Məhkəmə qərarları › İş №2(106)-1551/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1551/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1551/2023 04.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(073)-1997/2022 saylı qətnaməsindən (hakim Q.Paşayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul" tələbinə iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2800 manat pulun və 48 manat ödənilmiş dövlət rüsumunun almıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır. Özünə məxsus torpaq sahəsində kənd təsərrüfatı məhsulları, əsasən kartof əkib-becərmək və satmaqla ailəsini dolandırır. 2022-ci ilin may ayında həmkəndlisi, eyni zamanda oğlu Səid Məhərrəmovun əvvəllər də alver etdiyi Cavabdeh ondan 1 kiloqramı 1 (bir) manatdan 3500 kq. toxumluq kartofu nisyə almış və borcunu qısa müddətdə ödəyəcəyinə dair söz vermişdir. Həmin vaxt oğlu Səid Məhərrəmovun da xahişini nəzərə alaraq cavabdehi gözləmişdir. Bir müddət sonra cavabdeh 3500 manat borcundan 700 manatını qaytarmış, qalan borcunu isə qaytarmaqdan yayınmışdır. Buna görə şikayət ərizəsi ilə Cəlilabad rayon X8 Polis Bölməsinə müraciət etmiş, müraciəti əsasında araşdırma aparıldıqdan sonra aralarında olan mübahisə mülki xarakterli olduğuna görə ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı onun həmkəndlisidir. İddiaçı və onun oğlu Səiddən bir neçə dəfə toxumluq kartof almış və və pulunu ödəmişdir. Sonuncu dəfə 2022-ci ilin iyun ayında iddiaçının oğlu Səid Məhərrəmovdan iddiaçının yanında 1 kiloqramı 0.40 (qırx qəpik) manatdan 6 ton kartof almışdır. Həmin vaxt Səid Məhərrəmov kartofun atası İddiaçı məxsus olmasını bildirməmişdir. Səid Məhərrəmovdan aldığı kartofun pulundan 700 (yeddi yüz) manatını ödəmiş, 300 (üç yüz) manatının əvəzində isə mühərrik (dinamo motoru) vermişdir. Səidlə aralarında əvvəlki alverlərindən Səidin ona (cavabdehə) borcu olduğuna görə 1400 (dörd yüz) manatı da borcundan silmişdir. İddiaçıya borcu olmasa da, hazırda qalan 1000 (bir min) manatı iddiaçıya ödəməyə etiraz etmir. Cəlilabad Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(073)-1997/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci inistansiya məhkəməsinin qəbul etdiyi qətnamə düzgün deyil. Hakim əsaslara müraciət etməyərək etimallara sığınmış, əsasız olaraq iddiaçının iddiasını etiraf etmişdir. İddiaçı tərəf iddiasını müdafiə edərkən bildirmişdir ki, Cəlilabad rayon Maşlıq kəndində ona 1 kiloqramı 1(bir) manatdan 3500 kq. toxumluq kartofu nisyə vermiş, həmən borcdan ona cəmi 700 (yeddi yüz manat) qaytarmışdır. Halbu ki, cavabdehlə heç bir alveri olmayıb. Cavabdehin oğlu X1 2022-ci ilin may ayında 1 kiloqramı 0.40 (qırx qəpik) manatdan 6 ton kartof almışdır, aldığı puldan Səidə 700 (yeddi yüz) manat ödəmişdir, 300 üç yüz manatın əvəzində isə mühərrik (dinamo motoru) vermişdir. Səidlə alver etdiyi zaman Səidlə aralarında olan alverdən silmişdir. Həmin pulun silinməsində Səidində razılığı olmuşdur. Səidə cəmisi 1000 (min manat) borcu qalmışdır. Səidlə razılaşmışdı ki, həmin pulu imkanı olduqca ödəsin. Lakin Səid onunla alver etdiyi halda şahid qismində dindirilmiş və atasının dediklərini təsdiq etmişdir. Xahiş edir nəzərə alınsln. Birinci inistansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan hallar sübut edilmədən qəbul edilmişdir. Bu üzdən hesab edir ki, Cəlilabad rayon məhkəməsinin çıxardığı qətnamədə ləğv olunmalıdır. Belə ki, 2022-ci il may ayında olan al-ver zamanı tərtib olunmuş borc dəftərində kartofun 1 kiloqramını 0.40 (qırx qəpik) manata aİması faktını məhkəmə nəzərə almamışdır. İşdə olan Cəlilabad rayon Polis Bölməsinin 01 sentyabr 2022-ci il tarixli məktubunda verdiyi izahatları məhkəmə nəzərə almamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmənin ünvanına teleqram vuraraq məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, iştirakı olmadan işə baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən sübutlar və sübutetmə yükünün işin faktiki hallarına münasibətdə hansı tərəfin üzərinə düşməsini düzgün müəyyən etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, iddiaçı onun atası, cavabdeh isə həmkəndlisidir. Cavabdehi əvvəllər də onlardan nisyə kartof almış və pulunu bir müddət sonra ödəmişdir. 2022-ci ilin may ayında cavabdeh onun (şahidin) atası İddiaçı 1 kiloqramı 1 (bir) manatdan 3500 (üç min beş yüz) kq. toxumluq kartof almış, pulunu qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Həmin vaxt o (şahid) da, atasından gözləməsini xahiş etmiş və atası etiraz etməmişdir. Bir müddət sonra cavabdeh 3500 (üç min beş yüz) manat borcundan 700 (yeddi yüz) manatını qaytarmış, qalan borcunu isə qaytarmaqdan yayınmışdır. Buna görə atası İddiaçı şikayət ərizəsi ilə Cəlilabad rayon X8 Polis Bölməsinə müraciət etmiş, onun müraciəti əsasında araşdırma aparıldıqdan sonra mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin kartof məhsulu atası İddiaçı məxsus olmuş, cavabdeh kartof məhsulunu atası İddiaçı almış və 700 (yeddi yüz) manat pulu da cavabdeh iddiaçıya ödəmişdir. Onun (şahidin) Cavabdeh borcu olmamış və cavabdeh 300 (üç yüz) manatın əvəzində ona mühərrik (dinamo motoru) verməmişdir. Hazırda cavabdehin onun atasına ödənilməmiş 2800 (iki min səkkiz yüz) manat borcu qalmaqdadır. İş materiallarında olan əlilabad rayon X8 Polis Bölməsinin 01 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı 2800 manat pul tələbinə dair şikayəti üzrə araşdırma aparılmış, mübahisə mülki xarakterli olduğuna görə şikayətçiyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah gedilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. İşin mübahisəli halları aşağıdakılardan ibarətdir: iddiaçı 2022-ci ilin may ayında cavabdehə nisyə olaraq bir kiloqramının dəyəri 1 manat olmaqla 3500 kiloqram toxumluq kartof satdığını, cavabdeh tərəfindən həmin kartofun pulundan cəmi 700 manat ödəniş edildiyini, 2800 manat borcun ödənilməsindən isə imtina edildiyini bildirir; cavabdeh isə ümumiyyətlə iddiaçı ilə deyil, iddiaçının oğlu X3 ilə kartof alveri etdiyini, sonuncudan 2022-ci ilin may ayında 1 kiloqramı 0.40 (qırx qəpik) manatdan 6 ton kartof aldığını, aldığı puldan Səidə 700 (yeddi yüz) manat ödədiyini, 300 üç yüz manatın əvəzində isə Səidə mühərrik (dinamo motoru) verdiyini, əvvəlki alverlərindən Səidin ona olan 400 manat borcunu sildiyini və Səidə cəmisi 1000 (min manat) borcunun qaldığını bildirir. İşin mübahisəli halları ilə əlaqədar birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində cavabdehin ondan deyil, atasından kilosu 1 manatdan olmaqla 3500 kilo toxumluq kartof aldığını, kartofun dəyərindən 700 manatını ödəyərək 2800 manat borclu qaldığını, cavabdehin ona 300 (üç yüz) manatın əvəzində mühərrik (dinamo motoru) vermədiyini bildirmişdir. Kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kartofun nisyə alqı-satqısından irəli gələn münasibətlərin olması, kartofun dəyərindən cavabdeh tərəfindən 700 manakt pulun iddiaçıya ödənilməsi işin müəyyən olunan faktiki və mübahisəsiz haldıdır. Sübutlar və sübutetmə yükünün işin faktiki hallarına münasibətdə hansı tərəfin üzərinə düşməsini araşdıran kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehə kilosu 1 manatdan olmaqla 3500 kilo toxumluq kartof satdığını bildirsə də, bunu təsdiq edə biləcək mötəbər sübut verə bilməmişdir. Cavabdeh isə iddiaçıdan 3.5 ton deyil, kilosu 0.40 manatdan olmaqla 6 ton kartof aldığını bildirir. Odur ki, iddiaçı tərəfindən satmış olduğu kartofun çəkisi və dəyərinə dair mötəbər sübutlar verilə bilmədiyindən, cavabdehin etirafı hissədə iddiaçı sübutetmə yükündən azad edilmiş sayılır. Cavabdehin etirafına əsasən iddiaçıdan almış olduğu kartofa görə ödəməli olduğu pul (6000 X 0.40=2400) 2400 manat təşkil edir. Həmin puldan 700 manatın ödənilməsini hər iki tərəf təsdiq edir. Cavabdeh iddiaçının oğluna 300 manat dəyərində mühərrik verdiyini və əvvəlki kartof alverindən iddiaçının oğlunun ona 400 manat borcunun olduğunu bildirsə də, buna dair sübut verə bilmir. Belə olan halda isə cavabdehin iddiaçı qarşısında kartof alverindən yaranan borcunun (2400-700=1700) məbləği 1700 manat təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir, 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər, 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur, 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin, 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır, 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kollegiya hesab edir ki, cavabdeh iddiaçı bağlamış olduğu kartofun nisyə alğı-satqısı müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, yəni almış olduğu malın dəyərini tam ödəmədiyindən, iddiaçının tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından əsaslı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunan hallarına əsasən tərəflər arasında bağlanmış toxumluq kartofun nisyə alğı-satqısı müqaviləsinə əsasən iddiaçı kilosu 0.40 manatdan olmaqla 6 ton çəkidə malı cavabdehə satmaq öhdəliyini, cavabdeh isə aldığı malın dəyərini müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı öhdəliyini yerinə yetirsədə, cavabdeh öhdəliyinin icrasından yayınaraq lazımınca icra etməmiş, 1700 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri qismən öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi borcun müəyyən olunan məbləği hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(073)-1997/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmiş 2800 (iki min səkkiz yüz) manat pul məbləğinin miqdarı dəyişdirilərək 1700(bir min yeddi yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar