Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1538/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə Babalı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1526/2024 saylı 20 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17000 manat pulun və hər gecikdirilmiş il üçün illik 5% pulun alınıb ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 onun arvadı olmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində nikahları qeyd olunmuş və yaşadıqları dövrdə övladları olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-176/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə olarkən X1 atası cavabdeh Əliyev X5 şəhəri Vidadi küçəsi ev 53 ünvanında özünə məxsus evin olduğunu bildirmişdir. Özü ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığından ona bildirmişdir ki, adıçəkilən evini ona sata bilər. O, cavabdehlə razılaşaraq hissə-hissə pulu ödəməklə evi keçmiş qayınatasından almışdır. Ona görə də, cavabdehə telefon vasitəsilə “WhatsApp” ani mesajlaşma sosial şəbəkəsinə aid çıxarışda “onun sizə ev pulundan 17000 manat borcu qaldı, onu da sizə ən qısa müddətdə qaytaracam” sözlərini göndərmişdir. Evin ümumi dəyəri 34000 manat qiymətləndirilmişdir. Lakin keçmiş qayınatası Cavabdeh tərəfindən həmin ev ünvan 1 ünvanında olan ev ona verilməmiş və cavabdehdə onun 17000 manat pulu qalmışdır. Hal-hazırda həmin məbləği cavabdehdən tələb edir və bunu Şahid da təsdiq edə bilər. Lənkəran Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(049)-1526/2024 saylı qətnaməsi ilə (hakim Anar Pənahov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 141,4 dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunması və iddianın tam təmin olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: Lənkəran Rayon Məhkəməsinin 2(049)-328/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər İddiaçı Çakir qızı, X6 və X4 qarşı qızıl-zinət əşyaları, cehiz əmlakı və birgə yaşayış dövründə əldə edilmiş mənzildə payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-591/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsinin 39-cu bəndində qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası cavabdehin qaynatası Nurəddinə məxsus Lənkəran şəhərində yerləşən evi 34000 manata alması ilə bağlı razılaşmaya tənqidi yanaşır və hesab edir ki, qeyd edilən 34000 manat pul vəsaiti məhz Nurəddinin qızı Xəyaləyə hədiyyə etmiş olduğu pul vəsaitidir. Belə ki, belə qısa zamanda cavabdeh İddiaçı 2 mənzili əldə edə bilməzdi. Çünki İddiaçı kollegiyanın iclasında bildirmişdir ki, Ford avtomobili ilə yük daşımaqla ayda 200-300 manat qazanc əldə edir.” Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, İddiaçı onun dayısı oğludur. İli, ayı və gününü dəqiq xatırlamadığı tarixdə Orxan ona zəng edərək 3000 manat pul istəmiş və həmin pulun ona xeyir iş üçün lazım olduğunu bildirmişdir. Təxminən 1 saat yarım sonra Orxan onlara gəlmiş, o, 3000 manatı Orxana vermiş və onlar birlikdə Orxanın qaynatası olan Nurəddinin evinə getmişlər. Orxan həmin vaxt 17000 manat pulu Nurəddinə vermişdir və söhbət əsnasında o, başa düşmüşdür ki, Nurəddin özünə məxsus olan evi Orxana satır və pul həmin evin qarşılığında ona verilir. Evin qiymətini 34000 manata razılaşdıqlarını bilmişdir. Nurəddin qeyd etmişdir ki, o, onsuz da Rusiyada yaşayır və Azərbaycana qayıtmayacaq, gələndə evi Orxanın adına rəsmiləşdirəcək. Sonradan Orxanın ailəsi dağılmışdır, Nurəddin isə Orxanın pulunu qaytarmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-591/2024 saylı qərarından görünür ki, cavabdehin qızının nümayəndəsi vəkil tərəfindən İddiaçı tərəfindən cavabdehə göndərilmiş SMS sübut növü kimi təqdim edilmişdir. Göründüyü kimi, 17000 manat pulun İddiaçı tərəfindən cavabdehə göndərilməsi cavabdehin özü tərtəfindən təsdiq olunmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsində iddia tərəfindən Şahid da İddiaçı sözlərini təsdiq edən ifadələr vermişdir. Lakin Lənkəran Rayon Məhkəməsinin hakimi öz şəxsi mülahizələrini əsas götürərək qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı adına alınmış evin pulunu atası Şakir tərəfindən ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-591/2024 saylı qərarında öz təsdiqini tapmışdır. Digər tərəfdən ünvan 2 ünvanda evin alınması ilə əlaqədar 17000 manat pulu İddiaçı Xəyalə Əlizadə ilə ailə qurandan 2 il sonra keçmiş arvadının atasına - cavabdehə ödəmişdir və cavabdeh bu barədə olan SMS yazışmasını məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə Babalı oğlu əvvəlki məhkəmə iclasında bildirmişdir ki, onda iş üzrə sübut olaraq yalnız qəbz və şahid ifadəsi mövcuddur. Bundan əlavə, “WatsApp” yazışmalarından da görünən odur ki, cavabdeh “17000 manat borcum qalmışdır, onu da verəcəm” deyə bildirmişdir. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə cavabdehin qızı nikaha daxil olduqdan 1 ay sonra ev alınmışdır. İddiaçının cavabdehə 17000 manat məbləğində borcunun olması ilə bağlı mesajını təsdiq edən sənədləri cavabdeh təqdim etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən evin alınması ilə bağlı 34000 manat ödəmək şərtilə cavabdehlə aralarında razılıq əldə olunmuşdur. Alğı-satqı müqaviləsi olmasa da, evin alınması üçün 17000 manat məbləğində vəsait ödəmişdir. Bundan sonra cavabdehin qızı ilə aralarında olan münasibət pozulmuşdur. İddiaçı ilə cavabdehin qızı arasında nikah münasibətləri pozulduqdan sonra cavabdeh qisas almaq məqsədilə ona verilmiş 17000 manat məbləğdə vəsaiti qaytarmaqdan imtina etmişdir. Bundan sonra cavabdeh iddiaçının evin alınması ilə bağlı vermiş olduğu 17000 manat məbləği almasını inkar etmişdir. Dəfələrlə ona 17000 manat məbləğində borcunun olduğunu bildirsə də, cavabdeh bunu qəbul etməmişdir. Mübahisə predmeti olan ev hal-hazırda da cavabdehin mülkiyyətindədir. 17000 manat məbləğində pulun cavabdehə evin alınması ilə bağlı ödəməsi faktını təsdiq edən sübut yalnız şahid ifadəsidir. Belə ki, iddiaçının həmin vaxt 14000 manat məbləğində vəsaiti olmuş, 3000 manat məbləğində vəsaiti isə tanışı Şahid əldə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Lənkaran Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(049)-1526/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən – təmin edilən hissədə yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən ona yaranmış borcuna dair 17000 manat pul vəsaitini tələb edir. İddiaçı cavabdehin ona olan həmin borcunun ev alqı-satqısı zamanı borcundan yarandığını əsaslandırır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə məhkəməyə həmin halları sübut etmək üçün heç bir mötəbər sübut, məsələn, qəbz, müqavilə, iltizam və s. məhkəməyə təqdim etməmişdir. Hazırda iddia tələbində qeyd edilən 17000 manat borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid ifadəsində cavabdehin iddiaçıya borcunun olduğunu bildirməklə, həmin pulun iddiaçı tərəfindən dəqiq hansı tarixdə (il, ay, gün) cavabdehə ödənildiyini göstərə bilməmişdir. Eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi məhkəmədə istinad etdiyi onun tərəfindən “WhatsApp” ani mesajlaşma sistemində yazılmış mesajın da hansı tarixdə, kimin tərəfindən və kimə yazıldığı və mesajın mətnində qeyd edilən “evin pulundan borca dair qeyd edilmiş 17000 manat vəsaitin” məhz hansı xüsusata dair (hansı evin, hansı razılaşmaya aid və s.) borc olduğuna dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Lənkaran Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(049)-1526/2024 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkaran Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(049)-1526/2024 qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1538/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1538/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver