Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-149/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "avtomobilə yetirilmiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə Ağcabədi Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(017)-665/2024 saylı qətnaməsindən (hakim E.Quliyev) cavabdehlərdən Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "avtomobilə yetirilmiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, “VAZ-21723 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanaraq yarasız hala düşməsinə görə 9850 manat məbləğində yetirilmiş zərərin, hüquqi yardıma görə ödənilmiş 260 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 123 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2, avtomobilin rənglənməsinə görə ödənilmiş 600 manat pulun və kompressora görə ödənilmiş 265 manat pulun Cavabdeh1 tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Məlikov X7 şəhəri, Zəfər prospektində yerləşən avtotəmir sexinin sahibidir, Cavabdeh1 isə həmin sexdə usta kimi fəaliyyət göstərir. Mülkiyyətində olan “VAZ-21723 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilini 2023-cü ilin oktyabr ayında rənglənməsi üçün Cavabdeh1 ilə danışıb ona təhvil vermişdir. Razılaşmalarına əsasən Cavabdeh1 avtomobili rəngləyib 13 noyabr 2023cü il tarixdə ona təhvil verməli idi. Avtomobilin rənglənməsi üçün Cavabdeh1 600 manat pul vermişdir. Cavabdeh avtomobili vaxtında rəngləyib təhvil verməmiş, səbəb kimi kompressorunun olmadığını bildirmişdir. İşin ləngiməməsi məqsədilə məcbur olub 265 manat dəyərində kompressor alıb Cavabdeh1 vermişdir. Lakin 22 noyabr 2023-cü il tarixdə həmin sexdə yanğın olmuş və yanğın zamanı ona məxsus avtomobil yanaraq tamamilə yararsız hala düşmüşdür. Avtomobilə "xxxx" MMC tərəfindən baxış keçirilmiş və yetirilmiş zərərin məbləği 9850 manat müəyyən edilmişdir. Hadisədən sonra dəfələrlə Cavabdeh1la görüşüb yetirilən zərərin ödənilməsini tələb etmişdir. Cavabdehlə ümumi dəymiş zərəri hesablamışlar və cəmi 12000 manat olmasını müəyyən etmişlər. Cavabdehə güzəşt edərək 6000 manat pul verəcəyi halda razılaşmalarının mümkün olmasını bildirmişdir. Lakin cavabdeh 4000 manat təklif etmiş və razılaşmaları baş tutmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(017)-665/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 avtomobilə vurulmuş maddi zərərə görə 9850 manat və avtomobilin rənglənməsinə görə ödənilmiş 600 manat, cəmi 10450 manat məbləğində pulun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 121.35 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qismən ləğv edilməsini, müvafiq ekspertiza təyin olunmaqla avtomobilin əvvəlki real qiymətinə uyğun yetirilmiş zərərin məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər ziyan dəymiş avtomobillə bağı verilmiş mütəxəssis rəyi tərtib olunarkən, istərsə də ekspertiza keçirilərkən və müvafiq rəy verilərkən Cavabdeh1 iştirakı təmin olunmamış, bu barədə o məlumatlandırılmamış, yalnız iddiaçının sifarişi əsasında və onun üstün mənafeyi əsas götürülməklə bu məsələlər öz həllini tapmış, nəticədə qanunvericiliyin fundamental prinsipi olan tərəflərin hüquq bərabərliyi prinsipi kobudcasına pozulmuşdur. Lakin qanun normasında təsbit olunub ki, işdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər və təbii ki, tərəflərə bu barədə məlumat verilərsə, hansı ki, hazırki işdə ekspertizanın keçirilməsi barədə cavabdehə hər hansı məlumat verilməmişdir. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir və həmçinin, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Lakin məhkəmədə işə baxılarkən qanunvericiliyin bu tələbinə riayət olunmamış, cavabdehin avtomobilə qoyulmuş qiymətin həddindən çox şişirdilməsi barədə izahatıyla bağlı müvafiq araşdırma aparılmamış, sanki ekspert rəyinin məcburiliyi prinsipi əsas götürülmüşdür. Ekspert rəyi verilərkən avtomobilin qiyməti yalnız nəzəri qaydada təxmini müəyyən edilmiş, işin həqiqi hallarına əhəmiyyət verilməmiş, avtomobilin yanmamışdan əvvəlki vəziyyəti nəzərə alınmamışdır, bu vəziyyəti əks etdirən fotoşəkillərə baxış keçirilməmişdir. Belə ki, avtomobilin təmir-boyama sexinə təhvil verilmə vəziyyətini əks etdirən fotoşəkillərlə müəyyən olunur ki, avtomobilin oturacaqları, salonun yuxarı və aşağı örtükləri, digər akssesuarlar yerində olmamış, yəni avtomobilin xeyli hissələri üzərindən açılıb götürülmüş, ekspertin gəldiyi nəticəyə uyğun gəlməmiş, tam yararlı (normal) vəziyyətdə olmamışdır. Lakin ekspert maşının tam yararlı (normal) vəziyyətinə uyğun qiymətini təxmini müəyyən etmiş, bu isə işin həqiqi hallarına uyğun deyildir və obyektiv həqiqəti əks etdirmir. Ekspert həmçinin internet saytlarında toplanmış məlumatlara əsaslanmış, lakin nəzərə almamışdır ki, həmin məlumatlar yalnız elan və təklif xarakteri daşıyır, avtomobilin real alış qiymətini əks etdirmir. Avtomobilin qiyməti müəyyən edilərkən nəzərə alınmamışdır ki, maşının buraxılış ili 2013-cü ildən 10 ildən artıq müddət keçmiş, qanunvericiliyə əsasən əsasən həmin maşınların ölkəyə gətirilməsinə qadağa qoyulmuş və qeyd olunan avtomobillərin utilizasiyasına, yəni dövriyyədən çıxarılmasına başlanılmışdır. Lakin ekspert qeyd olunan halları nəzərə almamış, işə baxan məhkəmə isə rəyə tənqidi yanaşmamış, işin obyektiv həlli üçün araşdırma aparmamışdır. Məhkəmə Cavabdeh1 iş üçün əhəmiyyətli olan izahatını ümumiyyətlə nəzərə almamış, bununla bağlı təqdim etdiyi fotoşəkillərə hüquqi qiymət verməmiş, avtomobilin yanmamışdan əvvəlki qiymətini müəyyən etmək istiqamətində araşdırma aparmamış, işin həqiqi halını düzgün qiymətləndirməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobilə yetirilən zərərin məbləğinin 9000 (doqquz min) manat müəyyən edilməsi ilə bağlı iddiaçı ilə qarşılıqlı razılıq əldə etmişlər. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə1 avtomobilə yetirilən zərərin məbləğinin 9000 (doqquz min) manat müəyyən edilməsi ilə bağlı cavabdeh tərəflə qarşılıqlı razılığa gəldiklərini bildirib, apellyasiya şikayətinə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər Cavabdeh2 hər hansı üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq həmin cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları tam hərtərəfli araşdırmamışdır. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərdən aşağıdakılar müəyyən olunur: 20 sentyabr 2023-cü il tarixli 02 nömrəli icarə müqaviləsinə əsasən X1 şəhəri, Zəfər prospektində yerləşən özünə məxsus avtomobil təmiri sexini bir il müddətə Cavabdeh1 icarəyə vermişdir; AD 907830 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2013-cü il buraxılışlı, “VAZ 21723 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli nəqliyyat vasitəsinin sahibi İddiaçıdur; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X11 Yanğın Nəzarəti İdarəsinin tərtib etdiyi 20 noyabr 2023-cü il tarixli yanğın haqqında aktdan görünür ki, 22 noyabr 2023-cü il tarixdə Ağcabədi rayonu, Zəfər prospektində yerləşən avtomobil təmir sexində və təmirə dayanmış minik avtomobillərində yanğın baş vermişdir. Yanğının səbəbi avtomobil təmir sexinin daxilində olan elektrik naqillərinin nasaz vəziyyətdə olması, baş vermiş qısa-qapanma olmuşdur; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor Rüfət Nuriyevin 1205 saylı material üzrə 4 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 22 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Ağcabədi şəhəri, Zəfər prospektində yerləşən, X4 məxsus, Cavabdeh1 icarəsinə verilmiş avtomobil təmiri sexində yanğın hadisəsi baş vermiş, nəticədə sexin çardağı, Cavabdeh1 məxsus təmir avadanlıqları və əşyaları, sexdə təmirə dayanmış İddiaçı məxsus “VAZ 21723 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı və X3 məxsus X5 etibarnamə ilə idarə etdiyi “VAZ 21124” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilləri yanaraq yarasız vəziyyətə düşmüş, əmlaka maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X11 Yanğın Nəzarəti İdarəsinin inspektoru tərəfindən yoxlama aparılmış və araşdırmanın davam etdirilməsi üçün toplanmış material Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə göndərilmişdir. Hadisə yerinə keçirilmiş baxış protokolu, alınmış izahatlarla, yanğın haqqında aktla, ekspert rəyləri və toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, Namazov X9 şəhəri, Zəfər prospektində yerləşən avtomobil təmiri sexinin icarəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ 01-2001) 4.6-cı bəndinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3.2-ci bəndlərinin tələblərini pozaraq, yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən 22 noyabr 2023-cü il tarixdə saat 12 radələrində avtomobil təmiri sexi ilə üzbəüz dayandıqda sol tərəfdə sayca birinci sexin tavan hissəsində elektrik lampası işlək, yəni yanılı vəziyyətdə saxlanıldığından elektrik qurğularında hansısa qəza halının yaranmasından yanğın hadisəsi baş vermişdir; Təhqiqat zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 9/54 nömrəli ekspert rəyinə əsasən, respublikada yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytlarında (www.turbo.az və www.avtomobil.az və sair) və eləcədə MEM-nin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza təyini haqqında qərarda və əlavə məlumatda göstərilən bir ədəd 2013-cü il buraxılışlı, “VAZ 21723 minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli avtomobilin yanmamışdan əvvəl təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 10000.0 manat müəyyən edilir; "xxxx" MMC-nin 8 dekabr 2023-cü il tarixli 04 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus olan “VAZ 21723 minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22 noyabr 2023-cü il tarixdə Ağcabədi şəhəri, Zəfər prospektində yerləşən avtomobil təmirboyama sexində baş verən yanğın nəticəsində maddi zərər dəymişdir. "xxxx" MMC avtomobilə dəymiş zərəri hesablamaq üçün avtomobilə baxış keçirmiş və müəyyən olunmuşdur ki, avtomobil yanaraq istismara tamamilə yararsız hala düşmüşdür. Avtomobilin bu günə olan bazar pərakəndə satış qiyməti 9850 manat təşkil edir. Apellyasiya şikayətiinin dəlilləri üzrə aparılan araşdırma çərçivəsində iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiyi şikayətinin dəlillərini qismən təsdiq edərək izahatında göstərmişdir ki, həqiqətən avtomobil rənglənməyə verilərkən iç aksessuarları, yəni sürücü oturacağından başqa qabaq sağ oturacaq və arxa oturacaq, qapıların iç üzlükləri, ayaqaltılar 4 ədəd, baqaj örtüyünün plasması və musiqi kalonkaları polkası sökülmüş vəziyyətdə olmuşdur. Avtomobil 2013-cü il buraxılışlıdır və cəmisi 171800 kilometr yürüşü olmuşdur. Ümumiyyətlə avtomobil dəmirçi işləri görüləndən dərhal sonra deyil, 2-3 ay sürüləndən sonra rənglənməyə verilmişdi. Qabaq sürücü oturacağı və bütün idarəetmə paneli yerində olmuşdur. Bu avtomobilin yanğından sonra çəkilən fotoşəkilində aydın görünür. İş üzrə 11 sentyabr 2024-cü il tarixli qərardadla məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunaraq, ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı mülkiyyətində olan “VAZ-21723 minik” markalı, 2013-cü il buraxılışlı, xetçbek tipli, tünd göy metallik rəngli, 171800 kilometr yürüşü olan **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacaq və arxa oturacaq, qapıların iç üzlükləri, ayaqaltılar 4 ədəd, baqaj örtüyünün plasması və musiqi kalonkaları polkası sökülmüş, vurulmuş hissələrinin dəmirçi tərəfindən düzəldilməsi vəziyyətində rənglənmə sexinə təhvil verilməsi, iş materiallarına əlavə edilmiş fotoşəkillər və videodskdəki görüntülər nəzərə alınaraq, rənglənməyə verildiyi vəziyyətdə real bazar dəyəri müəyyən edilsin?
2. Avtomobilin yanğın hadisəsi nəticəsində 22 noyabr 2023-cü il tarixində yanaraq məhv olması nəzərə alınaraq hazırki dövr üçün yuxarıda qeyd olunan vəziyyətdə real bazar dəyəri müəyyən edilsin? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Rauf Kərimov “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü bəndinə istinadla ekspertizanın aparılmasında imtina etmiş, səbəbini ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün “VAZ 21723 minik” markalı avtomobilə dair qərardadda qeyd edilən vəziyyətdə satış elanlarının olmaması ilə izah etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 21-ci maddəsinin müddəalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa görə öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Cavabdeh1 avtomobilin rənglənməsinə görə ödəmiş olduğu 600 manat pulun tutulması tələbini təmin etməkdə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Çünki həmin məbləğ avtomobilə yanaraq məhv olması ilə bağlı yetirilən zərərin məbləğinə daxildir. Təhqiqat zamanı təyin olunan ekspertizanın rəyində də, avtomobilə yetirilən zərərin məbləği müəyyən edilərkən istifadəyə tam yararlı avtomobil üçün satış qiyməti əsas götürülmüşdür. Bundan başqa yanğın hadisəsi nəticəsində yanaraq məhv olmuş avtomobilə yetirilən zərərin məbləği ilə bağlı tərəflər apellyasiya baxışı zamanı qarşılıqlı razılığa gələrək, zərərin məbləğinin 9000(doqquz min) manat müəyyən olunmasını xahiş etmişlər. Odur ki, tərəflərin qarşılıqlı razılıqlarının olması əsas götürülərək avtomobilə yetirilən zərərin məbləği 9000(doqquz min) manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri qismən öz təsdiqini tapdığından, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 384.0.2, 385.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(017)-665/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 yetirilmiş maddi zərərə görə 9000 (doqquz min) manat məbləğində pul, 123 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Zülfüqar oğluna ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev