Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1552/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, Yardımlı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit kimi götürülmüş 2800 manat borcun və həmin məbləğə 35 aylıq 27 faiz olmaqla hesablanmış 1200 manat faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 33 manatın əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: cavabdehlərlə aralarında olan razılaşmaya əsasən o, adına “Kapital Bank”dan 5350 manat kredit götürmüş, həmin vaxt banka olan köhnə borcunu ödəmiş və yerdə 4.000 manat 35 ay müddətinə kredit götürmüş və həmin pulun 2800 manatını cavabdehlərə vermişdir. Kreditin 2800 manatını, 27 faizlə onlar ödəməli, qalan 1200 manatı faizlə özü ödəməli idi. Hazırda cavabdehlərin ona 2800 manat və həmin pulun 27 faizi qədər borcu vardır. Beləliklə, ümumi olaraq cavabdehlərin ona 4000 manat borcu qalmışdır. Cavabdehlərlə aralarında pulun onlara aid hissəsini ödəmələrini öz öhdələrinə götürmələri barədə razılaşmışlar və bu barədə sənədləşmə aparılmışlar. Cavabdeh bu barədə qəbz imzalamışdır. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiyindən iddiaya dair mövqeləri bəlli olmamışdır. Yardımlı Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 02 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2800 manat əsas borc və 1200 manat faiz borcu olmaqla, cəmi 4000 manat pul vəsaitinin və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə, yəni Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəllənin 425, 442, 445.2.1, 448.1, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, onun tərəfindən ayrı-ayrı vaxtlarda ödənilmiş, yalnız əldə qalmış qəbzlərin- 452 manat pulun iddia edilən məbləğdən çıxılmaması qəbul edilmiş qətnamənin əsaslığını şübhə altına almışdır. Belə ki, təqdim etdiyi həmin qəbzlərin hər hansı mötəbər bir sübutla təsdiq edilməsinə ehtiyac qalmamışdır. İddiaçı ilə qohumluq münasibətində olduğu üçün aralarında hər hansı yazılı bir sənəd tərtib olunmamışdır. Belə olan halda isə hər hansı bir öhdəlikdən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi qətnaməsinin qəbul edildiyi vaxtı kredit müqaviləsinin və ödəniş cədvəlinin mülki işin materiallarına əlavə edilməməsi, qəbz və aktdakı yazıların və imzaların kimə məxsus olmasının aydınlaşdırılması üçün iş üzrə ekspertizanın təyin edilməməsi, iddiaçı tərəfindən kreditin ödənilməsini təsdiq edən ödəniş qəbzlərinin mülki işin materiallarına əlavə edilməməsinə, şahid kimi dindirilmiş xalasının ona qarşı münasibətinin yaxşı olmamasına, iddiaçı ilə onun qohumluq münasibətinin- qızının ayrılmasından sonra ondan qisas almaq məqsədilə toya çəkmiş olduqları xərclərin əvəzini çıxmaq üçün banka ödəmiş olduğu pulu ondan təkrar olaraq almaq niyyətində olması və iddianın qaldırılması zamanı qanunla müəyyən olunmuş miqdarda dövət rüsumunun iddiaçı tərəfindən ödənilməməsi, yəni 60 manata qarşı 33 manat dövlət rüsumunun ödənilməsi kimi məsələlər məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Cavabdeh şikayətdə onu da qeyd etmişdir ki, məhkəmə prosesində iştirakı təmin olunmadığından sübutlarını apellyasiya instansiyası məhkəməsinə təqdim etmək məcburiyyətindədir. O, iddiaçıdan qaytarmaq şərtilə 2000 manat borc almış və həmin pulu 20 - 22 ay müddətində hər ay 112-114 manat olmaq şərtilə, həmin pulları 15-16 dəfə Beyləqan rayon Mayak qəsəbə sakini, taksi fəaliyyəti ilə məşğul olan Elnur Məmmədovun avtomaşını ilə gətirib şəxsən iddiaçıya vermiş, 2-3 dəfə iddiaçının adına olan karta köçürmək yolu ilə və bir xeyli hissəsini isə e-manat vasitəsilə köçürmə yolu ilə ödəmişdir. İzahatlar Apellyasiya baxışında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçıdan 2280 manat pul kreditə götürüb və iddiaçı 2000 manatı ona vermişdir. Borcunu ödəmişdir, bu barədə qəbzlərin surətini apellyasiya şikayətinə əlavə etmişdir, qəbzlərin əsillərini də indi təqdim edir. Bununla yanaşı, cavabdeh təqdim edilmiş qəbzlərdəki imzanın ona məxsus olduğunu, iş üzrə məhkəmə xə tşünaslıq ekspertizasının keçirilməsinə ehiyac olmadığını bildirmişdir. Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında cavabdehin 3-4 dəfə ödəniş etdiyini qeyd etmiş, ödəniş barədə iddiaçının təqdim etdiyi qəbzləri qəbul etdiyini bildirmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə iddianı cavabdehlərdən birinə- Cavabdeh1 aid hissədə təmin etmiş, qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Kollegiya işə Cavabdeh1 apellyasiya şikayəti həddində baxır. İşin hallarından görünür ki, iddiaçı, tərəflər arasında borc mübasibətlərinin olduğuna əsaslanaraq cavabdehdən 2800 manat əsas borcu və həmin pulun 35 ay müddətində 27 faizdən hesablanmaqla 1200 manat faiz borcunu tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə aralarında olan razılaşmaya görə, onun "xxxx"a olan borcunun bir hissəsini- 2800 manat hissəsini və ona hesablanmış faizləri, ödəmələrini cavabdehlər öz öhdələrinə götürmüşlər. Aralarında olan bu razılaşma üzrə sənədləşmə aparılmışlar. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olan 740.2-ci maddəsinin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya qeyd edir ki, borc üzrə iddiaçının tələbinin təmin edilməsi üçün tərəflər borc münasibətində olmalı, onların arasında borc müqaviləsi bağlanmalı, müqavilənin şərtləri, o cümlədən borcun məbləği, onun qaytarılma müddəti və s. şərtlər dəqiq müəyyən edilməli, borc məbləğinin cavabdehə verilməsi, cavabdehin borcu qaytarmaması, pul məbləğinin cavabdehin qanunsuz sahibliyində (istifadəsində) qalması, cavabdehin onu qaytarmaqdan imtina etməsi kimi hallar müəyyən edilməlidir. Bu hallardan hər-hansı birinin müəyyən edilməməsi iddianın təmin edilməsindən imtinaya əsas verir. Tərəflər arasında yazılı borc müqaviləsi olmamışdır. İddiaçı tərəf cavabdehin adından yazılan və cavabdehin borcunun olduğunu etiraf etdiyi yazılı qəbzləri təqdim etmişdir. 29 iyul 2022-ci il tarixli qəbzdən və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 2022-ci ilin mart ayında İddiaçı "xxxx" ASC-dən 35 ay illik 27%-lə götürdüyü 2840 manatı faizi ilə birgə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmiş, aktı və qəbzi imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi həmin qəbzlərə əsaslanaraq iddianı tam təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Kollegiya qeyd edir ki, "xxxx" ASC-dən 35 ay müddətinə, illik 27%-lə iddiaçının götürdüyü kreditin bir hissəsinin cavabdehdən eyni şərtlərlə tələb edilməsi və təmin edilməsinin hüquqi əsası yoxdur. Belə ki, həmin şərtlər "xxxx" ASC ilə İddiaçı arasında mövcud olmuşdur. Bundan başqa, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin müddəti bitməmişdir. İddiaçı Bank qarşısında götürdüyü və başa çatmamış öhdəliyə görə faiz borcunu, yəni gələcəkdə ödəyəcəyi faiz borcunu əvvəlcədən cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Bu baxımdan, məhkəmə faiz borcunu tutmaqda əsassız qənaətə gəlmişdir. Bununla yanaşı, müəyyən edilir ki, cavabdeh, iddiaçıdan borca pul aldığını etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan qaytarmaq şərtilə 2000 manat borc aldığını və həmin pulu 20-22 ay müddətində hər ay 112-114 manat olmaq şərtilə qaytarmağı öhdəsinə götürdüyünü bildirmişdir. İddiaçının təqdim etdiyi qəbzlərə görə cavabdeh 2840 manatı faizi ilə birgə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh apellyasiya şikayətində onun adından yazılan qəbzlərdəki imzalar üzrə məhkəmə xətşünaslıq ekspertizası keçirilməsini xahiş etsə də, apellyasiya baxışında təqdim edilmiş qəbzlərdəki imzanın ona məxsus olduğunu, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə ehtiyac olmadığını bildirmişdir. Beləliklə, təqdim edilmiş yazılı qəbzlərdən müəyyən edilir ki, cavabdeh iddiaçıdan 2840 manatı borca götürdüyünü və həmin məbləği faizi ilə birgə ödəməyi öhdəsinə götürdüyü faktı etiraf etmişdir. Cavabdeh, eyni zamanda borc məbləğinin bir hissəsini qaytardığını bildirmiş və bu barədə- “eManat” ödəmə sistemi vasitəsilə ödəniş etməsini təsdiq edən 4 ədəd qəbzi təqdim etmişdir. Həmin qəbzlərə görə kredit müqviləsi üzrə 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək “eManat” ödəmə sistemi vasitəsilə ödənişlər edilmişdir: xx.xx.2022-ci il tarixdə- 113 manat, xx.xx.2022-ci il tarixdə- 113 manat, xx.xx.2022-ci il tarixdə- 112 manat və xx.xx.2023-cü il tarixdə 114 manat- cəmi 452 manat ödəniş edilmişdir. İddiaçı tərəf cavabdehin təqdim etdiyi qəbzlərlə ona ödənişləri qəbul etmişdir. Kollegiya hesab edir ki, iş üzrə tərəflərin izahatlarından başqa, cavabdeh tərəfindən imzalanmış yazılı qəbzlər də tərəflərin arasında borc münasibətlərinin olduğunu təsdiq edir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Kollegiya hesab edir ki, cavabdehin yazılı qəbz verməklə iddiaçıdan 2800 manat borc aldığını, onu ayda 113 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürsə də bu öhdəliyini yerinə yetirməmişdir. Ona görə iddiaçı borcunu geri tələb etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, cavabdehin iddiaçıdan borca 2800 manat pul götürdüyü təsdiq olunduqdan sonra, həmin borcun qaytarılmasını sübuta yetirmək cavabdehin üzərindədir. Lakin cavabdeh həmin borcun tam qaytarıldığını sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, o, borcundan 452 manat ödəniş etmişdir, ona görə həmin məbləğ ümumi borcdan silinməlidir. Qalan hissədə- 2348 manat hissədə iddia təmin edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdehdən 2348 manat alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 18 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(038)-369/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 borca görə 2348 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat (cəmi 2366 manat) pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1552/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1552/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver