Məhkəmə qərarları › İş №2(106)-1512/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1512/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1512/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(036)-102/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması ve tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh «MuğanBank” ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 63/099137 saylı kredit müqaviləsi üzrə 13987.22 manat əsas borc, 1096.77 manat faiz borcu, 7661.97 manat cərimə, cəmi 22735.96 manat, iddia qaldırmaq üçün ödənilmiş 159,0 manat dövlət rüsumu, ipoteka predmetine tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 135,0 manat dövlət rüsumu, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan İmişli rayon, Şahverdili kəndində yerləşən 0.26 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, İmişli rayon, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,2634 ha torpaq sahəsinə və İmişli rayon, Bəhrəməpə qəsəbəsində yerləşən 0.6316 ha torpaq sahəsinə yönəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti satıldıqdan sonra en geci bir ay ərzində vahid daşınmaz emlak obyektinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilmesi barede qətnamə çıxarılması xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(036)-102/2023 saylı qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 29 avqust 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1512/2023 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 05 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası İmişli Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(036)- 102/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayətini işdə iştirak edən şəxslər verə bilər. Apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, apellyasiya şikayəti cavabdeh tərəfindən imzalanmamış, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Həmçinin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu maddənin tələblərinə əməl edilməməsi Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması üçün əsasdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Bu isə onu deməyə əsas verir ki, apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Çünki qanunun bu tələbinə əməl edilməməsi apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş apellyasiya şikayəti cavabdeh tərəfindən imzalanmamışdır. Həmçinin apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdə dövlət rüsumunu ödənilməsini təsdiq edən qəbz əlavə edilməsi qeyd edilsə də iş materiallarında həmin qəbz aşkar olunmamışdır. MPM-nin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə bu hal apellyasiya şikayətinin qaytarılması üçün əsasdır. MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayətinin qaytarılması üçün əsasdır. MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İmişli Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(036)-102/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar