Məhkəmə qərarları › İş №2(106)-1507/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1507/2024

25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1507/2024 25.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2(055)-756/2024 saylı qətnaməsindən (hakim V.Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(055)-426/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişərək 8 iyul 2008-ci ildə doğulmuş X7 və 14 mart 2010-cu ildə doğulmuş X6 adlı uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(055)-426/2021 saylı qətnaməsinə əsasən 8 iyul 2008-ci ildə doğulmuş X7 və 14 mart 2010-cu ildə doğulmuş X6 adlı uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər birinə görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Təyin edilmiş aliment uşaqların ehtiyaclarını ödəmir, xərcləri artmışdır. Hal-hazırda böyük övladı Reyzənin 16 yaşı, kiçik övladı Mirhadının isə 14 yaşı var. Övladları Reyzə və Mirhadı böyüdükləri üçün, məsrəfləri də, yetərincə artmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Övladlarının bütün qayğılarını və ehtiyaclarını o çəkir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Saatlı Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(055)-426/2021 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər birnə görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment ödəyir. Həmin alimenti də, qardaş və bacısı ödəyir. Hazırda çayçıda işləyir və günlük qazancı 6- 10 manat təşkil edir. Hər uşağa görə ayda 235 manat olmaqla, cəmi 470 manat aliment ödəmək imkanı yoxdur. Ona görə də, bu halın nəzərə alınmasını xahiş edir. Saatlı Rayon Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2(055)-756/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Saatlı Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(055)- 426/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 8 iyul 2008-ci il təvəllüdlü X7 və 14 mart 2010-cu il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək tamamilə ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qət edilmiş aliment məbləği ilə razı deyil. Belə ki, iddiaçının xəyanətinə görə ondan ayrıldıqdan sona X5 ilə rəsmi nikah münasibətinə girməklə evlənmişdir. Həmin nikahdan da 12 mart 2021-ci ildə Aidə adlı bir nəfər uşağı olmuşdur. İş olmadığı üçün rəsmi olaraq heç bir yerdə işləmir. İşə muzd olaraq gündəlik düşən fəhləlik işi ilə məşğul olur. Qazancı da bir gün üçün 6-8 manat təşkil edir. Həmin məbləğə özünü, sonrakı nikahından olan dörd yaşlı uşağını və əvvəlki nikahından olan iki nəfər uşağını saxlaya bilmir. Belə olduğu halda nə etməlidir. Birinci instansiya məhkəməsi iddiaçının hüquqlarını müdafiə etsə də, onun hüquqlarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi əvvəlki nikahından doğulmuş 2 nəfər uşağın saxlanmaq xərcini nəzərə alaraq aliment məbləğini 160 manat qət etsə də, yeni nikahından doğulmuş 1 nəfər uşağınnın saxlanmaq xərclərini nəzərə almamışdır. Bildirir ki, qət edilmiş aliment məbləğini və ya müəyyən hissəsini ödəmədiyi halda, ödənilməmiş aliment borcu çoxalaraq üzərində borc kimi qalacaqdır. Bu da nəticədə həbs edilməyinə qədər gətirib çıxaracaqdır. Həbs olunacağı təqdirdə isə üç nəfər uşağın saxlanma xərcləri ödənilməmiş qalacaqdır ki, bu da uşaqların dolanışıq vəziyyətini çətinləşdirəcəkdir. Belə olduğu halda ortaya sual çıxır, budurmu məhkəmənin ədalət mühakiməsi, budurmu humanizim prinsipi, budurmu insan hüquqlarının qorunması? Hörmətli məhkəmə kollegiyasından xahiş edir ki, aliment məbləğini bacı-qardaşlarının köməkliyi ilə ödəyə biləcəyi məbləğdə, yəni hər uşaq üçün 120 manat məbləğində müəyyən etsin. Məlumat üçün bildirir ki, oğlu Mirhadı hər ay xəstəliyi ilə bağlı 250 manat pensiya alır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin normada göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bildirir ki, yeni ailə qurmuşdur və yeni ailəsindən 1 nəfər azyaşlı uşağı vardır. Qanunun tələbinə görə ata olaraq hazırda yanında yaşayan 1 nəfər uşağı da saxlamağa borcludur. Məhkəmə isə aliment məbləğini müəyyən edərkən yanında yaşayan 1 nəfər uşağının saxlanmaq xərclərini nəzərə almamış, iddianı bir tərəfli araşdırmaqla təmin etmişdir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, göstərdiyi normanın tələbinə görə valideynlər uşqalarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait valideynlərdən tutulur. Bu halda yenə də məhkəmə valideyn kimi yalnız onu nəzərədə tutmuşdur. Halbuki, uşaqlarını saxlamaq istəyir, lakin digər valideyn olaraq ana uşağın saxlanılması üçün səy göstərmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən alimentin sabit pul məbləğinin miqdarı müəyyən edilərkən maddi vəziyyəti, yeni ailə qurması, yeni ailədə bir nəfər azyaşlı uşağının olması və diqqətəlayiq olan digər halları nəzərə alınmamışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin normada məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilməsi göstərilsə də, iddiaçı tərəfindən məhkəməyə maddi vəziyyətində dəyişiklik olunması barədə və ya uşaqların ehtiyacını ödəyə bilməməsi barədə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iddianın aliment məbləği hissəsini müəyyən edərkən heç bir araşdırma aparmamış, yalnız öz mülahizələrini əsas tutaraq iddianı qismən təmin etmişdir. Məhkəmə öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Məhkəmə ondan iddiaçının xeyrinə hər ay 160 manat aliment məbləği tutulmasını qət etsə də, həmin aliment məbləğini vermək iqtidarında olub-olmadığını aydınlaşdırmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, hal-hazırda çayxanada günü 10 manata ofsiant kimi işləyir. İddiaçı ilə birgə nikahlarından doğulmuş 14 mart 2010-cu il təvəllüdlü X6 açıq ürək əməliyyatı olmuşdur və əlilliyə görə pensiya alır. Saatlı rayonunda keçirilən aqrar islahatı zamanı atası, anası və ona 0.95 ha torpaq sahəsi düşmüşdür. Həmin torpağı əkmirlər və cəmisi 1000 manata 2030-cu ilə qədər icarəyə vermişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək uşağının açıq ürək əməliyyatı olması, həmçinin yıxılaraq sol qolunun dirsəkdən aşağı hissəsinin sınması səbəbləri ilə məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının işitarkı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdkılar müəyyən edilmişdir: İddiaçı Cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə Saatlı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli 2(055)-1051/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq tərəflərin nikahı pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları, 8 iyul 2008-ci il təvəllüdlü X7 və 14 mart 2010-cu il təvəllüdlü X4 anaları X1 yanında qalmaları müəyyən edilmiş, 16 sentyabr 2019-cu ildən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay hər uşağa görə 60 manat olmaqla ümumilikdə 120 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X2 ödənilməsi qət edilmişdir; İddiaçı X1 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə Saatlı Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(055)-426/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq 8 iyul 2008-ci ildə doğulmuş X7 və 14 mart 2010cu ildə doğulmuş X6 adlı uşaqlarının saxlanması üçün Saatlı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli 2(055)-1051/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılıb hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenum qərarları və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud artırılan hissədə alimentin məbləğinin dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Baş vermiş dəyişikliklər isə ondan ibarətdir ki, keçən müddət ərzində uşaqlar böyümüşlər, artıq 16 və 14 yaşlarındadırlar, tələbatları artmış, həmçinin ərzaq məhsullarının və digər zəruri tələbat mallarının dəyərində nəzərə çarpacaq dərəcədə artımlar baş vermiş, yaşayış minimumu 2024-cü ildə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Saatlı Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2(055)-426/2021 saylı qətnaməsi ilə hər ay hər uşağa görə 120 manat məbləğində aliment təyin olunan zaman ölkədə uşaqlar üçün qanunla müəyyən olunan yaşayış minimumu 175 manat təşkil edirdi ki, qətnamə ilə təyin olunan həmin məbləğ həmin dövr üçün yaşayış minimumunun 68.57% hissəsinə bərabər idi. Hazırda 2024-cü ildə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu 235 manat təşkil edir ki, artırılaraq müəyyən olunan 160 manat aliment yaşayış minimumunun 68.08% hissəsinə bərabərdir. Göründüyü kimi alimentin məbləğlərinin artım tempi zamanında qüvvədə olan yaşayış minimumlarına münasibətdə dəyişməmişdir. Kollegiya alimentin miqdarının artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin maddi imkanının aşağı olmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini və bunun da öz növbəsində qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas olmasını nəzərə alan birinci instansiya məhkəməsi, iddianı qismən təmin edərək, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarını artırıb hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna, yaxud dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən (artırılan) hissədə iddianın qiyməti (160-120=40; 40X2=80; 80X12=960) 960 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatl Rayon Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2(055)-756/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar