Məhkəmə qərarları › İş №2(106)-1549/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1549/2023

02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1549/2023 02.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi və iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(036)-1876/2023 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2305.55 manat və 60.00 manat mediasiya ödənişi tutularaq cəmiyyətin hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsi ilə Cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixli, 537-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və“X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli, 242 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin OBA Əhmədli 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli“İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 4391 (dörd min üç yüz doxsan bir) manat 42 (qırx iki) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, Cavabdeh İddiaçı MMC-yə çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumilikdə 2305 (iki min üç yüz beş) manat 55 (əlli beş) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Buna əsasən də, iddia tələbi təmin edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Cavabdehə qanunamüvafiq qaydada bildiriş göndərilmiş, iddiaya etiraz etməsi və münasibət bildirməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən qanunla müəyyən olunan müddət ərzində iddiaçının iddiaya qarşı əsaslandırılmış yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 10 iyul 2023-cü il tarixli, e-2(036)- 1876/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəf qətnamədən apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Cavabdeh tam maddi məsul şəxs kimi "xxxx" MMC-də çalışdığı müddət ərzində "X4 haqqında müqavilə" ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. "X4 haqqında" müqavilədə deyilir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin "a" bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi X4 daşıyır. Cavabdehin iş fəaliyyətinin yoxlanması məqsədilə onun barəsində xx.xx.2022-ci il tarixində inventarizasiya yoxlaması həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli "İnventarizasiya Nəticələrinə" dair Akta əsasən yekun ziyan məbləği 4391 (dörd min üç yüz doxsan bir) manat 42 (qırx iki) qəpik məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 4391 (dörd min üç yüz doxsan bir) manat 42 (qırx iki) qəpik çatışmamazlıqdan, müvafiq güzəştlər tətbiq edildikdən sonr yekun olaraq cavabdehin şirkət qarşısında 2305 (iki min üç yüz beş) manat 55 (əlli beş) qəpik borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırkı vəziyyətə cavabdeh barəsində mülki qaydada qanunamüvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam tədqiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Qeyd olunan hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsnin Mülki Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə İmişli Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(036)-1876/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxlıması qərara alınmışdır. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilməklə qətnamə tam mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanunauyğunluğu iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi halları sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(036)-1876/2023 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli Əmək müqaviləsinin surətinə əsasən Cavabdeh həmin tarixdən İddiaçı MMC –də satıcı, kassir vəzifəsinə qəbul edilmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2017-ci il tarixli 310-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh İddiaçı MMC –də satıcı, kassir vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli X4 haqqında müqavilənin surətinə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını tam məsuliyyəti ilə üzərinə götürmüşdür. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2017-ci il tarixli 537-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli X4 haqqında müqavilənin surətinə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını tam məsuliiyyəti ilə üzərinə götürmüşdür. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli 242-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin “ a” bəndinə əsasən ( öz xahişi ilə) xitam verilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli imtina Aktının surətinə əsasən İddiaçı MMC-nin OBA Əhmədli 1 mağazasında aparılmış inventarizasiya nəticəsində 4391.42 manat məbləğində əskikgəlmə aşkar edilmiş, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Müəyyən edilir ki, iddiaçı cavabdeh vurulmuş ziyanın əvəzini tələb etmişdir. Birinci instansiya məhkəməsi işə baxmış, iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsi qətnamənini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf vurulan ziyanın cavabdeh tərəfindən vurulduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası İmişli Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(036)- 1876/2023 saylı saylı qətnaməsi ilə iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni işin faktiki və hüquqi hallarına uyğun olduğundan qanuni və əsaslı, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış hesab edir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmalıdır. Eyni zamanda iddiaçı tərəf ziyanın iddiaçı tərəfindən vurulduğunu tam olaraq sübuta yetirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddia tələbində cavabdehdən cəmi Cavabdeh 2305.55 manat və 60.00 manat mediasiya ödənişinin alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilməklə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(036)-1876/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar