Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1500/2025 29.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə etiraza yazılı icraat qaydasında bаxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh şifahi etiraz edərək onun işinə Masallı Rayon Məhkəməsində baxılmamasını xahiş etmişdir. Cavabdeh öz etirazını onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədə arxiv müdiri vəzifəsində çalışır və proseslərə müdaxilə edə bilər. O, hazırkı mülki işə Masallı Rayon Məhkəməsinin bütün hakimləri tərəfindən baxılmasına etiraz etmişdir. Eyni zamanda işə baxan Masallı Rayon Məhkəməsinin hakimi X4 da öz-özünə etiraz etmişdir. Masallı Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tаrixli qərаrdаdı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Cavabdeh Masallı Rayon Məhkəməsinin hakimlərinə və məhkəmənin hakimi X1 özü-özünə etirazının təmin edilməsi və işin baxılması üçün başqa rayon məhkəməsinə verilməsindən ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz məhkəmə sədri tərəfindən həll edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə” 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 19.1.7-ci maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. MPM-in 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. MPM-in 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 3 nömrəli qərarının 7.1-ci bəndinin tələbindən görünür ki, MPM ilə birinci instansiya məhkəməsinin bütün tərkibinə, həmçinin apellyasiya instansiyası məhkəməsi bütün məhkəmə tərkiblərinə eyni vaxtda etiraz edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu halda birinci instansiya məhkəməsinin iş icraatında olan sonuncu hakiminə, habelə təktərkibli məhkəmənin hakiminə edilən etiraz da MPM-in 22.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 22.5-22.6-cı maddələrinə görə əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. İşdən də göründüyü kimi, Masallı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim X2 hazırkı mülki iş üzrə Cavabdeh etirazını, habelə Masallı Rayon Məhkəməsinin hakimi X1 özü-özünə etirazını təmin etdikdən sonra (təmin etdiyi halda), həmin işin məhkəmənin başqa hakiminin icraatına verilməsi məsələsinin mümkünlüyünü nəzərə almadan, eləcə də məhkəmə sədri olaraq səlahiyyəti daxilində məhkəmənin qalan bütün hakimlərinin (sədr daxil olmaqla) özü-özünə ola biləcək etirazlarına münasibət bildirilmədən işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə ki, etiraz məhkəmənin sədri tərəfindən müzakirə olunmalı və işin məhkəmənin başqa hakiminin icraatına verilməsi məsələsi həll edilməli idi. Buna baxmayaraq, məhkəmə qanunvericiliklə müəyyən edilmiş hüquqi prosedurlardan kənara çıxaraq işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Bununla yanaşı, diqqətə çatdırılmalıdır ki, MPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə tərkibi qeyd olunanlara əsaslanaraq və MPM-in 19 və 22-ci maddələrini rəhbər tutub Q Ə R A R V E R D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair 2(050)-2482/2025 saylı mülki iş üzrə Cavabdeh etirazının, habelə Masallı Rayon Məhkəməsinin hakimi X1 özü-özünə etirazının məhkəmə sədri tərəfindən həll edilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1500/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1500/2025
29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver