Məhkəmə qərarları › İş №2(106)-1548/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1548/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1548/2025 04.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli 2(049)-2144/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil2 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat, cəmi 3050 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə dostluq münasibətləri olmuşdur. Yaranmış münasbətlərdən istifadə edərək ondan xx.xx.2023-cü il tarixdə 5000 manat borc almış və aldığı borc aralarında bağlanmış müqavilə ilə təsdiq edilir. Pulun bir hissəsini sonuncu dəfə xx.xx.2025-ci il tarixində 800 manatını vermiş və bununla da, ümumilikdə borcunun 2000 manatını qaytarmışdır. Artıq uzun müddət keçməsinə baxmayaraq, o aldığı pul məbləğininin 3000 manatını geri qaytarmaqdan imtina etmişdir. Aralarında olan “WhatsApp” yazışmalarında da Cavabdeh 3000 manat məbləğ borcu qaldığını təsdiq edir. Lənkəran Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Murad Aslanov) iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: xx.xx.2023-cü il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat borc götürdüyünü və 3 ay müddətinə geri qaytarmasına dair öhdəlik götürdüyünü qeyd etmişdir. İddia ərizəsinə əlavə edilmiş və birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış “Whatsapp” mesajlaşma sistemindən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı 3000 manat borcu qaldığını bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş və birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, İddiaçı məxsus MC debit 5889 nömrəli karta xx.xx.2025-ci il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 435 manat, xx.xx.2024-cü il tarixdə 480 manat, xx.xx.2024-cü il tarixdə 510 manat, xx.xx.2024-cü il tarixdə 510 manat, xx.xx.2024-cü il tarixdə 510 manat və xx.xx.2024-cü il tarixdə 400 manat pul köçürülmüşdür. Qeyd olunan məbləğlərin cəmi 3285 manatdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 5000 manat məbləğində borc müqaviləsi olmuş və həmin borc üzrə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixədək 2000 manat pulun ödənildiyini bildirmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə cavabdehin 800 manat ödədikdən sonra müqavilə üzrə 3000 manat borcu qaldığını təsdiq edən “Whatsapp” yazışmasını da iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə təqdim edilən sübuta qiymət verməmiş və qətnamədə 3000 manat borcun qaldığına dair sübut təqdim edilmədiyini qeyd etmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona 3000 manat borcu qalması bildirilsə də, cavabdeh müvafiq qəbzlərə həmin pul məbləğini artıqlaması ilə (yəni 3285 manat) geri qaytardığını bildirmiş, sonuncu dəfə iddiaçıya məxsus MC debit 5889 nömrəli karta xx.xx.2025-ci il tarixdə 800 manat yüklənmişdir. İddiaçı MC debit 5889 nömrəli kartı ümumiyyətlə olmamış, bu nömrəli kart istifadə etməmişdir və bunu təsdiq edən sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Cavabdehin təqdim etdiyi qəbzlərin tarixindən də görünür ki, həmin qəbzlər xx.xx.2025-ci il tarixdən əvvəlki dövrə aid olmuş, bundan əlavə məhkəmə iclasında hakimin həmin pulları İddiaçı ödənilməsini təsdiq edən sübutunun məhkəməyə təqdim edilməsi barədə təklifinə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Odur ki, cavabdehin ona 5000 manat borcu olmuş və 2000 manat borcunu 2023-2024-cü illərdə hissə-hissə ödəmiş, bundan əlavə müqavilədə göstərilən 5000 manat borc məbləğindən əlavə olaraq cavabdeh dostluq münasibətlərindən istifadə edərək əlavə pullar almış və ay sonunda həmin pulları qaytarmış, cavabdeh işdən çıxdıqdan sonra o borclu olduğu 3000 manatı ödəməkdən imtina etmiş və borcu tələb edəcəyi təqdirdə, ona şər böhtan atacağı ilə hədələmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində tələb olunan 3000 manat əvəzində 3285 manatın ödənilməsini barədə məhkəmədə hər hansı sübut olmadığından məhkəmə hesab etmişdir ki, həmin artıq məbləğ də alınmış borcun qalıq hissəsi kimi qəbul edilməlidir. Belə ki, cavabdehin iddiaçıdan pulu faizə, yəni sələmə almasına dair məhkəmədə sübut müəyyən edilmədiyindən, bu barədə hazırda polis orqanından araşdırma aparıldığından məhkəmədə həmin pulun faizlə verilib-verilməsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, məhkəmə cavabdehin “Whatsapp” mesajlaşma proqramında qalıq borc kimi 3000 manatın qalmasını bildirməsinə dair məhkəmə qeyd etdiklərini (yəni pul məbləğini faizi ilə qalan borcunu nəzərdə tutmasını) bu məsələyə dair cavabdehin subyektiv yanaşması kimi qiymətləndirmişdir. Həmin ifadə, bir tərəfdən, tərəflər arasında müəyyən razılaşmaların mövcudluğuna işarə edir, digər tərəfdən isə cavabdehin bu borcun mövcudluğu təsdiq etməsinə dəlalət edir. Bu da iş üzrə iddia tələbinin əsaslılığını dəstəkləyən əlavə elementdir. İddiaçı nümayəndəsi Vəkil2 məhkəmədə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, 09 yanvar 2023-cü ildə Cavabdeh ilə İddiaçı arasında 5000 manat məbləğində borc müqaviləsi bağlanmışdır. Həmin borc məbləğindən 31 yanvar 2025-ci il tarixədək 2000 manat məbləğində ödəniş olunmuşdur. 3000 manat borc məbləği hal-hazırkı vaxta qədər ödənilməmişdir. İş materiallarına 3285 manat məbləğində hesablanan qəbzlər əlavə olunmuşdur. Həmin qəbzlərdən görünür ki, qəbzlərin göndərilmə tarixi 2024-cü ildir. İş materiallarında olan 31 yanvar 2025-ci ilə aid “Whatsapp” yazışmalarında cavabdeh 3000 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş bütün mötəbər sübutları hərtərəfli şəkildə araşdırmayaraq iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, “Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə qeyd edir ki, iş materiallarında olan “Whatsapp” yazışmalarından görünür ki (səh. 8), cavabdeh iddiaçıya 3000 manat məbləğində borcunun qaldığını etiraf etmiş və ayrı-ayrı vaxtlarda iddiaçıya olan borcunu ödəyəcəyini bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, işdə olan sübutlarla cavabdehin iddiaçıya 3000 manat məbləğində borcunun qalması öz təsdiqini tapmışdır. Bununla yanaşı, cavabdeh tərəfindən göstərilən məbləğin tam ödənilməsi barədə hər hansı mötəbər sübut (razılaşma, qəbz və s.) məhkəməyə təqdim edilməmiş, borcun ödənilməsi faktı iş materialları ilə təsdiqini tapmamışdır. Buna görə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi belə qənaətə gəlir ki, 3000 (üç min) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. MM-in 882-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə həmin məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Beləliklə, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda, hazırkı vaxtadək qalıq borc üzrə ödəniş etməmişdir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə məhkəmə tərkibi qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Beləliklə, məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, habelə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam şəkildə araşdırılmamışdır. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməli, Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, məhkəmə xərcləri ilə əlaqədar məsələlər qanunda nəzərdə tutulmuş hal olduğu üçün ona ayrıca qiymətin verilməsi iddia tələbindən kənara çıxma sayıla bilməz. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli 2(049)-2144/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Nazim oğlundan borc üzrə 3000 (üç min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat, ümumilikdə - 3075 (üç min yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar