Məhkəmə qərarları › İş №2(106)-1534/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1534/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1534/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1307/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32500 (otuz iki min beş yüz) manat məbləğində pulun və ödədiyi 201 (iki yüz bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Aftandil oğlu Notariat ofisində onunla 17 oktyabr 2023-cü il tarixdə kredit müqaviləsi bağlayaraq ondan 32.500 (otuz iki min beş yüz) manat pul almışdır. Həmin kredit müqaviləsi Notariat Ofisində təsdiq edilmişdir. Cavabdeh 17 oktyabr 2024-cü il tarixədək borcunu qaytarmasına öhdəlik götürmüşdür. Cavabdeh borc almış olduğu pulun qaytarılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə qəbul etdiyi öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də onunla cavabdeh arasında bağlanılmış 17 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə xitam verilməli və Cavabdeh 32500 (otuz iki min beş yüz) manat pul tutularaq ona ödənilməlidir. Sonradan iddiaçı məhkəməyə ərizə ünvanlayaraq 2(036)-1307/2025 saylı iş üzrə iddia tələbini dəqiqləşdirərək 27500 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1307/2025 saylı qətnaməsi (hakim: O.Mahmud) ilə iddia təmin edilmiş, Cavabdeh borc olaraq alınmış 27500 (iyirmi yeddi min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun 172,5 manat hissəsinin əvəzi olan 172.5 (yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan xx.xx.2023-cü il tarixli notariat qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 32500 manat məbləğində kredit - borc faizsiz xx.xx.2024-cü il tarixədək qaytarmaq şərt ilə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli, 674 nömrəli məktubdan görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 32500 manat məbləğində pulun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayonu 2 saylı notariat ofisinin məktubu əsasında Cavabdeh verilməsi üçün "xxxx" ASC-də olan **********00002AZM68 nömrəli depozit hesabına qəbul olunması xahiş edilmişdir. İş materiallarında olan xəzinə mədaxil orderi xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 674 nömrəli məktuba əsasən 32500 manat pul vəsaiti X1 tərəfindən Cavabdeh verilməsi üçün notarius X3 depozit hesabına təhvil verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh Aftandil oğlu notariat ofisində onunla 17 oktyabr 2023-cü il tarixdə kredit müqaviləsi bağlayaraq iddiaçıdan 32.500 (otuz iki min beş yüz) manat pul almışdır. Həmin kredit müqaviləsi Notariat Ofisində təsdiq edilmişdir. Cavabdeh 17 oktyabr 2024-cü il tarixədək borcunu qaytarmasına öhdəlik götürmüşdür. Cavabdeh borc almış olduğu pulun qaytarılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, cəmi 5000 manat pul ödəmiş və müqavilə üzrə qəbul etdiyi öhdəliyini vaxtında icra etməmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh borc aldığı 27500 manat pul vəsaiti iddiaçıya qaytarmalıdır. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən, 201 manat dövlət rüsumunun 172,5 manat hissəsi cavabdehdən alınıb dövlət nəfinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 739.3, 742.1, 385.1, 442, 445.1, 445.4, 528, 529.1, 529.6-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı Mülki Prosessual Məcəllənin 52.2, 88, 106.3, 119.1, 119.4, 124.1, 191.3, 217.4, 220.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, tərəflər arasında Abşeron rayonu 2 saylı Notariat ofisində 17 oktyabr 2023-cü il tarixdə kredit müqaviləsi bağlayaraq 32.500 (otuz iki min beş yüz) manat pulun borc verilməsinə dair müqavilə bağlanmışdır. Qeyd edilən borcun 14715 (on dörd min yeddi yüz on beş) manatı iddiaçıya qaytarılmışdır. Lakin buna baxmayaraq iddiaçı geridə qalan 17785 manat pulun deyil, 32.500 (otuz iki min beş yüz) manat pulun geri qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmiş, ödənilmiş pulla bağlı heç bir qeyd etməmişdir. Məhkəmə prosesinin gedişi zamanı iddiaçı nədənsə iddia tələbini dəyişmiş və onun tərəfindən 5000 (beş min) manat pulun ödəndiyini bildirmişdir. Beləliklə aydın olmuşdur ki, əslində real borc 32.500 (otuz iki min beş yüz) manat deyil. İddiaçı da bunu bilir, lakin məhkəməyə düzgün məlumat verməmiş, real borcun 17785 manat olduğunu gizlətmış və etiraf etməmişdir. Hesab edir ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə görə ödədiyi 14715 (on dörd min yeddi yüz on beş) manat nəzərə alınmamışdır. Qanunvericilik sübut qismində yazılı və maddi sübutları, ekspertlərin rəylərini, yerində müayinə keçirməni, səs və video yazılarını, şahidlərin ifadələrini sübut kimi mötəbər sayır. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçının real borcun 32500 manat deyil, 27500(iyirmi yeddi min beş yüz) manat olmasını etiraf etməsi sübut kimi qiymətləndirsə də, onun real borcunun əslində 17785 manat olduğu məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ona görə də İmişli Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(036)-1307/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. İddiaçı ona kirayə hissələr verib. Sonradan onun dırnağarası şərikinə demişdir ki, bu hissələri özündə saxlasın məhkəmə bitdikdən sonra qaytarar. 155000 manata sata bilmədiyi evi ona 225000 min manata satmışdır. Evin pulunu ödəmək üçün bankdan kredit götürmüşdür. Sonradan şərikin özünə olan borcunu da ondan istəmişdir. O verilən ehtiyat hissələrini görməmişdir. Ondan tələb etmişdir ki, ya 40.000 manat pulu versin ya da ki onu şikayət edib tutduracaq. Sonradan ona demişdir ki, gəl müqavilə bağlayaq hissələrin pulunu kredit kimi verərsən. Amma o, sonradan hissələri görəndə bilmişdir ki, onların hamısı 40.000 manatlıq deyildir. Amma onu aldadıb baha qiymətinə satmışdır. Bu günki gündə 17 min manat borcu vardır. Hissələrin pulundan isə 7.500 manat ödəmişdir. Qarşılıqlı iddia qaldıra bilməməsinin səbəbi o zaman yaranan bu vəziyyətlə əlaqədar nə edə biləcəyini bilməmişdir. Çünki həmin vaxt pis vəziyyətdə olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir. Cavabdehin dediklərinin hamısı absurd və yalandır. O evini satmaq istəyirdi və o zaman cavabdeh ondan evin ona satılmasını istəmişdir və o da 1 illik müqavilə bağlamışdır. 1 il müddətinə evin pulunu ödəyib qurtaracaqdı, lakin gecikdirirdi. Notariat orqanında 32.500 min manat borc pul vermişdir və imzası da vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(036)-1307/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 1307/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32500 (otuz iki min beş yüz) manat məbləğində pulun və ödədiyi 201 (iki yüz bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək 27500 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh Aftandil oğlu notariat ofisində iddiaçıyla 17 oktyabr 2023-cü il tarixdə kredit müqaviləsi bağlayaraq iddiaçıdan 32.500 (otuz iki min beş yüz) manat pul almışdır. Həmin kredit müqaviləsi Notariat Ofisində təsdiq edilmişdir. Cavabdeh 17 oktyabr 2024-cü il tarixədək borcunu qaytarmasına öhdəlik götürmüşdür. Cavabdeh borc almış olduğu pulun qaytarılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, cəmi 5000 manat pul ödəmiş və müqavilə üzrə qəbul etdiyi öhdəliyini vaxtında icra etməmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf etmişdir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh borc aldığı 27500 manat pul vəsaiti iddiaçıya qaytarmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli notariat qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 32500 manat məbləğində kredit - borc faizsiz xx.xx.2024-cü il tarixədək qaytarmaq şərt ilə verilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, cavabdeh aldığı pulu qaytarmadından, iddiaçı ona qarşı borcun qaytarılmasını tələb etmişdir. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740, 528, 529.1-ci maddələri təşkil edir. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1-ci borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı-borcverən müəyyənləşdirilmiş borc pulu cavabdehə-borcalana vermiş, cavabdeh isə aldığı borc pulu müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərlərinə götürmüş olsa da, buna lazımınca əməl etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi tərəflər arasında borc münasibətinin olması, yəni cavabdehin iddiaçıdan qaytarmaq şərti ilə pul alması işin mübahisəsiz halıdır. Mübahisəli hal yalnız həmin borca görə qaytarılan vəsaitdir İddiaçı cavabdehdən pul tələbinin əsası kimi xx.xx.2023-cü il tarixli notariat qaydada bağlanmış kredit müqaviləsinə istinad etmiş və göstərmişdir ki, onun tərəfindən Cavabdeh Afqandil oğluna 32500 manat məbləğində pul verilmişdir. İddiaçı birinci instansiya məhkəməsində tələb etdiyi borc verilmiş məbləğdən 5000 manat pulun cavabdeh tərəfindən ona qaytarıldığını bildirmişdir. Cavabdeh isə apellyasiya şikayətində qeyd olunan kredit müqaviləsinə əsasən götürdüyü pulun 14715 manatını iddiaçıya qaytadığını və geridə 17785 manat borcunun qaldığını iddia etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. İş materiallarında olan (səhifə 41) məhkəmə iclas protokoluna nəzər yetirilərkən aydın olur ki, cavabdeh verdiyi izahatında 27500 manat borcunun olmamasını, borc məbləğinin daha az olmasını mübahisələndirməmiş, verdiyi izahatında 27500 manat pul vəsaitini birdəfəyə ödəməyə imkanının olmadığını və hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, bu izahat borcun məbləğini qəbul etmə (etiraf etmə) mənasına gəlir. Çünki cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında 27.500 (iyirmi yeddi min beş yüz) manat məbləğində borcun mövcudluğunu inkar etməmiş, əksinə, həmin məbləği birdəfəyə ödəməyə maddi imkanının olmadığını, borcun hissə-hissə ödənilməsini xahiş etdiyini bildirmişdir. Lakin əsas diqqət yetirilməli olan məqam odur ki, hazırki iş üzrə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, borcun qaytarılması faktı sübutetmə vəzifəsinin daşıyıcısı kimi cavabdehin üzərinə düşür. Belə ki, iddiaçı tərəf iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etmişdir.Cavabdeh tərəf isə apellyasiya şikayətində qeyd etdiyi dəlilləri, yəni iddiaçıya ödəmiş olduğu pul məbləğlərinə dair sübut təqdim etməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, kredit müqaviləsinə əsasən 14715 manat pulun iddiaçıya qaytarılmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 1307/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1307/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar