Məhkəmə qərarları › İş №2(106)-1480/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1480/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1480/2024 11.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” barədə kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2230/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3166,70 manat əsas, 295,02 manat faiz, cəmi 3461,72 manat məbləğində vəsaitin və ödənilmiş 54,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli, RGTK4848734B138 saylı kredit müqaviləsinə əsasən ona 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 3166,70 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, kassa məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanan bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin 04 iyun 2024-cü il tarixə İddiaçı ASC-yə 3166,70 manat əsas, 295,02 manat faiz, cəmi 3461,72 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, e-2(049)-2230/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Anar Pənahov) iddia tələbi təmin edilmiş, Cavabdeh 3166,7 manat əsas borcun, 295,02 manat faiz borcunun, ümumilikdə cəmi 3461,72 manat borcun və 54,62 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, e-2(049)-2230/2024 saylı qətnaməsinin ləğv edilməsini, faiz məbləğinin müəyyən edilməsindən ötrü iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, əsas kredit borcu və ona hesablanmış faiz məbləği dəqiqləşdirildikdən sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən məhkəmə ərizədə qeyd edilən heç bir sübuta əsaslanmayan izahat əsasında işə baxmış və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Eyni zamanda, onun qeydiyyatda olduğu yer ilə faktiki yaşadığı ünvan arasında fərq olduğundan kiçik iddia tələbinə yazılı etiraz verməsi üçün ona şərait yaradılmamış, yəni həmin iddia ərizəsi Lənkəran rayonunun Vilvan kəndinə göndərilmədiyindən həmin kiçik iddia tələbinə əsaslandırılmış etiraz verə bilməmiş və buna görə də özünün etirazlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, İddiaçı ASC ilə aralarında olan kredit münasibətləri 2023cü ilin noyabr ayında deyil, 2023-cü ilin iyun ayında yaranmış və bank tərəfindən ona “BirBank” kartı və “Umico” alış-veriş kartı (digital kart) verilmişdir. “BirBank” kartından vəsait çıxarıb istifadə etsə də, “Umico” kartından internet vasitəsi ilə ətriyyat məhsulları sifariş vermiş, həmin məhsullar göstərilmiş keyfiyyətdə olmadığından onların geri qaytarılması barədə satış şirkəti ilə razılıq əldə edilmiş və həmin mallar geri qaytarılandan sonra bankdan çıxılmış vəsait həmin kart hesabına ödəniləcəkdir. Lakin ətriyyat şirkəti həmin məhsulları geri almadığından və “Umico” digital kartından silinmiş vəsait də yenidən həmin karta qaytarılmamışdır. 2023-cü ilin noyabr ayında İddiaçı ASC-nin Problemli kreditlər şöbəsinin əməkdaşı onu banka dəvət edərək borcun ödənilməsindən ötrü razılıq əldə edilməsini təklif etmiş və buna görə də onun kredit borcunun vaxtının uzadılmasını təklif etmişdir. Lakin həmin vaxt cavabdehə hər hansı kredit müqaviləsinin imzalanıbimzalanmaması barədə heç bir söz deməmişdir. Cavabdeh də yalnız “BirBank” kredit və debet kartının borcu olan 1500 manat borcun uzadılması barədə sənədə imza etmişdir. Lakin məhkəmə qətnaməsi ona veriləndən sonra onunla tanış olduqda cavabdehə məlum olmuşdur ki, onun banka borcunu 1500 manatdan 3166 manata kimi artırmışlar. Lakin məhkəmə həmin halları araşdırmamış və iş üzrə ekspertiza təyin etmədən iddiaçının mülahizələri əsasında qətnamə qəbul etməklə yuxarıda qeyd etdiyi hallar barədə heç bir əsaslandırma aparmamışdır. Yuxarıda qeyd olunan hallar yenidən araşdırılmalı, iş üzrə əsas və faiz məbləğinin müqavilə üzrə düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və veriləcək ekspert rəyinə uyğun olaraq faiz məbləği müəyyən edilməlidir. Lakin birinci instansiya məhkəməsi həmin halları araşdırmamış, işə birtərəfli qaydada yanaşaraq heç bir araşdırma aparmadan maddi və prosessual pozuntulara yol verməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işin obyektiv, tam və hərtərəfli araşdırlıması üçün ekspertiza təyin etmədən yalnız iddiaçının məhkəməyə verdiyi məlumatlar əsasında sadə formada qeydləri əsasında yazılmış maliyyə arayışı ilə borc məbləğini olduğu kim qeyd etmişdir. İşə baxan məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas məbləğin 1500 manat olmasına baxmayaraq, 3166 manat olması hissəsində heç bir araşdırma aparmamış, həmin nəticəyə hansı əsasla gəlməsi barədə qətnamədə heç bir əsaslandırma aparmamışdır. Lənkəran Rayon Məhkəməsi iş materiallarında olan sənədləri obyektiv olaraq araşdırmamaqla iddiaçı tərəfindən yazılıb təsdiq edilmiş borc məbləğlərinin və faizin yüksək olmasının aydınlaşdırılması barədə heç bir tədbir görməmiş və həmin arayışı materiallar üzrə mötəbər sübut növü kimi qəbul etmiş, eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməməklə iddianı təmin etdiyini qətnamədə əsaslandırmamışdır. Məhkəmə işə baxarkən onun izahatını tam və doğru olaraq yazmamış, izahatı zamanı şifahi qaydada iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb etsə də, bunu qeyd etməmiş, hansı səbəbdən ekspertizanın keçirilməsinə zərurət olmadığını da göstərməmişdir. Baxmayaraq ki, qanunvericiliyin tələbindən görünür ki, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslərin verdiyi sübutlar əsasında işə baxılaraq nəticə verilir. Lakin məhkəmə iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışını sübut növü kimi qəbul edərək həmin arayışda qeyd olunan məbləğlərin düzgün hesablanmaqla yazılıb-yazılmadığını araşdırmamışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, məhkəmə bunu etməmiş və ekspertizanın təyin edilməsi barədə verdiyi şifahi vəsatətin rədd edilməsi barədə əsaslandırılmış qərardadı ona təqdim etməmişdir. Mübahisə predmeti olan pul məbləğinin kredit müqaviləsi üzrə razılaşma əsasında götürülmüş kredit borcunun 1500 manat əsas borcun olmasına baxmayaraq, həmin məbləğin 3166 manat olmasının hansı müqavilə əsasında hesablanması və həmin məbləğə 395 manat faizin düzgün hesablanıb-hesablanmaması araşdırılmamışdır. Heç bir sübuta istinad etmədən iddia ərizəsində yazılmış məbləğ borc məbləği kimi təsdiq edilmiş və tənasübsüz surətdə yüksək olan dəbbə pulu real olaraq əsas məbləğə münasibətdə azaldılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, faiz məbləğinin müəyyən edilməsindən ötrü iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, əsas kredit borcu və ona hesablanmış faiz məbləği dəqiqləşdirildikdən sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış kreditin verilməsinə dair 17 noyabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, ona gündəlik tələbat məqsədləri üçün 3166,70 manat məbləğində 83 ay müddətinə nağd pul krediti verilməsini xahiş etmişdir. İşdəki Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 17 noyabr 2023-cü il tarixli digər ərizənin surətindən görünür ki, o, ona rəsmiləşdiriləcək kreditin hesabına aşağıda göstərilən kredit müqavilələri üzrə olan borcun vaxtından əvvəl tam ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir: 1) BPUM2272462B299 – 1612,42 manat; 2) BUMM2769581B299 – 1622,93 manat. İşdəki İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli, RGTK4848734B138 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana 83 ay müddətinə məqsədli istifadə, qaytarılma, illik 20 faiz dərəcəsi ilə faizlər ödənilmək və təminatlılıq şərtilə 3166,70 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borcalan isə krediti əldə edən zaman birdəfəlik 31,35 manat xidmət haqqı ödəməklə, aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdəki 17 noyabr 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə 3166,70 manat məbləğində kredit Cavabdeh tərəfindən qəbul edilmişdir. İşdəki 05 iyun 2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 54,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, onun qeydiyyatda olduğu yer ilə faktiki yaşadığı ünvan arasında fərq olduğundan kiçik iddia tələbinə yazılı etiraz verməsi üçün ona şərait yaradılmamış, yəni həmin iddia ərizəsi Lənkəran rayonunun Vilvan kəndinə göndərilmədiyindən həmin kiçik iddia tələbinə əsaslandırılmış etiraz verə bilməmiş və buna görə də özünün etirazlarını məhkəməyə təqdim edə bilməmişdir. Hazırda iş materialları ilə müəyyən edilir ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh iddiaçıya kreditin verilməsi barədə ərizə ilə müraciət edərkən və kredit müqaviləsində onun yaşayış ünvanı da qeydiyyatda olduğu ünvan ilə eyni göstərilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.5-ci bəndində qeyd olunur ki, hüquqi və ya poçt ünvanında dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq. Cavabdeh hazırda faktiki olaraq Lənkəran rayonunun Vilvan kəndində yaşadığını qeyd etsə də, bu barədə kreditor olan banka məlumat verməmiş, müqavilə üzrə üzərinə götürdüyü məlumat vermə öhdəliyini icra etməmişdir. Bu səbəbdən də onun qeydiyyatda olduğu ünvanda yaşamamasına görə yaranmış nəticələrə görə birbaşa olaraq cavabdehin özü məsuliyyət daşıyır və bu zaman iddiaçı və ya birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Cavabdeh özünün banka cəmi 1500 manat borcu olduğunu və məhz 1500 manat borcun müddətinin uzadılması barədə ərizə imzaladığını, iddiaçı ilə hər hansı kredit müqaviləsi imzalamadığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, iddiaçı cavabdehlə bağlanmış 17 noyabr 2023-cü il tarixli kredit müqaviləsini və ona aid olan sənədləri təqdim etməklə öz tələbinin əsasını təşkil edən halları sübuta yetirmişdir. Belə ki, 17 noyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə üzrə 1500 manat deyil, 3166,7 manat məbləğində kredit verilmişdir. 17 noyabr 2023-cü il tarixli kassa məxaric orderi isə 3166,7 manat məbləğində kreditin cavabdeh tərəfindən qəbul edildiyini təsdiq edir. Cavabdeh tərəfindən 17 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin onun əvvəlki kredit borclarının ödənilməsinə yönəldilmiş olması isə cavabdehin götürdüyü sonuncu kreditə görə öhdəliklərinin icrasından azad olunmasına əsas vermir. Cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunun düzgün hesablanmadığını və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilmədiyini qeyd etmişdir. Hazırda iş materialları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 17 noyabr 2023-cü il tarixli kredit müqaviləsi əsasında 3166,7 manat məbləğində kredit verilmişdir. İddiaçı hazırda da əsas borc qismində məhz həmin məbləği tələb edir. Bu isə onu göstərir ki, iddiaçı cavabdeh tərəfindən əsas borc üzrə hər hansı ödənişin edilmədiyini bildirir. Cavabdeh isə əsas borc üzrə ödənişlərin edilməsini təsdiq edən hər hansı qəbz, sənəd və ya çek təqdim etməmiş, ümumiyyətlə, onun tərəfindən borcun ödənilmiş olmasına istinad etməmişdir. Qeyd edilənlər təsdiq edir ki, cavabdehin iddiaçıya olan ödənilməmiş əsas borcunun məbləği 3166,7 manat təşkil edir. Kredit müqaviləsi üzrə hesablanmış faiz məbləğinə dair isə məhkəmə kollegiyası bildirir ki, hazırda iddiaçı 295,02 manat məbləğində faiz borcunu tələb edir. İş materiallarının 9-11-ci vərəqlərinə əlavə edilmiş 17 noyabr 2023-cü il tarixli, RGTK4848734B138 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, hazırkı iş üzrə iddia qaldırılanadək cavabdeh tərəfindən 6 ay üzrə faiz ödənişləri edilməli idi və ödənilməli olan faiz ödənişlərinin cəmi 6 ay üçün 312,24 manat təşkil edir. Göründüyü kimi, iddiaçı cavabdehin müqavilə üzrə ödəniş qrafikinə uyğun olaraq ilk ay 6 üzrə ödəməli olduğu faiz məbləğindən də aşağı həddə faiz borcunun tutulmasını tələb edir. Cavabdeh isə onun tərəfindən hər hansı məbləğdə faiz borcunun ödənilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunu düzgün hesablamışdır. Ona görə də əsas və faiz borcunun hesablanması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Cavabdeh apellyasiya şikayətində məhkəmənin işə baxarkən onun izahatını tam və doğru olaraq yazmadığını, izahatı zamanı şifahi qaydada iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb etsə də, bunun qeyd edilmədiyini, ekspertizanın təyin edilməsi barədə verdiyi şifahi vəsatətin rədd edilməsi barədə əsaslandırılmış qərardadın ona təqdim olunmadığını bildirsə də, qeyd edilən hallar ümumiyyətlə əsassızdır. Belə ki, hazırkı işə sadələşdirilmiş icraat qaydasında baxıldığından, tərəflər dinlənilmək üçün məhkəmə iclasına çağırılmırlar. Belə olan halda isə cavabdehin məhkəmə iclasında izahat verməsi və onun şifahi vəsatət verməsi ümumiyyətlə mümkün deyil. Bundan başqa, cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilmədiyi və tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılmadığı barəsində hazırkı işlə hər hansı bir əlaqəsi olmayan dəlillər də gətirmişdir. Halbuki, hazırkı iş üzrə hər hansı ipoteka predmetinin mövcudluğu və ya cavabdehdən dəbbə pulunun tutulması barədə tələbin olması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 740.8-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Qeyd edilən müddəaları hazırkı işin halları üzrə tətbiq edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehdən 3166,7 manat əsas borcun, 295,02 manat faiz borcunun, ümumilikdə cəmi 3461,72 manat borcun iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi 54,62 manat məbləğində ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, e-2(049)-2230/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar