Məhkəmə qərarları › İş №2(106)-1491/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1491/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1491/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Fərəcova Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-54/2024 saylı, 13 may 2024-cü il tarixli (hakim Ramiz Nurullayev) qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Fərəcova Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-54/2024 saylı, 13 may 2024-cü il tarixli qərardadı (hakim Ramiz Nurullayev) ilə, İddiaçı cavabdeh Fərəcova Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına üzrlü səbəb olmadan gəlmədiklərindən iddianın baxılmamış saxlanılması, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 115 (yüz on beş) manat pulun özünə qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət vermişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-54/2024 saylı, 04 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti elektron kabinet vasitəsilə elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. İddiaçı məhkəməyə yenidən şikayət təqdim etmiş, şikayətin mahiyyətindən müəyyən edilir ki, iddiaçı mahiyyətcə Beyləqan Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Şikayətə baxılmış, Beyləqan Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. İddiaçı şikayətində mahiyyətcə iddianın təmin edilməsini xahiş etmişdir. Lakin o, şikayətini əsaslandırmamış, qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birini məhkəməyə təqdim etməmişdir. Belə olan halda da, şikayət əsaslı hesab edilərək, təmin edilə bilməz. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-54/2024 saylı, 13 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar