Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1531/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(050)-2534/2024 saylı qərardadından (hakim Zeynal Zeynalov) iddiaçı Bank "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 9 iyun 2023-cü il tarixli, RP-00268-16/23A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 9669.84 manat əsas borc, 561 manat faiz borcu, 147.37 manat dəbbə borcu olmaqla, ümumilikdə 10378.21 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 122 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(050)-2534/2024 saylı qərardadı ilə iddiaçı Bank "BTB” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmışdır. Qərardaddan iddiaçı tərəf şikayət verərək, qərardadın ləğv edilməsini, işin məhkəmənin öz təşəbbüsü ilə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmiş ərizələrində işin aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməsini xahiş etmişlər. Tərəflərindən zəruri sənədlərin yenidən müvafiq kommersiya məhkəməsinə təqdim edilməsi vaxt itkisinə səbəb olacaqdır. Həmçinin, məlumdur ki, işin aidiyyəti üzrə göndərilməsi məhkəmənin səlahiyyətindədir. Bu səbəbdən, hesab edirlər ki, çıxarılmış qərardad ləğv edilməli və işin kommersiya məhkəməsinə göndərilməsi təmin edilməlidir. Məhkəmə öz təşəbbüsü ilə işi aidiyyəti üzrə göndərməli olmasına baxmayaraq, bunu etməmişdir. Şikayətə baxılmış, Masallı Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, e- 2(050)-2534/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəf məhkəməyə ərizə göndərərək, ərizəsində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə şikayətin dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehlərin şikayətə qarşı hər hansı etirazı və yaxud da, işə məhkəmə iclasında baxılması ilə bağlı hər hansı vəsatəti məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1.6-cı maddəsinin qeyd hisəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, elektron sistemdən çıxarışa əsasən Cavabdeh3 vergi ödəyicisi kimi VÖEN ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 9 iyun 2023-cü il tarixli, RP-00268-16/23A saylı müqavilədən görünür ki, kredit müqaviləsi RH-00060/16/21 saylı kredit müqaviləsinin bağlanması təyinatlıdır. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli, RH-00060/16/21 saylı müqavilədən görünür ki, kredit müqaviləsi xx.xx.2019-cu il tarixli, MK-00045-16/19A saylı müqavilənin bağlanması təyinatlıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, MK-00045-16/19A saylı müqavilədən görünür ki, kreditin təyinatı Dövriyyə vəsaitlərinin artırılması məqsədlidir. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1 -ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Birinci instansiya məhkəməsi iddiaçının hüquqi şəxs və cavabdehlərdən Cavabdeh3 vergi ödəyicisi olan fiziki şəxs olduğunu, eyni zamanda kreditin dövriyyə artırılması məqsədilə verildiyini nəzərə alaraq, iddia ərizəsini geri qaytarmış, aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etməsini iddiaçı tərəfə bildirmişdir. İddiaçı isə işin aidiyyəti üzrə göndərilməsinin işin yubanmasına gətirib çıxaracağı əsası ilə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfin iddianı aidiyyəti üzrə düzgün məhkəməyə verməməsi iddiaçının təqsiri ucbatından baş vermişdir. Belə olan halda da, məhkəmənin aidiyyət qaydalarını pozaraq, birinci instansiya məhkəməsinin doğru qənaətə gəldiyi qərardadı ləğv etməsi və işi aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərməsi üçün əsas ola bilməz. İddiaçı tərəfin şikayətinin dəlili qanunvericiliyin tələblərinə uyğun deyil və buna görə də, əsaslı hesab edilə bilməz. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(050)-2534/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1531/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1531/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver