Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1537/2025 13.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və çəkilmiş xərclərin ödənilməsi” dair mülki iş üzrə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-03/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 oktyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və çəkilmiş xərclərin ödənilməsi” dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2012-ci il tarixli 64/12/PB/PK saylı kredit müqaviləsinə əsasən 320,72 manat əsas, 1207,31 manat hesablanmış faiz, cəmi 1528,03 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(032)03/2022 saylı qətnaməsi ilə (X3) iddia qismən təmin edilərək Cavabdeh1 30,72 manat əsas borcu, 692,74 manat faiz borcu, cəmi 1013,46 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı BOKT ASC-yə verilməsi, Cavabdeh1 iş üzrə məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyəri 120 manat alınaraq dövlət nəfinə köçürülməsi, İddiaçı BOKT ASC-nin kredit müqaviləsi üzrə borcun tutulması və çəkilmiş xərclərin ödənilməsi barədə iddianın Cavabdeh2 nisbətdə təmin edilməməsi qət edilmişdir.. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmamışdır. Bildirişlər cavabdehin müvəqqəti qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından bildirişlər geri qayıtmış və bu barədə qətnamədə də qeyd olunmuşdur. İddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür. Cavabdehin də məhkəmə iclasından məlumatsız olması səbəbindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilə bilməmişdir. Odur ki, cavabdeh Şirvan Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(032)03/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia müddəti ötürüldüyünə görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçının nümayəndəsinə və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Şirvan Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(032)03/2022 saylı qətnaməsini Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etməktələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı işin faktiki halları tərəflərin qarşılqılı münasibətinə uyğun qiymətləndirməmiş, maddi hüquq normalarını səhv təvsir və tətbiq etmiş, nəticədə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 64/12/PB/PK saylı kredit (borc) müqaviləsindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 30% olmaqla 24 ay müddətinə 5000 manat kredit verməyi, borc alan isə vaxtı-vaxtında təqdim edilmiş cədvəl üzrə borcu və faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 175/12/PB saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli 64/12/PB/PK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ərizəyə əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2012ci il tarixli 64/12/PB/PK saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə 320,72 manat əsas borc, 1207,31 manat hesablanmış faiz, cəmi 1528,03 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 24 ay müddətinə, illik 30% ödəmək şərti ilə 5000 manat məbləğində kreditin verilməsinə dair 64/12/PB/PK №-li, xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. Daha sonra tərəflər arasında olan kredit müqaviləsinin təminatı olaraq İddiaçı BOKT ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli 175/12/PB saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 xx.xx.2012-ci il tarixli 64/12/PB/PK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə münasibətlər xx.xx.2012-ci il tarixli Kredit Müqaviləsindən yaranmış və kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi üçün 24 ay müddət müəyyən edilmiş və bununla da öhdəliyin icrasının son müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. Buna baxmayaraq iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar xx.xx.2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 2013-cü ildən Şirvan şəhərindən daimi yaşamaq üçün Bakı şəhərinə köçmüş, 2018-ci ildə Şirvan şəhərindən daimi qeydiyyatdan çıxmış və Bakı şəhərində daimi qeydiyyata düşmüşdür. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmamışdır. Bildirişlər cavabdehin müvəqqəti qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından bildirişlər geri qayıtmış və bu barədə qətnamədə də qeyd olunmuşdur. İddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür. Cavabdehin də məhkəmə iclasından məlumatsız olması səbəbindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilə bilməmişdir. Hazırda cavabdeh iddia müddəti tətbiq edilməklə qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində əsas dəlili kimi iddia müddətinin tətbiqi ilə bağlı qeydlərinə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərildiyi kimi “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə yaxud apellyasiya icraatı zamanı verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” 12 iyun 2005-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərini nəzərə almaqla qeyd etməyi vacib hesab edir ki, yeni sübutların apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilməsi üçün aşağıdakı halların mövcud olması zəruridir: işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin həmin sübutları təqdim etmək imkanının olmadığının sübut edilməsi; yeni sübutların aidiyyət və mümkünlük tələblərinə cavab verməsi; apellyasiya məhkəməsinin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini üzrlü hesab etməsi. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edilib yeni qətnamə qəbul edərkən, dispozitivlik və çəkişmə prinsiplərinin tələbləri və apellyasiya baxışının hədləri çərçivəsində, aşkar edilmiş məhkəmə səhvlərinin aradan qaldırılması üçün bütün prosessual hüquqi imkanlardan istifadə etməlidir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasları barədə lazımı qaydada məlumatlandırılmamış, bildirişlər cavabdehin müvəqqəti qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından bildirişlər geri qayıtmış və bu barədə qətnamədə də qeyd olunmuşdur. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən üç illik iddia müddəti ötürülmüşdür. Cavabdehin də məhkəmə iclasından məlumatsız olması səbəbindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilə bilməmiş və iddia müddətinin tətbiqi barədə ərizənin təqdim edilməsi imkanından məhrum olmuşdur. Ona görə də kollegiya hesab edir ki, İddiaçı BOKT ASC iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyinindən və Cavabdeh1 iddia müddətinin tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən iş üzrə iddia müddəti tətbiq edilməklə qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. Həmçinin iş materiallarından görünür ki, digər Cavabdeh2 münasibətdə zaminlik müqaviləsi üzrə iddia müddəti keçdiyindən iddia həmin cavabdehə münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-03/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti 1528,03 manat, yəni beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-03/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və çəkilmiş xərclərin ödənilməsi” dair iddiası təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1537/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1537/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver