Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1485/2025 19.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(018)-690/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarından görünür ki, İddiaçı oğlu Ayaz ilə Cavabdeh1 qızı Naidə arasında 2020-ci ildə qarşılıqlı razılıq əsasında nişan mərasimi keçirilmiş, bu münasibət tərəflərin valideynlərinin də razılığı ilə formalaşmışdır. Tərəflərin rəsmi nikahı baş tutmasa da, münasibətlər bir müddət mehriban və davamlı xarakter daşımış, nişanla eyni vaxtda qız üçün toy mərasimi də təşkil olunmuşdur. Sonrakı mərhələdə oğlan üçün toy edilməsi ilə bağlı iddiaçı tərəf cavabdehin evinə gələrək nikahın rəsmiləşdirilməsi və toyun keçirilməsi niyyətini bildirmiş, lakin cavabdehin ailə üzvləri tərəfindən bu evliliyin baş tutmayacağı qeyd edilmişdir. Bununla tərəflər arasında münasibətlər pozulmuş və nişan xitam edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonun Təngərüd kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nişan və toy xərcləri 8680 (səkkiz min altı yüz səksən) manatının, bayramlarda aparılmış hədiyyələrə görə 2500 (iki min beş yüz) manatının İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı qismən müdafiə edərək bildirdi ki, iddiasının bayramlarda aparılmış hədiyyələrə görə 2500(iki min beş yüz) manat hissəsindən imtina edir. Onun tərəfindən cavabdehlərə bir baş iribuynuzlu heyvan 600 manat dəyərində, mişar daşı 5000 ədəd, nişan üzüyü 3000 manat dəyərində gəlin üçün don 80 manat dəyərində vermişdir. İddiasının qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərilmişdir ki, Astara rayonun Təngərüd kəndində yaşayan Cavabdeh1 Naidə adlı qızını oğlu X1 2020-cı ildə nişanlamışlar. Qizla oğlan arasında bu nişan razılıq əsasında olmuş və heç bir məcburiyyət olmamışdır. Rəsmi nikahları rəsmiləşdirilməmişdir. Qızın ata və anası da bu evliliyə razı olmuşlar. Münasibətləri həmişə mehriban və səmimi olmuşdur. Qız üçün nişanla toy eyni vaxtda olmuşdur. Qız toyundan sonra noyabr 2024-cü ildə oğlan üçün toy etmək istəyirdi və qayınatası ilə birlikdə Cavabdeh1 evinə getmiş, oğlan toyu etmək istədiklərini ona bildirmişdirlər. Qızın anası deyib ki, bu toy baş tutmayacaq və qızın atası deyib ki, bu evliliyə razıdır, qız və anası razı deyil. Həmin tarixdən nişan pozulmuş, bu evlilik baş tutmamışdır. Bunlarda təsdiq edir ki, qız ilə oğlanın evliliyin baş tutmaması onlar tərəfindən baş verməmiş, qız evi tərəfindən baş vermişdir. Münasibətləri pozulduğuna görə bu evliliklə bağlı ona maddi ziyan vurulmuşdur. Nişandan tutmuş toya kimi pul xərclənmiş və evliliyin pozulması oğlan tərəfinin deyil, qız tərəfinin hərəkətləri ilə bağlı olduğundan həmin xərclər ona qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş qəbzə əsasən Cavabdeh1, İddiaçı 8680 (səkkiz min altı yüz səksən) manat pul verməlidir. Həmin məbləğ nişan və toyun edilməsi xərcləridir. Qəbzdə olan imza Cavabdeh1 tərəfindən İddiaçı icra edilmiş və ona 8680 manat vercəyinə vəd etmiş və indiyə kimi həmin pulu İddiaçı qaytarmamışdır. Qeyd edir ki, hər il bayramlarda qız evinə hədiyyələr aparılmış və bunlarda 2500 manat təşkil edir. Bu xərclər baş tutacaq rəsmi nikahın bağlanması ilə xərclənmiş və rəsmi nikahın bağlanmasından imtina edilməsi qız evinin imtinası ilə bağlı olmuş və bu da vəziyyətin əvvəlki formasına qayıtmasını şərtləndirir. Rəsmi nikahın bağlanması müqavilə hesab edilir və nikah müqaviləsinin bağlanmaması qız evinin, yəni cavabdehlərin Cavabdeh1 Məbud oğlunun, Cavabdeh2, Cavabdeh3 hərəkətləri ilə bağlı olmuşdur. Tərəfimdən cavabdehlərdən 11.180 manat maddi ziyanın tələbi qanuni və əsaslıdır. Qızın nişanlanmaq üçün xərclənən pul müəyyən məqsədlə və bu məqsədin nədən ibarət olduğunu qarşı tərəf də bilir, bununla qarşı tərəf nikaha daxil olmaqla bağlı vəd verir, lakin vədinə xilaf çıxması digər tərəfin hüquqlarının pozulmağı ilə nəticələnir ki, bu da vəziyyətin əvvəlki formasına qayıtmasını şərtləndirir. Odur ki, Astara rayonun Təngərüd kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nişan və toy xərcləri 8680 (səkkiz min altı yüz səksən) manatın İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfdən onlardan tələb edilən bir baş iribuynuzlu heyvanın dəyəri olan 600 manatı qəbul edir. Əlavə olaraq bildirdi ki, iddiaçı onlara 5000 ədəd mişar daşı deyil, 1200 ədəd mişar daşı gətirmişdir. Onun dəyəri 1200 manat təşkil edir.Əlavə olaraq bildirdi ki, donu onların özləri almışlar və nişan üzüyü iddiaçının özündədir. Məhkəmədə Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfdən onlardan tələb edilənbir baş iribuynuzlu heyvanın dəyəri olan 600 manatı qəbul edir. Əlavə olaraq bildirdi ki, iddiaçı onlara 5000 ədəd mişar daşı deyil, 1200 ədəd mişar daşı gətirmişdir. Onun pulunu verməmişlər. Əlavə olaraq bildirdi ki, donu onların özləri almışlar və nişan üzüyü iddiaçının özündədir. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Astara Rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) 2(018)-690/2025 saylı, xx.xx.2025-ci il il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməsii qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, İddiaçı oğlunun nişanı üçün cavabdehlərə bir baş iribuynuzlu heyvan 600 manat dəyərində və 1200 ədəd mişar daşı vermişdir. Məhkəmədə iddiaçı iddiasınının nişan üzüyü, gəlinlik donu və mişar daşının bir hissəsi hissəsində sübut edə bilmədi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Şərh edilənləri və cavabdehlərin iddianı qismən qəbul etmələrini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə iş üzrə faktiki halları hərtərəfli araşdırmadan qətnamə qəbul edib. Halbuki, məhkəmə təqdim edilmiş sübutları araşdırmalı idi. Bütün sənədlər və sübutlar mülki işin materiallarına əlavə edilmişdir. Lakin, məhkəmə iş üzrə əhəmiyyətli hesab edilən bu halı araşdırmamışdır. Məhkəmə heç bir dəlil olmadan cavabdeh tərəfindən qəbul edilmiş məbləği və əl yazısı ilə yazılmış qəbzi mötəbər sübut kimi qəbul etməmişdir. Astara Rayon Məhkəməsinin 17 iyul 2025-ci il, 2(018)-690/2025 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı Cavabdeh1 tərəfindən verilmiş etirazdan görünür ki, iddiaçı apellasiya şikayətində guya 2500 manatlıq hədiyyələrə xərci çıxmışdır. Belə ki, iddiaçı tərəfindən qızına alınan don və nişan üzüyü onlara qaytarılmışdır (birinci instansiya məhkəməsində iddiaçı özü də donun və nişan üzüyünün onlara qaytarıldığını etiraf etmişdir. Bundan başqa, iddiaçı 5000 ədəd mişar daşı onun üçün gətirdiyini qeyd etsə də, o onun sifarişi ilə 1200 ədəd mişar daşını yaşadığı həyətə gətirmiş və həmin 1200 manat mişar daşının da qiymətinin 1 ədədinin qiyməti 1 manat olmaqla cəmi 1200 manat təşkil etmiş, iddiaçının gəlinindən isə bir baş dana almaqla həmin dananın pulundan isə 600 manat iddiaçının özünə yox onun gəlininə borclu qalmışdır, iddiaçının gəlini həmin pulu o vaxt ona ödəmək istədikdə isə iddiaçının gəlinin oğlunun təhsili ilə əlaqədar olaraq ona pul lazım olacağını və ona bildirəndən sonra pulu ona ödəyəcəyini dediyindən həmin 600 manat pulu iddiaçının gəlini üçün saxlamışdır. O da hazırki vaxta kimi həmin pulun onda qalmasını ona lazım olanda xəbər edərkən ona ödəyəcəyini gözləyir. Yuxarıda sadaladığı halları birinci instansiya məhkəməsi zamanı da, məhkəmə iclasında izahatında bildirib və məhkəmə tərəfindən onun izahatı əsasında qətnamə qəbul edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində də qeyd edilmişdir ki. “məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı oğlunun nişanı üçün cavabdehlərə bir baş iribuynuzlu heyvan 600 manat dəyərində və 1200 ədəd mişar daşı vermişdir”. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər – Cavabdeh2 və Cavabdeh3 tərəfindən də göstərilən məzmunlu apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, iclasda iştirak etməmiş, teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə qarşı etirazlarının dəlillərinə uyğun olaraq izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, iddianın təmin olunmayan hissəsində qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etdiyindən, qətnaməni apellyasiya şikayətinin dəlilləri həcmində, iddai tələbinin rədd olunan hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[781] Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.3.-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətində irəli sürülən dəlilləri iş materiallarında mövcud sübutlarla birlikdə yenidən qiymətləndirərək belə qənaətə gəlir ki, göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi və faktiki əsas yaratmır və apellyasiya şikayətinin təmin edilməsinə dəlalət etmir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçının apellyasiya şikayətində əl yazısı ilə tərtib edilmiş «qəbz»ə (iş materiallarının 34-cü vərəqi) istinad edilərək həmin sənədin guya Cavabdeh1 üzərinə 8680 manat məbləğində pul öhdəliyi qoyduğu, birinci instansiya məhkəməsinin isə bu sənədi mötəbər sübut kimi qiymətləndirməməsinə istinad edilir. Lakin iş materialları və məhkəmə araşdırması ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi həmin sənədin hüquqi mahiyyətini düzgün qiymətləndirmiş, onu tərəflər arasında borc və ya başqa növ pul öhdəliyinin yaranmasını sübut edən rəsmi yazılı müqavilə və ya öhdəlik sənədi kimi əsaslı surətdə qəbul etməmişdir. Əlyazma ilə tərtib olunmuş bu kağızda nə tərəflər arasında konkret hansı hüquqi münasibətin – borc, nişan xərclərinin qaytarılması, yoxsa başqa bir öhdəliyin rəsmiləşdirildiyi açıq şəkildə göstərilmiş, nə öhdəliyin yaranma tarixi, nə icra müddəti, nə də öhdəliyin yerinə yetirilməsinin şərtləri dəqiqləşdirilmişdir. Sənəddə yalnız ümumi məbləğin qeyd edilməsi və Cavabdeh1 imzasının olması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin yaranması, forması və məzmunu barədə müddəaları kontekstində, həmin yazının tərəflər arasında ayrıca, müstəqil öhdəlik münasibəti yaratdığını sübut etmir. Ən əsası, həmin əlyazmada iddiaçının iddia etdiyi öhdəliyin kimin xeyrinə icra edilməli olması da məchuldur. Belə ki, iddiaçı tələbində həmin əlyazmaya əsaslanmaqla 8680 manat məbləğində pul öhdəliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə tutulmasını xahiş etmişdir. Mülki hüquq doktrinası və məhkəmə təcrübəsinə görə, borc və ya digər pul öhdəliyi yaradan yazılı sənədin məzmunundan öhdəliyin hüquqi əsası (niyə və hansı əsasla bu məbləğin ödənilməli olduğu), tərəflərin iradəsinin istiqaməti (məsələn, borc müqaviləsi, dəymiş ziyanın könüllü ödənilməsi, avans və s.), habelə öhdəliyin həcmi, icra müddəti və digər mühüm şərtlər aydın olmalıdır. İddiaçının təqdim etdiyi əlyazma kağızda isə bu şərtlərdən heç biri konkretləşdirilməmiş, yalnız verilən əşyalar, onların məbləği və ümumi məbləğ qeyd olunmuş, həmin məbləğin hansı hadisə ilə, məsələn nişan və toy xərcləri, borc və ya başqa münasibətlə əlaqədar hesablandığı açıq şəkildə göstərilməmişdir. Bu halda, həmin əlyazma olan kağız müəyyən hesablamanın, şəxsi qeyd və ya ödəniş niyyətinin qeydi kimi qiymətləndirilə bilər, lakin onu avtomatik olaraq borc öhdəliyi yaradan yazılı müqavilə və ya borcu etiraf edən sənəd kimi qəbul etmək mümkün deyildir. Beləliklə, birinci instansiya məhkəməsinin həmin əlyazmanı öhdəlik münasibətini sübut edən mötəbər yazılı sənəd kimi qiymətləndirməməsi tam əsaslı olmuş, məhkəmə bu sənədə hüquqi qiymət verərkən faktiki halları və tərəflərin izahatlarını nəzərə almışdır. Beləliklə, iş materiallarında iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərin əsaslı olduğunu təsdiq edən sübutlar mövcud deyildir və təqdim edilmiş digər sübutlar da həmin «qəbz»in iddiaçının iddia etdiyi kimi — yəni 8680 manat məbləğində ayrıca pul borcunun tanınması barədə öhdəlik sənədi kimi — hüquqi məzmun daşıdığını qəbul etməyə imkan vermir. Əksinə, iş materialları tərəflər arasında nişan mərasimi, toyun keçirilməsi ilə bağlı müxtəlif xərclərin çəkildiyini göstərsə də, bu xərclərin həqiqətən də tam həcmdə cavabdehlərin hər birinin öhdəliyinə çevrilməsi barədə hər hansı aydın, dəqiq və şübhə doğurmayan razılaşma iş materialların ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, iddia tələblərini əsaslandıran halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı həmin əlyazma sənədlə yanaşı, onun məzmununun və hüquqi mahiyyətinin apellyasiya şikayətində iddia etdiyi kimi olduğunu təsdiq edən əlavə sübutlar (məsələn, şahid ifadələri, başqa yazışmalar, razılaşmalar və s.) təqdim etməmişdir. Belə sübutların olmaması şəraitində, təkcə qeyri-müəyyən məzmunlu bir əlyazma qeydə əsasən cavabdehlərin üzərinə əlavə pul öhdəliyinin qoyulması, birinci instansiya məhkəməsinin sübutlara qiymət verərkən obyektivlik, hərtərflilik və tamlıq prinsiplərini pozduğu kimi təqdim edilə bilməz. Odur ki, əlyazma sənədin hüquqi qüvvəsinin şişirdilərək təqdim olunması və həmin sənəddən çıxış etməklə iddia tələbinin tam təmin edilməsini tələb edən apellyasiya şikayətinin bu dəlilləri, iş materialları, tətbiq edilən maddi və prosessual hüquq normaları fonunda, məhkəmə kollegiyası tərəfindən inandırıcı hesab edilmir və apellyasiya instansiyasında qətnamənin ləğvi üçün əsas verə bilməz. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. ( Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı). Kollegiya vurğulayır ki, sübut olunmayan hallar məhkəmə qətnaməsinə təsir edə bilməz. Əvvəla, məhkəmə yalnız prosessual qaydalara uyğun təqdim edilən və araşdırılan sübutları nəzərə alır. Həmçinin sübut edilməmiş hallar əsasında qətnamənin ləğvi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(018)-690/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1485/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1485/2025
19.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver