Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1547/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X24 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş şəxslərdən X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 7 yanvar 2024-cü il tarixli 2(053)-42/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, 50000 (əlli min) manat məbləğində pulun və 240 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bacısı oğludur və əvvəllər münasibətləri yaxşı olmuşdur. 2003-cü ildən doğulduğu Salyan rayonunda yaşayır. Həmin ildə iş qurmaq məqsədilə, həmçinin bacısının ailəsinin maddi vəziyyəti çətin olduğundan 1500 manat müqabilində Salyan rayonu, Babacanlı qəsəbəsində bacısının əri Aləddin Axundovun adına 15 hektar torpaq sahəsi almışdır. Bundan bir il sonra, yəni 2004-cü ildə təxminən 25-30 min manat məbləğində vəsait sərf edərək həmin 15 hektar ərazidə süni balıq gölü yaratmış, lakin xəstəliyi ilə bağlı işlərə nəzarət edə bilmədiyi üçün həmin təsərrüfata nəzarət etməyi bacısı oğlu olan cavabdehə tapşırmışdır. Cavabdehlə aralarında olan danışığa əsasən təsərrüfatdan əldə olunacaq gəliri aralarında bərabər şəkildə, iki hissəyə böləcəkləri barədə razılaşmışlar. Süni balıq gölü 2006-cı ildə tam hazır olmuşdur. Cavabdeh təsərrüfatın, yəni süni balıq gölünün birinci ilinin məhsulundan əldə olunmuş gəlirdən ona 4000 manat pul verərək birinci il olduğu üçün gəlirin az olduğunu, gələn ildən isə daha yaxşı olacağını bildirmişdir. Cavabdehə etibar etdiyi üçün bir söz deməmişdir. Növbəti ikinci ildə də cavabdeh eyni qaydada ona 4000 manat pul verərək torpağın zəif olmasını əsas gətirərək, narahat olmamasını, gələcəkdə daha yaxşı olacağını demişdir. 2007-ci ildə 7200 manat qarşılığında Neftçala rayonu, Ərəb Qardaşbəyli kəndi ərazisində 14.5 hektar pay torpaq sahəsini 13 nəfər şəxsdən almış, lakin torpaqlar sahiblərinin adında qalmışdır. Həmin ildə 14.5 hektar ərazidə də təxminən 60-70 min manat xərc çəkərək torpağın bir hissəsində süni balıq gölü yaratmış, qalan hissəsində isə çoxillik bitki olan yonca əkmişdir. Səhhəti ilə əlaqədar nəzarət edə bilmədiyi üçün sahələrə qohumu X4 nəzarətçi qoymuşdur. Bir müddət sonra İlkin işinin öhdəsindən gələ bilmədiyi üçün onu işdən kənarlaşdırmışdır. Bundan sonra həm Salyan rayonunda, həm də Neftçala rayonunda olan təsərrüfatlarının ümumi idarəçiliyni cavabdehə həvalə etmişdir. 2009-cu ildə cavabdeh ona Salyan rayonundakı süni balıq gölündən 20000 manat pul vermiş, eyni zamanda əmisi oğlu Həbibin də onlara şərik olmasını xahiş etmişdir. Onlar birinci ilin məhsulundan əldə olunacaq gəlirdən 25 min manatını onun götürəcəyi, qalıq gəlirin isə 3 hissəyə bölünəcəyi barədə razılığa gəlmişlər. Buna baxmayaraq həmin il cavabdeh ona cəmi 6000 manat, sonrakı illərdə bu qayda ilə 2016-cı ilə kimi ümumilikdə təxminən 11000 manata yaxın pul vermişdir. Bundan sonra isə, yəni 2016-cı ildən etibarən cavabdeh ona təsərrüfatlardan əldə olunmuş gəlirdən hər hansı bir məbləğdə pul verməyib. Cavabdehdən təsərrüfatlardan əldə olunmuş gəlirin ona aid hissəsini tələb etdikdə isə Elməddin ona «vermirəm get məhkəməyə müraciət et» demişdir. Ona görə də və hazırda maddi vəziyyəti çox pis olduğu üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Bunlardan başqa Elməddin ona etibarnamələrin və torpaq aktlarının surətlərini vermiş, əsillərini isə özündə saxlamışdır. Bunu yalnız 2016-cı ildə bilmişdir. Sonradan cavabdeh onun etibarından sui-istifadə edərək əldə etdiyi torpaq sahələrinin müəyyən hissəsini öz adına keçirmiş, qalan hissəsini isə satmışdır. Cavabdehə və digər şəxslərə qarşı torpaq sahəsinin geri qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmış və qeyd etdiyi məsələləri cavabdeh məhkəməyə verdiyi izahatında tam olaraq etiraf etmişdir. Cavabdeh həmin izahatında balıqçılıq təsərrüfatından əldə etdiyi qazancın ona verilən hissəsini təsərrüfatın yaradılması üçün sərf etdiyi pulların qaytarılması kimi qeyd etmişdir. Halbuki həmin təsərrüfatın yaradılması üçün qoyulan pullar onun olduğu üçün qazanc da özünə çatmalı idi. Buna baxmayaraq təsərrüfatlardan əldə edilmiş qazancın bir hissəsini də bacısı oğlu olduğu üçün cavabdehə vermişdir. Cavabdeh isə «sonradan görmüş kimi» pulu görüb gözünü hərislik tutaraq onun etibarından sui-istifadə edib əmlakını mənimsəmişdir. Bu səbəbdən də o, həmin torpaq sahələrinin alınması və balıqçılıq təsərrüfatının yaradılması üçün çəkdiyi xərcləri cavabdehdən məhkəmə qaydasında tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı, onun vəkili Vəkil2 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı cavabdehin dayısıdır və münasibətləri əvvəllər çox yaxşı olmuşdur. Tərəflər arasında mübahisənin yaranmasına səbəb cavabdehin 2003-cü ildən başlayaraq şəxsi təsərrüfatını yaratması məqsədilə iddiaçıdan ümumilikdə 20000 ABŞ dolları məbləğində borc pul alması olub. Həmin borc məbləği cavabdeh tərəfindən 2018-ci ilədək olan müddət ərzində iddiaçıya bir neçə dəfəyə və daha artıq məbləğdə qaytarılıb. Belə ki, cavabdeh iddiaçıdan aldığı borc məbləğinin və özünün şəxsi vəsaitinin hesabına təsərrüfatını genişləndirmiş və bunun nəticəsində əldə etdiyi gəlirdən ilk illərdən başlayaraq iddiaçıya olan borcunu hissə-hissə qaytarmağa başlamışdır. İddiaçının iş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsində olan izahatından da görünür ki, cavabdeh iddiaçıdan aldığı 20000 ABŞ dolları borc müqabilində sonuncuya müxtəlif vaxtlarda ümumilikdə 45000 manat qaytarıb. Beləliklə, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. İddiaçının cavabdehdən hazırkı iddia ərizəsi ilə 50000 manat tələb etməsi tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi həmçinin məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi mahiyyət etibarilə əsassız olmaqla yanaşı, iddia müddəti də buraxılıb. Belə ki, iddiaçının elə özü cavabdehin ona axırıncı dəfə 2016-cı ildə pul verdiyini bildirir. Bundan sonra cavabdeh iddiaçıya ümumiyyətlə hər hansı məbləğdə pul verməmiş, əksinə aralarında olan münasibət korlanmış və məhkəmə mübahisələri olmuşdur. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ 2016-cı ildə yaranmış sayılmalıdır. Həmin dövrdən etibarən iddiaçı cavabdehə qarşı hazırkı məzmunda tələb irəli sürməyib. Bu növ tələblərə 3 illik iddia müddəti tətbiq olunduğu nəzərə alındıqda görünür ki, iddiaçı iddia müddətini buraxıb. Nümayəndə eyni zamanda qeyd edir ki, iddiaçının 13 noyabr 2023-cü il tarixli ərizəsində göstərilənlər həqiqətə uyğun deyil və iddia müddətinin tətbiqindən yayınmaq məqsədi güdür. Belə ki, cavabdeh iddiaçıya istər 2019-cu ildə, istərsə də 2021-ci ildə ümumiyyətlə heç bir pul məbləği verməyib. Neftçala Rayon Məhkəməsinin 7 yanvar 2024-cü il tarixli 2(053)-42/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 77.1, 78.1-ci, Mülki Məcəllənin 373.3-cümaddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bundan başqa iddiaçı qanunla nəzərdə tutulan iddia müddətini də buraxmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinini məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə maddi hüquq normaları olaraq Mülki Məcəllənin 152, 385, 442, 373-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə cavabdehlə aralarındakı münasibətə borc müqaviləsi kimi qiymət vermişdir. Halbuki cavabdehlə birgə şərikli münasibətləri olmuşdur və borcdan söhbət gedə bilməz. Cavabdeh onun balıq gölünə nəzarət etmiş, şərik olaraq qazancı bölmüşlər. Hazırda əmlakından çatan payı pul şəkilində tələb edir. Bununla bağlı iddia müddəti tətbiq oluna bilməzdi. Ümumiyyətlə əmlak tələbi və ya onun dəyəri ilə bağlı tələblərə iddia müddəti tətbiq olunmur. Lakin məhkəmə qanunsuz olaraq iddia müddətini tətbiq etmişdir. Həmçinin, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi təsdiq edir ki, cavabdeh borclu olmasını, qarşısında öhdəliyinin olmasını etiraf edir, lakin tələb üçün müddətin keçməsini bildirməklə, iddianın rəddini xahiş edir. Həmin göllər ona məxsus olmuşdur, cavabdeh göllərə nəzarət etmiş və şərikli olaraq qazancı bölmüşlər. Lakin cavabdeh sonradan onu aldatmış və qazancdan payını vermək istəmir. Buna görə öz payını tələb edir. Ona düşən pay 50000 manatdan çox təşkil edir, lakin hazırda 50000 manat pul tələb edir. Əmlakını natura şəkilində tələb edə bilmədiyi üçün məcbur olub həmin əmlakın dəyərini tələb edir. Buna görə də iddia müddəti qanunsuz olaraq tətbiq olunmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, iddia ərizəsinin və apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, 26 il Ukrayna Respublikasının vətəndaşı olmuş, maddi imkanı yaxşı olmuşdur. 2003-cü ildə Azərbaycan Respublkiasına gəlmişdir. Hal-hazırda Salyan rayonunda yaşayır. Bacısı oğlu, yəni Cavabdeh isə Neftçala rayonunda yaşayır. Ailə vəziyyətləri yaxşı deyildi və həmin vaxtı atası infakt keçirmişdi. Fikirləşmişdi ki, iş qursun, pul qazansınlar. 2012-ci ilə yonca sahəsi almışdı, fikirləşirdi ki, malqara alıb saxlayıb, böyüdüb, satıb pul qazansınlar. Həmin vaxtı heyvanlara 20000 ABŞ dolları pul xərcləmişdi. Göllərin yaradılması üçün 20000 manat bir vermiş, daha sonra isə 27000 manat vermişdir. Əldə olunan mənfəətdən ona yalnız 19600 manat pul verilib. 7400 manatı isə Cavabdeh deyir ki, guya evi tikəndə gətirib ona verib. Lakin yalan danışır, həmin pul ona verilməyib. Məhkəmədə iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh iddiaçının doğma bacısıoğludur. Həmin vaxtı cavabdehin təxminən 17-18 yaşı olmuşdur. İddiaçı cavabdehə borc məqsədilə deyil, təsərrüfat yaratmaq məqsədilə pul vermişdir. İddiaçı alqı-satqı müqavilələrinin ləğv edilməsi və torpaq sahələrinin ona qaytarılması tələbinə dair iddiasının rədd edilməsi barədə çıxan qətnaməni apellyasiya qaydasında mübahisələndirmiyib. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İzhatında göstərdi ki, Cavabdeh anasının İddiaçına qarşı miras əmlakı barədə iddia qaldırdıqdan sonra o, əsassız və iddia müddəti keçmiş iddia ərizəsi vermişdir. Bundan əlavə Cavabdeh Neftçala Rayon Məhkəməsində və cinayət işinin başlanmasının rədd edilməsi barədə verilmiş 9 yanvar 2018-ci il tarixli qərarında verdiyi ifadəsindəndən görünür ki, iddiaçıdan həqiqətən borc almış və həmin borcunu geri qaytarmışdır. Əgər cavabdehin iddiaçıya borcu olsaydı Neftçala Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsindən sonra iddia ərizəsi verərdi. Mülki işin apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X11 izahatında göstərmişdir ki, ona və ailəsinə verilən torpaq sahəsinin bir hissəsini satmaq qərarına gəlmişdilər. Təxminən 2007-ci ildə İddiaçı ətrafında bir-neçə şəxslə onların kəndlərinə gələrək torpaqlarını almaq istədiyini bildirmişdir. Torpaqlarının bir hissəsini qarşılıqlı razılıq əsasında Faqilə qeyri rəsmi olaraq satmışlar. Sonradan Faqilin tapşırığı ilə 2010-cu ilin yaz aylarında Cavabdeh adlı şəxslə notariat kontoruna getmişlər, ailə üzvlərinə məxsus torpaq sahəsinin 0.3262 ha hissəsinə dair sonuncuya etibarnamə vermişlər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismindən dindirilmiş X13 ifadəsində göstərmişdir ki, həm iddiaçı, həmdə cavabdehlə qohumluğu vardır. İddiaçı vaxtilə Neftçala rayonu, Cəngan inzibati ərazi nümayəndəliyinin ərazisindən ayrı-ayrı şəxslərə məxsus pay torpaqlarını onun adına almışdır. İddiaçı həmin torpaq sahəsindən istifadəni, həmçinin yaradılacaq təsərrüfatı idarə etməyi ona həvalə etmişdir. O da, öz növbəsində həmin torpaq sahəsində süni balıq gölü yaratmış və əraziyə su kanalı çəkmişdir. Onu bütün bu işlərin görülməsi üçün lazım olan vəsaitlə iddiaçı təmin etmişdir. İddiaçı tərəfindən torpaqların alınmasından tutmuş digər işlərin görülməsi üçün ümumilikdə 100000 manatadək pul vəsaiti xərclənmişdir. Sonradan bəzi şəxslər iddiaçı ilə onun arasını vurduğundan narazılıqları yaranmış və iş birlikləri pozulmuşdur. İddiaçı ilə onun iş birliyinin pozulmasında cavabdehin böyük rolu olub. Bu səbəbdən o, da torpaqların sənədlərini gətirib iddiaçıya təhvil vermiş və ayrılmışlar. Bundan sonra iddiaçı torpaqlarını bacısı oğlu olan hazırkı iş üzrə Cavabdeh adına keçirmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh iddiaçını aldadaraq bütün əmlakını ələ keçirib. Birinci instansiya məhkəməsində şahid qismindən dindirilmiş X14 ifadəsində göstərmişdir ki, iddiaçının onun qardaşı, cavabdehin isə bacısının oğludur. Həm iddiaçı, həmdə özü cavabdehə dayı kimi hələ uşaq ikən lazımi qayğı göstərmişlər, hərbi xidmətdə olduğu müddətə bir neçə dəfə yanına gedib ona baş çəkmişlər. Bundan başqa cavabdehin qardaşına və atasına da xeyli köməkliklər etmişlər. Qardaşı İddiaçı öz şəxsi vəsaiti hesabına xeyli torpaq sahəsi alaraq orada süni balıq gölü və digər təsərrüfatlar yaratmışdır. Həmin təsərrüfatlarda müəyyən işlərin görülməsi üçün texnikalara lazım olan dizel yanacağını şəxsi maşını ilə özü daşıyıb. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Salyan rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Həmzə Əzizovun 9 yanvar 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırmanın aparılmasına əsas İddiaçı bacısı oğlu Cavabdeh tərəfindən etibarından sui istifadə edilməklə ona məxsus Salyan rayonu Babacanlı qəsəbəsində və Neftçala rayon Ərəb- Qardaşbəyli kəndindəki torpaq sahələrinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə DİN-nin rəhbərliyinə ünvanladığı müraciət olmuşdur. Aparılmış araşdırma nəticəsində müraciətdə sadalanan xüsusatlarda cinayət hadisəsinin olmaması əsası ilə CPM-in 39.1.1-ci maddəsinə istinadla cinayət işinin başlanması rədd edilmişdir; İddiaçı cavabdehlər X20, X21, X17, X22, X15, X16, X11, X5, X9, X1 və Cavabdeh qarşı "alqı-satqı müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin ona qaytarılması" tələbinə dair iddiası üzrə Neftçala Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(053)-696/2028 saylı qətnaməsindən görünür ki, iddiaçı 2016-cı il tarixli etibarnamə əsasında torpaq sahələrinin Cavabdeh adına keçirilməsi barədə Neftçala rayon notariat kontorunda bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsi,həmin torpaq sahələrinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı mübahisəli torpaq sahələri üzərində mülkiyyət hüququnun olmaması əsası hesab etmişdir ki, iddiaçının həmin torpaq sahələrinə dair əqdi mübahisələndirməklə bağlı subyektiv hüququ da yoxdur, iddianı rədd etmişdir; Salyan Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(057)-1117/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı, üçüncü şəxslər X14, X7, X10, Salyan rayon 2 saylı xüsusi notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı miras əmlakda payların müəyyən edilməsi və naturada müəyyən edilməsi, habelə naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir; 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya iddiaçının tələbinin balıqçılıq təsərrüfatlarının qurulması üçün çəkdiyi 50000 manat xərcin cavabdehdən tutulmasından ibarət olduğunu nəzərə alıb, hesab edir ki, iş materiallarında olan şahid ifadələri, torpaq sahələrini satmış şəxslərin izahatları ilə balıqçılıq təsərrüfatlarının yaradılması üçün torpaq sahələrinin alınmasına, süni balıq göllərinin yaradılmasına çəkilən xərclərin əsasən iddiaçı tərəfindən maliyyələşdirilməsi öz təsdiqini tapır. Cavabdeh özü də ziddiyyətli izahatlar verərək dolayısı ilə iddiaçının bildirdiklərini qismən təsdiq edir. Belə ki, cavabdeh Salyan rayon polis şöbəsinin təhqiqat qrupunda iddiaçının müraciəti əsasında aparılan araşdırma zamanı verdiyi izahatında (işin 31-ci vərəqi) göstərir ki, 2003-cü ildə atası Salyan rayonu Babacanlı qəsəbəsində 15 hektar torpaq sahəsi almaq üçün Faqildən 700 ABŞ dolları borc pul almışdır. Sonradan 2006-cı ildə həmin torpağın 2 hektarında damba tikib istifadəyə verməkdən ötrü dayısı Faqildən əvvəl aldığı pulla birlikdə ümumilikdə 20000 ABŞ dolları pul almışdır. Özüdə dambaya 1200 manat pul qoyararaq dayısı ilə dambanı şərikinə işlətməyə başlamışlar. İlk dəfə dayısına 4500 manat pul verərək həmin pulu dayısının ona damba qurmaq üçün verdiyi 20000 ABŞ dollarından çıxmasını xahiş etmiş, növbəti ildə dayısına 7000 manat pul vermişdir. Dayısı Faqilə borcu 23000 manat olmaqla sonradan 5 hektarda damba qurmuş, özünün 1200 manatı hələdə işin içində olmuşdur. Həmin ildə dambadan götürdüyü pulun hamısını dayısına verməklə, ona olan 23000 manat borcunu tam ödəmişdir. Bu qayda ilə dayısına Babacanlı qəsəbəsindəki dambadan 2014-cü ilə kimi ümumilikdə 30000 manat qazanc verərək, ondan aldığı borc pulları da geri qaytarmışdır. Eyni zamanda dayısı ondan xəbərsiz 2007-ci ildə Neftçala rayonunun Ərəb-Qardaşbəyli kəndindən 14.5 hektar torpaq sahəsi alaraq damba qurmuş, həmin dambanı 2009-cu ilə kimi İlkin adlı şəxs işlətmişdir. Lakin sonradan dayısı ilə İlkin arasında söz-söhbətlər yaranmış, dayısı İlkini qovaraq, ziyana düşdüyünü bildirib, torpağı onun adına keçirməsini, əvəzində isə ona 18000 manat pul verməsini təklif etmişdir. Dayısı ilə razılaşsa da, sonradan həmin dambanı balıqla doldurmağa pulunun olmadığını dayısına demiş, dayısı isə dambanı işlətmək üçün ona pul verəcəyini, sonradan həm mayanı, həmdə xeyirdən 18000 manat torpaq pulunu qaytarasan demişdir. Dayısı ilə bu qaydada razılaşdıqdan sonra dayısı ona 2010-cu ildə 22000 manat pul vermişdir. Həmin ili dayısına 22000 manat pulla birlikdə 2000 manat, 18000 manat pul verərək, torpağa görə olan borcunu qaytarmış və bu qaydada 2016-cı ilin avqust ayına qədər dayısı Faqilə bütün borclarını ödəmişdir. Dayısı pula ehtiyacı olduğu üçün ondan əsassız yerə pul tələb edir, dayısına pul vermədiyi üçün ondan şikayət edir. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın iki əsasla, həm sübuta yetməməsi, həmdə iddia müddətinin tətbiq olunması əsasları ilə təmin olunmaması ziddiyyətli olmaqla, hər iki əsasla eyni zamanda iddianın rədd olunması yolverilməzdir. Ümumiyyətlə mübahisə üzrə iddia müddətinin tətbiqi, iddianın sübuta yetdiyi, lakin iddiaçının qanunla nəzərdə tutulan müddətlər buraxılmaqla məhkəmədə iddia qaldırdığı hallarda mümkündür. Kollegiya bütün yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, süni balıq göllərinin yaradılmasına çəkilən xərclərin əsasən iddiaçı tərəfindən maliyyələşdirilməsi öz təsdiqini tapdığından, həmin pul vəsaiti hesabına əldə edlən əmlak cavabdehin mülkiyyətində qalmaqla, cavabdeh əmlakın əldə edilməsinə xərclənən pul vəsaiti miqdarında iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmiş olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Sadalanan qanunvericilik aktı normaları iddia üzrə tələbin hüquqi əsasını təşkil etməklə, mübahisə predmeti üzrə tətbiqi, məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının süni balıq göllərinin yaradılmasına sərf etdiyi vəsait hesabına cavabdeh əsassız varlanmışdır ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan, yəni 2016-cı ildə cavabdehin ona mənfəət verməkdən imtina etdiyi vaxtdan iki il ərzində məhkəməyə müraciət etməli olduğu halda, 1 sentyabr 2023-cü ildə hazırki iddia ərizəsini verməklə, iddia müddətini 5 il ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası bütün yuxarıda sadalananlara əsasən belə yekun nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri aparılmış araşdırmanın nəticəsi olaraq qismən öz təsdiqini tapdığından qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1., 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 7 yanvar 2024-cü il tarixli 2(053)-42/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1547/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1547/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver