Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1514/2024 03.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair mülki iş üzrə Açar sözlər: alimentin miqdarının artırılması tələbi. X17 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X13 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2(050)-1148/2024 saylı qətnaməsindən (hakim Zeynal Zeynalov) iddaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Şirvan Şəhər Məhkəməsinin 2(032)- 713/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment pulunun, mediasiya xidmətinə ödədiyi 60 (altmış) manat, vəkilə ödədiyi 300 (üç yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Şirvan Şəhər Məhkəməsinin 2(032)- 713/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment pulunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2018-ci ildə rəsmi ailə qurmuş və birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(032)-713/2022 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaq onun himayəsində saxlanmış və uşağın saxlanması üçün cavabdehin gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulmuşdur. Daha sonra onun aylıq gəliri 680 manat müəyyən edilmiş və buna görə də 170 manat aliment tutulmuşdur. Cavabdehin valideynlik borcudur ki, uşağına baxmalıdır. Lakin o borcunu yerinə yetirmir və uşağına baxmır. Cavabdeh işləyir və aylıq qazancı vardır. O, isə işləmir və uşağa valideyinin hesabına baxır. Hazırda atanın yanında yaşayır və onun köməkliyi ilə uşağını saxlayır. 2022-ci ildən 2 il müddət keçmiş və yaşayış minimumuda dəyişmişdir. Belə olan halda alimentində məbləği dəyişərək artırılmalıdır. 2024-cü il üçün uşaqlara görə yaşayış minimunu 235 manat müəyyən olunmuşdur. Lakin cavabdeh uşağın yaşayış minimumunuda təmin etmək istəmir. O, uşaq azyaşlı olduğu üçün işləyə bilmir və uşağa baxır. Alimentin artırılması barədə mediasiya orqanınada müraciət olunmuş, lakin cavabdeh mediasiya xidmətinə gəlmədiyi üçün arayış verilmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2(050)-1148/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Şirvan Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(032)-713/2022 saylı qətnaməsi ilə 29 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilərək, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin artırılmış məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, alimentin məbləğini artırarkən yaşayış minimumunu və digər meyarları əsas götürməmişdir. Onların uşaqları var və ondan 170 manat aliment tutulması düzgün deyildir. Uşağın tələbatları getdikcə artır və kəsilən aliment dövlət tərəfindən müəyyən olunmuş yaşayış minimumunun altındadır. Belə çıxır ki, onun uşağı ondan aşağı səviyyədə yaşamalıdır. O, uşağa baxdığı üçün işləyə bilmir. O, istəyir ki, uşağı ən azından yaşayış minimumu səviyyəsində yaşasın, təhsil alsın, digər uşaqlar kimi onunda uşağı istirahət edə bilsin, yaxşı geyimlər geyinsin, təbii ki, bunlar uşağın hüquqlarıdır və cavabdehin valideyn olaraq uşağı saxlamaq vəzifəsi vardır. Artıq uşaq məktəbə gedəcək və xərcləri daha da artacaqdır, 170 manatla o, onun təhsil, geyim, ərzaq və digər xərclərini qarşılaya bilməz. Buna görə də hesab edir ki, alimentin məbləği artırılmalıdır. Həmçinin, cavabdehin maddi vəziyyəti əvvəlki dövrə nisbətən daha yaxşıdır. Keçən 2 il ərzində inflyasiya sürətlənmiş, qiymətlər kəskin artmış, hətta yanacağın qiyməti 2 dəfə artmış, yaşayış minimumu 235 manat müəyyən olunmuş və digər artımlar olmuşdur. Bu vəziyyətdə təbii ki, alimentin məbləği də yaşayış minimumu səviyyəsində artırılmalıdır. Həmçinin, məhkəmə müdafiəçiyə ödədiyi 300 manat və mediasiya xidmətinə ödədiyi 60 manat hissəsində iddianı təmin etməmişdir. O, həmin xərcləri ödəmiş və iddia qismən təmin olunmuşdur. Buna görə də həmin xərclərdən cavabdehdən tutulmalıdır. Məhkəmə cavabdehin maddi vəziyyətini, uşağın tələbatlarının artmasını, onun işsiz olmasını, uşağın yaşayış minimunun təmin olunmamasını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən alimentin 170 manat olması müəyyən olunsa da, hansı əsasa görə həmin məbləğdə olması sübuta yetirilməmişdir. Qətnamədəki nəticə işin hallarına uyğun deyildir. O, heç yerdə işləmir, gəliri yoxdur, 170 manat aşağı məbləğdir, o, onunla uşağın tələbatını qarşılaya bilməz. Yaşayış minimumu 235 manat olduğu halda 170 manat uşağın minimum tələbatını belə qarşılamaq olmaz. Eyni zamanda qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol verməklə, cavabdehdən hər ay sabit pul məbləğində 170 manat tutulması qənaətinə gəlməklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin müddəlarını nəzərə almaqla aliment təyin etmək əvəzinə, əksinə həmin maddənin müddəalarını kobud sürətdə pozmaqla onun cavabdehdən həmin maddənin tələblərindən artıq və ən əsası cavabdehin əmək haqqı (gəliri) olduğu halda sabit pul məbləğində aliment təyin etməklə ailə qanunvericiliyin tələblərini pozmaqla yanaşı qərarında konstitusiya məhkəməsi plenumunun qərarını düzgün təfsir etməmişdir. Halbuki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş etiraza əlavə edilmiş sənədlərdən, əmək haqqı barədə Kapital bankdan çıxarışda onun cavabehin aylıq əmək haqqının 326 manat təşkil etdiyini və ən əsası faktiki olaraq məhkəmə aktı əsasında himayəsinə verilmiş 3 uşağların mənafeyini nəzərə almayaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-cimaddəsinin tələbləri əsasında alimentin bir uşağa görə ¼ hissəni kəsdiyi halda, yəni hər ay 80 manat olmalı olduğunu nəzərə almayaraq, həmin maddənin tələblərindən kənara çıxaraq, əksinə onun cavabdehin maddi vəziyyətinin bir qədərdə ağırlaşdıraraq, həmin maddənin normalarına cavab verməyən hər ay 170 manat alimentin ödənilməsini tələb olaraq qoymaqla, lakin himayəsində olan uşağların manfeyini nəzərə almamışdır. Bu hal isə həm ailə qanunvericiliyin tələbləri, həm “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, həm də dövlətlər arası beynəlxalq müqavilərdən irəli gələn beynalxalq hüquq normaları olan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının tələbləri baxımından birinci instansiya məhkəməsi tərəfindən pozulmaqla onun cavabdehin himayəsində olan uşağlarının sosial durumlarının ağırlaşdırılmasına gətirib çıxarır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil vermiş olduqları apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh iddiaçının vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, mahiyyətcə qətnaməni iddianın təmin edilməyən hissəsində, cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etməklə, mahiyyətcə qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının və cavabdehin şikayətinin dəlilləri üzrə, tam yoxlanılmasını qanunauyğun hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının və cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 29 noyabr 2018-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(032)- 713/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı ilə Masallı regional «Asan xidmət» mərkəzin Qeydiyyat şöbəsində 26 noyabr 2018-ci ildə 68 N° ilə qeyd edilmiş nikahı pozulması, Birgə nikahdan xx.xx.2018-ci ildə anadan olmuş X4 cavabdeh İddiaçı yanında qalması müəyyən edilməsi, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayars xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment alınaraq cavabdeh İddiaçı verilməsi, alimentin tutulması hissədə qətnamə dərhal icra edilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə, 129 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 24 yanvar 2005-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X10r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X2 24 yanvar 2007-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X10r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 21 mart 2011-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X10r. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X14 arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə, 129 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan Apellyaisya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2022-ci il tarixli, 2(106)-1338/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-713/2022 saylı, 26 aprel 2022-ci il tarixli və 12 may 2022-ci il tarixli qərardadları ləğv edilməsi, Cavabdeh İddiaçı hazırkı iş materiallarının aidiyyatı üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməsi, İddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması tələbinə dair” iddiası ilə bağlı mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılması qət edilmişdir. İddiaçı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hər iki tərəfin və uşağın mənafeyini nəzərə alaraq, alimenti artırmış və 170 manat müəyyən etmişdir. Qətnaməni həm iddiaçı, həmçinin də cavabdeh mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə Kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin və uşağın mənafeyini nəzərə alaraq, alimenti artırıb 170 manat sabit pul məbləğində müəyyən etmişdir. Cavabdehin qazancının aşağı olması onu aliment öhdəliyindən azad edə bilməz. Eyni zamanda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artıq 235 manat müəyyən edilmişdir, Məhkəmə də, məhz hər iki tərəfin maddi vəziyyətini nəzərə alaraq 170 manat aliment təyin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətlərində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçı və cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Hazırkı iş üzrə alimentin artırılması hissədə iddianın qiyməti 5000 manatdan çox deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2(050)-1148/2024 saylı qətnaməsi İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1514/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1514/2024
03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver