Məhkəmə qərarları › İş №2(106)-150/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-150/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-150/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi X8, maraqlarına toxunan şəxs Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh hüquqi varisi X3 iştirakları ilə, Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 fevral 2023-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Bakı şəhəri R.Məmmədov küçəsi ev 4 mənzil 29-da yaşayan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Neftçala şəhəri 28 May küçəsi ev 1-də yaşayan Cavabdeh 26000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş İddiaçı iddianın təmin olunmasını xahiş edərək göstərdi ki, Cavabdeh mənim qohumumdur. 1998-ci ilin dekabr ayında cavabdeh mənim evimə zəng edib, mənimlə görüşmək istədiyini bildirdi. Mən onu evimə dəvət etdim. Söhbət zamanı Hüseyn dedi ki, onun Moskva şəhərində yaxşı əlaqələri vardır. Əlindəki pulun hamısını iş üçün xərcləyib. İşlərini qaydaya qoymaq üçün ona xeyli pul lazımdır və məndən borc istədi. Mən ona cavab vermək üçün iki gün vaxt istədim. Bu vaxt ərzində maşın almaq üçün topladığım 15000 ABŞ dollarını və qohumlarından 11000 ABŞ dolları toplayıb cəmisi 26000 ABŞ dollarını Hüseynə borc verdim. O, pulu artıqlaması ilə qaytaracağına söz verib dedi ki, əvəzində sənə 30000 ABŞ dolları qaytaracağam və məndən 26000 ABŞ dolları borc alması barədə mənə qəbz yazıb verdi. O vaxtdan Hüseyn aldığı pulu qaytarmayıbdır. Mən hər dəfə ondan pulu tələb edəndə deyir ki, xəstəyəm, işləyə bilmirəm, ona görədə borcunu qaytara bilmirəm. Qohumların məndən pullarını tələb edirlər, özümün pula ehtiyacım vardır. Cavabdehin mənə olan borcunun əmlakı hesabına ödətdirilməsini xahiş edirəm. Bunun üçün kifayət qədər əmlakı vardır. Borcun hissə-hissə ödənilməsinə heç bir etirazım yoxdur. Məhkəmə iclasında dindirilmiş Cavabdeh vəkalətli nümayəndəsi X10 iddianı qəbul edərək göstərdi ki, cavabdeh xəstə olduğu üçün borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda da xəstəxanada müalicə olunur. Cavabdehin ünvan 1 ünvanda yaşayış evi vardır. Cavabdehin bundan başqa Neftçala şəhərində daha bir yerdə yaşayış evi vardır. Cavabdehin 1993-cü il buraxılışı olan “CİP-Toyota” markalı avtomaşını vardır. Əgər iddiaçı razılıq verərsə iddianın cavabdehin əmlakına yönəldilməsini xahiş edirəm. Yaşayış evi və maşın borcu ödəmək üçün kifayət etmir. Cavabdeh borcun qalan hissəsini hissə-hissə ödəmək üçün ona vaxt verilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsi ilə, iddianın təmin edilməsi, Cavabdeh 26000 (iyirmi altı min) ABŞ dolları məbləğində pul alınıb İddiaçı verilməsi, borcun ödənilməsi cavabdehin ünvan 3 ünvanda yerləşən yaşayış evinə və “Cip Toyota” markalı avtomaşınına yönəldilməsi, borcun qalan hissəsinin hissə-hissə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlarına toxuna şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin icra üsulu kimi cavabdehin borcunun ünvan 1 ünvanda yerləşən yaşayış evinə və “Cip Toyota” markalı avtomobilə yönəldilməsi qənaətinə gəlmişdir. Lakin nəzərə almamışdır həmin mübahisəli ev həmdə avtomaşın onların birgə nigah dövründə əldə olunmuş əmlakdır bu isə məhkəməni vadar edir ki, onuda həmin iş üzrə tərəf kimi cəlb etsin və bu barədə münasibəti öyrənilsin. Göründüyü kimi birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş və onun mülkiyyət hüququnun pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Maraqlarına toxunan şəxs apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsininin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayəti üzrə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsininin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətini müdafiə edərək, Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsininin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin hüquqi varisi X9 apellyasiya icraatı zamanı, iddia tələbini qəbul etmədiyini və bu səbəbdən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi X8 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsininin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətlərinin dəlilləri həddində, Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsininin qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllənin; 106.1 işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3 tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməsini iş üzrə toplanmış sübutlar ilə əlaqələndirmişdir. Maraqlarına toxunan şəxs X4 birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq vermiş olduğu apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yeni sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmiş, iddianın təmin edilməsi, Cavabdeh 26000 (iyirmi altı min) ABŞ dolları məbləğində pul alınıb İddiaçı verilməsi hissəsində düzgün nəticəyə gəlsədə, borcun ödənilməsi cavabdehin ünvan 3 ünvanında yerləşən yaşayış evinə və “Cip Toyota” markalı avtomaşınına yönəldilməsi, borcun qalan hissəsinin hissə-hissə ödənilməsi qənaətinə gələrkən prosessual normaların tələblərini pozmuş, nəticədə qətnamənin həmin hissədə ləğvi üçün əsas yaratmışdır. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk öncə iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə maraqlarına toxunan şəxsin iddia tələbinə mövqeyi nəzərə alınmaqla maraqlarına toxunan şəxsin iddianın əsassızlığı ilə bağlı göstərdiyi hallar və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələblərinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir”. Kollegiya iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan 12 dekabr 1998-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh qəbzə imza çəkərək İddiaçı 26000 ABŞ dolları pulu borc olaraq aldığını və həmin pulu qaytarmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.1997-ci il tarixli 2 sıra №1406 reystr nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış evi X1 mülkiyyəti kimi qeydiyata alınmışdır. İş materiallarına əlavə edilmiş Neftçala şəhər İcra Hakimiyyəti Başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin apellyasiya məhkəməsinə ünvanlamış məktubundan müəyyən edilmişdir ki, mərhum Cavabdeh 24 iyul 2020-ci ilədə vəfat etmiş, vəfat edəndən sonra ona məxsus olan Neftala şəhəri 28 may küçəsi ev1-də hüquqi varisləri olan həyat yoldaşı Maraqlı şəxs, oğlu X5 və qızı X9 övladları ilə birlikdə yaşayırlar. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Notariat ofisinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş Cavabdeh miras qalan əmlaka dair Neftçala rayon notariat ofisində vərəsəlik işi açılmamış və mərhumun vərəsələri notariat ofisinə müraciət etməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, cavabdeh 12 dekabr 1996-cı ildə aldığı 26.000 ABŞ dolları məbləğində pulu qaytarmadından, iddiaçı ona qarşı borcun qaytarılması tələb etmişdir. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740, 442, 1151; 1306; 1146 və 1255-ci maddələri təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 26.000 ABŞ dolları borc almış, həmin borcun qaytarılması müddətini iddiaçının ilk tələbinin olduğu vaxtı göstərmişdir. Birinci instansiya məhkəməsində cavabdehi nümayəndəsi X10 təmsil etmiş və iddia tələbini qəbul edərək göstərmişdir ki, cavabdeh xəstə olduğu üçün borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda da xəstəxanada müalicə olunur. Cavabdehin ünvan 1 ünvanda yaşayış evi vardır. Cavabdehin bundan başqa Neftçala şəhərində daha bir yerdə yaşayış evi vardır. Cavabdehin 1993-cü il buraxılışı olan “CİP-Toyota” markalı avtomaşını vardır. Əgər iddiaçı razılıq verərsə iddianın cavabdehin əmlakına yönəldilməsini xahiş edirəm. Yaşayış evi və maşın borcu ödəmək üçün kifayət etmir. Cavabdeh borcun qalan hissəsini hissə-hissə ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinəəsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması iləşifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli, məsələn, pul ödəməli, əmlak vermli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 529.3-cü maddəsinə görəəgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı-borcverən müəyyənləşdirilmiş borc pulu cavabdehə-borcalana vermiş, cavabdeh isə aldığı borc pulu müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüş olsa da, buna lazımınca əməl etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə iddianın təmin edilməsi, Cavabdeh 26000 (iyirmi altı min) ABŞ dolları məbləğində pul alınıb İddiaçı verilməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya qətnamənin borcun ödənilməsi cavabdehin ünvan 3 ünvanda yerləşən yaşayış evinə və “Cip Toyota” markalı avtomaşınına yönəldilməsi, borcun qalan hissəsinin hissə-hissə ödənilməsi hissəsini isə məhkəmənin iddia tələbindən kənara çıxma kimi qəbul edir. Аzərbаycаn Respublikаsı MPM-nın 218.3-cü mаddəsinə əsаsən hаkim işdə iştirаk edən şəхslərin verdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Hаzırkı iş üzrə iddiа tələblərindən kənаrа çıхmаq üçün hər hаnsı müstəsnа hаl оlmаdığındаn və birinci instаnsiyа məhkəməsi belə hаlı əsаslаndırmаdığındаn, məhkəmə kоllegiyаsı hesаb edir ki, mübаhisə predmeti оlmаyаn borcun ödənilməsi cavabdehin ünvan 3 ünvanda yerləşən yaşayış evinə və “Cip Toyota” markalı avtomaşınına yönəldilməsi, borcun qalan hissəsinin hissə-hissə ödənilməsi hissəsinə dаir qətnаmə çıхаrmаqlа birinci instаnsiyа məhkəməsi iddiа tələbindən kənаrа çıхаrаq həmin hissədə prоsessuаl pоzuntuyа yоl vermişdir. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsi İddiaçı cavabdeh X2 qarşı borcun ödənilməsi cavabdehin ünvan 3 ünvanda yerləşən yaşayış evinə və “Cip Toyota” markalı avtomaşınına yönəldilməsi, borcun qalan hissəsinin hissə-hissə ödənilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işdə olan sübutlardan həmçinin müəyyən edir ki, iş üzrə cavabdehborclu Cavabdeh xx.xx.2020-ci ildə vəfat etmişdir. Cavabdeh vəfat edənə kimi mübahisəli mənzil olan cavabdehin ünvan 3 ünvanda yaşamış, həmin mənzil maraqlarına toxunan şəxs Maraqlı şəxs birgə nikahları müddətində əldə edilmiş xx.xx.1997-ci il tarixli 2 sıra №1406 reystr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abdullayeva (Qəmbərova) Gülcahan Yusif qızının mülkiyyəti kimi qeydə alınmışdır. Apellyasiya icraatı zamanı cavabdeh-borclu Cavabdeh qətnamə ilə müəyyən edilən hüquq münasibətində olduğu vaxt öldüyündən iş üzrə icraat onun hüquq varisi müəyyən edilənədək dayandırılmış və müvafiq dövlət qurumlarına sorğu ilə cavabdehin hüquqi varisinin müəyyən edilməsi üçün tədbirlər görülmüşdür. Neftçala şəhər İcra Hakimiyyəti Başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin apellyasiya məhkəməsinə ünvanlamış məktubundan müəyyən edilmişdir ki, mərhum Cavabdeh 24 iyul 2020-ci ilədə vəfat etmiş, vəfat edəndən sonra ona məxsus olan Neftala şəhəri 28 may küçəsi ev1-də hüquqi varisləri olan həyat yoldaşı Maraqlı şəxs, oğlu X5 və qızı X9 övladları ilə birlikdə yaşayırlar. Bu səbəbdən də Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə adları qeyd olunan şəxslər vəfat etmiş Cavabdeh hüquqi varisləri kimi işə cəlb edilmişdir. Apellyasiya icraatı zamanı iş üzrə cəlb edilmiş hüquqi varislərindən qızı Kəmalə və arvadı Gülcahan qeyd etmişlər ki, Mərhum Hüseyn olənə kimi, Neftçala şəhəri 28 may küçəsi ev 1-də evdə onlarla birlikdə yaşamış və ölümündən sonra da, həmin evdə yaşamaqda davam edirlər. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlaka faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il qərarında qeyd olunur ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Həmin qərarda həmçinin qeyd olunur ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsində qeyd olunur ki, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan prosessual normanın mənası baxımından qeyd etməyi zəruri hesab edir ki, cavabdeh-borclu vəfat etdiyindən tutulmalı olan 26.000 ABŞ dolları məbləğində pul vəsaiti ondan miras qalan əmlakının hesabına ödənilməlidir. Belə olan halda Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsi ilə, cavabdehdən 26000 ABŞ dolları məbləğində pulun alınıb İddiaçı ödənilməsinin icrası zamanı vəfat etmiş Cavabdeh varisləri tərəfindən ona məxsus olan əmlakın faktiki qəbul etdikləri həddə öhdəliyi icra olunmalıdır. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Qət etdi: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2-72 saylı, 16 oktyabr 2001-ci il tarixli qətnaməsi qismən yəni borcun ödənilməsi cavabdehin ünvan 3 ünvanda yerləşən yaşayış evinə və “Cip Toyota” markalı avtomaşınına yönəldilməsi, borcun qalan hissəsinin hissə-hissə ödənilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar