Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-155/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(064)-891/2022 saylı qətnaməsindən (hakim Y.Həşimov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə Füzulı Rayon Məhkəməsinə müraciət edərək 34000 ABŞ dolları, 15000 manat pulun, hüquqlarını bərpa etmək üçün ödədiyi 200 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini azaldaraq 34000 ABŞ dolları, 15000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 19 iyun 2016-cı il tarixində Cavabdeh 34000 ABŞ Dollar məbləğində borc pul vermişdir. Bununla əlaqədar aralarında Bakı şəhəri 38 saylı notariat kontorunda “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” imzalanmışdır. Cavabdeh 19 sentyabr 2018-ci il tarixinə qədər borc pul məbləğini tam şəkildə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa 20 avqust 2017-ci il tarixində Cavabdeh 15000 manat məbləğində borc pul vermiş və aralarında 20 oktyabr 2017-ci il tarixində Bakı şəhəri 27 saylı notariat kontorunda “borcun etirafı haqqında müqavilə” imzalanmışdır. Cavabdeh 20 oktyabr 2019-cu il tarixinə qədər borc pul məbləğini tam şəkildə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəlikləri yerinə yetirilməmiş, borc pul məbləğləri bu günə qədər ödənilməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(064)-2105/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. 06 aprel 2022-ci ildə cavabdeh ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv olunaraq işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmiş, məhkəmənin 11 aprel 2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv olunaraq işə tərəflərin iştirakı ilə mahiyyəti üzrə baxılmasından ötrü sonrakı prosessual hərəkətlər edilmişdir. Füzuli Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(064)-891/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi, iddia tələbinin mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə iddiaçının tələb etdiyi 34000 ABŞ dolları tələbi hissəsində iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi, 15000 manat borc təbbi hissəsində isə həmin borcdan 4000 manat ödədiyi nəzərə alınaraq, iddianın həmin hissəsi üzrə ondan alınaraq iddiaçıya verilməsi qət edilmiş 15000 manat əvəzinə 11000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində cavabdeh iddiaçının tələbinə və tələbini əsaslandırmasına istinad etmiş, işin faktiki halları ilə əlaqədar bildirmişdir ki, həqiqətən də iddiaçıdan 15000 manat pul borc almışdır və həmin borcdan da bu günədək 4000 manat ödəmişdir. Qalan 11000 manat borcunu isə ödyəcəkdir. Qaldı ki, 34000 ABŞ dolları məbləğində borcun etirafı müqaviləsinə, həmin iddianı da qismən qəbul edir və bununla əlaqədar bildirir ki, əslində iddaçıdan 34000 ABŞ dolları məbləğində borc pul almamışdır. İddiaçı ilə aralaırnda belə bir razılaşma olmuşdur ki, iddiaçı 2016-cı il tarixdə Saatlı rayonunun Qarayevka kəndində qərarla istifadə üçün götürdüyü 23 sot torpaq sahəsində rəhbərliyi ilə ferma binası tikdirib satsınlar. Həmin ferma binasını tikdirib başa çatdırsada, iddiaçı dediyi sözün üstündə durmayaraq, bildirmişdir ki, onsuz da Almaniyada yaşayır, ona tikinti deyil, pul lazımdır, fermanın tikintisinə sərf etdiyi 34000 ABŞ dollarını versin, sonra fermanı satıb pulunu götürər. Lakin iddiaçı bugünkü gündə də həmin tikintiyə elə bir qiymət qoyur ki, həmin qiymətə heç kim ferma binasını almır. Qeyd etdiyi səbəbdən də Füzuli Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(064)-891/2022 saylı qətnaməsi ilə razılaşmayaraq, apellyasiya şikayəti verir. Məhkəmədə iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsi üçün əsasdır. Məhkəmədə iştirakı təmin edilmədiyi üçün işə baxılarkən bu hüquqdan məhrum edilmişdir. Məhkəmə mülki işə baxıb iddianın təmin edilməsi barədə çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Eyni zamanda, işə baxılması barədə məhkəmə tərəfindən heç bir bildiriş göndərilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Belə ki, məhkəmə heç bir araşdırma aparmamış, sadəcə olaraq, iddia ərizəsinə və ona əlavə eilmiş sənədlərə əsasən qətnamə çıxartmışdır. Əgər məhkəmə araşdırma aparsaydı, aldatma olmadan belə bir müqaviləni bağlamayacağını, iddiaçının onu aldadaraq belə bir müqavilə bağlanılmasına nail olduğunu aydınlaşdırmış olardı. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçıya hansı məbləğdə borcu qalması barədə heç bir sübut məhkəməyə təqdim edilmədiyi halda, məhkəmə heç bir araşdırma aparmadan, qanunsuz və əsasız qətnamə çıxartmışdır. Əgər birinci instansiya məhkəməsində iştirak etmiş olsaydı, iddiaçının tələb etdiyi 34000 ABŞ dolları tələbi hissəsində iddia müddətinin keçməsi səbəbindən iddia tələbini rədd etməli olardı. c)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında 19 sentyabr 2016-cı ildə bağlanaraq notariat qaydada təsdiq olunan “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”dən görünür ki, borc alan borc verənə 34000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf edərək, 19 sentyabr 2018-ci il tarixinədək tam qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında 20 oktyabr 2017-cı ildə bağlanaraq notariat qaydada təsdiq olunan “borcun etirafı haqqında müqavilə”dən görünür ki, borc alan borc verənə 15000 manat məbləğində borcunun olduğunu etiraf edərək, 20 oktyabr 2019-cu il tarixinədək tam qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliklərin icra edilməsinə dair sübutlar nə birinci instansiya məhkəməsinə verilmiş, nədəki apellyasiya baxışı zamanı təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 882.1-ci maddsəsinə əsasən borcun etiraf edilməsini, həm dəöhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir, 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz, 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinəgötürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. İşin müəyən olunan faktiki hallarına əsasən tərəflər arasında borc münasibətləri olmuş, aralarında bağlanaraq notariat qaydada təsdiq olunan borcun etirafı müqavilələrinə əsasən cavabdeh iddiaçıya 34000 ABŞ dolları və 15000 manat məbləğlərində borcunun olduğunu etiraf etmiş, 34000 ABŞ dolları məbləğində borcu 19 sentyabr 2018-ci il tarixinədək, 15000 manat borcu isə 20 oktyabr 2019-cu il tarixinədək tam qaytarmağı cavabdeh öhdəlik olaraq üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda sadalanan qanunvericilik akt normaları baxımından iddiaçı borcun etirafı müqavilələri əsasında cavabdehə qarşı öhdəliklərinin icrası tələbini irəli sürməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin hər bocun etirafı müqaviləsinə aid hissədə dəlillərinə kollegiya ayrı-ayrılıqda qymət verməyi zəruri hesab edir. 34000 ABŞ dolları tələbinə aid hissədə cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, həmin iddianı da qismən qəbul edir və bununla əlaqədar bildirir ki, əslində iddaçıdan 34000 ABŞ dolları məbləğində borc pul almamışdır. İddiaçı ilə aralaırnda belə bir razılaşma olmuşdur ki, iddiaçı 2016-cı il tarixdə Saatlı rayonunun Qarayevka kəndində qərarla istifadə üçün götürdüyü 23 sot torpaq sahəsində rəhbərliyi ilə ferma binası tikdirib satsınlar. Həmin ferma binasını tikdirib başa çatdırsada, iddiaçı dediyi sözün üstündə durmayaraq, bildirmişdir ki, onsuz da Almaniyada yaşayır, ona tikinti deyil, pul lazımdır, fermanın tikintisinə sərf etdiyi 34000 ABŞ dollarını versin, sonra fermanı satıb pulunu götürər. Lakin iddiaçı bugünkü gündə də həmin tikintiyə elə bir qiymət qoyur ki, həmin qiymətə heç kim ferma binasını almır. Bundan başqa məhkəmədə iştirakı təmin olunmadığından iddia müddətinin tətbiqinə dair ərizə verə bilməmişdir. Kollegiya apellyasiya şikayətinin həmin hissədə dəlillərinə qiymət verərək hesab edir ki, hər-hansı bir sübuta söykənməyən həmin dəllilər tərəflərin sərbəst iradəsinə əsaslanan və notariat qaydada təsdiq olunan “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin həqiqiliyini şübhə altına ala, qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Cavabdehin məhkəmədə iştirakı təmin olunmadığından iddia müddətinin tətbiqinə dair ərizə verə bilməməsi hissədə apellyasiya şikayətinin dəlilini tədqiq edən kollegiya həmin hissədə də dəlili əs assız hesab edir. Əvvəla ona görə ki, 19 sentyabr 2016-cı ildə tərəflər arasında bağlanaraq notariat qaydada təsdiq olunan “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”dən görünür ki, borc alan borc verənə 34000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf edərək, 19 sentyabr 2018-ci il tarixinədək tam qaytarmağı öhdəsinə götürmüşdür. İş maieriallarında olan poçt zərfinin üzərinə həkk olunan möhürlərdəki tarixlərdən iddia ərizəsinin 17 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində 1124 saylı poçta təqdim edilməklə verildiyi, 22 sentyabr 2021-ci il tarixdə isə 1900 saylı Füzuli poçtuna daxil olduğu və qanunla müəyyən olunan 3 illik iddia müddətinin ötürülmədiyi müəyyən olunur. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Hazırki mübahisə üzrə cavabdeh məhkəmədə gedən icraat barədə məlumatlı olmuşdur. Çünki birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə ilkin olaraq qiyabi qətnamə çıxarılmış, qətnamə icraya yönəldiləndən sonra cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv olunmasını xahiş etmiş, qiyabi qətnamə ləğv olunandan sonra isə ərizəsində faktiki yaşayış ünvanı ikimi qeyd etdiyi ünvana bildirişlər göndərilərək, eyni zamanda mobil telefonuna telefonoqramlar verilərək məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmişdir. Odur ki, hətta iddiaçı tərəfindən 34000 ABŞ dolları məbləğində pul tələbinə dair hissədə iddia müddəti ötürülərək iddia verilmiş olsaydı belə, cavabdehin apellyasiya şikayəti əsasında apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqe baxımından yolverilməzdir. Apellyasiya şikayətinin 15000 manat borcdan 4000 manat hissəsinin qaytarılması hissədə dəlilini tədqiq edən kollegiya həmin hissədə də şikayəti əsassız hesab edir, çünki buna dair cavabdeh tərəfindən hər-hansı bir sübut verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(064)-891/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-155/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-155/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver