Məhkəmə qərarları › İş №2(106)-1538/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1538/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1538/2025 28.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, İmişli Rayon Мəhkəməsinin 15 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı (MMC) Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan vurulmuş ziyana görə 4199.08 (dörd min yüz doxsan doqquz tam yüzdə səkkiz) manat borcun və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı MMC ilə bağlanmış xx.xx.2023cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh arasında satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli 343 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2024-cü il il tarixli 143-X saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin– OBA Sulutəpə 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin MMC-yə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli “İnventarizasiya nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5504 (beş min beş yüz dörd) manat 19 (on doqquz) qəpik məbləğində müəyyən edilmişdir. İnventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, cavabdeh iltizamnaməyə imza atmaqla kəsir qalan mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 4199 (dörd min bir yüz doxsan doqquz) manat 08 (səkkiz) qəpik borc qalmışdır. Beləliklə Cavabdehnın hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 4199 (dörd min bir yüz doxsan doqquz) manat 08 (səkkiz) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. İmişli Rayon Məhkəməsinin (hakim O.Mahmud) 15 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “Tam maddi məsuliyyət haqqında müqavilə”ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “Tam maddi məsuliyyət haqqında” müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi tam maddi məsuliyyət daşıyır. Cavabdehin iş fəaliyyətinin yoxlanması məqsədilə onun barəsində xx.xx.2024-cü il tarixində inventarizasiya yoxlaması həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği məbləği 5504 (beş min beş yüz dörd) manat 19 (on doqquz) qəpik məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 5504 (beş min beş yüz dörd) manat 19 (on doqquz) qəpik çatışmamazlıqdan, müvafiq güzəştlər tətbiq edildikdən sonra yekun olaraq cavabdehin şirkət qarşısında 4199 (dörd min bir yüz doxsan doqquz) manat 08 (səkkiz) qəpik borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Prosessual məsələlər Tərəflər məhkəmə baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işdə iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh arasında satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli 343 saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən MMC-nin Satış Departamentinin Satış şöbəsinə administrator işə qəbul edilmiş və əmək haqqı ştat cədvəlinə əsasən 390 manat təşkil etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 143-x saylı əmrdən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixindən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflədən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmişdir. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli Arayışa görə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil- təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 5504.19 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 4199.08 (dörd min yüz doxsan doqquz manat səkkiz qəpik) AZN borc qalmışdır. Beləliklə, Cavabdeh 23 yanvar 2025-ci il tarixinə “OBA Market" MMC- ə olan ümumi borcu 4199.08 (dörd min yüz doxsan doqquz manat səkkiz qəpik) AZN təşkil edir. "xxxx" MMC-nin İnventarizasiya komissiyasına Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamnamədən görünür ki, cavabdeh sayımda iştirak etmişdir, sayım qaydalara uyğun keçirilmişdir. xx.xx.2024-cü il tarixli “İmtina aktı”ndan görünür ki, İddiaçı MMC-nin Oba – Sulutəpə 3 (500) mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksik gəlmələrin (-5504.19 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. "xxxx" MMC-nin Daxili Nəzarət Departamenti Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda göstərmişdir ki, "xxxx" MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və 4199.08 (dörd min yüz doxsan doqquz manat səkkiz qəpik) manat əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, "xxxx" MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatım aparmalıdır. 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. İddiaçı MMC tam maddi məsuliyyət haqqında müqaviləyə əsaslanaraq cavabdehdən ziyan tələb etmişdir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən:

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

Əmək Məcəlləsinin 192-ci maddəsinin tələblərinə görə:

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

İşçinin tam maddi məsuliyyətini tənzimləyən Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci bəndinə əsasən: İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ... Qanunun tələbinə görə, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. (Əmək Məcəlləsi, maddə 203). Kollegiya qeyd edir ki, vurulmuş ziyan tələbinin təmin edilməsi üçün, mövcud ziyan ortada olmalı, ziyan cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddianı sübut etmək üzrə sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Mövcud ziyanın cavabdeh tərəfindən vurulduğunu sübuta yetirmək iddiaçının üzərindədir. İddiaçı ona dəyən ziyanı tələb edərkən inventarizasiya nəticələrinə dair müvafiq aktlara istinad etmişdir. İddiaçı inventarizasiya yoxlaması nəticələrinə dair xx.xx.2024-cü tarixli aktı təqdim etmişdir. Akta görə, İddiaçı MMC-nin “Oba – Sulutəpə 3” mağazasında əskik gələn malların dəyəri, yəni vurulmuş ziyanın məbləği 4199.08 (dörd min yüz doxsan doqquz manat səkkiz qəpik) manat təşkil edir. İddiaçı tələbinə görə, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin “OBA Sulutəpə 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin MMC-yə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli “İnventarizasiya nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5504 (beş min beş yüz dörd) manat 19 (on doqquz) qəpik məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan əsasların mövcudluğu müəyyən edilmir. Belə ki, məhkəmə araşdırması zamanı zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, təqdim edilmiş sübutlara görə İddiaçı MMC, inventarizasiya nəticələrinə dair aktlarda sadalanan malların cavabdehə təhvil verildiyini və onun məsul olduğu vaxtda və onun təqsiri ilə çatışmazlıq yarandığını sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının əsaslandığı və məhkəməyə təqdim edilmiş aktlar iddianı təmin etmək üçün yetərli deyil. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir, ona görə iddianın təmin edilməməsi barədə məhkəmənin qənaəti doğrudur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kollegiya qeyd edir ki, hazırki halda iddiaçı ona ziyan vurulduğunu, ziyan olduğu halda ziyanın cavabdehin (cavabdehin) qanunsuz hərəkətləri nəticəsində vurulduğunu sübuta yetirmək yükü iddiaçının üzərindədir. İddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. İddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Мəhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(036)-1659/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar