyd edilməlidir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, o, həqiqətən iddiaçıdan 1500-2000 manat məbləğində borc pul almışdır. Həmin pulun əvəzinə 7000 manat civarında pul qaytarmışdır. Lakin onunla aralarında normal münasibət olduğu üçün qaytardığı pula görə ondan qəbz almamışdır. Pulun bir hissəsini iddiaçının və onun tanışı X4 vasitəsilə qaytarmışdır. X4 və X3 pulun alınmasında və qaytarılmasında iştirak etdiyi üçün şahid qismində dindirilməlidir. Şahidləri təqdim etsə də, məhkəmə onları dindirməkdən imtina etmişdir. Ona görə də, həmin şahidləri apellyasiya instansiyasında təqdim etmək məcburiyyətində qalmışdır. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələblərinə əsasən sübut etmə vəzifəsi tərəfin üzərinə düşür. Bu səbəbdən də, təqdim etdiyi şahidlərin dindirilməsi zəruridir. Cavabdeh məhkəmədə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Özü heykəltaraş olmaqla təmir dizayn işləri görür. İddiaçı ilə 2009-cu ildən etibarən yoldaşlıq etmişdir. 2015-ci ildə Novxanı kəndi ərazisində yerləşən bir obyektin təmir işlərini aparmağa başlamış və proses yubandığı üçün pula ehtiyacı yaranmışdır. Bu səbəbdən, Nəsimidən bir neçə dəfə - 100 manat və 150 manat olmaqla borc olaraq pul götürməyə başlamışdır. Beləcə, Nəsimidən təxminən 1500-2000 manat məbləğində pul almışdır. Nəsimini özünə dost bildiyi üçün ondan aldığını və verdiyini qeyd etməmişdir. Bununla bağlı, köhnə “WhatsApp” nömrəsi ilə aralarında yazışmalar olub, lakin həmin nömrə satışa çıxarıldığı üçün o yazışmaları indi çıxarmaq mümkün deyildir. Həmçinin bu söhbətin üstündən 5-6 il keçmişdir. Birinci instansiya məhkəməsində vəkil tutmamış, özü də bilmədiyi üçün iddia müddətinin tətbiqi ilə bağlı ərizə verə bilməmişdir. İş materiallarında olan qəbzi borc alandan təxminən bir il sonra yazmışdır. İddiaçıya ödənişləri Rüfət vasitəsilə ödəmiş, Rüfət də xəstə olduğu üçün hazırkı məhkəmə iclasında iştirak edə bilmir. Birinci instansiya məhkəməsində şahid gətirməyi üçün ona lazımi şərait yaradılmadı. Qeyd edilən qəbzi Bakıda yox, Lənkəranda yazmışdır. Həmin vaxt atası ürəyindən əməliyyat olunmuş, Nəsimi də onu təhdid etdiyi üçün xəstə atasının xəbərdar olmaması üçün məcburiyyət qarşısında qalıb həmin qəbzi yazaraq imzalamışdır. Amma bundan iki il sonra Nəsimi ondan 30000 manat pul tələb etmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 məhkəmədə izahat verərək göstərmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Cavabdeh aldığı pula görə təxminən 6000-7000 manat məbləği ümumi dostları Rüfət Yusifovun vasitəsilə iddiaçıya təxminən 4 dəfəyə qaytarmışdır. Tərəflər arasında “WhatsApp” yazışmaları olmuş, lakin onlar silinmişdir. Yeganə sübut şahid ifadələrindən istifadə etməkdir. Bununla bağlı qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi və iddia müddətinin tətbiqi ilə əlaqədar vəsatət və ərizə verməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmədə izahat verərək göstərmişdir ki, apellyasiya şikayətini qəbul etmir. İddiaçı onun oğludur. 2014-cü ildə ev satmış və çoxlu pulu olduğundan oğluna da pul lazım olanda çəkinmədən vermişdir. Bunu çoxlu şahid ifadələri ilə də təsdiq etmək olar. Beləliklə də, cavabdehə verilmiş pullardan tam məlumatlıdır. Həmin pul faizlə verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(049)-1965/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan yazılı qəbzdən görünür ki, 08 yanvar 2017-ci il tarixdə Cavabdeh İddiaçı 9800 manat məbləğdə pul vəsaiti borc götürmüş və 08 may 2017-ci il tarixədək qaytarılmasına öhdəlik götürmüşdür. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər hazırkı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə bağlı diqqətə çatdırır ki, cavabdeh şikayətdə aldığı və ödədiyi pulların qətnamə qəbul edilərkən nəzərə alınmamasını, habelə təqdim etdiyi şahidlərin dindirilməməsini qeyd etsə də, iş materiallarından aşkar görünür ki, o, birinci instansiya məhkəməsində iştirak etmiş, lakin bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş və şahidlərin dindirilməsi barədə vəsatət verməmişdir. Xüsusilə, cavabdeh iddiaçıdan 1500-2000 manat məbləğində pul aldığını və aldığı həmin borcun müqabilində iddiaçıya 6000-7000 manat məbləğdə pul vəsaitini qaytarmasını nə birinci instansiya məhkəməsində, nə də apelllyasiya instansiya məhkəməsində sübut edə bilməmişdir. Eyni zamanda, cavabdeh tərəf məhkəmədə verdiyi izahatda iddiaçı ilə aralarında olmuş “WhatsApp” yazışmalarının hazırda silindiyini üçün onu məhkəməyə təqdim etməyin mümkün olmadığını bildirmiş, bundan əlavə, yeganə sübut olaraq şahid ifadələrinə istinad etmişlər. Nəzərə alınmalıdır ki, MPM-in 14.2-ci və MPM-in 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Kollegiya bu zaman qeyd etməyi zəruri hesab edir ki, MPM-in 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Diqqətə çatdırılmalıdır ki, Cavabdeh birinci instansiya məhkəməsində hər hansı şəxsin şahid qismində dindirilməsi barədə vəsatəti, onun təmin edilməməsi və ya imtina edilməsi məhkəmə iclas protokollarında öz əksini tapmamış, bu barədə hər hansı protokola qeydlər verilərək təsdiq edilməmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh ondan 08 may 2017-ci il tarixədək qaytarmaq şərtilə 08 yanvar 2017-ci il tarixdə 9800 manat məbləğdə pul vəsaitini borc almasına dair yazılı sənədi (qəbzi) məhkəməyə təqdim etmiş, lakin həmin məbləğin qaytarılmasını sübut etmə cavabdehin üzərinə düşsə də, sonuncu bunu sübut edə bilməmişdir. Hazırkı halda, cavabdeh tərəf öz etiraz və dəlillərinin əsasını təsdiq etmək üçün şahidlərin dindirilməsini istəsə də, apelllyasiya instansiya məhkəməsində həmin sübutların təqdim edilməsinə və ya əldə edilməsinə prosessual qanunvericiliyin normaları birmənalı yol vermir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Kollegiya iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(049)-1965/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 372, 376, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(049)-1965/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Əgər həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar