Məhkəmə qərarları › İş №2(106)-1533/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1533/2024

20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1533/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1695/2024 saylı, 04 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş 15 fevral 2015-ci il təvəllüdlü X2 və 03 sentyabr 2016-cı il təvəllüdlü X1 ötrü alimentin artırılaraq hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin Cavabdeh tutularaq hər ay iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(049)-1695/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Murad Aslanov) iddia qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(049)-460/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 15 fevral 2015-ci il tarixdə doğulmuş X5 və 03 sentyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, hər ay iki uşağa görə hər ay cəmi 360 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iş üzrə ödənilmiş mediasiya xərci 60 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Bundan sonra 05 iyun 2024-cü ildə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işsiz olması nəzərə alınaraq apellyasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(049)-1695/2024 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(049)-1695/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi məqsədi ilə apellyasiya şikayətinin tərtib edilməsi üçün Cavabdeh dövlət hesabına vəkillə təmin edilməsi, Cavabdeh vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi, qərardadın icra edilməsi üçün Lənkəran rayon Vəkil Bürosuna göndərilməsi qərara alınmışdır. Bundan sonra 01 avqust 2024-cü ildə cavabdeh Əskərov X4 Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(049)-1695/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı işin hallarından göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi 04 iyun 2024-cü il tarixində qəbul edilmiş, həmin qətnamədən məlumatlı olan cavabdeh 05 iyun 2024-cü ildə apellyasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə vermiş, həmin ərizəyə baxılmasına dair məhkəmə iclası 27 iyun 2024-cü ildə keçirilmiş və həmin məhkəmə iclasında cavabdeh də iştirak etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən hazırda mübahisələndirilən qətnamə ən geci 27 iyun 2024-cü ildə əldə olunmuşdur. Lakin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən 01 avqust 2024-cü ildə yerləşdirilmiş, bununla da, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Lakin cavabdeh tərəfindən müddətin ötürülməsinə baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də əlavə olunmamışdır. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, cavabdeh apellyasiya şikayətinin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, onun tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, 31 iyul 2024-cü il tarixində apellyasiya şikayətinin verilməsinə görə 17,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsindən də göründüyü kimi, o, qiymətləndirilən iddialara aiddir və əvvəllər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılmasına yönəlmişdir. MPM-in 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İş materiallarında surəti olan Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(049)-460/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh iki uşağın saxlanılması üçün ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda isə İddiaçı həmin aliment məbləğinin artırılaraq, iki uşağa görə ümumilikdə 470 manat məbləğində alimentin tutulmasını xahiş edir. MPM-in 112.1.6-cı maddəsinə uyğun olaraq isə belə olan halda iddianın qiyməti 2760 manat ((470 manat - 240 manat)×12 ay=2760 manat) təşkil edir. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətinin ödənilməsinə görə dövlət rüsumunun məbləği birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsinin qiymətinə deyil, ümumi iddia tələbinin qiymətinə uyğun hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətinin verilməsinə görə 23,8 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, cəmi 17,2 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-in 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1695/2024 saylı, 04 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar