Məhkəmə qərarları › İş №2(106)-153/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-153/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-153/2024 24.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1548/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin fevral ayından 2023-cü ilin aprel ayınadək cavabdehin Bankın mülkiyyətində olan mənzildən istifadə etdiyi üçün 1600 manat məbləğində dəymiş ziyanın və 36 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyev Rahib Zakir oğluna "xxxx" İKB ASC-də 120 ay müddətinə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyev Rahib Zakir oğlu "xxxx" İKB ASC-dən illik 7 faizlə 60 ay müddətinə 200000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Əliyev Rahib Zakir oğlunun mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən, 3 otaqlı, 158,89 kv.m ümumi, 72,31 kv.m yaşayış, 86,58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzili 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə və Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən, 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzili 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(017)-18/2022 saylı qətnaməsi ilə Cavabdeh və Əliyev Rahib Zakir oğlundan İddiaçı ASC-nin xeyrinə 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 19976,79 manat əsas borc, 49643,91 manat faiz borcu, 10000 manat cərimə borcu olmaqla, cəmi 259620,70 manat məbləğində pulun tutulması, tutmanın Əliyev Rahib Zakir oğlunun mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 146 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satışdan əldə olunan məbləğin İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satışdan əldə olunan məbləğin İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(106)-427/2023 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməyərək, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş sifarişə əsasən hərrac keçirilmiş, İddiaçı ASC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 146 nömrəli mənzilinə dair 15 fevral 2023-cü il tarixli dövlət reyestrindən çıxarış, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinə dair 15 fevral 2023-cü il tarixli dövlət reyestrindən çıxarış almışdır. Bundan başqa, məhkəmə qətnaməsi əsasında Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 146 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinə tutma yönəldilmiş, Əliyev Rahib Zakir oğlunun, Cavabdeh və digər şəxslərin mənzilə olan istifadə hüquqlarına xitam verilərək mənzildən çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq 2023-cü ilin fevral ayından 2023-cü ilin aprel ayınadək cavabdeh Bankın mülkiyyətində olan mənzildə yaşamağa davam etmişdir. Həmin dövr üçün Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinin bir aylıq kirayə haqqının 800 manat olmasını nəzərə alaraq, Banka 1600 manat məbləğində ziyan vurulmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 001- 14/04-AL/23 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinin 2023-cü ilin fevral ayından 2023-cü ilin aprel ayınadək orta aylıq kirayə haqqı 800 manat təşkil edir. 15 fevral 2023-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tələb olunan borc məbləğini ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən hesab edir ki, 2023-cü ilin fevral ayından 2023-cü ilin aprel ayınadək cavabdehin Bankın mülkiyyətində olan mənzildən istifadə etdiyi üçün 1600 manat məbləğində dəymiş ziyanın Cavabdeh tutulması barədə qətnamə çıxarılmalıdır. Ağcabədi Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(017)-1548/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Sulduz Ləzimov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti vermiş, apellayasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(017)- 1548/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmənin “qətnamənin icra olunmasında Cavabdeh heç bir təqsirli hərəkəti olmamışdır” kimi qiymətləndirməsi tam əsassızdır. Belə ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş sifarişə əsasən hərrac keçirilmiş, İddiaçı ASC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 146 nömrəli mənzilinə dair və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinə dair 15 fevral 2023-cü il tarixli dövlət reyestrindən çıxarışlar almışdır. Bundan başqa, məhkəmə qətnaməsi əsasında Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 146 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinə tutma yönəldilmiş, Əliyev Rahib Zakir oğlunun, Cavabdeh və digər şəxslərin mənzilə olan istifadə hüquqlarına xitam verilərək mənzildən çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. İcra şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul edilir və bundan sonra icra sənədinin könüllü icra olunması üçün tərəflərə 10 gün vaxt verilir. İşin hallarından da göründüyü kimi, Cavabdeh bu baş verən məhkəmə proseslərinin hamısından xəbərdar olmuş və qətnamə üzrə müəyyən olunan borcu ödəməməklə ipoteka ilə yüklü edilmiş əmlakın borcun qarşılığında hərracda satılmasına könüllü olaraq razı olması iradəsini ifadə etmiş olur. Yəni artıq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcun ödənilməməsi onu deməyə əsas verir ki, Cavabdeh necə ki, əmlakın hərracda satılmasını qəbul etdiyini ifadə edir, eləcə də əmlakın boşaldılmasını da qəbul etmiş olur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1, mənzil 222 mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın ********** qeydiyyat nöməsi ilə 15 fevral 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 001-14/04- AL/23 saylı qiymətləndirmə hesabatından görünür ki, X1 və Azərbaycan Respublikasının Milli Qiymətləndirmə Standartlarının tələbləri, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdırıcı şərtlər nəzərə alınaraq daşınmaz əmlakın icarəsi ilə bağlı geniş bazar araşdırması aparılmış və 15 fevral 2023-cü il tarixdən 14 aprel 2023-cü il tarixədək aylıq 800 manat olmaqla, ümumilikdə 1600 manat təşkil edir. Yəni əmlakın banka məxsus olması və həmin əmlakın kirayə haqqının hesablanması barədə müstəqil qiymətləndiricinin təqdim etdiyi rəyin mötəbər sübut kimi məhkəmə tərəfindən qiymətləndirilməməsini də iddiaçı tam əsassız hesab edir. Qeyd olunanların hamısına həm hüquqi, həm faktiki baxımdan qiymət verərək, hal-hazırda banka məxsus əmlakı qeyri-qanuni heç bir rəsmi əsası olmadan istifadə etdiyinə görə borclu Cavabdeh qarşı iddia təmin olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə verərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(017)-1548/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı ASC cavabdehə qarşı mülkiyyətində olan mübahisəli mənzildən kirayə müqaviləsi əsasında istifadə etdiyindən hesab edir ki, kirayə haqqı olaraq hər ay üçün 800 manat, 2 ay üçün isə cəmi 1600 manat pul ödəməlidir. Lakin cavabdeh qeyd olunan pul məbləğini ödəmədiyindən İddiaçı ASC maddi ziyana məruz qalmışdır. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(106)-427/2023 saylı qətnaməsinin məzmunundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə Əliyev Rahib Zakir oğlundan və Cavabdeh 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 199976,79 manat məbləğində əsas kredit borcu, 49643,91 manat məbləğində faiz borcu, 10000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 259620,70 manat məbləğində borc pulun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 60 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, Əliyev Rahib Zakir oğlunun mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən, üç otaqlı, 158,89 kv.m ümumi, 72,31 kv.m yaşayış, 86,58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin likvid dəyərinin 212643 manat olmaqla, açıq hərracda satılması və satışdan əldə olunan puldan borcun ödənilməsi üçün İddiaçı ASCnin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin likvid dəyərinin 106328 manat olmaqla, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunan puldan borcun ödənilməsi üçün İddiaçı ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Əliyev Rahib Zakir oğluna məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən, üç otaqlı, 158,89 kv.m ümumi, 72,31 kv.m yaşayış, 86,58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan bir ay sonra Əliyev Rahib Zakir oğlunun və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Əliyev Rahib Zakir oğlu və digər şəxslərin həmin mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan bir ay sonra Cavabdeh və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, cavabdehlər Əliyev Rahib Zakir oğlundan və Cavabdeh müştərək qaydada 50 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(106)-427/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdəki qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********95- 05301-093142 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 79,45 kv.m olan 222 nömrəli mənzil 15 fevral 2023-cü ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdəki "xxxx" MMC-nin İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b-də yerləşən 222 saylı mənzilin icarə dəyəri ilə bağlı 001-14/04-AL/23 nömrəli qiymətləndirmə hesabatından görünür ki, həmin daşınmaz əmlakın xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək icarəsi aylıq 800 manat olmaqla, ümumilikdə 1600 manat təşkil edir. Beləliklə, iş materiallarından da görünür ki, hazırda iddiaçının mülkiyyətində olan mübahisəli mənzil - Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 79,45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzili əvvəlcə Cavabdeh mülkiyyətində olmuş, lakin sonra onunla Əliyev Rahib Zakir oğlunun kredit müqaviləsi üzrə yaranmış borcun Ağcabədi Rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə onlardan tutulması, tutmanın isə ipoteka predmeti olan mənzillərə yönəldilməsi qət edilmiş, bundan sonra həmin mənzil iddiaçı tərəfindən əldə edilmiş və həmin mənzil 15 fevral 2023-cü ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bu Qanun Azərbaycanda bank fəaliyyətinin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bankların stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir. “Banklar haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşmakassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, bankların fəaliyyəti fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsindən, öz adından və öz hesabına kreditlərin verilməsinin, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarının məcmu halda həyata keçirilməsindən ibarətdir. Lakin hazırkı iddia tələbində İddiaçı ASC cavabdehdən bankın mülkiyyətində olan mənzildən kirayə müqaviləsi üzrə istifadəyə görə kirayə haqqı tələb edir. Hansı ki bankın bu fəaliyyət növü ilə məşğul olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(017)- 1548/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(017)-1548/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar