Məhkəmə qərarları › İş №2(106)-1516/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1516/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1516/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Cavabdeh ilə İddiaçı 24 fevral 2014-cü ildə faktiki, 18 aprel 2014-cü ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan 1 uşaq- xx.xx.2015-ci il təvəllüdlü Sahibə doğulmuşdur. Lənkəran Rаyоn Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü uşağın saxlanılması üçün ayda 117 manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. Lənkəran Rаyоn Məhkəməsinin 21 iyul 2017-ci il tаriхli qətnаməsi ilə Lənkəran Rаyоn Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2015-ci il təvəllüdlü Sahibənin saxlanılması üçün ayda 136 manat miqarında alimentin tutulması qət edilmişdir. Hazırki tələbində Əkbərli X1 Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 2(049)- 5435/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və 1 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2015-ci ilin avqust ayının 13-nə kimi birlikdə yaşayıb, həmin gündən sonra o və qızı Sahibə valideyinlərinin yaşadığı evdə yaşayırlar. Nikahları 30 yanvar 2017-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Qızı Sahibənin sağlamlığında müəyyən xəstəliklər var. Belə ki, beyin toxumalarında inkişaf yoxdur. Uşağı həkimə aparmaq məqsədi ilə cavabehə dəfələrlə müraciət edib, lakin cavabdeh kömək etmək etməkdən imtina etmişdir. Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarını 136 manat sabit pul məbləğində qət edilmişdir. Lakin həmin vaxtdan 7 il müddət keçmişdir və hazırkı dovrə münasibətdə həmin məbləği uşaqın saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 3 dəfədən də çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. Əmək haqqları artırılmışdır. Eyni zamanda uşaq artıq böyüyüb, məktəblidir və aylıq tələbatları qat-qat artmışdır. Uşağın saxlanması üçün xərc ayda hər uşaq üçün 500 manat həddindən çox olur. O isə tək həmin xərci ödəyə bilmir. Cavabsdeh fərdi əməklə (bazarda meyvə-tərəvəz ticarəti ilə) və ustalıqla məşğuldur. Cavabdehin aylıq gəliri 1500-2000 manatdan çoxdur. Hazırda ayda 136 manat aliment onu qane etmir. Əlavə olaraq bildirmişdir ki, özü 345 manat əmək haqqı alır. Hazırda Lənkəran şəhərində yaşamaqla kirayə haqqı olaraq 280 manat pul ödəyir. Cavabdehin ən azı 200 manat aliment ödəmək imkanı vardır. Lakin onun gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilmir. Birinci instansiya məhkəməsində Cavabdeh izahat verərək bildirmişdir ki, o alimentin artırılmasına razı deyil. Aliment məbləğini ödəməyə imkanı yoxdur. Gəlirində heç bir artım olmamışdır və əlavə olaraq iddiaya etiraz verərək bildirib ki, o iddiaçıdan 2015-ci il tarixindən boşanıb və 2016-cı il tarixindən məhkəmə tərəfindən iddiaçının aliment tələbi qismən təmin edilmiş qətnamə əsasında hər ay 140 manat olmaqla hər ay ödəmişdir. 2017-ci ildə 2-ci dəfə ailə həyatı qurub və hazırda həmin ailə həyatından iki uşağı (X5 xx.xx.2019-ci il təvəllüdlü, X6 28.112020-ci il təvəllüdlü) vardır. Eyni zamanda arvadı da işləmir. Hazırda bazarda anasına köməklik edir və demək olar ki, ailəni güclə saxlayır. Ailəsi 4 nəfərdən ibarətdir. Onun son 7 ildə heç bir gəliri artmamış və onun hər hansı bir işə daxil olmağı barədə iddiaçıda heç bir maddı subut yoxdur və ola da bilməz. Çünki onu maddi durumu heç vaxt yaxşı olmayıb. Heç yerdə işləməməsidir. Ödədiyi aliment pulu olan 140 manatı da hər ay anasının köməkliyi və fəhləliliyi ilə toplayıb ona ödəyir. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Qasımov) 18 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)- 5435/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, uşağın saxlanması üçün müəyyən edilmiş alimentin məbləğinin 136,00 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, məhkəmə tərəfində alimentin məbləği 136,00 manat təyin edildikdən sonra o yenidən ailə qurmuş və yeni qurduğu ailəsi ilə faktiki nikah münasibətlərində yaşayır. Ailə məcəlləsinə görə uşağın saxlaması, tərbiyə etdirilməsi və boyabaşa çatdırması hər iki valideynin borcudur. Eyni zamanda Ailə məcəlləsinə əsasən maddi vəziyyəti aşağı olan öhdəsində ailəsindən savayı qoca anası vardır. Anası ağır xəstədir və mütamadi olaraq o həkimlərə müraciət edib onu mualicə edir. Onun ailəsi böyümüş və o, 2017ci il tarixindən heç bir işə daxil olmamış və rəsmi olaraq gəliri artırılması barədə qərar vermişdir. O boşanan zaman ailəli deyildi, iddiaçı işləmirdi. Onun gəlirində artım yoxdur, amma məhkəmə bütün bunları nəzərə almadan və onun hüquqlarını pozaraq alimenti birdən artırmışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının 136,00 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, hazırda işləmir, yenidən ailə qurmuşdur. Himayəsində 2 uşağı var və dolana bilmir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 345 manat maaş alır. Onun da maddi imkanı zəifdir. Məhkəmənin müəyyən etdiyi 180 manat miqdarında aliment məbləği yetərli olmasa da qətnamədən şikayət verməmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, tərəflərin nikahından bir uşaq- xx.xx.2015-ci il təvəllüdlü Sahibə doğulmuşdur. Lənkəran Rаyоn Məhkəməsinin 21 iyul 2017-ci il tаriхli, 2(049)-5435/2017 sаylı qətnаməsi ilə Lənkəran Rаyоn Məhkəməsinin 2(049)-9537/2016 saylı 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdehdən hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırki tələbində iddiaçı alimentin miqdarının artırılmasını, ayda 250 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2024-cü ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən uşağın mənafeyini, tərəflərin maddi durumunu, əmlak vəziyyətini, yaşayış minimumunun da artdığını nəzərə almışdır. İşin hallarından görünür ki, cavabdeh fərdi əməklə (bazarda meyvə-tərəvəz ticarəti ilə) məşğul olur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq alimentin miqdarını artırarkən əsaslı qənaətə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində və izahatında etirazını bununla əsaslandırmışdır ki, rəsmi olaraq işləmir, yenidən ailə qurmuş, öhdəsində iki azyaşlı uşağı vardır. Kollegiya qeyd edir ki, cavabdehin işləməməsi, öhdəsində başqa nikahdan uşaqlarının olması hazırki iş üzrə alimentin artırılmasına mane olan hal deyil. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını ağlabatan miqdarda müəyyən etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(049)-1989/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar