Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1515/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin e-2(036)-580/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(036)-580/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin olunaraq, Cavabdeh1 15 yanvar 2015-ci il tarixli, 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə əsasən 6424 manat əsas borc, 1835,38 manat faiz borcu, 50 manat cərimə, 06 avqust 2015-ci il tarixli, 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən 8346,88 manat əsas borc, 2081,08 manat faiz borcu, 100 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 193,30 manatın tutulub iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qanunvericiliklə müəyyən edilmiş məzmun tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, o, apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində pozulduğunu iddia etdiyi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, Mülki Məcəllənin 425-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinad etsə də, həmin maddələrin qarşısında onların pozulmasının nədən ibarət olmasına dair öz mövqeyini izah etməmiş, sadəcə maddənin məzmununu orada əks etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, hazırda mübahisələndirilən qətnamədən aydın olur ki, Cavabdeh2 münasibətdə hər hansı bir iddia tələbi təmin olunmasa da, onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmçinin, 20 avqust 2024-cü ildə Cavabdeh2 nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə verərək, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmamış saxlanılmasını xahiş etmişdir. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi Cavabdeh2 apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilənləri və Cavabdeh2 nümayəndəsinin ərizəsini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırda Cavabdeh2 apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar müəyyən edilmir. Ona görə də İmişli Rayon Məhkəməsinin e-2(036)-580/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, Cavabdeh2 apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı isə bildirir ki, ilk baxışdan həmin apellyasiya şikayəti MPM ilə nəzərdə tutulmuş formada və məzmunda, müəyyən edilmiş prosessual müddət daxilində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilərək onun tərəfindən imzalanmışdır. Lakin Cavabdeh2 apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə mülki işin birinci instansiya məhkəməsinə qaytarılması zərurəti yarandığından Cavabdeh1 İmişli Rayon Məhkəməsinin e-2(036)-580/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti də hazırda icraata qəbul edilməməli, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 apellyasiya şikayətinə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun hüquqi qiymət verildikdən sonra İmişli Rayon Məhkəməsinin e-2(036)-580/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti yenidən Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İmişli Rayon Məhkəməsinin e-2(036)-580/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün İmişli Rayon Məhkəməsinə qaytarılsın. İmişli Rayon Məhkəməsi tərəfindən Cavabdeh2 apellyasiya şikayətinə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun hüquqi qiymət verildikdən sonra İmişli Rayon Məhkəməsinin e-2(036)-580/2024 saylı, 18 aprel 2024cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti yenidən Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1515/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1515/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver