Məhkəmə qərarları › İş №2(106)-1513/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1513/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1513/2025 18.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı, X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “pul tələbi”nə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(036)-133/2025 saylı (hakim Orxan Mahmud) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsini satmaq məqsədilə 7000 (yeddi min) ABŞ dolları (indiki Azərbaycan manatına olan məzənnə ilə 11900) manat məbləğində pulun və ödədiyi 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(036)-133/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 4126 (dörd min yüz iyirmi altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İmişli Rayon Məhkəməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Apellyasiya şikayətini nəzərdən keçirdikdə aydın olur ki, cavabdehə göndərilmiş İmişli Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququ izah olunmasına baxmayaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qəbul edilməsindən qanunvericiliklə müəyyən olunmuş bir aylıq müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Belə ki, müəyyən edilir ki, İmişli Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qətnaməsi Cavabdeh poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. (i/v. səh 50). Cavabdeh tərəfindən isə apellyasiya şikayəti elektron sistem vasitəsilə xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə müddəti ötürməklə verilmişdir. Həmçinin, cavabdeh bunun fərqində olaraq İmişli Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətini də apellyasiya şikayətinin özündə göstərmişdir. Lakin İmişli Rayon Məhkəməsi cavabdehin müddətin bərpası barədə ərizəyə münasibət bildirməyərək apellyasiya şikayətini baxılmasını Apellyasiya instansiyasına göndərmişdir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İmişli Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(036)-133/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması (müddətin bərpası barədə ərizəyə baxılması) üçün mülki iş İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar